Dağlıq Qarabağ
münaqişəsi mitinqlərdə həll olunmur
Eldar İbrahimov:
Torpaqlarımızın işğaldan azad olunması ümummilli
məsələmizdir və biz dövlətimizin
bu istiqamətdə həyata keçirdiyi siyasəti dəstəkləyirik
Müsahibimiz
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin
üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri
Eldar İbrahimovdur:
-
Eldar müəllim, məlum olduğu kimi, Azərbaycan
bütün dövlətlərlə, xüsusilə öz
qonşuları ilə yüksək əlaqələrə
malikdir. Bu baxımdan, Azərbaycan-Rusiya
əlaqələri böyük əhəmiyyət
kəsb edir. Təsadüfi deyil ki, sentyabrın 27-də
Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə
səfəri hələ də gündəmin əsas
mövzularından biridir. Bu
barədə nə deyə bilərsiniz?
- Azərbaycan-Rusiya
əlaqələri yüksələn xətlə inkişaf
edir. Rusiya Prezidenti
Vladimir Putinin
sentyabrın 27-də Azərbaycana səfəri yüksək səviyyədə
baş tutdu. Bu, Vladimir Putinin
Azərbaycana son 5 il ərzində
4-cü səfəri, son 1 ayda
isə Azərbaycan Prezidenti İlham Əliyevlə ikinci
görüşü idi.
Cənab Putinin səfərinin məqsədi əvvəlcədən elan edildiyi kimi, daha çox Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatını izləmək və IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasiminə qatılmaq olsa da, təbii ki, səfər zamanı iki dövlət başçısının keçirdiyi təkbətək görüşdə digər bir sıra mühüm məsələlər də müzakirə mövzusu oldu. İki ölkə rəhbərinin təkbətək görüşündə həm cüdo yarışlarının ölkəmizdə keçirilməsi, həm də növbəti Forumun reallaşması məsələsinə toxunuldu.
Rusiya Prezidenti cüdo üzrə dünya çempionatının peşəkarlıqla təşkil edildiyini deyərək, Bakıda keçirilən yarışın təkcə cüdonun deyil, bütövlükdə dünya idmanının inkişafına böyük töhfə olduğunu bildirdi. Daha sonra Forum haqqında danışarkən “Əlbəttə ki, bu gün Regionlararası Forumda bizim iştirakımız da bu qısa işgüzar səfərin əhəmiyyətli tərkib hissəsidir”, - dedi və bu yaxınlarda dövlət başçılarının Soçi görüşünün əhəmiyyətini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyev də bu səfərin xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Dövlətimizin başçısı, həmçinin “Biz bu gün ilk dəfə olaraq rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir. Biz Sizinlə bu ayın əvvəlində Soçidə görüşmüşdük, bu gün isə Bakıda görüşürük”, - deyərək bunun münasibətlərin səviyyəsinin parlaq göstəricisi olduğunu vurğuladı.
Beləliklə, hər iki dövlət başçısı cüdo yarışlarını izlədi, sonra isə Forumun açılış mərasiminə qatılaraq, orada geniş nitq söylədilər. Hər iki çıxışda da münasibətlərin yüksək səviyyəsindən, əldə edilən iqtisadi, siyasi, ticari, mədəni-humanitar uğurlardan, onların davam etdirilməsindən, əlaqələrin gələcək inkişafından bəhs edildi. Ən əsası, bu qarşılıqlı münasibətlərin və əlaqələrin hər iki xalqın və dövlətin mənafelərinə cavab verməsindən məmnunluq dilə gətirildi.
-
Burada vacib məqamlardan biri də həmin səfərin BMT
Baş Assambleyasının növbəti sessiyası günlərinə
təsadüf etməsi idi. Bildiyimiz kimi, BMT Baş Assambleyasında
Ermənistanın baş naziri
Nikol Paşinyan qeyri-konstruktiv çıxış etdi...
- Bəli, həmin səfər Ermənistanın avantürist və artıq hər kəsin qeyri-ciddi şəxs kimi qəbul etdiyi baş naziri Paşinyanın BMT-nin ali kürsüsündən erməni mahiyyətinə uyğun çıxışı ərəfəsində baş tutdu. Əslində, Rusiya Prezidentinin ölkəmizə səfəri Ermənistana və küçə psixologiyasından uzaqlaşmayan, Gümrü və İrəvan küçələri ilə BMT kürsüsünü səhv salan Paşinyana bir mesaj idi. Yəni cənab Putin bu səfəri ilə Ermənistan rəhbərliyinə açıq-aşkar inanmadıqlarının, güvənmədiklərinin və etibar etmədiklərinin mesajını vermiş oldu. Eyni zamanda, bu bölgədə əsas söz və nüfuz sahibi kimi Azərbaycanın önəminə diqqət çəkmiş oldu.
Bildiyiniz
kimi, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən
sonra Paşinyan tələm-tələsik Moskvaya səfər
edərək, Vladimir Putinlə görüşdü. Həmin görüşdə Ermənistana, onun baş nazirinə
güvənsizlik açıq-aşkar sezilirdi.
Ancaq Putinin Azərbaycana səfərində, Azərbaycan
Prezidenti ilə görüşündə
tamam başqa ab-hava, mənzərə vardı. Yəni
ölkəmizə, onun rəhbərinə
əsl dostluq və səmimiyyət üzərində
qurulan bir münasibət
vardı. Bu, ermənilərə,
onların baş nazirinə ciddi dərs, mesaj və siqnal olmalıdır. Bu,
əlbəttə ki, bizim
üçün çox
vacib və əhəmiyyətli məqamlardandır.
Hesab edirik ki, Rusiya ilə Azərbaycan
arasındakı münasibətlərin, əlaqələrin, əməkdaşlığın
bu inkişaf səviyyəsi,
bu tempi qorunub saxlanılmalı və inkişaf
etdirilməlidir. İnanırıq ki, belə
də olacaq.
Bəllidir ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində vacib rol oynayır. Rusiyada da bilirlər ki, işğalçı Ermənistanın yeni hakimiyyəti Rusiyaya qarşı səmimi deyil. Buna görə də Rusiyanın bu münaqişənin ədalətli həlli istiqamətində səylərini artıracağına ümid etmək olar.
- MDB
Dövlət Başçıları Şurasının
Düşənbədə keçirilən sammitində Azərbaycan
Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın
arasında söhbət oldu. Ermənistan tərəfinin
təşəbbüsü ilə baş tutan bu görüş
haqqında fikirlərinizi bilmək istərdik...
- Bəli,
Tacikistanda keçirilən MDB dövlət
başçılarının sammiti çərçivəsində
Prezident İlham Əliyevlə Ermənistanın baş naziri
söhbət ediblər. Söhbət
zamanı təmas xəttində və Ermənistan-Azərbaycan
sərhədində gərginliyin azaldılması,
danışıqlar prosesinin davam etdirilməsi qərara alınıb.
İndiyə qədər Paşinyan
Dağlıq Qarabağ
separatçılarının danışıqlarda
iştirakından danışırdı. Artıq Azərbaycan
Prezidentinin siyasi iradəsinin
və güclü mövqeyinin
nəticəsində Paşinyan, öz mövqeyindən geri
çəkildi. Bu fakt
Azərbaycan diplomatiyasının növbəti uğurudur.
-
Eldar müəllim, bu günlərdə bir qrup insan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
Bakıda mitinq keçirdi. Bu mitinqə münasibətiniz necədir?
- Azərbaycanın
ərazi bütövlüyünün təmin olunması,
münaqişənin ədalətli həlli dövlətimizin
siyasətinin əsasını təşkil edir. Azərbaycan
Prezidenti İlham
Əliyev bütün səviyyələrdə,
beynəlxalq tədbirlərdə bu məsələ
ilə bağlı ölkəmizin prinsipial
mövqeyini qətiyyətlə bəyan edir. Bu mövqe
ondan ibarətdir ki,
Ermənistan işğalçılıq siyasətinə son qoymalı, onun hərbi
birləşmələri torpaqlarımızdan
çıxmalı, qaçqın və məcburi
köçkünlərimiz öz doğma yurdlarına qayıtmalıdırlar.
Dağlıq Qarabağa isə Azərbaycanın
tərkibində müəyyən status
verilə bilər.
Azərbaycanın
bu mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır.
Həm BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, həm də
digər beynəlxalq qurumların sənədlərində
ölkəmizin ərazi bütövlüyü
dəstəklənir. Qeyd etdiyim
kimi, dövlətimiz bu
istiqamətdə siyasətini davam etdirir və diplomatik cəbhədə
böyük uğurlar
qazanır.
Ona görə də, qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi mitinqlərdə həll olunmur. Həmin mitinqin təşkilatçıları, çıxış edənlər, sadəcə, siyasi dividend qazanmağa çalışırlar. Nəzərə almaq lazımdır ki, bu məsələ möhtərəm Prezidentimizin daimi nəzarətindədir və gündəliyin əsasını təşkil edir.
- Amma həmin mitinq ərəfəsində bəzi KİV-lər sizin bu aksiyanı dəstəklədiyinizi yazmışdı və adınızdan bir açıqlama da verilmişdi. Siz sonra bu məlumatı təkzib etmisiniz...
- Bəli, bu mitinqlə
bağlı bir jurnalist
mənə telefonla sual
vermişdi. Amma mənim
fikirlərimi saytda düzgün
verməmişdi və müəyyən qədər təhrif
olunmuşdu. Ona
görə də mən həmin jurnalistə və saytın
rəhbərliyinə iradlarımı bildirdim.
Jurnalist tənbeh edildi
və bu açıqlama saytdan
çıxarıldı.
Yenə də qeyd edirəm ki, torpaqlarımızın işğaldan azad olunması bizim ümummilli məsələmizdir və biz hamımız cənab Prezidentimizin bu istiqamətdə həyata keçirdiyi siyasəti dəstəkləməliyik. Mən inanıram ki, məhz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan tam azad olunacaqdır. Son vaxtlar - 2016-cı ilin aprel qələbələri və bu ilin mayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılan uğurlu əməliyyat nəticəsində 11 min hektar ərazinin işğaldan azad olunması buna əyani sübutdur.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2018.- 9 oktyabr.-
S.4.