“Söz və mətbuat
azadlığı demokratik
inkişafın əsası
kimi: Azərbaycan təcrübəsi” monoqrafiyasının
təqdimatı olub
Oktyabrın 10-da Mətbuat Şurasının
və Bakı Dövlət Universitetinin
(BDU) jurnalistika fakültəsinin
birgə təşkilatçılığı
ilə Mətbuat Şurası İdarə Heyətinin üzvü,
"İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin (BSU) jurnalistika
kafedrasının dosenti
Vüqar Rəhimzadənin
“Söz və mətbuat azadlığı demokratik
inkişafın əsası
kimi: Azərbaycan təcrübəsi” adlı
monoqrafiyasının təqdimatı
keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə BDU-nun jurnalistika fakültəsinin
jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi
kafedrasının müdiri,
professor Cahangir Məmmədli çıxış
edərək təqdim
olunan kitabın elmi məziyyətlərindən
söhbət açıb.
Bildirib ki, monoqrafiya Azərbaycanda söz və mətbuat azadlığının
araşdırılması baxımından
önəmli vəsaitdir.
Monoqrafiyada xüsusi olaraq
azadlıq anlayışının
sosial-siyasi dəyərləri,
səciyyəvi cəhətləri,
vətəndaş cəmiyyətində
insan hüquq və azadlıqlarının
inkişaf xüsusiyyətləri,
söz və mətbuat azadlığının
plüralist mahiyyəti
tarixi və müasir inkişaf kontekstində təhlil edilir. Əsərdə, həmçinin mətbuatda
fəaliyyət azadlığı
və sosial məsuliyyət faktoru, söz və mətbuat azadlığı
sahəsində beynəlxalq
hüququn norma və prinsipləri, eyni zamanda, qlobal
internet şəbəkəsində
söz azadlığının
realizasiyası – internetdə
ifadə azadlığına
müasir baxış
sərgilənir. Nəzəri problemlərin analizi fonunda Azərbaycan milli mətbuatının təşəkkülü və
inkişaf istiqamətləri
aydınlaşdırılır, söz azadlığı və azad mətbuatın
inkişafında ümummilli
lider Heydər Əliyevin rolundan, bu sahədə tərəqqi istiqamətinin
genişləndirilməsində Prezident İlham Əliyevin fəaliyyətindən
bəhs edilir. Eyni zamanda, mətbuatın
azad fəaliyyətində
siyasi-hüquqi təminat
məsələsi elmi-siyasi
baxımdan nəzərdən
keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun icraçı
direktoru Vüqar Səfərli Azərbaycan
mətbuatının ən
incə məqamlarından
bəhs edən monoqrafiyanın qiymətli
əsər olduğunu
söyləyib: “Hər birimiz yaxşı bilirik ki, bugünkü Azərbaycan mətbuatı
çağdaş inkişaf
səviyyəsinə çatana
qədər olduqca uzun və çətin
bir yol qət
edib. Əvvəllər
qəzetlər indiki kimi azad və
demokratik deyildi. Ümumiyyətlə, azad medianın varlığından
söhbət gedə bilməzdi. Cəmi bir neçə
adda çıxan qəzet var idi ki, onlar
da günlərlə senzuradan keçməyi gözləyirdilər. 1990-cı illərin əvvəllərində
dövlət müstəqilliyini
bərpa etdikdən sonra Azərbaycan Respublikasında demokratik islahatların mühüm
tərkib hissəsi olan söz və
məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst
fəaliyyətinə zəruri
şəraitin yaradılması
prioritet vəzifələrdən
biri kimi müəyyənləşdirilib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev demokratik, plüralist kütləvi
informasiya vasitələrinin
formalaşdırılması, onun normativ-hüquqi bazasının yaradılması,
eləcə də iqtisadi müstəqilliyin təmin edilməsi istiqamətində məqsədyönlü
tədbirlər həyata
keçirib. Məhz dahi lider Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində 1995-ci ildə
qəbul edilmiş Konstitusiyamızda söz və məlumat azadlığı, hər
kəsin sərbəst
şəkildə informasiya
almaq və yaymaq hüququ əksini tapdı. Bu baxımdan mətbuatımızın ölkənin
yenicə müstəqillik
əldə etdiyi dövrlərdən
bu günə qədər keçdiyi tarixi inkişaf yoluna dərindən bələd olan müəllifin təqdim etdiyi bu monoqrafiya
həm də söz və mətbuat azadlığının
tarixinin öyrənilməsi
baxımından olduqca
önəmlidir”.
BDU-nun jurnalistika fakültəsinin
professoru, filologiya elmləri doktoru Allahverdi Məmmədov kitabın elmi əsaslarına diqqət çəkərək bildirib
ki, ölkəmizdə
söz və mətbuat azadlığına
verilən böyük
dəyərin digər
dövlətlərlə müqayisə
olunması Azərbaycanda
bu sahənin getdikcə inkişafını ön plana çıxarır: “Tələbələrimizə kütləvi
informasiya vasitələrinin
hüquqi tənzimlənməsi
fənnini tədris edirik. Bu mənada
Azərbaycan modeli ilə yanaşı, digər ölkələrin
də modellərini müzakirəyə çıxarır,
məsələyə obyektiv
yanaşmağa çalışırıq.
Bu gün təqdimatı keçirilən
monoqrafiyada bu müqayisələr ətraflı
şəkildə öz
əksini tapır. Kimliyindən asılı olmayaraq hər kəsin sərbəst düşünmək və
fikrini dilə gətirmək qabiliyyəti
var. Hesab edirəm ki, təqdim olunan kitabın məğzi də məhz bundan ibarətdir”.
BDU-nun jurnalistika
fakültəsinin dekanı,
filologiya elmləri doktoru Vüqar Zifəroğlu diqqətə
çatdırıb ki,
kitab jurnalistika fakültəsi üçün
önəmli bir dərslikdir: “Məlumdur
ki, qloballaşma prosesinin daha da sürətləndiyi, elmi-texniki tərəqqinin
qabaqcıl nailiyyətlərinin
praktikada intensiv tətbiq olunduğu müasir dövrdə informasiyanın beynəlxalq
münasibətlər sisteminin
formalaşmasına, dövlətlər
və xalqlar arasında əlaqələrin
inkişafına da təsiri durmadan artır. Bu, mütəmadi olaraq tələbələrimizə öyrətdiyimiz
əsas məsələdir.
Hesab edirəm ki, bu işdə
müəllifin təqdim
etdiyi monoqrafiya bizim üçün əvəzedilməz bir dərslik olacaq”.
Təqdimat mərasimində Mətbuat Şurasının
sədr müavinləri
Umud Rəhimoğlu, Müşfiq Ələsgərli,
Mətbuat Şurası
İdarə Heyətinin
üzvləri, "Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlı, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bakı xəbər”
qəzetinin baş redaktoru Aydın Quliyev, “Azadinform” İnformasiya Agentliyinin rəhbəri Niyaz Niftiyev çıxış
edərək bildiriblər
ki, kitabdakı ən önəmli məqamlardan biri söz və mətbuat azadlığının
mahiyyətinin açılması
və bu azadlığın fəlsəfi
əsaslarının ortaya
qoyulmasıdır.
Digər önəmli
məqam isə mövzu ilə bağlı Avropa fəlsəfi cərəyanlarının
mahiyyətini də tədqiq edib oxucuya çatdırmaqdır.
Monoqrafiyada bununla paralel olaraq Azərbaycanda bu istiqamətdə görülən
işlərlə bağlı
önəmli faktlar da ortaya qoyulur.
Bununla da müəllif diqqətə çatdırmaq
istəyir ki, bu gün milli
KİV-lər dünyanın
mürəkkəb informasiya
mühitində, vahid informasiya məkanında özünə yer tutmaq uğrunda mübarizəyə qoşulub
və artıq ciddi uğurlar əldə edib
Yeni Azərbaycan
.- 2018.- 11 oktyabr.- S.4.