Azərbaycanda
pambıqçılığın inkişafı
üçün böyük potensial var
Bu sahədə məhsuldarlığın daha
da artırılması məqsədilə dövlət tərəfindən
fermerlərə hərtərəfli dəstək göstərilir
Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində
aparılan uğurlu siyasət öz bəhrəsini verməkdədir.
Belə ki, kənd təsərrüfatında
innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi,
ixracyönümlü məhsul istehsalının təşviq
edilməsi, azad sahibkarlığın hərtərəfli
şəkildə dəstəklənməsi, fermerlərə
subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və
gübrələrlə təminatın
gücləndirilməsi, bölgələrdə dövlət
vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin
regionların sosial-iqtisadi inkişafına dair müvafiq
Dövlət proqramları çərçivəsində məqsədyönlü
tədbirlərin həyata keçirilməsi son nəticədə
respublikamızda aqrar sektorun keyfiyyətcə yeni
inkişaf mərhələsinə çıxmasını təmin
edib.
Son illərdə bütün ölkə
üzrə aqrar sektorun inkişafından söhbət
açarkən pambıqçılıq sahəsində əldə
olunan uğurları da xüsusi qeyd edə bilərik. Azərbaycanın
bir sıra bölgələri üçün ənənəvi
təsərrüfatçılıq sahələrindən
olan pambıqçılıqda torpaq mülkiyyətçilərinin
gəlir imkanları kifayət qədər böyükdür.
Bu məhsulun satışı ilə bağlı hər
hansı bir problem yoxdur. Dünya bazarlarında pambıq
birjalarda satılır və istehsalçı ölkələrə
böyük həcmlərdə valyuta qazandırır. Azərbaycan
da Prezident İlham Əliyevin təşəbbüsü ilə
regionlarda pambıqçılıq sahəsində ənənələri
dirçəltməklə yeni iqtisadi şəraitdə
ölkədən qeyri-neft məhsullarının
ixracının genişləndirilməsini hədəfləyib.
Məlumat üçün bildirək ki,
artıq sentyabrın əvvəlindən bölgələrdə
kütləvi surətdə pambıq yığımına
başlanıb. Və pambığın alış qiymətinin
artırılması fermerlərdə bu sahəyə
marağı daha da artırıb. Xəbər
verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyəsinə əsasən
pambıq istehsalı ilə məşğul olan fermerlərin
məhsul istehsalına həvəsləndirilməsi,
onların maddi rifahının daha da
yaxşılaşdırılması məqsədi ilə Kənd
Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat
Nazirliyinin məsul işçilərinin iştirakı ilə
pambıq istehsalı və emalı ilə məşğul
olan şirkət rəhbərləri ilə görüş
keçirilib. Görüşdə cari ildə
görülən işlər, pambıq
yığımının gedişi, tədarükü və
emalı vəziyyəti, eləcə də qarşıya
qoyulan hədəflərə nail olunması üçün
həyata keçirilməsi vacib olan məsələlər
müzakirə edilib.
Pambıq əkən fermerlərin
məhsul istehsalına, yığımına həvəsləndirilməsi
və onların maddi rifahının daha da yüksəldilməsi
məqsədilə pambığın növlər üzrə
mövcud alış qiymətləri hər tona 50 manat olmaqla,
2018-ci ilin məhsulu üçün 1-ci növün
600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata,
3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən
550 manatadək artırılması barədə
razılıq əldə edilib. Bütün bunlar isə
pambıqçılığın inkişafının
dövlətin, xüsusilə də Prezident İlham
Əliyevin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.
Yeri gəlmişkən,
oktyabrın 9-da keçirilən Nazirlər Kabinetinin 2018-ci
ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan
iclasındakı nitqində bu məqama toxunan Prezident İlham
Əliyev bildirib ki, biz pambıqçılığı daha
səmərəli şəkildə inkişaf etdirməliyik.
Dövlətimizin başçısı deyib:
“2016-cı ildə Azərbaycanda 90 min ton pambıq tədarük
edilmişdir, - 2015-ci ili mən demirəm, o illərdə,
ümumiyyətlə, məhsuldarlıq çox
aşağı idi, - keçən il 207 min ton, yəni 2 dəfədən
çox. Bu il təqribən 250-260 min ton
pambığın tədarükü nəzərdə tutulur.
Yəni artım dinamikası çox müsbətdir. Onu da
qeyd etməliyəm ki, hazırda ölkəmizdə
pambıqçılıqda 190 mindən çox insan işləyir.
Bax, biz pambıqçılığı inkişaf etdirməyə
başlayandan sonra bu insanlar işlə təmin olundular. Biz
pambığın alış qiymətini bir neçə dəfə
artırmışıq. Bu yaxınlarda son dəfə artırdıq
ki, pambıqçılıqla məşğul olanlar daha
çox pul qazansınlar. Bu gün 190 min insanın işi
var”.
Bu sahədə müasir texnologiyaların, elmi
yanaşmanın tətbiq olunduğunu vurğulayan Prezident
İlham Əliyev qeyd edib ki, məhsuldarlığı
böyük dərəcədə artıra bilərik: “Məhsuldarlıq
hektardan minimum 20 sentner olmalıdır. Ancaq indi biz bilirik ki,
müasir texnologiyaların tətbiq olunduğu, düzgün
aqrotexniki xidmət göstərildiyi bir vaxtda məhsuldarlıq
daha da artır. Mən rəqəm səsləndirmək istəmirəm,
ancaq hesab edirəm ki, burada inkişaf üçün
çox böyük potensial var”.
Bu məqamda bildirmək yerinə
düşər ki, hazırda respublikamızın bölgələrində
pambıq yığımı sürətlə davam edir.
Ötən il respublikanın pambıqçılıq
rayonları arasında ən çox məhsul istehsal edən
Saatlı rayonunun “ağ qızıl” ustaları bu il də
yığımda öndə gedirlər. Verilən məlumatlara
görə, hər gün sahələrdən 750-800 ton məhsul
yığılır. Rayon Statistika İdarəsindən
bildiriblər ki, bu il rayonda 2933 istehsalçı dörd
şirkətlə müqavilə bağlayaraq, 2939 nəfər
isə fərdi qaydada 15 min 815 hektar sahədə pambıq əkib.
Məhsul istehsalçılarına göstərilən hərtərəfli
kömək və bitkinin becərilməsində aqrotexniki tədbirlərin
düzgün həyata keçirilməsi nəticəsində
sahələrdə bol məhsul yetişib. Məhsul
toplanışına vaxtında başlayan pambıqçılar
indiyə qədər sahələrdən 13 min 507 ton məhsul
yığıblar. Tədarük olunan pambığın 9 min
50 tonu maşınlarla, 4 min 456 tonu isə əllə
toplanıb. Yığılmış məhsulun 85-90 faizi
birinci növ olub.
Saatlıda pambıq əkini ilə məşğul
olan qabaqcıl fermerlər çoxdur. Onlardan biri də Əhmədbəyli
kəndində fəaliyyət göstərən “Zəhmət”
Kəndli Fermer Təsərrüfatının rəhbəri Cəlil
Süleymanovdur. O, uzun illərdir ki, pambıq əkini ilə məşğul
olur və hər il də yüksək məhsuldarlığa
nail olur. Sahibkarın sahəsində bu il də pambıq
çoxdur. Fermer indiyədək əkdiyi 80 hektar sahənin 60
hektarının məhsulunu maşınlarla toplayıb.
“Yığım apardığım sahənin hər
hektarından 25 sentnerdən çox məhsul
götürmüşəm. Hələ sahədə
pambıq çoxdur. Bu mövsüm plantasiyadan
200 tona yaxın pambıq götürəcəyimə əminəm.
Ölkəmizdə pambıqçılığın
inkişafına göstərilən dəstək bu sahə ilə
məşğul olan fermerlərin pambıq əkininə olan
marağını daha da artırıb.
Pambığın alış qiymətinin hər ton
üçün 50 manat artırılması onlarda ruh yüksəkliyi
yaradıb. Bundan həvəslənən əkinçilər
gələcəkdə daha çox məhsul istehsal etmək
üçün indidən imkanlarını nəzərdən
keçirirlər”, - deyə fermer bildirib.
Bu il 2500 hektarda pambıq becərən
yevlaxlı “ağ qızıl” ustaları isə indiyədək
tarlalardan 2700 ton məhsul toplayıblar. Yevlax şəhər
İcra Hakimiyyətindən bildiriblər ki, pambıq əkinlərinin
1281,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 826 hektarı
“P-Aqro” MMC ilə müqavilə əsasında, 392,7 hektarı
isə fərdi qaydada becərilib. Pambıq sahələrinə
lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr
verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki,
nəticədə bol məhsul yetişib. Pambığın
tez və itkisiz yığılması üçün rayonda
bütün qüvvələr səfərbər olunub.
Tarlalardan məhsul həm kombaynlar vasitəsilə, həm də
əl əməyindən istifadə edilməklə
yığılır. Məhsul yığımına hər
gün 7 kombayn, 500 nəfərədək işçi
qüvvə cəlb edilir. İlkin hesablamalara görə, bu
il Yevlax rayonunda beş min tondan çox “ağ qızıl”
istehsal ediləcəyi gözlənilir.
Pambıq tarlalarında məhsulun böyük
hissəsi müasir kombaynlar vasitəsilə
yığılır. Yevlax rayon sakini Mətləb Məmmədov
hələ sovet dövründən mexanizator işləyir. O,
iki ildir “Aqrolizinq” ASC tərəfindən ölkəmizə gətirilən
“Jonh Deere” markalı pambıqyığan kombaynı idarə
edir. Mətləb Məmmədov
AZƏRTAC-ın bölgə müxbirinə
açıqlamasında bildirib ki, “Aqrolizinq” Açıq Səhmdar
Cəmiyyətinin Yevlax regional nümayəndəliyindəki təlim-tədris
mərkəzində “Jonh Deere” markalı pambıqyığan
kombaynların idarə olunması, texniki qulluq, istismar
zamanı təhlükəsizlik tədbirləri və digər
sahələr üzrə təlim keçib, nəzəri və
praktiki imtahan verib. “Jonh Deere” markalı pambıqyığan
kombaynların idarəetməsi xeyli asandır, manevretmə
qabiliyyəti isə yüksəkdir. Bu kombaynlar həm də sərfəlidir.
Çünki pambığı başqa kombaynlarla müqayisədə
daha təmiz yığır, itkiyə yol vermir.
“Köhnə kombaynla bir gündə 3-4 hektar
pambıq yığmaq mümkün idisə, bu kombaynla 8-10
hektarın məhsulunu toplayırıq. Tarlalardan bir gündə
17-20 ton məhsul yığıram. Artıq 90 hektardan 300 ton
pambıq tədarük etmişəm. Mövsümün
sonunadək 400 hektaradək sahədən məhsul
yığmağı qarşıya hədəf qoymuşam”, -
deyə mexanizator bildirib.
Qeyd edək ki, Ucar rayonunda da “ağ
qızıl” toplanışı sürətlə davam edir və
artıq məhsul yığımına pambıqyığan
maşınlar da cəlb olunub. Bu il 2500 hektarda pambıq
yetişdirilib və ilk günlərdən yığım
kampaniyasına 620 nəfərdən çox işçi
qüvvəsi cəlb olunub. Hələlik tarlalardan 615 tonadək
məhsul toplanıb. Bölgədə yetişdirilən məhsulun
80 faizinin texnikanın qüvvəsi ilə
yığılması nəzərdə tutulub. Bu məqsədlə
artıq bir neçə gündür ki, tarlalara 5 ədəd
pambıqyığan maşın çıxarılıb.
Daha çox əkin aparılan Bərgüşad, Təzə
Şilyan, Şahlıq və bir sıra digər ərazi
vahidlərində hazırda məhsulun çoxu məhz
texnikanın qüvvəsi ilə yığılır.
İmişli rayonunda da pambıq
yığımı sürətlə davam edir.
Yığıma mütəşəkkil başlayan “ağ
qızıl” ustaları indiyədək sahələrdən 5
min 645 tondan çox məhsul toplayıblar. Hər gün sahələrdən
550-600 ton pambıq toplanaraq qəbul məntəqələrinə
göndərilir. Tədarük olunan məhsulun 85-90 faizi
birinci növ kimi qəbul olunub. Rayon Statistika
İdarəsindən verilən məlumata görə, bu il
İmişlidə 13 min 645 hektar sahədə pambıq əkilib.
Ötən il sahələrdən 10 min tondan çox məhsul
toplayan fermerlər cari təsərrüfat ilində yüksək
məhsul götürmək üçün bütün
imkanlardan səmərəli istifadə edirlər. Rayonda
pambıq əkini üçün əlverişli şərait
olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən
bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il
tarlalarda bol məhsul yetişib. Xeyli vaxtdır ki, kütləvi
pambıq yığımına başlanılıb. Məhsul
yığımı həm əl, həm də kombaynlarla
aparılır. Hazırda sahələrdə 10-a yaxın
pambıqyığan kombayn işləyir və gün ərzində
maşınlarla 150-200 ton məhsul toplanır.
Göbəktala kənd sakini, təcrübəli
pambıqçı Səxavət İsmayılov rayonda ən
yüksək məhsuldarlığa nail olan fermerlərdəndir.
O, ötən il becərdiyi 30 hektar pambıq sahəsinin hər
hektarından 62 sentner məhsul götürüb. Məhsul
istehsalçısının sahəsində bu il də
pambıq çoxdur. “Rayon üzrə ən yüksək məhsuldarlığa
nail olan fermerlər sırasındayam. Bu il 57 hektar sahədə
məhsul becərmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən
sahədə bol məhsul yetişib. Hələlik məhsulu əl
ilə yığırıq. Yaxın günlərdə sahəyə
pambıqyığan kombaynları çıxaracağıq.
İndiyədək 3 tondan çox məhsul
toplamışıq. Yığım apardığımız
sahənin məhsuldarlığı 60 sentnerdən yuxarı
olur. İlkin nəticə göstərir ki, bu il məhsuldarlıq
ötən ildəkindən də yüksək olacaq”, - deyə
fermer bildirib.
Qeyd edək ki, bu il imişlili
pambıqçılar qarşıya sahələrdən 27 min
ton pambıq yığmağı məqsəd qoyublar.
Pambığın alış qiymətinin hər
ton üçün 50 manat artırılması biləsuvarlı
fermerlər arasında da yüksək əhval-ruhiyyə
yaradıb. Dövlətin
pambıqçılığın inkişafına göstərdiyi
hərtərəfli dəstəkdən yararlanan məhsul
istehsalçıları pambıq yığımını
qısa müddətdə başa çatdırmaq
üçün bütün qüvvələrini səfərbər
ediblər. Məhsul toplanışına mütəşəkkil
başlayan biləsuvarlı pambıqçılar indiyədək
sahələrdən 5 min 695 ton məhsul toplayaraq qəbul məntəqələrinə
göndəriblər.
Bu il biləsuvarlı
pambıqçılar 11 min 350 hektar sahədə pambıq becəriblər.
Ötən il plantasiyalardan 24 min tondan çox məhsul
toplayan əkinçilər cari təsərrüfat ilində
məhsul istehsalını daha da artırmaq üçün səpin
kampaniyasından yığıma kimi bütün aqrotexniki tədbirləri
vaxtında həyata keçiriblər. Nəticədə sahələrdə
bol məhsul yetişib. İndi qarşıda duran əsas vəzifə
məhsulu qısa müddətdə toplamaqdır. Məhsul
yığımına əvvəlcədən yaxşı
hazırlıq işləri görüldüyündən hər
gün sahələrdən 565-570 ton məhsul tədarük
olunur.
Sabirabad rayonunda isə pambıq
yığımına mütəşəkkil başlayan
torpaq mülkiyyətçiləri hər gün sahələrdən
450-500 ton məhsul toplayaraq qəbul məntəqələrinə
göndərirlər. Yığım başlayandan bu günədək
6878 ton “ağ qızıl” toplanıb. Tədarük olunan məhsulun
65 faizindən çoxu maşınlarla yığılıb.
Sabirabadlı pambıqçılar bu il 13 min 55 hektar sahədə
pambıq əkiblər. Ötən il 18 min tondan çox məhsul
istehsal edən torpaq mülkiyyətçiləri bu il də
sahələrdə bol məhsul yetişdiriblər. Dövlətin aqrar sahənin, xüsusilə
pambıqçılığın inkişafına göstərdiyi
dəstək sahibkarların bu ənənəvi sahəyə
marağını daha da artırıb. İndi rayonda yüzlərlə
fermer pambıq əkini ilə məşğul olur və
istehsal etdiyi məhsulun satışından yaxşı qazanc
götürür.
Qaratəpə kənd sakini, uzun illər
pambıq əkini ilə məşğul olan adlı-sanlı
pambıqçı, Prezident təqaüdçüsü
Fatma Hüseynova ötən il 30 hektar sahədə pambıq əkib
və hər hektardan 55 sentner məhsul götürüb.
Pambıqçı bu il 32 hektarda pambıq əkib və bu
günədək 70 tondan çox məhsul yığıb.
Fermerin sahəsində hələ məhsul çoxdur. O,
yetişdirdiyi məhsulu son qozasına qədər toplamaq
üçün var qüvvəsi ilə
çalışır. “Gənclik illərimdən bu sahədə
çalışıram. Pambığın əkilib-becərilməsində
yaxşı təcrübə qazanmışam. Bunun sayəsində
də hər il əkdiyim sahələrdə məhsul bol olur.
Son illər ölkəmizdə
pambıqçılığın dirçəldilməsinə
göstərilən qayğı məni çox sevindirir.
Çünki ömrümün 50-55 ilini bu sahədə
işləmişəm. Əməyim dövlət tərəfindən
layiqincə qiymətləndirilib. Yenidən pambıq əkini
ilə məşğul olmağım məni sanki gənclik
illərinə qaytarır. İndi daha böyük həvəslə
işləyirəm”, - deyə fermer vurğulayıb.
Kürdəmir rayonunda isə bu il 5030 hektarda
pambıq yetişdirilib. Qısa vaxtda tarlalardan 2433 ton məhsul
toplanılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, əksər
ərazilərdə, xüsusilə Muradxan, Ərəbqubalı,
Carlı, Qarasu və bir sıra digər ərazi vahidlərində
“ağ qızıl” yığımı daha sürətlə,
mütəşəkkil davam etdirilir. Məhsul
yığımı üçün hər gün sahələrə
2000 nəfərə yaxın işçi qüvvəsi
çıxır. Mühüm strateji məhsul
olan “ağ qızıl”ın yığılmasına 14
kombayn da cəlb edilib. Bu texnikalar
arasında “John Deer” şirkətinin “9970” markalı
pambıqyığan kombaynları keyfiyyəti və səmərəliliyi
ilə seçilib. İndiyədək
toplanan məhsulun yarısından çoxu məhz “Aqrolizinq”
ASC tərəfindən ölkəyə gətirilərək
güzəştli şərtlərlə fermerlərə
verilən bu kombaynlarla yığılıb.
Yüksək məhsuldarlığa malik olan bu kombaynlar
dörd cərgənin (cərgəarası 60-90 santimetr)
pambığını qozalar 70-80 faiz
açıldığı halda belə, bir dəfəyə
yığa bilir. Həmin sahəyə ikinci dəfə
texnikanın girməsinə ehtiyac qalmır. Nəticədə yığılan
pambığın maya dəyəri də aşağı
düşür. Bu texnikalar, eyni zamanda,
pambığı başqa kombaynlarla müqayisədə daha təmiz
yığır. Köhnə kombaynlar isə
eyni pambıq sahəsində 3-4 dəfə məhsul
yığırdı ki, bu da həm torpağın kipləşməsinə,
məhsul itkisinə və onun maya dəyərinin artmasına
səbəb olurdu.
Respublikamızın
ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda
da məhsul yığımı davam edir və indiyədək
tarlalardan 4396 tondan çox “ağ qızıl” toplanıb. Beyləqan rayon İcra Hakimiyyətindən verilən
məlumata görə, pambıqçılıq sahəsində
böyük təcrübəsi olan rayonda 1990-cı illərdən
başlayaraq bu sahəyə maraq azalmışdı. Dövlətimizin başçısının
tapşırıq və göstərişləri nəticəsində
rayonda pambıqçılıq yenidən dirçəlməyə
başlayıb. Əgər rayon ərazisində
2016-cı ildə 4035 hektarda pambıq əkilmişdirsə,
2017-ci ildə bu rəqəm 8550 hektara, 2018-ci ildə isə
9560 hektara çatdırılıb. Yüksək
məhsul əldə etmək üçün əkin sahələrində
aqrotexniki becərilmə qaydalarına ardıcıl və
düzgün əməl olunub, cərgələrarası becərmələr,
alaq otlarına və zərərvericilərə qarşı
kimyəvi mübarizə tədbirləri vaxtında
aparılıb, bitkilər tələbata uyğun optimal
müddətdə mineral gübrə və suvarma suyu ilə təmin
edilib. Nəticədə yaxşı
çıxış alınıb, barlı kollar yetişib.
Rayonun fermerləri pambığı əsasən
“MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialı, “Azərpambıq”
MMC-nin pambıq istehsalı və emalı zavodu və “Kənd
Təsərrüfatı” MMC ilə müqavilə əsasında
becəriblər.
“Ağ qızıl”ın tez və itkisiz
yığılması üçün rayonda bütün
qüvvələr səfərbər olunub. Məhsul
yığımına 39 pambıqyığan kombayn,
üç min nəfərdən çox işçi
qüvvə cəlb edilib. Bu texnikalar arasında
“Aqrolizinq” ASC-nin ölkəyə gətirərək güzəştli
şərtlərlə fermerlərə verdiyi “John Deer”
şirkətinin müasir kombaynları da var. Sahələrdən
bu günədək pambığın 507 tonu əllə, 3889
tonu maşınla yığılıb. Yığım
mütəşəkkil təşkil olunduğundan gün ərzində
sahələrdən 450-500 ton məhsul toplanır. Hər hektarın orta məhsuldarlığı 25
sentnerdən çoxdur.
“Azərpambıq”
MMC-nin pambıq istehsalı və emalı zavodunun baş
aqronomu Məmməd Quliyev deyib: “Bu il Beyləqan rayonu üzrə
697 fermerlə imzalanan müqaviləyə əsasən 3227
hektarda yüksək kondisiyalı və məhsuldar toxum səpilib.
Fermerlər texnika, toxum, gübrə və kimyəvi
preparatlarla təmin ediliblər. Pambığın
becərilməsi üçün mütəxəssislər də
cəlb olunublar. Məhsulu itkisiz və tez
bir zamanda yığmaq üçün 2000 hektarda defoliasiya həyata
keçirilib. Artıq 558 hektarda birinci
yığım aparılıb, 1313 ton məhsul tədarük
edilib”.
Fermer Fəxrəddin
Qədirov bu il Qəhrəmanlı qəsəbəsi ərazisində
8,5 hektarda pambıq becərib və
tarlalarda bol məhsul yetişdirib. “Pambığın
becərilməsində bütün aqrotexniki tədbirləri,
xüsusən də ən vacib amillərdən olan
suvarmanı vaxtında həyata keçirdim. Odur ki, tarlalarda bol məhsul yetişib. Artıq
3,5 hektarda birinci yığım başa
çatıb. Hər hektardan orta hesabla 32 sentner
məhsul olub. Yaxın günlərdə
qalan 5 hektarın yığımını da həyata
keçirəcəyik. Əminəm ki,
mövsümün sonunadək məhsuldarlıq 40 sentnerdən
çox olacaq. Ölkəmizdə
pambıqçılığın inkişafına göstərilən
dövlət qayğısından ruhlanaraq, gələn il
pambıq sahələrini 15 hektara çatdırmaq fikrindəyəm”,
- deyə fermer bildirib.
Qeyd edək
ki, bu il rayon üzrə 20 min tondan
artıq pambıq istehsalı gözlənilir.
Cəbhə bölgəsində yerləşən
rayonlarda da pambıq yığımı davam edir. Belə ki,
Füzuli rayonunda indiyədək tarlalardan 950 tondan çox məhsul
toplanıb. Füzuli rayon İcra Hakimiyyətindən
bildiriblər ki, bu il Füzuli rayonunda 2100
hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 1330 hektarı “P-Aqro” MMC,
630 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında,
140 hektarı isə fərdi qaydada becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki
qulluq göstərilib, mineral gübrələr verilib,
vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə
tarlalarda bol məhsul yetişib.
“Ağ qızıl”ın tez və itkisiz
yığılması üçün rayonda bütün
qüvvələr səfərbər olunub. Tarlalardan məhsul
həm kombaynlar vasitəsilə, həm də əl əməyindən
istifadə edilməklə yığılır. Pambıq istehsalçıları
yığdıqları məhsulu Horadiz şəhərində
və Beyləqan rayonunda yerləşən pambıq qəbulu
məntəqələrinə təhvil verirlər.
İlkin hesablamalara görə, bu il
Füzulidə dörd min tondan çox “ağ
qızıl”ın istehsal ediləcəyi gözlənilir.
Cari ilin məhsulu üçün 3100 hektar sahədə
pambıq becərən ağdamlı fermerlər və torpaq
mülkiyyətçiləri də hazırda məhsul
yığımını davam etdirirlər. Ağdam rayon Statistika
İdarəsindən bildiriblər ki, bu günə qədər
tarlalardan 1908,4 tondan çox məhsul
toplanıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 26,5 faiz çoxdur.
Pambığın 84,8 faizi kombaynlarla
yığılıb. Yığılan
pambıq “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC,
“Kənd Təsərrüfatı” MMC-yə və fərdi
qaydada olan pambıq qəbulu məntəqəsinə təhvil
verilir. Qeyd edək ki, 2017-ci ildə 3005 hektarda pambıq
becərən Ağdam pambıqçıları tarlalardan
6173,26 ton məhsul tədarük ediblər.
Nardar
BAYRAMLI
Yeni Azərbaycan.-
2018.- 12 oktyabr.- S.7