Azərbaycan ötən
dövr ərzində çox mühüm nailiyyətlər əldə
edib
Milli Məclisin deputatı Nəriman
Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Nəriman müəllim, Azərbaycan
son 15 ildə bütün sahələrdə möhtəşəm
uğurlar qazanıb, respublikamızın beynəlxalq
nüfuzu daha da artıb. Ölkəmizdə ötən
müddət ərzində həyata keçirilən
uğurlu siyasət sayəsində əldə edilən nəticələr
və nailiyyətlər barədə nə deyə bilərsiniz?
- Bu gün Azərbaycan beynəlxalq
miqyasda həm demokratik dövlət, həm özünəməxsus
inkişaf modelinə malik olan ölkə, həm də
etibarlı tərəfdaş kimi tanınır. Şübhəsiz
ki, bu, uğurlu, müasir çağırışlara cavab
verən daxili və xarici siyasət sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin siyasi
kursunu - inkişaf siyasətini uğurla davam etdirən Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasət nəticəsində Azərbaycan
ötən müddət ərzində çox mühüm
nailiyyətlər əldə edib, bütün sahələrin
tərəqqisinə nail olmağı bacarıb.
Heç şübhəsiz, Azərbaycanın Prezident İlham
Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun
ən mühüm keyfiyyətlərindən biri sabitlik və
tərəqqinin paralel olmasıdır.
İnkişafın təməli kimi dəyərləndirilən
sabitliyin ölkəmizdə yüksək səviyyədə
qorunması uğurların bir-birini əvəzləməsinə
geniş imkanlar açıb. Azərbaycan bu
gün sabitlik adası kimi xarakterizə olunur, ölkəmizdə
etibarlı sabitlik mühiti hökm sürür. Şübhəsiz
ki, bu, davamlı iqtisadi inkişafa təkan verir və yeni
uğurların əldə edilməsini şərtləndirir.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının
inkişafı davamlı və dinamik xarakter
daşıyır. Son 15 ildə bütün dünya
miqyasında iqtisadi baxımdan Azərbaycan qədər
inkişaf edən ölkə olmayıb. Respublikada innovativ əsaslı,
elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə
diqqət mərkəzində saxlanılıb. Belə
məqsədyönlü yanaşmanın nəticəsidir ki,
2004-cü ildən etibarən bütün dünya üzrə
ÜDM istehsalının artımında ən yaxşı
göstəricilərdən biri, 3 dəfədən çox
olmaqla məhz Azərbaycanda qeydə alınıb. Təsadüfi
deyil ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanın
sosial-iqtisadi inkişafını, bu istiqamətdə həyata
keçirilən tədbirlərin nəticələrini olduqca
yüksək qiymətləndirirlər. Bu yaxınlarda
nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycan
iqtisadiyyatının 2018-2021-ci illərdə orta hesabla 3 faiz
artacağına dair proqnozlar ifadə ediblər.
Ötən müddət ərzində
qazanılmış nailiyyətlərin fonunda Azərbaycanın
beynəlxalq nüfuzu da kifayət qədər artıb.
Ölkəmiz beynəlxalq miqyasda müsbət imicə
malikdir. Nüfuzlu, mötəbər beynəlxalq tədbirlərə
ev sahibliyi edən, tolerant Azərbaycan həm də
multikulturalizm ideyalarını uğurla təbliğ və təşviq
edir, sivilizasiyalararası dialoqa mühüm töhfələr
verir. Bir sözlə, həyata keçirilən uğurlu
daxili və xarici siyasətin real nəticəsi kimi, müstəqil
Azərbaycan inkişaf yolunda inamla irəliləyir.
- Bu günlərdə Prezident İlham
Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirildi. Bu dövrdə əldə olunan nəticələr
haqqında nə deyə bilərsiniz?
- 2018-ci ilin əvvəlindən
dünyada müşahidə edilən bir sıra ciddi kataklizmlərə
baxmayaraq, respublikamız son 9 ayda da özünün ənənələrinə
sadiq qalıb və əvvəlki illərdə yaradılan
fundamental baza əsasında inkişaf tendensiyasını davam
etdirib. Oktyabrın 9-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında diqqətə çatdırılan statistik rəqəmlərdən
də göründüyü kimi, bəhs olunan dövrdə
ölkənin müsbət reallıqları daha da artıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev
iclasda söylədiyi nitqində ötən 9 ayın
yekunlarını yüksək dəyərləndirib: “2018-ci
il ölkəmiz üçün uğurlu il olmuşdur.
İlin əvvəlindən qarşımıza qoyduğumuz
bütün vəzifələr uğurla və vaxtında icra
edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik
inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq,
sabitlik, təhlükəsizlik şəraitində
yaşamışdır”.
Güclü iqtisadiyyat olmadan ölkənin
inkişafını təsəvvür etmək belə
mümkün deyil. Xarici mənfi təsirlərə müqavimət
gücünə malik iqtisadiyyat qurulması müstəqil Azərbaycanın
milli gücünü artıran fundamental amil rolunda
çıxış edir. Milli
iqtisadiyyatımızın inkişafını təmin etmək
üçün həyata keçirilən tədbirlər
sırasında Prezident İlham Əliyevin meydana
çıxan çağırışlara və ölkənin
reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar,
imzaladığı müvafiq Fərman və sərəncamlara
əsasən ayrı-ayrı istiqamətlər üzrə
həyata keçirilən islahatlar böyük aktuallıq
daşıyır. Qeyd edim ki, respublikamızda qeyri-neft
iqtisadiyyatının möhkəmləndirilməsinə,
istehsal və ixrac imkanlarının artırılmasına
hesablanan islahatlar bir-birini tamamlayır ki, bu da
investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi
baxımından çox önəmlidir. Hazırda
respublikamızda dövlət başçısının
imzaladığı müvafiq Fərmanla təsdiqlənən
milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları
üzrə strateji yol xəritələrinin uğurla icra edilməsi
ölkədə reallaşdırılan islahatların səmərəliliyini
daha da artırır.
Eyni zamanda, ölkədə iqtisadi
islahatların davamlılığının təmin edilməsi
baxımından 2018-ci ilin arxada qalan dövrü də istisna
təşkil etməyib. Nazirlər Kabinetinin bəhs
olunan iclasında da bildirildiyi kimi, son 9 ayda iqtisadi sahədə
islahatların dərinləşməsi istiqamətində
çox önəmli addımlar atılıb. Öz növbəsində
ölkədə genişməzmunlu islahatların, eləcə
də müxtəlif istiqamətlər üzrə qəbul
edilən Dövlət proqramlarının
reallaşdırılmasının uğurla təmin edilməsi
milli iqtisadiyyatın genişlənməsini və müsbət
göstəricilərin qazanılmasını təmin edir.
Respublikamızda dövlət başçısının
siyasi iradəsi əsasında aparılan islahatlar ilk növbədə
qeyri-neft iqtisadiyyatının üstün
inkişafının təmin edilməsinə hesablanıb.
Postneft iqtisadiyyatının qurulmasına yönələn
davamlı səylərin nəticəsidir ki, bütün
ölkə boyu neftdənkənar sahələrdə yeni
istehsal müəssisələri istifadəyə verilir.
Son doqquz ayın nəticələri ölkəmizin
qarşıya qoyulan strateji hədəfə doğru inamla irəlilədiyini
bir daha təsdiqləyir. Məmnunluq hissi ilə vurğulamaq
istərdik ki, artıq milli iqtisadiyyatımızda özəl
sektorun ümumi payı 70 faizi ötüb ki, bu da böyük
nailiyyətdir. Bəhs olunan dövrdə də milli
iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri
məhz neftdənkənar istiqamətlərdə qeydə
alınıb.
- Azərbaycanın beynəlxalq mövqeyinin
möhkəmlənməsini şərtləndirən əsas
amil səmərəli və çoxşaxəli xarici siyasətin
həyata keçirilməsidir. Xarici siyasət sahəsində
atılan məqsədyönlü addımlar və
qazanılmış uğurlarla bağlı düşüncələriniz
nədən ibarətdir?
- Azərbaycanın xarici siyasəti milli
maraqlara əsaslanır və müasir
çağırışlara cavab verir. Ölkəmiz
dünyaya uğurla inteqrasiya edir, beynəlxalq müstəvidə
mütəmadi olaraq yeni nailiyyətlər qazanır. Azərbaycan
daim beynəlxalq miqyasda cərəyan edən proseslərə öz
müsbət təsirini göstərməyə
çalışır, qlobal müstəvidə sülhyaratma
missiyalarında, terrorizmə qarşı birgə mübarizə
tədbirlərində fəal iştirak edir. Avropa ilə
Asiyanın qovşağında yerləşən Azərbaycan
özünün əlverişli coğrafi mövqeyindən
yararlanaraq daim yeni qarşılıqlı faydalı əməkdaşlıq
təşəbbüsləri irəli sürür. Bunun da məntiqi nəticəsidir ki, Azərbaycanın
dostlarının və tərəfdaşlarının
sayı davamlı olaraq artır, ölkəmizin
dünyanın əksər dövlətləri ilə
diplomatik münasibətləri, iqtisadi-ticarət əlaqələri
yüksələn xətlə inkişaf edir. Bunun bariz
nümunəsi respublikamızın 155 dövlətin dəstəyi
ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsidir. Bu, Azərbaycanın xarici
siyasətinin nəticələrinin olduqca yüksək qiymətləndirilməsi,
ölkəmizə olan böyük inam və etimadın ifadəsidir.
Azərbaycan, eyni zamanda, müxtəlif ölkələrlə
çox fəal siyasi dialoqa malikdir və diplomatik fəaliyyətini
uğurla davam etdirir. Elə son zamanlar müşahidə edilən
proseslər də bu həqiqəti əks etdirir. Belə ki, bu yaxınlarda Almaniya Kansleri Angela Merkelin
Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiyaya,
Qırğızıstan və Xorvatiyaya, Rusiya Prezidenti Vladimir
Putinin ölkəmizə səfəri zamanı əldə
olunmuş nəticələr Azərbaycanın xarici siyasətinin
dinamikliyini, ölkəmizin yüksək beynəlxalq nüfuza
malik ölkə olduğunu, dünyada Azərbaycana
hörmətlə yanaşıldığını əks
etdirir. Bütün bunlar Azərbaycanın beynəlxalq
münasibətlər sistemində mövqeyinin ardıcıl
olaraq möhkəmləndiyini göstərir.
- Nəriman müəllim, regionun lider dövləti
olan Azərbaycanın təşəbbüsü və
liderliyi ilə mühüm enerji layihələri
reallaşdırılır, eyni zamanda, ölkəmiz
Avrasiyanın nəqliyyat xəritəsinə öz dəyərli
töhfəsini verir...
- Bəli, bu gün Azərbaycanın
iştirakı olmadan regionda hər hansı bir layihə
gerçəkləşdirilə bilməz. Cənubi
Qafqazın lider dövləti olan Azərbaycanın
moderatorluğu ilə regionda strateji əhəmiyyətli layihələr
reallaşdırılır, yeni əməkdaşlıq
platformaları yaradılır. Hazırda
respublikamızın təşəbbüsü ilə Xəzər
hövzəsini uzaq Adriatik dənizi, oradan isə Avropa ölkələri
ilə əlaqələndirən Cənub Qaz Dəhlizi
inşa olunur. İnvestisiya dəyəri 40 milyard dollardan
çox olan bu layihə 7 ölkəni birləşdirir.
Cənub Qaz Dəhlizinin resurs mənbəyi rolunda Azərbaycanın
zəngin “Şahdəniz” yatağı çıxış
edir. “Şahdəniz” qaz yatağı üzrə kontrakt
1996-cı il iyulun əvvəlində imzalanıb. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən
“Şahdəniz” dünyanın ən böyük qaz
yataqlarından biridir. “Şahdəniz” yatağının
işlənməsi, Cənubi Qafqaz boru kəmərinin
genişləndirilməsi, TANAP və TAP kimi seqmentlərdən
ibarət olan Cənub Qaz Dəhlizinin icrasına 4 il
bundan əvvəl Bakıda başlanılıb. Arxada qalan 4 il
ərzində layihənin bütün seqmentləri üzrə
böyük iş həcmi yerinə yetirilib. Təsdiq
olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik olan Azərbaycan
qaz hasilatının artırılması ilə bağlı əlavə
addımlar atmaq və ixrac coğrafiyasını daha da
genişləndirmək fikrindədir. İki il ərzində
Azərbaycan qazı Avropa məkanına
çatdırılacaq və Avropanın enerji təhlükəsizliyinə
növbəti töhfə veriləcək. Azərbaycan qaz
hasilatının artırılması ilə bağlı əlavə
addımlar atmaq və ixrac coğrafiyasını daha da
genişləndirmək fikrindədir.
Bunlarla yanaşı, Azərbaycan Avrasiyanın
nəqliyyat xəritəsinə də öz dəyərli
töhfəsini verir. Ölkəmizin əlverişli coğrafi
mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə
də Şimal-Cənub dəhlizlərində vacib rol
oynamasını şərtləndirir. Bakı-Tbilisi-Qars (BTQ)
dəmir yolu layihəsinin işə düşməsi Azərbaycanın
beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə
çevrildiyinin əyani sübutudur. BTQ Azərbaycan,
Gürcüstan və Türkiyə arasında iqtisadi-nəqliyyat
əlaqələrinin daha da genişlənməsinə
müsbət təsir göstərməklə yanaşı,
daha geniş coğrafiyada yerləşən ölkələr
üçün də böyük əməkdaşlıq
imkanları açır. Bütün bunlar onu göstərir
ki, Azərbaycan regionun nəqliyyat-logistika mərkəzinə
çevrilib.
Yeni Azərbaycan.-
2018.- 13 oktyabr.- S.6.