Azərbaycanın regionlarında payız-tarla işləri uğurla davam etdirilir

 

Fermerlər gələcəkdə yüksək məhsuldarlığa nail olmaq üçün indidən tarlalarda şumun və səpinin aqrotexniki qaydalar əsasında aparılmasını diqqət mərkəzində saxlayırlar

Ölkəmizin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişlənməkdədir. Belə ki, bu gün ölkənin bir sıra rayonlarında aqroparkların salınması, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının genişləndirilməsi, istixana komplekslərinin tikilməsi, taxılçılığın inkişafı daxili tələbatın ödənilməsi ilə yanaşı, yeni ixrac imkanları yaradır. Ötən dövrdə kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir. Qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Ümumiyyətlə, müvafiq Dövlət proqramlarının uğurlu icrası bu gün ölkəmizdə kənd təsərrüfatının, ən əsas da taxılçılığın inkişafında əsas rol oynayır. Regionlarda yeni payızlıq şumlar çıxarılır, digər dənli bitkilərin biçini davam etdirilir.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı kənd təsərrüfatında artımın olduğunu deyib. Ölkə Prezidenti bildirib ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Qeyd olunmalıdır ki, bu ilin doqquz ayında kənd təsərrüfatında 4,3 faiz artım olub. Ən əsası isə, iri fermer təsərrüfatlarında, taxılçılıqda nəticələrin çox yaxşı olduğunu bildirən Prezident İlham Əliyev təqribən hektardan orta hesabla 50 sentner məhsul götürüldüyünü deyib: “İri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji prosesi də biz bütün təsərrüfatlara yaymalıyıq. Belə olan halda, biz mövcud əkin sahəsindən daha çox məhsul yığa bilərik. Bu il taxılçılıqda artım olub, 3 milyon ton taxıl tədarük edilibdir. Buğda yığımında məhsuldarlıq 30 sentnerə çatıb. Pis nəticə deyil. Amma hesab edirəm ki, daha da artmalıdır və artacaq”.

Yevlax rayonunda da payız-tarla işləri sürətlə davam edir. Kəndli fermerlər və fərdi təsərrüfat sahibləri məhsul yığımını davam etdirir, həmçinin payızlıq əkinlər üçün şum və səpin işləri aparırlar. Cari ilin məhsulu üçün rayonda 11 min 585,7 hektar sahədə taxıl, 2500 hektarda pambıq, 63,3 hektarda qarğıdalı, 493,7 hektarda günəbaxan, 324,3 hektarda kartof, 290,4 hektarda tərəvəz, 16,2 hektarda lobya, 44 hektarda noxud, 18,9 hektarda darı, 105 hektarda bostan bitkiləri becərilib. Əvvəlki illə müqayisədə 793,6 ton çox olmaqla 22 min 506,6 ton buğda, 585 ton çox olmaqla 14 min 154 ton arpa istehsal edilib. Bundan başqa, bu günədək sahələrdən 411,4 ton qarğıdalı, 1160,2 ton günəbaxan, 1867,3 ton kartof, 4111,8 ton tərəvəz, 38,07 ton lobya, 88 ton noxud, 87 ton darı, 1372 ton bostan məhsulları, həmçinin 6376 ton meyvə və 1515,2 ton üzüm yığılıb. Hazırda rayonda tərəvəz, şəkər çuğunduru, pambıq və meyvə yığımı davam edir.

Dövriyyədə olan torpaqlardan səmərəli istifadə məqsədilə rayonda təkrar əkinlərin sahəsi genişləndirilir. Belə ki, məhsul yığımı başa çatmış sahələrdə payızlıq səpin üçün 8027 hektarda şum qaldırılıb. 139,9 hektarda cari ilin məhsulu üçün təkrar əkin aparılıb, 470 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Hazırda rayonda məhsul yığımı və payızlıq bitkilərin səpini davam edir.

Saatlı rayonunda da payızlıq taxıl əkininə başlanılıb. İlk olaraq sahələrdə arpa səpini aparılır. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 11 min 991 ton, buğda zəmilərindən isə 79 min 643 ton məhsul yığıblar. Fermerlər sahələrdən, ümumilikdə, 91 min 635 ton taxıl götürərək hər hektarın məhsuldarlığını 41 sentnerə çatdırıblar.

Qazanılmış uğurları növbəti təsərrüfat ilində daha da artırmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Bu məqsədlə 18 min 240 hektar sahədə keyfiyyətli şum aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min 920 hektar çoxdur. Əkinçilər sahələrdən bol məhsul götürmək üçün səpin aparılacaq sahələrə üzvi və mineral gübrə veriblər. Fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin ediliblər. Rayonda səpin kampaniyasını optimal müddətdə başa çatdırmaq üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları fermerlərin ixtiyarına verilib. Artıq bir neçə gündür ki, fermerlər arpa səpininə başlayıblar. Qısa müddətdə 757 hektar sahədə arpa səpini aparılıb. Yaxın günlərdə rayonda kütləvi taxıl səpininə start veriləcək.

Ucar rayonunda isə payızlıq taxıl əkini kampaniyası çərçivəsində qısa vaxtda 1560 hektarda səpin aparılıb. Hazırda hər gün sahələrə 20-dək səpin aqreqatı çıxarılır. Daha çox taxıl əkiləcək Təzə Şilyan, Yuxarı Şilyan, Qaziyan, Qazıqumlaq, Şahlıq ərazi vahidlərində, habelə, ümumilikdə 6,5 min hektardan çox sahədə səpin aparılacağı nəzərdə tutulan 2 aqroparkda bu mühüm kampaniyaya daha mütəşəkkil başlanılıb. Sahələrdə hər gün 25-30 şum traktoru işləyir və artıq 9 min 930 hektarda şum qaldırılıb. Qeyd edək ki, gələn ilin məhsulu üçün Ucarda 14 min 600 hektarda payızlıq taxıl səpini proqnozlaşdırılır. Bu rəqəm ötən ilki göstəricidən 2,5 min hektardan da çoxdur.

Bərdə rayonunun təsərrüfatlarında da payız-tarla işlərinin qızğın çağıdır. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri məhsul yığımını, həmçinin dənli bitkilərin səpinini davam etdirirlər. Son məlumata görə, 46 min 941,3 ton buğda, 9171 ton arpa, 841 ton qarğıdalı, 493,7 ton günəbaxan, 6156 ton kələm, 2533 ton bibər, 4306,5 ton xiyar, 4495 ton badımcan, 3986 ton pomidor, 3700 ton yerkökü, 612 ton süfrə çuğunduru, 926,5 ton sarımsaq, 18 min 247,5 ton soğan, 2304 ton kartof, 25 min 836 ton bostan məhsulları, 7410 ton yem bitkiləri, 7400 ton şəkər çuğunduru istehsal olunub. Hazırda rayonda tərəvəz, şəkər çuğunduru və pambıq yığımı davam edir. Bərdə rayonunda dənli bitkilərin səpininə də başlanılıb. Artıq 16 hektarda buğda, 85 hektarda arpa, 623 hektarda yaşıl yem üçün arpa səpilib.

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün taxıl səpininə başlanılıb. Kampaniyanın ilk günlərində rayonun Bolludərə, Qaratorpaq, Qayabaşı, Turan və Sarıca ərazilərində 150 hektar sahəyə buğda, 808 hektar sahəyə dən üçün arpa və 206 hektar sahəyə xəsillik arpa səpilib. Ümumiyyətlə, rayonda gələn ilin məhsulu üçün 67 min hektar sahədə taxıl səpini proqnozlaşdırılır.

Payızlıq dənlilərin səpini üçün hələlik 43,6 min hektar sahədə şum aparılıb, 14 min tona yaxın toxum fondu yaradılıb. Səpin zamanı əsasən yerli toxumçuluq təsərrüfatlarının istehsal etdiyi yüksək reproduksiyalı buğda və arpa toxumundan istifadə olunur. Səpin kampaniyasına 200-dən çox şum traktoru, 105 toxumsəpən aqreqat, 400-dək traktor, qoşqu, mala və digər texnika cəlb edilib.

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı, həmçinin payızlıq əkinlər üçün şum və səpin işləri davam edir. Torpaq mülkiyyətçiləri 52 min 160 ton taxıl, 275 ton dən üçün qarğıdalı, 6,8 ton günəbaxan dəni, 80 min 728 ton tərəvəz, 2570 ton bostan məhsulları, 5923 ton kartof, 15 min 118 ton şəkər çuğunduru, 1060 ton meyvə, 79,5 ton üzüm, 1068,7 ton pambıq istehsal ediblər.

Torpaqdan səmərəli istifadə edən fermerlər 13 min 244 hektar sahədə şum qaldıraraq, 1474 hektar sahədə yaşıl yem üçün xəsil, 1055,2 hektarda təkrar əkin aparıblar.

Tərtər rayonunun təsərrüfatlarında da payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar. Rayon üzrə 4748 hektar sahədə payızlıq şum qaldırılıb. 142,7 hektar sahədə payızlıq bitkilər, o cümlədən 38 hektarda dən üçün arpa, 54 hektarda yaşıl yem üçün xəsil arpa və 50,7 hektarda təzə yonca səpilib. Bundan başqa, dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq cari ilin məhsulu üçün 259,1 hektar sahədə təkrar əkin aparılıb. Təkrar əkinlərin 41,2 hektarı dən üçün qarğıdalı, 116 hektarı yem üçün sorqo, 72,4 hektarı tərəvəz bitkiləri, 13 hektarı darı, 2 hektarı kartof, 1,5 hektarı lobya, 13 hektarı günəbaxandır.

Ucar rayonunda isə çəltik biçini sürətlə davam edir və artıq 590 hektardan çox sahənin məhsulu yığılıb. Cari mövsümdə 780 hektarda çəltik yetişdirilib ki, bu da ötən ildəkindən 121 hektar çoxdur. Yerli bazarlarda öz keyfiyyəti ilə seçilən bu məhsul rayonun 7 kəndinin ərazisində yetişdirilib. Bir sıra kəndlərdə, xüsusilə Əlikənd, Qaziyan, Boyat yaşayış məntəqələrində sahələrdən bol məhsul götürülür. Hələlik rayon üzrə 1380 tonadək məhsul əldə edilib.

Qeyd edək ki, Ucar respublikamızda çəltikçiliklə məşğul olan 12 rayondan biridir. Ölkə başçısının ötən il sentyabrın 3-də Lənkəranda keçirilən və çay, çəltik, sitrus meyvələri istehsalının inkişafı məsələlərinə həsr edilən müşavirədə qarşıya qoyduğu konkret vəzifələr rayonda çəltikçiliyin inkişafına böyük təkan verib. Təsadüfi deyildir ki, cari mövsümdə əkin sahəsi xeyli artıb. Gələn il də çəltik əkini sahələrinin artacağı gözlənilir.

Ağdaş rayonunda da cari mövsümdə 600 hektar sahədə çəltik yetişdirilib və hazırda məhsul yığımı davam edir. Artıq 320 hektardan çox sahədə biçin aparılıb. Hər hektardan 30 sentnerdən çox məhsul əldə olunub. Rayonun Yuxarı Nemətabad, Ovçulu, Xosrov kəndlərində və bir sıra digər ərazilərdə torpaq mülkiyyətçiləri bazarlarda öz keyfiyyəti ilə seçilən yerli düyünün istehsalına daha çox maraq göstərirlər. Ağdaşlı fermerlər “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa” və “Ağ qılçıqlı” düyü növlərinin əkininə daha çox üstünlük veriblər.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2018.- 16 oktyabr.- S.7.