Bakıda “Dini
mərasimlər: tarix,
ənənə və
hüquq” mövzusunda
konfrans keçirilib
Oktyabrın 15-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının, Milli
Məclisin və müvafiq dövlət qurumlarının nümayəndələri,
dini icma sədrləri, elm və din xadimləri,
alimlər, ilahiyyatçılar
və gənclər iştirak ediblər.
Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı tədbir iştirakçılarına konfransın
mahiyyəti ilə bağlı məlumat verib. Bildirib ki, Dövlət Komitəsi bu sahədə aidiyyəti dövlət qurumları, elm və təhsil
müəssisələri, qeyri-hökumət
təşkilatları ilə
sıx əməkdaşlıq
qurur, dini maarifləndirmə tədbirlərinə
xüsusi önəm verir.
Mərasimlərin insanların inanc və mədəniyyətinin
simvolik ifadəsi olduğunu vurğulayan Dövlət Komitəsinin
sədri onların tarixi kökləri olmaqla yanaşı, müəyyən dəyişikliyə
məruz qaldıqlarını
diqqətə çatdırıb.
Qeyd edib ki, bu mərasimlər
müxtəlif mədəniyyətlərdə
məzmunca bənzər,
lakin formaca müxtəlif şəkillərdə
icra edilir.
Mübariz Qurbanlı
qeyd edib ki, dini mərasimlər
zamanı insanlar bəzən həddən artıq ifrata varırlar. Bu, adətən məlumatsızlıq,
xüsusilə dini savadsızlıqdan irəli
gəlir. Dövlət
Komitəsinin sədri
dini mərasimlərin
israfçılıqdan uzaq,
mümkün qədər
dinin əsas mənbələrinə uyğun,
eləcə də ictimai inkişafla ayaqlaşa bilən şəkildə keçirilməsinin
önəmini vurğulayıb.
Onun sözlərinə
görə, bu mərasimlərdə vətəndaşların
heç bir hüquqi məsuliyyəti
yoxdur. Bu, birbaşa mənəviyyat
məsələsidir. Bəzən
ali təhsilli, dünyagörüşlü insanlar
bu mərasimlərin keçirilməsi zamanı
israfçılığa yol
verir. Komitə sədri bu cür
halların qarşısının
alınmasında maarifləndirmə
işinin daha da gücləndirilməsinin
vacibliyinə diqqət
çəkib.
Daha sonra
Azərbaycan İlahiyyat
İnstitutunun prorektoru,
ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Mərasimlər: tarix, reallıq və din” mövzusunda çıxış edib.
Bildirib ki, bəşəriyyətin tarixinə
nəzər salsaq, mərasim və ayinsiz bir cəmiyyətə
rast gəlinmir. Mərasimlər hisslərimizin
təzahürləridir. Onun
sözlərinə görə,
mərasimsiz heç bir din mövcud
olmayıb. Hansısa cəmiyyət yeni dini qəbul etdikdə belə, o cəmiyyətin keçmiş
adət-ənənələri silinib getmir. A.Şirinov vurğulayıb
ki, sosioloqlar ictimai baxımdan mərasimlərin çox
böyük əhəmiyyətə
malik olduğunu qeyd edirlər.
Yeni Azərbaycan
Partiyası İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar
komitəsinin sədri
Siyavuş Novruzov çıxışında bildirib
ki, Azərbaycanda dini mərasimləri İslam dini, ənənələrlə yanaşı,
qanunlarla da tənzimləmək zəruridir.
“Mərasimlər elə
qaydada olmalıdır
ki, bir-birindən fərqlənməsin, uyğunluq
təşkil etsin, israfçılığa yol
verilməsin”, - deyə
deputat vurğulayıb.
Qeyd edib ki, Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsi
bu istiqamətdə mühüm addımlar atır. Artıq bəzi bölgələrimizdə
dini mərasimlər sadələşdirilmiş formada
keçirilir. Lakin hələ də bir çox rayonlarımızda israfçılığa
yol verilir. “Cəmiyyəti inandırmalıyıq
ki, mərasimlərdə
israfçılığa yol
vermək lazım deyil, dində də belə bir şey yoxdur.
Elə etməliyik ki, insanlar mərasimdən
sonra uzun müddət maddi çətinlik çəkməsinlər”,
- deyə Milli Məclisin komitə sədri bildirib.
Məzarlıqlar haqqında da
danışan Siyavuş
Novruzov diqqətə çatdırıb ki, nümunəvi qəbiristanlıqların
yaradılması ilə
bağlı hazırlanan
yeni qanun layihəsinin qəbul edilməsindən sonra kimliyindən asılı olmayaraq hər kəsin eyni səviyyədə və formada dəfn edilməsi təmin olunacaq.
Dini mərasimlərin siyasi-hüquqi tərəfinə
toxunan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası
münasibətlər, multikulturalizm
və dini məsələlər şöbəsinin
aparıcı məsləhətçisi
Anar Əlizadə bildirib ki, Azərbaycanda
dövlət-din münasibətləri
dünyəvi prinsiplər
əsasında qurulub. Dini mənsubiyyətindən
asılı olmayaraq dini ayinlərin, mərasimlərin icrasında
hər kəs üçün azad və bərabər şərait yaradılıb.
Amma bu o demək deyil ki, dini mərasimlərin
keçirilməsi zamanı
hüquqi qaydalara, ictimai normalara riayət olunmamalıdır.
Ona görə də dini mərasimlər
ictimai asayişi pozmadan icra olunmalıdır.
Heç kəs dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə
iştirak etməyə
məcbur edilməməlidir.
A.Əlizadə əlavə edib ki, xarici dairələr
tərəfindən idarə
olunan və İslam adı altında hərəkət
edən bəzi radikal qruplaşmalar dini mərasimləri siyasi şüarlar səsləndirmək vasitəsinə
çeviriblər. Dini
mərasimləri yerinə
yetirərkən ifrat hərəkətlərə və
xurafata yol verilməməlidir. Lakin belə neqativ sosial təzahürlər,
mənfi hallar inzibati yollarla deyil, daha çox
müntəzəm maarifləndirmə
tədbirlərinin həyata
keçirilməsi ilə
aradan qaldırılmalıdır.
O qeyd edib ki, dini mərasimlər
qrup halında, kütləvi şəkildə
icra olunur və kütlələr üzərində böyük
psixoloji təsir qüvvəsinə malikdir.
Sonra Qafqaz
Müsəlmanları İdarəsi
sədrinin müavini Fuad Nurullayev maarifləndirmə tədbirlərinin
israfçılığa, xurafata, eləcə də mövhumatçılığa
qarşı mübarizədə
əvəzsiz rolundan bəhs edib. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin
təşkilatçılığı ilə həm paytaxtda, həm də regionlarda keçirilən tədbirlərin
önəminə toxunub.
Azərbaycan Respublikası Prezidenti
yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, AMEA-nın Fəlsəfə İnstitutunun
direktoru İlham Məmmədzadə, Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin icraçı
direktor əvəzi Rəvan Həsənov və şərqşünas
alim Nəriman Qasımoğlu mövzu ilə bağlı ətraflı çıxış
ediblər.
Konfrans müzakirələrlə davam edib.
Yeni Azərbaycan.-
2018.- 16 oktyabr.- S.5.