İqtisadi islahatlar Azərbaycanın
hərtərəfli inkişafını təmin etməkdədir
Milli Məclisin deputatı, YAP Siyasi
Şurasının üzvü Aydın Hüseynov www.yap.org.az
saytına müsahibə verib:
- Aydın müəllim, 2018-ci ilin ötən
9 ayının sosial-iqtisadi göstəricilərini necə
qiymətləndirərdiniz?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində
ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənib,
iqtisadi inkişaf dinamikası davam etməkdədir. Aparılan məqsədyönlü və mükəmməl
siyasətin nəticəsində 2018-ci ilin ötən 9
ayı ərzində ölkəmizin sosial-iqtisadi
inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri
olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi,
qeyri-neft istehsalı və ixracının həcminin
artması, regionların tarazlı inkişafı, əlverişli
biznes və investisiya mühitinin formalaşdırılması
və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə
nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi
təmin edilib. Prezident İlham Əliyevin Nazirlər
Kabinetinin 2018-ci ilin üçüncü rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında vurğuladığı kimi, respublikamızda
iqtisadiyyatın şaxələndirilməsi ilə
bağlı siyasət çox uğurludur, iqtisadiyyat hərtərəfli
inkişaf edir.
Ötən 9 ayda ümumi daxili məhsul 0,8 faiz,
qeyri-neft sektoru 1, qeyri-neft sənayesi 10,8, kənd təsərrüfatı
4,3 faiz artıb. Bu, qlobal şokların hələ də davam
etdiyi bir vaxtda yaxşı göstərici hesab oluna bilər.
Qeyri-neft sektorunun ÜDM-də payı 60 faizə
çatıb. Qeyri-neft sektorunun hesabına əldə edilən
bu artım iqtisadiyyatın strukturunun tam mənada keyfiyyət dəyişikliklərinə
məruz qaldığını şərtləndirir. Bu
tendensiya onu göstərir ki, iqtisadiyyatda güclü dinamika və
şaxələnmə siyasətinin məntiqi nəticəsi
olaraq neftdənkənar sahələrin
sıçrayışı və bu potensialın umumi
inkişaf yönləndirilməsi bir sistem təşkil etməkdədir.
Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım
iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin,
şaxələndirmə siyasətinin mühüm göstəricisi
sayıla bilər. Qeyri-neft sektoru iqtisadiyyatda dominant rol
oynamaqla, gələcək inkişafın əsas iqtisadi təməllərindən
biri olacağını şərtləndirir.
2018-ci ildə Azərbaycanın beynəlxalq
nüfuzu da artıb, regionda enerji-nəqliyyat
qovşaqlarının yaradılmasında rolu güclənib.
Dövlət başçısının
vurğuladığı kimi, bu gün Azərbaycan müxtəlif
beynəlxalq təşkilatlarda çox böyük rol
oynayır və böyük rəğbət
qazanıbdır. Azərbaycanın dünya enerji siyasətində
rolu artır, respublikamız çox önəmli nəqliyyat
mərkəzinə çevrilir.
- Sosial sahədə hansı müsbət dəyişikliklərə
nail olunub?
- Həyata keçirilən islahatlar sosial sahədə
də özünün müsbət təsirlərini göstərib.
Pensiyaçıların və digər sosial
qrupların sosial müdafiəsinin gücləndirilməsi,
maaşların davamlı artımı, tələbələrin
təqaüdlərinin artırılması, təhsil, səhiyyə
və mədəniyyət işçilərinə dövlət
qayğısının artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin
salınması, əlillərin və şəhid ailələrinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılıması istiqamətində
işlər davam etdirilib. Ölkə iqtisadiyyatında iqtisadi
göstəricilərlə yanaşı, həm də sosial
sahədə müsbət artım meyilləri müşahidə
olunub. Cari ilin 9 ayında orta aylıq əməkhaqqı 541
manata çatıb. Əhalinin gəlirləri 9,5 faiz
artıb, inflyasiya 2,6 faiz təşkil edib. Bu isə əhalinin
gəlirlərinin qiymət artımını 4 dəfə
üstələdiyini göstərir. Beləliklə,
hər il olduğu kimi, əhalinin gəlirləri
inflyasiyanı üstələyir və beləliklə bu,
bilavasitə insanların yaşayış səviyyəsinə
müsbət təsir göstərir. Ölkəmizin strateji
valyuta ehtiyatları 45 milyard dolları keçib. Ümumiyyətlə,
insanların daha da yaxşı yaşaması və onların
illik gəlirlərinin artmasına dövlət dəstəyinin
gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas
prioritetlərdən biridir. Dövlət
başçısının qeyd etdiyi kimi, respublikamızın
maliyyə resurslarının və büdcə gəlirlərinin
artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin
həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin
qaldırılması siyasəti davam etdiriləcək.
- Hazırda regionlarda həyata keçirilən
layihələr iş yerlərinin yaradılmasında hansı
rol oynamaqdadır?
- Regionların sosial-iqtisadi
inkişafı ilə bağlı yürüdülən siyasət
cari ilin ötən 9 ayı ərzində ölkə
iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft
sektorunun inkişafına möhkəm zəmin yaradıb. 9
ayda 100 mindən çox yeni iş yeri açılıb ki,
onlardan 86 mini daimi iş yeridir. Ümumilikdə,
regionların inkişafı strategiyasının icrasına
başlanmasından indiyədək 1 milyon 300 mindən
artıq iş yeri açılıb, onlardan təxminən 1
milyonu daimi iş yeridir. Regionların inkişafı ilə bağlı
strategiyanın davam etdirilməsi bölgələrdə
işsizliyin səviyyəsinin azalmasına mühüm təsir
göstərib. Hazırda ölkəmizdə işsizlik səviyyəsi
5 faiz təşkil edir ki, bu da dünya göstəricisindən
xeyli aşağıdır.
- Biznes sektoru və ixracın
artırılması sahəsində aparılan islahatları
necə şərh edərdiniz?
- Azərbaycanda biznes mühitinin
yaxşılaşdırılması, sahibkarlığa
dövlət dəstəyi tədbirlərinin
artırılması yürüdülən siyasətin əsas
prioritetlərindəndir. Prezident İlham
Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində
sahibkarlığın inkişafı ilə bağlı qəbul
etdiyi qərarlar iqtisadiyyatın davamlı
inkişafının təmin olunması baxımından
strateji xarakter daşıyır və sahibkarlığın
inkişafı üçün yeni dövrün
başlanmasına səbəb olub. Bu siyasətin nəticəsi
olaraq sahibkarlıq sahəsində aparılan yoxlamalar
dayandırılıb, lisenziyalar və icazələrin
sayı azaldılıb. Bütün bunlar iqtisadiyyatın
artıq qeyri-neft əsasları üzərində inkişaf
etdiyini göstərir. Həmin siyasətin ən mühüm
uğurlarından biri ötən 9 ayda investisiya cəlbediciliyinin
artmasıdir. Qeyd olunan müddət ərzində iqtisadiyyata 9
milyard dollar sərmayə qoyulub ki, onun da 5,6 milyard dolları
qeyri-neft sektorunun payına düşür. Sərmayələr
qeyri-neft bölmələrinin hərtərəfli
inkişafına və güclü iqtisadi
potensialımızın artırılmasına imkan verib.
Hazırda ölkə iqtisadiyyatının 70 faizə yaxın
hissəsi qeyri-neft sektorunun payına düşür.
Yaxın 5 ildə bu rəqəmin daha da
artırılması hədəf seçilib, eyni zamanda,
qeyri-neft məhsullarının ixracının
artırılması başlıca məqsədlərdəndir.
Hazırda qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi
və ixrac potensialının artırılması istiqamətində
islahatlar davam etdirilir. Bu məqsədlə
iqtisadiyyatın bir çox sahələrində - maliyyə,
fiskal, gömrük, vergi, biznes, sahibkarlıq və digər
sektorlarda sistemli şəkildə dərin iqtisadi
islahatların həyata keçirilməsi istiqamətində
mühüm addımlar atılmaqda, perspektiv inkişafa dair
elmi-iqtisadi ssenarilər hazırlanmaqdadır. Milli iqtisadiyyatın əsas sektorları üzrə
Strateji Yol Xəritəsinin əsas prioritetləri kimi
iqtisadiyyatın bütün sahələrində səmərəliliyin
və rəqabətliliyin artırılması, ixracda rəqabətliliyin
və birbaşa xarici investisiyaların yüksəldilməsi
nəzərdə tutulur.
Bu gün qarşıda duran ümdə vəzifələrdən
biri ixrac məhsullarının həm çeşidinin, həm
də coğrafiyasının şaxələndirilməsidir.
Qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması məqsədilə və “Made
in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi
üçün müxtəlif tədbirlər
görülür. Beynəlxalq sərgi və ya yarmarkalarda “Made in Azerbaijan”
brendi uğurla təşviq edilir.
- Dövlət
başçısı Nazirlər Kabinetinin iclasında
islahatların davam etdirilməsinə və gələcək
inkişaf hədəflərinə də toxundu...
- Prezident
İlham Əliyevin müşavirədə iqtisadiyyatın
yeni inkişaf hədəfləri ilə bağlı fikirləri
konkret istiqamətlərin müəyyənləşdirilməsi
baxımından çox mühüm əhəmiyyət kəsb
edir. Cənab Prezidentin proqram xarakterli
çıxışı Azərbaycanın indiki iqtisadi
inkişaf mənzərəsini və qarşıda duran yeni
iqtisadi-siyasi, sosial tədbirlərin ssenarilərini, atılacaq
addımların hədəflərini özündə əks
etdirir. Bu istiqamətlər neftdən kənar
sahələrin hər birinin öz inkişaf planının həyata
keçirilməsi ilə bağlıdır. İqtisadi
siyasətlə bağlı əsas hədəflər şaxələndirmə,
qeyri-neft sektorunun inkişafı, aqrar sahədə əlavə
tədbirlər, biznes mühitinin
yaxşılaşdırılması, xarici investisiyaların cəlb
edilməsi, süni əngəllərin aradan
qaldırılması, inflyasiyanın nəzarətdə
saxlanılması və daxili bazarın qorunması,
inhisarçılığa qarşı mübarizə və
digər prioritetlərdir.
Dövlət başçısı iqtisadiyyatda şəffaflığın
və hesabatlılığın artırılması, biznes
sektorunda uçot-mühasibatlıq sisteminin düzgün
qurulması istiqamətində çox ciddi addımlar
atılması, qarşıdakı dövrdə bu istiqamətdə
mühüm işlər görülməsi, dövlət
investisiya layihələrinin icra olunması və digər
mühüm tədbirlərin görülməsi
üçün müvafiq qurumlar qarşısında konkret
tapşırıqlar qoydu. Eyni zamanda, ölkəmizin sənaye
potensialının artırılması, kənd təsərrüfatının
bütün sahələrində, o cümlədən
pambıqçılıq, üzümçülük və
s. sahələrin inkişaf potensialının
artırılması, aqrar sahəyə dövlət dəstəyinin
artırılması istiqamətində digər layihələrin
həyata keçirilməsinin zəruriliyinə diqqət
çəkdi. İnanıram ki, müvafiq
qurumlar verilmiş tapşırıqların icrası
üçün öz çevikliyini artıracaq.
- Milli Məclis
yaxın günlərdə 2019-cu il üzrə
dövlət büdcəsinin və icmal büdcənin layihələrini
müzakirəyə çıxaracaq. Gələn
ilin büdcə layihəsi barədə fikirlərinizi bilmək
maraqlı olardı?
- Gələn
ilin büdcə layihəsi təmkinli, praqmatik ssenarilər
üzrə hazırlanıb və əsas məzmunu iqtisadi
inkişafın dayanıqlılığını təmin
etmək, güclü sosial islahatların əhatəsini
genişləndirmək, bununla da insanların rifahını ən
yüksək səviyyəyə çatdırmaqdır. Bu sahədə möhkəm bünövrə qoyulub
və insanların etibarlı və layiqli həyatının
təmin edilməsi üçün dövlət büdcəsində
sosial məsələlər ön planda dayanır. İnsanlara yüksək qayğı göstərilməsini
fəaliyyətinin əsas prinsiplərindən biri hesab edən
Prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində
2019-cu ilin dövlət büdcəsi barədə fikirlərini
bildirərkən büdcənin sosial və investisiya
yönümlü olacağını, büdcə zərfində
bütün sosial proqramların öz əksini tapmalı
olduğunu vurğulayıb. Büdcə,
eyni zamanda, daxili investisiyalar, sahibkarlıq, qeyri-neft sektorunun
inkişafında əsas rol oynayan sənaye, kənd təsərrüfatı,
İKT, turizmin inkişafı üçün əsas maliyyə
mənbəyidir. Eyni zamanda, dövlətin
bu sahəyə yönəltdiyi vəsaitlər mühüm
iqtisadi və sosial layihələrin icrası üçün
xüsusi rol oynayır. Həmin layihələrin
icrası isə minlərlə insanın işlə təmin
olunması deməkdir.
- 2018-ci ilin başa çatmasına az müddət
qalır. Ümumiyyətlə, cari ili iqtisadi-siyasi baxımdan
necə proqnozlaşdırmaq olar?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən düşünülmüş, təmkinli,
lakin olduqca çevik və qətiyyətli, uzaqgörən
iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının davamlı
uğurlarından xəbər verir. Prezident
İlham Əliyev qarşıdakı dövr üçün
fəaliyyət proqramını, Azərbaycanın daha 5 illik
inkişaf platformasının başlıca hədəflərini
açıqlamışdır və dövlət
başçısının bəyan etdiyi islahatların ana
konturları, inkişaf ssenariləri çox ümidverici,
nikbin və daha irəliyə baxmaq üçün
stimullu fundamental konsepsiya təsiri bağışlayır. Bu
konsepsiyanın başlıca məzmunu Azərbaycanın yeni
iqtisadi siyasətini müəyyən edən, yeni istiqamətlər
açan, sosial dövlət - sosial cəmiyyətin
inkişafına geniş imkanlar yaratmaqdan ibarətdir.
Azərbaycanın gələcək inkişaf
ssenariləri nikbin iqtisadi uğurlardan xəbər verir. Qarşıdakı dövrdə ölkə
iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi,
neft-yanacaq kompleksinin yenidən qurulması, qeyri-neft sektorunun
çoxşaxəli inkişafının təmin olunması,
özəl sektora dövlət dəstəyinin gücləndirilməsi,
milli sahibkarlığın ixrac potensialının gücləndirilməsi,
sosial infrastrukturun tamamilə yenilənməsi kimi
mühüm istiqamətlər müəyyənləşib. Nazirlər Kabinetinin iclasında müzakirə olunan
məsələlər və dövlət
başçısının müəyyən etdiyi yeni hədəflər
onu göstərir ki, Azərbaycan iqtisadiyyatının
hazırkı uğurlu inkişafı qarşıdakı
aylarda daha da sürətlənəcək və 2018-ci il
əlamətdar iqtisadi və sosial hadisələrlə yadda
qalacaq. Davam etdirilən islahatlar və əldə edilmiş nəticələr
onu deməyə əsas verir ki, Azərbaycan 2018-ci ili regionda ən
sürətli inkişafla başa vuran ölkə olacaq.
Yeni Azərbaycan.-
2018.- 16 oktyabr.- S.7.