Regionlarda əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir

 

Bu günlərdə daha iki bölgədə - Lerik və Astara rayonlarında su və kanalizasiya layihələrinin icrası tamamlanıb

Son 15 ildə Azərbaycanda reallaşdırılan müasir infrastruktur quruculuğu siyasəti çərçivəsində bütün ölkə üzrə su və kanalizasiya layihələrinin icrası da geniş vüsət alıb. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına uyğun olaraq bölgələrdə həyata keçirilən layihələr əhalinin tələbatının ödənilməsi, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşması, eləcə də regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Əlamətdar haldır ki, ötən 15 ildə reallaşdırılan içməli su və kanalizasiya layihələri ölkənin bütün bölgələrini əhatə edib və nəticədə, respublika üzrə əhalinin yüksək keyfiyyətli su ilə təchizatında dönüş yaranıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2018-ci ilin əvvəlində bu göstərici 67 faizə çatdırılıb.

Perspektivdə isə respublikada əhalinin su təchizatının daha yüksək səviyyəyə çatdırılması hədəflənib. Bu məqsədlə bölgələrdəki vəziyyət araşdırılır, su təchizatı və kanalizasiya xidməti qənaətbəxş olmayan yaşayış məntəqələri üzrə yeni layihələr hazırlanır və onların icrasına başlanılır. Elə bu günlərdə Prezident İlham Əliyevin bölgələrə səfəri çərçivəsində daha bir neçə ünvanda yeni su və kanalizasiya layihələrinin icrasının tamamlanması münasibətilə tədbirlər keçirilib.

Lerik şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub

Əhatə dairəsi kifayət qədər geniş olan su və kanalizasiya layihələrindən biri cənub bölgəsində - Lerik şəhərində həyata keçirilib. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrasının yekunlaşması münasibətilə keçirilən mərasimdə iştirak edib. Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında diqqəti burada müşahidə edilən inkişafa yönəldib. Rayonun inkişaf göstəricilərindən məmnunluğunu bildirən dövlət başçısı “Lerik Azərbaycanın ən ucqar rayonlarından biridir. Həm dağlıq ərazidir, həm əsas magistral yollardan uzaqdır. Amma buna baxmayaraq, burada həyat qaynayır, inkişaf gedir, rayonun sosial-iqtisadi göstəriciləri də yaxşıdır. Burada yaradılan müasir infrastruktur insanlara xidmət göstərir və rayonun gələcək iqtisadi, sosial inkişafını təmin edir”, - deyə vurğulayıb.

Bəhs olunan layihə çərçivəsində Lerik şəhərində içməli su şəbəkəsinin və sutəmizləyici qurğunun, çirkab suların şəhər ərazisindən kənarlaşdırılması üçün kanalizasiya şəbəkəsinin və çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2011-ci ildən başlanılıb. Lerik şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Zuvandçay çayı üzərində sugötürücü qurğu inşa edilib. Sugötürücü qurğudan suyun öz axımı ilə şəhər ərazisindəki sutəmizləyici qurğuya ötürülməsi üçün 17,49 kilometrlik magistral xətt çəkilib. Yay aylarında Zuvandçay çayında suyun azalması nəzərə alınaraq, əlavə olaraq Nisliçay çayı üzərində sugötürücü qurğu inşa edilib. Nisliçay çayından götürülən sular nasos stansiyası vasitəsilə uzunluğu 90 poqonmetr olan təzyiqli boru ilə Zuvandçay çayından Lerik şəhərindəki təmizləyici qurğuya çəkilən magistral su xəttinə ötürüləcək. Sugötürücü qurğulardan qəbul edilərək magistral su xətti ilə saniyədə ötürülən 20,2 litr suyun təmizlənməsi üçün şəhər ərazisində gündəlik gücü 2,6 min kubmetr olan içməli sutəmizləyici qurğu kompleksi inşa edilib. Lerik şəhəri ərazisində içməli suyun yığılması və paylanması məqsədilə tutumu 1500 kubmetr olan 4 su anbarı tikilib. Şəhərin yüksəklikdə yerləşən hissəsindəki evlərə içməli suyun nəqli üçün tutumu 500 kubmetr olan anbarda məhsuldarlığı saniyədə 1,54 litr olan iki nasos quraşdırılıb. Su anbarlarından Lerik şəhər əhalisinə içməli suyun verilməsi üçün uzunluğu 55 min 55 poqonmetr olan içməli su şəbəkəsi tikilib, 1821 ev su sayğacı ilə təmin edilərək bu şəbəkələrə qoşulub.

Lerik şəhərində ilk dəfə kanalizasiya sisteminin qurulması sakinlərin böyük sevincinə səbəb olub

Layihə çərçivəsində çirkab suların şəhər ərazisindən toplanaraq təmizləyici qurğuya ötürülməsi üçün uzunluğu 1579 poqonmetr olan kanalizasiya kollektor xətti, uzunluğu 1409 poqonmetr olan təzyiqli çirkab su xətti, eləcə də uzunluğu 41 min 289 poqonmetr olan çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 1296 baxış quyusu və gündəlik gücü 1530 kubmetr olan təmizləyici qurğu inşa edilib.

Tədbirdə məlumat verilib ki, Lerik şəhərinin ilk su təchizatı sistemi 1968-ci ildə yaradılıb. Şəhərin yalnız 50 faizi mərkəzləşdirilmiş qaydada fasiləli rejimlə içməli su ilə təmin edilirdi. Ümumiyyətlə Lerikdə kanalizasiya şəbəkəsi olmayıb. Sakinlər şəhərdə ilk dəfə kanalizasiya sisteminin qurulmasını böyük sevinc hissi ilə qarşılayıblar. Bu cür layihələrin icrası ölkəmizdə sosial siyasətin uğurla həyata keçirildiyinin əyani göstəricisidir. Bu işlər bir daha sübut edir ki, vətəndaşların sosial məsələlərinin həlli Azərbaycanda aparılan dövlət siyasətinin mərkəzində dayanır və bu istiqamətdə icra olunan layihələr davamlıdır.

Astarada tamamlanan yeni su layihəsindən 102 min sakin faydalanacaq

Bu günlərdə Astarada da sakinlər yeni su layihəsinin icrasının tamamlanmasının sevincini yaşayıblar. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin başa çatması münasibətilə keçirilən mərasimdə iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsi haqqında məlumat verib.

Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2015-ci ildə “Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanılıb. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə rayonda 73 min nəfərin yaşadığı 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 102 min sakin faydalanacaq. Astara, Lənkəran şəhərləri və ətraf kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Xanbulan su anbarı seçilib. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün su anbarının yaxınlığında məhsuldarlığı sutkada 30 min kubmetr və ya saniyədə 347 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. 2013-cü ildən etibarən bu mənbə hesabına Lənkəran şəhəri və 5 kənd, 2017-ci ildən isə magistral kəmər boyunca yerləşən 15 kənd keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunur.

Sutəmizləyici qurğuda suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Emal prosesindən keçən suyun anbarlara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 750 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 38 metr yüksəklikdə ümumi tutumu 20 min kubmetr olan 3 su anbarı inşa edilib. On min kubmetr tutumu olan su anbarı Lənkəran şəhəri və ətraf kəndlər, hər birinin tutumu 5 min kubmetr olan iki su anbarı isə Astara şəhəri və ətraf kəndlər üçün nəzərdə tutulub. Anbarlara daxil olan və çıxan suyun miqdarı, anbarlarda toplanan su ehtiyatının həcmi, suyun təzyiqi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənir. Suyun anbardan Astara şəhərinə nəqli məqsədilə diametri 710 millimetr olan polietilen borularla 29,2 kilometr uzunluğunda magistral su xətti inşa edilib. Gələcəkdə Astara rayonunun 27 kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə magistral kəmərdən hər bir kəndə çıxışlar verilib.

Layihə çərçivəsində Astara şəhərində 109 kilometr içməli su şəbəkəsinin inşası tam başa çatıb və bütün abunəçilərə ev birləşməsi verilərək 4300 su sayğacı quraşdırılıb. Suyun optimal idarə olunması məqsədilə şəbəkə üzərində 327 müxtəlif diametrli siyirtmə, yanğın təhlükəsizliyi məqsədilə 274 yanğın hidrantı quraşdırılıb. Astara şəhərində kanalizasiya şəbəkəsinin yaradılması üçün uzunluğu 70,5 kilometr olan kanalizasiya şəbəkəsi, 8 kilometr tunel tipli kanalizasiya kollektoru, iki kanalizasiya nasos stansiyası və məhsuldarlığı sutkada 6 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası da layihələndirilib.

İlin sonunadək daha 3 şəhərdə su layihələrinin başa çatdırılması nəzərdə tutulur

Tədbirdə də vurğulandığı kimi, layihənin icrasına qədər Astara şəhərində 1980-ci illərdə yaradılmış su təchizatı infrastrukturundan istifadə olunurdu. Şəhərə içməli su Astara rayonunun Qapıçıməhəllə kəndində yerləşən drenaj quyularından verilirdi. Şəhərdə mövcud olmuş 41 kilometr uzunluğunda paylayıcı şəbəkə istismara yararsız vəziyyətə düşmüşdü. “Azərsu” ASC şəhərin 15 min sakininin 30 faizinə xidmət göstərirdi və içməli su fasiləli rejimdə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 25-də su və kanalizasiya şəbəkələrinin, 11-də isə su şəbəkəsinin inşası yekunlaşıb. Bu ilin sonuna qədər daha 3 şəhərdə işlərin başa çatdırılması nəzərdə tutulur.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.- 19 oktyabr.- S.7.