Azərbaycanın regionlarında meyvəçiliyin
inkişafına diqqət daha da artıb
Cari il oktyabrın 11-də Quba rayonunda meyvəçilik
istiqamətli daha bir müəssisə - “Qubaekoaqrar” Məhdud
Məsuliyyətli Cəmiyyətinin sutkada 4 ton fındıq və
2 ton quru meyvə istehsalı gücünə malik zavodu işə
salınıb
Son illərdə respublikanın bölgələrində
qeyri-neft iqtisadiyyatının bir istiqaməti kimi aqrar sektorun
inkişafına xüsusi diqqət göstərilir. Azərbaycan kənd təsərrüfatının
potensialından səmərəli istifadə etməklə bir
tərəfdən ərzaq məhsullarına olan daxili tələbatı
sırf yerli istehsal hesabına ödəməyi, digər tərəfdən
isə aqrar sektordan ixrac həcmlərini artırmaqla
respublikaya əlavə valyuta axınını təmin
etməyi hədəfləyib. Aqrar sektorun inkişafı, eyni
zamanda, bölgələrdə iqtisadi aktivliyin artmasına və
fəal məşğul əhalinin əmək bazarına
çıxış imkanlarının genişlənməsinə
müsbət təsir göstərir ki, bu da dərin sosial əhəmiyyətə
malikdir.
Aqrar sektorun inkişafı ilə bağlı
müəyyənləşdirilən bu kimi hədəflərə
çatmaq üçün məqsədyönlü tədbirlər
həyata keçirilir. O cümlədən iri təsərrüfatların,
aqroparkların yaradılması dövlət tərəfindən
dəstəklənərək güclü şəkildə təşviq
edilir, gəlir imkanları və əmək tutumu yüksək
olan istiqamətlərin inkişafı diqqət mərkəzində
saxlanılır, fermerlərə subsidiyalar
ayrılır, təsərrüfatların texnika, gübrə
ilə təminatı gücləndirilir, hazır məhsulun
alış qiyməti davamlı şəkildə
artırılır. Qeyd etmək yerinə düşər ki,
ölkəmizdə fermerlər torpaq vergisi istisna olmaqla, digər
bütün vergilərdən azaddırlar.
Regionlarda aqrar sektorun inkişafı, bu sahədə
istehsal və ixrac imkanlarının genişləndirilməsi
məqsədilə həyata keçirilən tədbirlər
öz müsbət nəticəsini verir. Cari ilin 9 ayında
respublikamızda kənd təsərrüfatı 4,3 faiz
artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.
Perspektiv inkişafla bağlı proqnozlar isə daha nikbindir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci
ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqində kənd təsərrüfatında
aparılan islahatların gələcəkdə daha
yaxşı nəticələr əldə olunmasına imkan
verəcəyinə əminliyini bildirərək
vurğulayıb: “Kənd Təsərrüfatı Nazirliyi indi
çox ciddi islahatlar aparır. Mənə məruzə
edildi, mən bu islahatları dəstəklədim. Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd
təsərrüfatının uzunmüddətli,
dayanıqlı inkişafı təmin ediləcək,
düşünülmüş, sistemli qaydada, torpaqların
münbitliyini nəzərə alaraq, əkin sahələrinin
səmərəliliyini təmin edərək və ilk növbədə,
məhsuldarlığı artıraraq biz mövcud olan torpaq
fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə
artıra bilərik”.
Respublikamızda aqrar sektorda gəlirli sahələrdən
olan meyvəçiliyin inkişafı da diqqət mərkəzində
saxlanılır. Regionlarda meyvə bağlarının əraziləri
genişləndirilir, keyfiyyətli məhsul əldə
olunması üçün lazımi addımlar atılır.
Məsələn, respublikamızın əsas meyvəçilik
bölgəsi sayılan Quba-Xaçmaz iqtisadi rayonunda meyvəçilik
istiqamətli bir neçə müəssisə
yaradılıb. Quba-Xaçmaz iqtisadi rayonunda
Sahibkarlığın İnkişafı Fondu tərəfindən
ümumi dəyəri 376 milyon manat olan 2624 layihənin maliyyələşdirilməsinə
201 milyon manat güzəştli kredit verilib. Bu çərçivədə
yaradılan müəssisələr xarici ölkələrə
məhsul ixracına başlayıb. Belə ki,
Xaçmazdakı fındıq emalı zavodu ötən il 2
milyon dollar dəyərində fındıq, Logistika Mərkəzi
və meyvə emalı zavodu 500 min dollar dəyərində
quru meyvə, Qusarda Regional Logistika Mərkəzi isə 6,2
milyon dollarlıq meyvə ixrac edib. Keçən il 186,4
min hektar meyvə bağından ümumilikdə 955 min ton meyvə
istehsal olunub. Məhsulun 29 faizi əsasən Rusiya, Ukrayna,
İtaliya, İsveçrə və Almaniya olmaqla, xarici bazarlara
ixrac edilib. Ötən il Quba-Xaçmaz iqtisadi rayonu üzrə
263,3 min ton meyvə yığılıb ki, bunun 125,2 min tonu
Qubanın payına düşür.
Quba rayonunun təsərrüfatlarında son
dövrlər gavalı yetişdirilməsi işi daha da
genişləndirilib. Vurğulamaq lazımdır ki, gavalı
qulluq tələb edən meyvədir və ağacların
budanmasına xüsusi diqqət yetirilməlidir. Təsərrüfatlardakı
bağlarda damcı üsulu ilə suvarma sistemi qurulub. Bu
üsul ağacların su ilə təmin olunması
üçün ən səmərəli vasitədir.
Qubanın Dəlləkli kənd sakini, fermer Roman Əhmədov
deyib ki, son illər Quba rayonunda gavalı bağlarının
salınmasına maraq artıb. Yeni salınan meyvə
bağlarında alma, şaftalı, fındıqla
yanaşı, gavalı da xüsusi yer tutur. Roman Əhmədov
bağların becərilməsində mütərəqqi
üsullardan və müasir texnologiyadan istifadə edildiyini
deyib. “Ağacların gübrələnməsini də yeni
üsulla həyata keçiririk. Belə ki, gübrə əvvəlcə
suya qatılır və damcı üsulu ilə su ilə
birlikdə ağaclara verilir. Bu qayda məhsuldarlığın
artmasına müsbət təsir göstərir”, - deyə fermer
qeyd edib.
Vurğulanmalıdır ki, Quba bağlarında
daha məhsuldar yeni sort gavalı becərilir. Belə gavalı
sortlarından “Kiyev”, “Angelina”, “Prezident” kimi məhsuldar
olanları xüsusilə seçilir. Əkilən bu sortlar
yetişmə dövrü ilə də fərqlidir. Bu interval
yığım zamanı işin tənzimlənməsinə
də kömək göstərir. Yetişdirilən gavalı
həm də xarici bazarlara çıxarılır. Qeyd edək
ki, hazırda Quba rayonunda 400 hektara yaxın gavalı
bağı var. Bu bağların böyük hissəsi bar
verir. Bu il gavalı bağlarından 2 min 300 tona yaxın məhsul
əldə olunub.
Bağında Yaponiyadan gətirilən alma
sortları becərən qubalı bağban Ramiz Kərimov isə
bu il təsərrüfatından 25 ton məhsul əldə
edib. Rayonun Birinci Nügədi
kəndindən olan sahibkar 12 ildir yapon alma
sortları becərir. Ömrünün 50 ilindən
çoxunu bağçılıqla məşğul olan Ramiz
Kərimovun bir hektara yaxın meyvə bağında 900-dək
yeni sort alma ağacı var. Bu alma
ağaclarının əksəriyyəti Yaponiyanın
Yamanaşi bölgəsindən gətirilən “Fuci”, “Sakuray”
və “Ramzes” sortlarıdır. Təsərrüfatçı
bu il yapon alma sortlarından bol məhsul əldə
edib.
“Yapon alması dünyada ən bahalı almalardan
sayılır.
Azərbaycanda bu almaların qiyməti yerli məhsulun
qiymətindən fərqlidir. Digər almaların kilosu
bir manatdan aşağı olsa da, mən yapon almasının
kiloqramını 1,5-2 manata satıram. Müştəri sarıdan da korluq çəkmirəm.
Bu almaları almaq istəyən çoxdur.
Çox dadlı almadır. Ətirli
və şirəlidir. Soyuducu anbara
qoyulmadan da mart-aprel aylarınadək xarab olmadan qalır”, - deyə
təcrübəli bağban deyib.
2006-cı
ildən yaponiyalı mütəxəssislərlə təcrübə
mübadiləsi aparan Ramiz Kərimov Uzaq Şərq ölkəsində
becərilən məhsuldar alma
sortlarının tinglərini əldə edib. Həmin
tingləri bağında əkərək calaq vasitəsilə
çoxaldan bağban yetişən məhsulun yerli almalardan
xeyli fərqləndiyinin şahidi olub. Qubanın hava
şəraitinə tamamilə uyğunlaşan alma
həm dadına, həm də məhsuldarlığına
görə yerli meyvələrdən fərqlənir. Bununla
yanaşı, yapon alma sortları xəstəliklərə
qarşı daha davamlıdır.
“Məndən
gəlib bu alma sortunun tinglərini istəyirlər.
Hamıya verirəm ki, qoy yayılsın. Dözümlü ağacdır. Alma
bağına yalnız üzvi gübrələr verirəm.
Dərmanlamanı da yapon mütəxəssislərin
təklif etdiyi xüsusi üsulla həyata keçirirəm.
Yapon alma sortları ilə yanaşı,
oradan gətirilən şaftalı və tərəvəz
sortlarını da yetişdirirəm”, - deyə R.Kərimov
bildirib.
Yeri gəlmişkən, Quba rayonunda oktyabrın 11-də
“Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd
təsərrüfatı mallarının istehsalı zavodu da
istifadəyə verilib. Vurğulayaq ki, “Qubaekoaqrar” MMC-nin kənd
təsərrüfatı mallarının istehsalı zavodu
sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı
gücünə malikdir. Müəssisədə meyvələrin
qurudulması, fındığın qovrulması və
qablaşdırılması, alma çipsi
istehsalı xətləri quraşdırılıb. Əhalidən tədarük edilmiş meyvələr,
ilk növbədə, çeşidlənir, yuyulur, içlikdən
təmizlənir, dilimlənir və xüsusi qaydada
qablaşdırılaraq qurudulması üçün sobaya
yerləşdirilir. Sobada hər bir meyvə
növünün xüsusiyyətləri nəzərə
alınaraq onlar üçün
proqramlaşdırılmış xüsusi rejimdə qurutma
prosesi həyata keçirilir. Müəssisədə tələbata
uyğun olaraq əsasən alma, armud,
gavalı, ərik, üzüm və alça quruları, həmçinin
alma çipsi istehsal olunaraq müxtəlif çəkilərdə
paketlənir. Meyvə quruları sənaye
üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə
görünüşünə və yüksək səviyyədə
qablaşdırılmasına görə fərqlənir.
Müəssisənin
xammala tələbatının davamlı olaraq ödənilməsinin
təmin edilməsi məqsədilə növbəti mərhələdə
tutumu 2 min ton olan soyuducu anbar kompleksinin qurulması, mövcud
istehsal gücünün 2 dəfə artırılması,
cem və mürəbbə istehsalının təşkili nəzərdə
tutulur. Ümumi dəyəri 3,6 milyon manat
olan investisiya layihəsinin maliyyələşdirilməsinə
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın
İnkişafı Fondu tərəfindən güzəştli
kredit ayrılıb və bu layihəyə investisiya təşviqi
sənədi verilib. İlkin mərhələ üzrə
müəssisədə ildə təqribən 2,6
milyon manat dəyərində və ya 1,3 min ton məhsul
istehsalı nəzərdə tutulur.
Regionlarda belə emal müəssisəsinin
yaradılması dünyanın qabaqcıl texnologiya və təcrübələrinin
tətbiqinə, kənd təsərrüfatında
ixracyönümlü və rəqabətqabiliyyətli məhsul
istehsalına, yeni meyvə bağlarının
salınmasına, eləcə də ixracın həcminin
çoxalmasına və coğrafiyasının genişləndirilməsinə
nail olunması ilə yanaşı, məşğulluğun
artırılmasına da səbəb olacaq. Bu layihənin
icrası nəticəsində 38 nəfər daimi işlə
təmin edilib.
Astara rayonunda isə artıq bir neçə
gündür ki, sitrus meyvə bağlarında feyxoa
yığımına başlanılıb. Bu il yay
mövsümündə havaların quraq keçməsi sitrus
meyvə bağlarında məhsul istehsalına da təsir
edib. Rayonda sitrusçuluqla məşğul olan
fermerlər və məhsul istehsalçıları bildirirlər
ki, suvarma ilə bağlı bütün tədbirlərin
görülməsinə baxmayaraq, məhsuldarlıq
aşağıdır. Səbəb isə
yay aylarında sitrus bitkiləri üçün əlverişli
sayılmayan quraq havanın hökm sürməsi olub. Bu isə özünü feyxoanın qiymətində
də göstərib. Feyxoa
bağlarında məhsul yığımı noyabrın
ortalarına qədər davam edəcək. Qeyd edək
ki, ötən il Astaranın 683,1 hektar
feyxoa bağlarında 4466,4 ton məhsul yığılıb.
(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2018.-20 oktyabr.- S.7.