Moskvada “İrs-Nasledie” jurnalının
növbəti nömrəsi
çapdan çıxıb
AZƏRTAC xəbər
verir ki, jurnalın baş redaktoru Musa Mərcanlı “Meyvələrin
şahı-Azərbaycan torpağının
bərəkəti” sərlövhəli
baş məqaləsində
Azərbaycan torpağında
yetişən dadlı
və şirəli meyvələr, ölkədə
keçirilən nar, alma, qarpız və mürəbbə bayramlarından
söz açır. Müəllif qeyd edir ki, son zamanlaradək
Azərbaycan bütün
dünyada nefti və kürüsü ilə tanınırdı.
M.Mərcanlı yazır:
“Əlbəttə, bu
cür bəsit yanaşma ölkənin malik olduğu böyük sərvətləri
əhatə etmir.
Onların arasında təkcə əla dad keyfiyyətləri ilə deyil, həm də müalicəvi xüsusiyyətləri
ilə əzəldən
şöhrət tapmış
meyvə və tərəvəz növləri
xüsusi yer tutur. Zəfəran, pomidor, qarpız, qovun, alma, xurma,
nar kimi Azərbaycan brendinin reputasiyasını möhkəmləndirmiş
nemətlərin adlarını
çəkmək kifayətdir”.
“İrs-Nasledie”
jurnalının yeni nömrəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun
dosenti Abuzər Bağırovun maarifçi
və şair, Azərbaycan uşaq ədəbiyyatının klassiklərindən
biri Abbas Səhhətə həsr etdiyi məqaləsi dərc olunub. Jurnalda, həmçinin şairin rus dilinə tərcümə
olunmuş şeirləri
də yer alıb.
Nəşrdə dərc olunmuş daha bir maraqlı
məqalə azərbaycanlı
sovet sərkərdəsi,
Azərbaycanın və
SSRİ-də yaşayan
bütün türk-müsəlman
xalqlarının ilk admiralı Cəlil Cəlilova həsr olunub. Müəllif admiralın Böyük Vətən müharibəsində
keçdiyi döyüş
yolundan, hərbi-dənizçiliyin
təbliği işinin
təşkili və Azərbaycanda mütəxəssislərin
hazırlanmasında göstərdiyi
xidmətlərdən bəhs
edib.
Jurnalda, həmçinin
oxuculara “Multikulturalizm
konsepsiyası müasir
elmi kontekstdə”, “Azərbaycanın qərbində
daş dövrünün
izləri”, “Araz çayının yaxınlığındakı
məqbərədə kim
dəfn olunub?” və s. məqalələr
təqdim olunub.
Yeni Azərbaycan.-
2018.- 20 oktyabr.- S.7.