İcbari tibbi sığorta
sistemi əhalinin daha etibarlı və keyfiyyətli tibbi xidmətlərdən
istifadə imkanlarını artıracaq
Bu sistemin tətbiqində məqsəd, həmçinin
səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək,
səmərəli tibbi xidmətlərin göstərilməsinə
zəmanət verəcək universal və dayanıqlı tibbi
sığortanı təmin etməkdir
Son illər Azərbaycanda səhiyyə
sektorunun inkişafı ilə bağlı islahatların həyata
keçirilməsi mühüm Dövlət
proqramlarının qəbul olunması, əhalinin
sağlamlığının daha etibarlı şəkildə
qorunması, vətəndaşların ən yüksək səviyyədə
tibbi xidmətlərlə əhatə olunması bu sahədə
dövlət siyasətinin prioritetlərini təşkil edir.
Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və
səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi
də bu islahatların mühüm tərkib hissəsidir. Qeyd
edək ki, bir neçə ildir ki, ölkəmizdə icbari
tibbi sığorta sisteminə keçidlə bağlı
Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədovun
rəhbərliyi ilə işçi qrupu yaradılıb və
uğurla fəaliyyət göstərir. Hazırda bu sistemin tətbiqi
ilə əlaqədar Mingəçevir, Yevlax və Ağdaşda
pilot layihələr həyata keçirilir.
Yeni maliyyələşmə metodlarının
tətbiqi dövlət vəsaitlərinin daha ünvanlı və
səmərəli istifadəsini təmin edəcək
Ümumiyyətlə, icbari tibbi
sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini
təkmilləşdirmək, habelə əhaliyə
etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin
göstərilməsinə zəmanət verəcək
universal və dayanıqlı tibbi sığortanı təmin
etməkdir. Hökumətin sosial siyasətinin yeni istiqaməti
və səhiyyə sahəsində aparılan islahatların
davamı olaraq, İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin fəaliyyəti səhiyyə sisteminin
maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda
qurulmasını təmin edəcək. Həmçinin əhalinin
tibbi xidmətlərdən istifadə imkanlarını
artıracaq və səhiyyənin maliyyə potensialını
gücləndirəcək. Agentlik səhiyyə
sahəsinə ayrılan vəsaitlərin daha səmərəli
şəkildə əhalinin sağlamlığının
yaxşılaşdırılmasına yönəldilməsinə
xidmət edəcək. İcbari tibbi sığorta səhiyyə
sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir
mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən
istifadə üçün çəkilən xərclərin
bir mənbədən maliyyələşdirilməsini təmin
edəcək. İcbari tibbi sığorta sosial həmrəylik,
səmərəlilik, şəffaflıq və keyfiyyət
prinsipləri əsasında fəaliyyət göstərəcək.
Onu da qeyd edək ki, yeni maliyyələşmə
sistemində dövlət vəsaitləri və icbari tibbi
sığorta ödənişləri səhiyyənin maliyyələşməsinin
başlıca mənbəyi olacaq. Aztəminatlı ailələr,
əlillər, pensiyaçılar, uşaqlar, tələbələr
və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən
azad edilməklə dövlətin sosial dəstəyi ilə təmin
olunacaqlar. Mövcud resurslardan səmərəli və şəffaf
şəkildə istifadə icbari tibbi sığortanın digər
rəhbər prinsipləridir. Burada məqsəd yeni maliyyələşmə
metodlarının tətbiqi ilə tibbi xidmətin keyfiyyətinin
daha da stimullaşdırılması, ayrılan dövlət vəsaitlərinin
daha ünvanlı və səmərəli istifadəsinin təmin
edilməsidir.
Hazırda pilot ərazilərdə 370 mindən
çox sakinə tibbi xidmət göstərilir
İcbari tibbi
sığortanın tətbiq olunduğu pilot ərazilərdə
vətəndaş məmnuniyyətinin yüksək səviyyədə
olması və tibbi xidmətin keyfiyyətinin yüksəlməsi
artıq bu layihənin uğurundan xəbər verir. İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə
Heyətinin sədri Zaur Əliyevin sözlərinə
görə, hazırda pilot ərazilərdə 370 mindən
çox sakinə tibbi xidmət göstərilir. İlkin nəticələrə
əsasən əhali icbari tibbi sığortanın tətbiqindən
razıdır. Bundan əlavə, icbari tibbi
sığortanın keçid dövrü ilə bağlı
planlar və “yol xəritəsi” hazırlanır. Tibb müəssisələrində
bu məqsədlə hazırlıq işlərinə
başlanılıb.
Z.Əliyev onu da bildirib ki, növbəti beş
il ərzində icbari tibbi sığortanın bütün Azərbaycan
ərazisində mərhələli şəkildə tətbiq
edilməsi nəzərdə tutulur. Sığorta haqlarına
gəlincə, Agentliyin İdarə Heyətinin sədri məbləğin
təxminən 120 manat olduğunu deyib. O, hər bir vətəndaşın
ayda 10 manat ödəməklə sığortalı hesab
olunacağını qeyd edib: “Lakin əlillər, uşaqlar, təqaüdçülər
və aztəminatlı ailələrin sığorta
haqlarını dövlət öz üzərinə
götürüb. İşləyən təbəqə
sığorta haqlarını hissə-hissə ödəyə
bilər. Sərbəst məşğul əhalinin də
sığorta haqlarını hissə-hissə ödəməsinə
imkan yaradılacaq”.
Bu sistemin əhəmiyyətindən
danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr
müavini Musa Quliyev deyib ki, tibbi sığorta qanunvericiliyi
1999-cu ildə qəbul olunsa da, obyektiv səbəblərdən
indiyədək bu sistemə keçmək mümkün
olmayıb. Əsas problem isə maliyyə faktoru ilə
bağlı idi. Amma millət vəkili hesab edir ki,
hazırda icbari tibbi sığortaya keçmək
mümkündür. Onun sözlərinə görə, Azərbaycanın
hər yerində səhiyyə xidməti göstərə biləcək
klinikalar var. Belə ki, son 15 il ərzində 600-dən
çox tibb müəssisəsi tikilib istifadəyə verilib
və ya yenidən qurulub: “Eləcə də kadr
hazırlığı yüksək səviyyədədir,
sığorta bazarı da inkişaf edir. Sığortanın
mühüm komponenti olan iş yerlərində işçilərin
əmək müqaviləsinin leqallaşması, əmək
haqlarının artması icbari tibbi sığortaya keçməyə
imkan verir. Artıq hökumət bu istiqamətdə konkret
addımlar atmaqdadır”.
Tibbi sığorta haqqında qanunvericiliyə
yeniliklər edilə bilər
M.Quliyev bildirib ki, görülən
işlərin sırasına hansı ölkənin modelinin
seçilməsi, icbari tibbi sığorta haqqının
hansı səviyyədə müəyyən edilməsi, nə
qədər insana dövlət tərəfindən icbari tibbi
sığorta haqları ödənilməsi, icbari tibbi sığortanın
paketi və onun hansı xidmətlər göstərməsinin
müəyyənləşdirilməsi və s. məsələlər
daxildir. Millət vəkili hesab edir ki, ümumiyyətlə,
icbari tibbi sığortaya keçid bütün ölkələrdə
ən çətin və ağır islahatlardan biri kimi səciyyələndirilir.
Bununla belə, M.Quliyev deyib ki, çətinliklərə
baxmayaraq, Azərbaycanın buna getmək imkanları
böyükdür.
Tibbi sığortaya keçidin bir çox
üstünlükləri olduğunu deyən komitənin sədr
müavininin sözlərinə görə, onun tətbiqi ilə
biz bir sıra problemləri həll etmiş olacağıq.
Millət vəkili qeyd edib ki, ilk növbədə hər bir vətəndaşın
tibbi xidmətə əlçatanlığı təmin
olunacaq: “Yəni vətəndaşlar cibindən pul xərcləmədən
tibbi sığorta vasitəsilə klinikalarda müayinə və
müalicə olunacaqlar. Bu sahədə sağlam mühit
yaranacaq, hər bir tibb müəssisəsi
çalışacaq ki, daha yaxşı xidmət göstərsin,
ona sığorta polisi ilə daha çox vətəndaş
müraciət etsin, müqavilə bağlasın. Belə
olduqda, tibb işçilərinin əmək haqları da
artacaq. Eləcə də hər bir tibb müəssisəsi
öz maddi-texniki bazasını gücləndirəcək”.
Bununla belə, M.Quliyev qeyd edib ki,
“Tibbi sığorta haqqında” qanun təkmilləşdirilməli
və bu sənədə bir sıra dəyişikliklər
edilməlidir. Çünki bu qanun təxminən 15 il bundan əvvəl
qəbul olunub və o vaxtkı tələblərlə indiki tələblərin
eyni olmadığı nəzərə alınsa, qanunun
təkmilləşdirilməsinə ehtiyac yaranıb. Son illər
sözügedən qanuna müəyyən dəyişikliklər
edilib və icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar
gələcəkdə də ciddi yeniliklərin ediləcəyi
gözlənilir.
Tibb sahəsi üzrə nüfuzlu elm xadimi,
Milli Məclisin komitə sədri, akademik Əhliman
Əmiraslanov da səhiyyə sistemində icbari tibbi
sığortaya keçid istiqamətində real addımlar
atılmasını yüksək qiymətləndirib. “Azərbaycanda artıq müalicə və
diaqnostikaya ehtiyacı olan insanların çoxdan gözlədiyi
icbari tibbi sığortanın tətbiqi sahəsində
addımlar atılmağa başlanıb”, - deyən
Ə.Əmiraslanov bu məsələdə Milli Məclisin
Nazirlər Kabinetinə yaxından yardım etməsini də zəruri
hesab edir. Dünya ölkələrində icbari tibbi
sığortadan geniş istifadə edildiyini deyən akademikin
sözlərinə görə, Azərbaycanda müasir səhiyyə
infrastrukturunun yaradılması ilə yanaşı,
güclü mütəxəssislər də yetişir. “Azərbaycanda
tibb sahəsi böyük inkişaf yolundadır. Hesab edirəm
ki, icbari tibbi sığortanın tətbiqi bu inkişafı
daha da sürətləndirəcək”, - deyə o
vurğulayıb.
Beləliklə, Azərbaycanda icbari tibbi
sığortanın tətbiqi istiqamətində real
addımların atılması göz önündədir.
Görülən işlər yaxın illərdə bu sistemin
bütün ölkə üzrə effektiv tətbiq
olunacağını deməyə əsas verir.
Nardar BAYRAMLI
Məqalə İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyinin
elan etdiyi “Əhalinin
sağlamlığının qorunmasında icbari tibbi
sığortanın rolu” mövzusunda yazı
müsabiqəsinə təqdim olunur
Bayramlı
Nardar
Yeni Azərbaycan.-
2018.- 20 oktyabr.- S.7.