Son 15 ildə Azərbaycan özünün generasiya güclərini 2500 meqavat artırmağa nail olub

 

Mütəxəssislər bildirirlər ki, oktyabr ayında Xızı, Lerik, Lənkəran və İmişlidə istifadəyə verilən yeni obyektlər bölgələrin enerji təminatının dayanıqlılığının daha da artmasına müsbət təsir göstərəcək

Ölkəmizdə müasir infrastruktur quruculuğu siyasəti müxtəlif sahələri əhatə edir. Son 15 ildə istifadəyə verilən generasiya obyektləri respublikamızda böyük iqtisadi və sosial önəm daşıyan infrastruktur quruculuğuna yaxşı nümunədir. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.

Ölkəmizdə yeni generasiya obyektlərinin istifadəyə verilməsi baxımından oktyabr ayı da istisna təşkil etməyib. Energetiklər özlərinin peşə bayramlarının qeyd edildiyi oktyabrda bir neçə generasiya obyektinin istifadəyə verilməsinin sevincini yaşayıblar. Əlamətdar haldır ki, bəhs olunan infrastruktur obyektlərinin bir çoxu məhz bölgələrdə istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara səfəri çərçivəsində onların açılışı mərasimlərində şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib.

“Yeni Yaşma” Cənubi Qafqazın ən böyük külək elektrik parkıdır

Cari il oktyabrın 11-də Prezident İlham Əliyevin iştirakı ilə Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkının açılışı olub. “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev məlumat verərək bildirib ki, “Yeni Yaşma” Külək Elektrik Parkı bu il yenidən qurulub. Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyasında yenidənqurma işlərini Almaniyanın “Berlin Wind” şirkəti aparıb. Yanvar ayında ilk turbin işə salınmaqla ay üzrə cəmi 200 min kVt/saat elektrik enerjisi istehsal olunurdusa, hazırda 20 külək turbini tam gücü ilə işləyir və elektrik enerjisinin istehsalı ay üzrə 9 milyon kVt/saata yaxındır. Parkın ərazisində inzibati bina inşa edilib, burada idarəetmə mərkəzi, işçi heyəti üçün xidməti otaqlar, habelə elektrik avadanlığının - yuvaların quraşdırılması üçün 20 kV-luq bölmə və Təlim-Tədris Mərkəzi yaradılıb. İdarəetmə mərkəzində turbinlərin iş rejimləri, istismar vəziyyəti, texniki parametrləri, küləyin sürəti, növbəti günlər üçün külək proqnozu və enerji istehsalı onlayn izlənilir. Stansiyanın səmərəli fəaliyyətini təmin etmək üçün müasir tipli rele mühafizəsi, avtomatika və SCADA sistemi yaradılıb. İstehsal olunan elektrik enerjisinin ümumi enerji sisteminə ötürülməsi üçün “Yaşma” hava xəttinə qoşulmaqla “Sitalçay” yarımstansiyasına 110 kV-luq hava xətti çəkilib.

Hazırda stansiyanın idarə edilməsi, servis və istismar işləri tamamilə yerli mütəxəssislər tərəfindən icra olunur. Parkda alternativ və bərpaolunan enerji mənbələri üzrə kadr hazırlığı məqsədilə xüsusi Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir. Parkın ümumi ərazisi 540 hektardır. Burada 9800 poqonmetr uzunluğunda qəfəsli çəpər çəkilib, ümumi sahəsi 571 kvadratmetr olan anbar binası tikilib, gübrə və yağ depoları, zəhərli maddələrin saxlanılması üçün xüsusi otaq və xidməti bölmələr yaradılıb. Ərazidən səmərəli istifadə olunması üçün torpaq nümunələri İtaliyada laborator müayinədən keçirilib və nəticələrə əsasən 450 hektar sahədə zeytun və badam bağları salınıb. Bağların suvarılması məqsədilə Taxtakörpü-Ceyranbatan su kanalının 72-ci kilometrliyində suqəbuledici baş qurğu tikilib, 23 kilometrlik su xətti çəkilib, su anbarı və nasos stansiyası inşa edilib. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyindən 1,8 kilometrlik yeni avtomobil yolu çəkilib.

“Yeni Yaşma” Külək Elektrik Parkı Cənubi Qafqazın ən böyük külək elektrik parkıdır. Stansiyanın istismara verilməsi nəticəsində Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 0,7 faizdən 1,8 faizədək artacaq.

Lerikdə istifadəyə verilən 16,5 MVt gücə malik elektrik stansiyası regionun enerji təminatının keyfiyyət göstəricilərini yaxşılaşdıracaq

Oktyabrın 15-də Lerik rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə gücü 16,5 MVt olan elektrik stansiyası istismara verilib. Bölgələrdə bu cür elektrik stansiyalarının yaradılması həm enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, həm də regionların inkişafına təkan verməklə əlavə iş yerlərinin açılmasına səbəb olur. Bu baxımdan Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyası da əhəmiyyəti ilə seçilir.

Yeni generasiya obyektinin açılış mərasimində bildirilib ki, ölkənin cənub bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na əsasən Lerikin elektrik təchizatı sistemində yenidənqurma işlərinin aparılması çərçivəsində rayonda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilib. Elektrik stansiyası Lerik şəhər mərkəzindən bir kilometr cənubda, Cəngəmiran kəndində 3,6 hektar ərazidə yerləşir. Burada hər birinin gücü 3,3 MVt olan beş mühərrik-generator, həmçinin 35 kV və 10 kV-luq yarımstansiyalar quraşdırılıb. Bundan başqa, gücü 25 MVA olan 35/10 kV-luq blok transformatoru, hər birinin gücü 10 MVA olan 35/10 kV-luq iki güc transformatoru və hər birinin gücü 630 kVA olan 10/0,4 kV-luq iki ədəd xüsusi sərfiyyat transformatoru da layihənin komponentləri sırasındadır. Burada gücü 500 kVA olan dizel generatoru, rele mühafizəsi və avtomatika sistemləri, həcmi 20 kubmetr olan qəza yağ tutumu sistemi quraşdırılıb. Eyni zamanda, həcmi 250 kubmetr olan yanğınsöndürmə sisteminin yerüstü ehtiyat su çəni qoyulub, diametri 200 millimetr olan 6 kilometrlik qaz xətti, uzunluğu 25 kilometr ikidövrəli 35 KV gərginlikli elektrik verilişi, uzunluğu 16 kilometr olan 10 KV gərginlikli 8 elektrik verilişi xətləri çəkilib.

Bu layihə bölgənin enerji təminatı baxımından əhəmiyyəti ilə seçilir. Belə ki, regionun enerji təminatının keyfiyyət göstəricilərini yaxşılaşdıracaq stansiya ildə 75 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir. Müqayisə üçün deyək ki, bu, Lerik və Yardımlı rayonlarının elektrik enerjisinə tələbatından 40 faiz çoxdur.

Cənub bölgəsində istifadəyə verilən “Lənkəran-2” yarımstansiyası 17 min 500 abonenti elektrik enerjisi ilə təchiz edir

Oktyabrın 15-də “Azərişıq” ASC tərəfindən müasir üslubda yeni inşa edilən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasının açılışı olub. Prezident İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində stansiyanın açılış mərasiminə qatılıb.

1974-cü ildə tikilən 110/10 kilovoltluq yarımstansiyanın gərginlik sinfi dəyişdirilərək 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, onun gücünün 32 meqavolt amperdən 50 meqavolt amperə çatdırılması böyük əhəmiyyət daşıyır. Yarımstansiyada 35 kilovoltluq gərginlik sinfi yaradılıb ki, bununla Lənkəran, Lerik və Masallı rayonlarının 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub. Bu isə elektrik enerjisinin dayanıqlılığının və etibarlılığının artırılmasına, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə, həmçinin çəltikçiliyin, çayçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün lazım olan elektrik enerji təchizatına müsbət təsir edir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yenidən qurulan “Lənkəran-2” yarımstansiyası Lənkəran şəhəri, 4 kənd və qəsəbə daxil olmaqla 17 min 500 abonenti elektrik enerjisi ilə təchiz edir. Eyni zamanda, bir sıra strateji obyektlər də bu yarımstansiyadan qidalanır.

İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi ən müasir avadanlıqla təchiz edilib

Oktyabrın 22-də dövlətimizin başçısının iştirakı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. Tədbirdə “Azərişıq” ASC-nin sədr əvəzi Vüqar Əhmədov məlumat verərək bildirib ki, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Bundan başqa, mərkəz yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqində, elektrik şəbəkələrində açılma və qoşulmaların real vaxt rejimində qeydiyyatının aparılmasında mühüm rol oynayacaq. Ən müasir avadanlıqla təchiz edilən mərkəzdə işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqla yanaşı, nəzarət-monitorinq, avtomatik idarəetmə, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.

Qeyd edək ki, “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsi 6 rayon - Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, İmişli və Zərdab üzrə 137 min 190 abonentə xidmət göstərir. Onların 121 min 172-si əhali, 16 min 18-i isə qeyri-əhali abonentidir.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.- 26 oktyabr.- S.7.