Azərbaycanın regionlarında müasir təsərrüfatların yaradılması geniş vüsət alıb

 

Hazırda respublikada 44 min hektar ərazidə 17 cins heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir

Azərbaycan yeni iqtisadi şəraitdə qeyri-neft iqtisadiyyatının mühüm bir qolu kimi regionlarda kənd təsərrüfatının potensialından daha səmərəli istifadə etməyi, bu sahədə istehsal və ixrac imkanlarını artırmağı hədəfləyib ki, bu da təsadüfi deyildir. İlk növbədə onu qeyd edək ki, Azərbaycan aqrar sahədə çox geniş imkanlara malik olan ölkədir. Münbit torpaqlar, əlverişli iqlim şəraiti, tarixən heyvandarlıq və bitkiçilik sahələrində formalaşan ənənələr, xarici istehlak bazarlarının yaxınlığı və bu kimi digər amillər ölkəmizdə aqrar sektorun inkişafı qarşısında geniş inkişaf perspektivləri açır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, respublikamızda fəal məşğul əhalinin yarıdan çoxu bölgələrdə yaşayır. Beləliklə, aqrar sektoru inkişaf etdirməklə bir tərəfdən regionlarda iqtisadi aktivliyə güclü impuls vermək, ölkənin ixrac imkanlarını genişləndirmək, daxili ərzaq təminatının yerli istehsal hesabına ödənilməsinə nail olmaq, digər tərəfdən isə bölgələrdə fəal məşğul əhalinin əmək bazarına inteqrasiya imkanlarını artırmaq mümkündür.

Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq davamlı şəkildə həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verir. Görülən işlərin nəticəsində regionlarda aqrar sektorun davamlı inkişafı təmin edilir. 2018-ci ilin 9 ayında ölkə üzrə kənd təsərrüfatında istehsal 4,3 faiz artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Əlamətdar haldır ki, ölkəmizdə bir sıra mühüm istiqamətlər üzrə ərzağa olan tələbat sırf yerli istehsal hesabına ödənilir. Regionlardan ayrı-ayrı kənd təsərrüfatı məhsullarının ixraçının artması da məmnunluq doğurur. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, cari ilin 9 ayında regionlardan kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 540 milyon ABŞ dollarına çatıb.

Regionlarda aqrar sektorun inkişafında yeni yaradılan müasir təsərrüfatların mühüm rolu var

Ölkə üzrə aqrar sektorun inkişafında, istehsal və ixrac imkanlarının genişlənməsində qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılmasının mühüm rolu var. İqtisadiyyat naziri Şahin Mustafayevin məlumatına əsasən, hazırda respublikada 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın, o cümlədən 44 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə 330 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 111 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.

İqtisadiyyat Nazirliyinin rəsmisi bildirib ki, artıq Xaçmaz, Şəmkir, Cəlilabad, Goranboy və İsmayıllı rayonlarında 5 aqropark istifadəyə verilib. Bundan başqa, Qaxda 2100 hektarda heyvandarlıq, əkinçilik və bağçılıq, Tovuzda 550 hektarda heyvandarlıq və əkinçilik, 12 min hektarda taxılçılıq, Salyanda 3 min hektarda heyvandarlıq və əkinçilik, Hacıqabul və Şamaxı rayonlarında 4300 hektarda heyvandarlıq və əkinçilik, Samuxda 5 min hektarda taxılçılıq, Hacıqabulda 27 min hektarda əkinçilik və 2 min hektarda heyvandarlıq və əkinçilik, Füzulidə 2500 hektarda taxılçılıq, Kürdəmirdə 2 min hektarda əkinçilik, Ucarda 2100 hektarda heyvandarlıq və taxılçılıq, Ağcabədidə 5 min hektarda əkinçilik və Qazaxda 1000 hektarda kartofçuluq olmaqla, ilin sonunadək 69 min hektar ərazidə 13 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təqribən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsulunun istehsal və emal olunması, ümumilikdə 10 minədək yeni iş yerinin yaradılması proqnozlaşdırılır.

“İD - Aqropark” MMC Saatlı rayonunun Azadkənd kəndində innovativ əsaslı yeni təsərrüfat yaradır

Qabaqcıl texnologiyaların tətbiqinə əsaslanan müasir təsərrüfatların yaradılması respublikanın bütün bölgələrini əhatə edib. Belə təsərrüfatlardan biri də “İD - Aqropark” MMC tərəfindən Saatlı rayonunun Azadkənd kəndində yaradılır. Bu barədə “İD - Aqropark” MMC-nin təsərrüfat rəhbəri Sədafər Hüseynov məlumat verib. “Təmsil etdiyim “İD - Aqropark” MMC şirkəti 2017-ci ilin əvvəlində yaradılıb. Şirkətin yeni layihəsi Saatlı rayonunun Azadkənd kəndi ərazisində 7000 hektar sahədə müasir innovativ texnologiyalara əsaslanan təsərrüfatın yaradılmasıdır. Bu məqsədlə aqroparka dövlət dəstəyi çərçivəsində 10 milyon manat güzəştli kredit verilib. Aqroparkın birinci mərhələsinin 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılır”, - deyə S.Hüseynov bildirib.

Şirkət tərəfindən 5000 hektar sahədə arpa, buğda, qarğıdalı, soya, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, 1000 hektar sahədə nar və 500 hektar sahədə badam bağlarının salınması nəzərdə tutulur. Fikirlərinə davam edən S.Hüseynov vurğulayıb: “Ötən il ərazinin bir hissəsində günəbaxan, soya və qarğıdalı, bu il isə qarğıdalı və günəbaxan əkilib. 2018-ci ilin yaz mövsümündə 120 hektar sahədə intensiv nar bağı salınıb, damla üsulu ilə müasir suvarma sistemi quraşdırılıb. Nar bağının suvarılması üçün 2 hektar sahədə süni göl yaradılıb və su nasos stansiyası tikilib, 9 kilometr uzunluğunda yeni elektrik xətləri çəkilib və 2 transformator quraşdırılıb.

2019-cu ilin əvvəlində əlavə 240 hektar sahədə nar bağının salınması üzrə işlər aparılır. Bununla yanaşı, 1300 hektar torpaq sahəsi dənli bitkilərin yetişdirilməsi üçün hazırlanıb, açıq tipli 6 drenaj xətti və su kanalı çəkilib. Bütünlükdə isə 7000 hektar sahə üçün 58 kilometr uzunluğunda açıq tipli drenaj xətləri çəkilir. 20 hektar sahədə yonca əkilib. Hazırda arpa və buğda əkini aparılır. Əkin sahələrinə tələb olunan gübrələr verilib”.

S.Hüseynov bildirib ki, 2019-cu ilin yazında 1156 hektar sahədə dənli bitkilər və pambıq əkilməsi üçün şumlama işləri aparılır. 1000 hektar sahə üçün yeni 15 müasir suvarma - pivot sistemi layihəsi hazırlanıb və 2019-cu ildə bu sistemin tikintisi planlaşdırılır. Yaxın gələcəkdə bu sistem üçün 5 nasos stansiyasının tikilməsi nəzərdə tutulur.

Biləsuvar rayonunda yaradılan “Yaşıl ada” aqroparkı gələcəkdə böyük toxumçuluq təsərrüfatı kimi fəaliyyət göstərəcək

Ölkəmizdə yeni yaradılan müasir təsərrüfatlardan biri də “Yaşıl ada” aqroparkıdır. Bəhs olunan aqropark Biləsuvar rayonunda dövlət başçısının tapşırığına əsasən təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş 3000 hektar ərazidə yaradılıb. Bu barədə “Aqropark Yaşıl ada” MMC-nin icraçı direktoru Fərhad Bağırov məlumat verib. Onun bildirdiyinə görə, həmin ərazi əvvəllər qış otlaq sahəsi kimi istifadə edilib, yüksək keyfiyyətli bu torpaqlar baxımsız vəziyyətdə olub, orada meliorasiya və irriqasiya qurğuları olmayıb. Bu gün isə həmin ərazilərdə geniş meliorasiya işləri görülür, infrastruktur yaradılır.

Təmsil etdiyi aqropark barədə geniş söhbət açan F.Bağırov deyib: “İndiyədək aqroparkın ərazisində zəruri infrastrukturun yaradılması, torpaqların əkinə, yüksək məhsuldarlığa hazırlanması ilə bağlı bir çox işlər görülüb və hazırda da bu işlər davam etdirilir. Belə ki, 10 min tonluq anbar, ofis binası, işçilərin istirahətini təmin etmək üçün 6 tarla düşərgəsi tikilib, 8 kilometr elektrik xətti çəkilib, 100 kvt-lıq transformator quraşdırılıb, 10 kilometr suvarma kanalı təmizlənib, aqroparka gedən 18 kilometr yol təmir olunub, 60 kilometr sahələrarası yollar təmir olunaraq yararlı vəziyyətə gətirilib”.

Qeyd edək ki, aqroparka İqtisadiyyat Nazirliyi tərəfindən 7 milyon manat dəyərində investisiya təşviqi sənədi verilib. 2019-cu ildə aqroparkın birinci mərhələsinin istifadəyə verilməsi nəzərdə tutulur. Aqropark gələcəkdə böyük toxumçuluq təsərrüfatı kimi fəaliyyət göstərəcək.

Saatlı, İmişli və Biləsuvar rayonlarında yeni iri təsərrüfatların yaradılmasına 450 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır

Xəbər verildiyi kimi, oktyabrın 22-də Prezident İlham Əliyevin regionlara növbəti səfəri çərçivəsində İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib. Araz çayının yeni qol-kanalı vasitəsilə Saatlı, İmişli və Biləsuvar rayonlarında 53 min hektara yaxın torpaq sahəsinə suvarma suyunun çatdırılması təmin ediləcək. Bu məqsədlə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla dövlət əsaslı vəsait qoyuluşundan təqribən 80 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatının potensialının reallaşdırılmasına dövlət tərəfindən göstərilən daimi diqqət və qayğıya cavab olaraq, sahibkarlar tərəfindən bu rayonlarda yeni aqroparkların və iri fermer təsərrüfatlarının yaradılmasına 450 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır. Bu layihələr çərçivəsində yeni torpaqların istifadəyə verilməsi nəticəsində yaradılacaq aqroparklarda heyvandarlıq komplekslərinin, emal müəssisələrinin yaradılması, buğda, qarğıdalı, soya, pambıq, şəkər çuğundurunun və digər bitkilərin əkilməsi həyata keçiriləcək. Bundan başqa, sahibkarlar tərəfindən tutumu 30 min ton olan logistik mərkəzlərin və tutumu 140 min ton olan taxıl anbarı komplekslərinin də tikintisi nəzərdə tutulur. Bu işlərin görülməsi 5000-dək yeni iş yerinin açılmasına şərait yaradacaq. Müasir aqrotexniki və intensiv üsulların tətbiq olunacağı bu təsərrüfatlarda hər il 180 milyon manatdan çox məhsul istehsalı gözlənilir.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.- 27 oktyabr.- S.11.