Bakıda keçirilən
Beynəlxalq Humanitar Forumun beynəlxalq mötəbər tədbirlər
sırasında yeri yüksək qiymətləndirilir
Milli Məclisin Ailə, qadın və uşaq
məsələləri komitəsinin sədr müavini Sahibə
Qafarova www.yap.org.az saytına müsahibə verib:
- Sahibə xanım, Bakıda VI Beynəlxalq
Humanitar Forumu keçirilib. Siz bu Forumun əhəmiyyətini
necə qiymətləndirirsiniz?
- Bakıda keçirilən VI
Beynəlxalq Humanitar Forumu artıq dünyada sülh və birgəyaşayışın
əhəmiyyətinin bir daha ifadə olunduğu, həlli tələb
olunan qlobal məsələlərin, beynəlxalq ictimaiyyəti
ciddi təhdid edən islamofobiya, ksenofobiya,
ayrı-seçkiliyin aradan qaldırılması yollarının
müzakirəsi üçün önəmli platforma kimi qəbul
olunur. Aktual problemlərin həlli, dünyada yaşanan
humanitar böhranların aradan qaldırılması istiqamətində
yolların araşdırılması üçün belə
platformaların təşkili olduqca mühüm əhəmiyyət
kəsb edir. Bakı Beynəlxalq Humanitar Forumu dünyanın
tanınmış elm və siyasi xadimlərinin, dövlət
rəsmilərinin, jurnalistlərin məhz bir yerə
toplaşıb problemlərin həllini tapmağa şərait
yaradır.
“Yeni dünya və yeni insan formalaşdıraq:
kreativlik və insan inkişafı” mövzusunda keçirilən
VI Beynəlxalq Humanitar Foruma 90-dan çox ölkə və 24
beynəlxalq təşkilatdan 581 nümayəndə
qatılıb. Foruma beynəlxalq maraq və tədbirə
qatılanların sayı ildən-ilə artır. Ona görə də bu Forumun beynəlxalq mötəbər
tədbirlər sırasında yeri yüksək qiymətləndirilir.
Ümumiyyətlə, Azərbaycan artıq öz təcrübəsində
bu kimi qlobal tədbirlərə uğurla ev sahibliyi etmək
bacarığını sübuta yetirib. Bu
mənada altıncı Beynəlxalq Humanitar Forum da kifayət qədər
əlamətdar və məhsuldar keçməklə, ölkəmizin
sivilizasiyalar və mədəniyyətlər arasında
dialoqa, multikulturalizm ənənələrinin geniş
yayılmasına, müasir dövrdə texnologiya və elm əsaslı
iqtisadiyyatın təşviq olunmasına verdiyi əhəmiyyəti
bir daha nümayiş etdirdi.
Yeri gəlmişkən, qeyd etmək
istərdim ki, cənab Prezident İlham Əliyevin Forumda
iştirakı və çox dərin məzmunlu
çıxışı böyük maraqla
qarşılandı. Forumda iştirak edən qonaqlar cənab
Prezidentin çıxışını, Onun problemləri
çox qətiyyətlə və açıq mətnlə
ifadə etməsini, yaranmış situasiyada
çıxış yollarını göstərməsini
yüksək qiymətləndirdilər.
- Forumda müzakirə olunan məsələlər
haqqında nə deyə bilərsiniz?
- Forumda gələcək
dünyamızı formalaşdıracaq kreativ ideyalar və
onların həyata keçirilməsi yolları, humanizm və
bəşəri məsuliyyətin zəruriliyi,
dayanıqlı inkişaf məqsədləri və digər
mühüm məsələlər müzakirə olunub.
Müzakirə olunan məsələlər sırasında mən
təhsil məsələlərini xüsusi qeyd etmək istəyirəm.
Bütün həyatı təhsillə bağlı olan, uzun
illərdir bu sahədə çalışan bir insan kimi təhsil
məsələlərinin belə bir mühüm Forumda
müzakirə olunmasını olduqca təqdirəlayiq hal
hesab edirəm. Qeyd etməliyəm ki, ilk plenar
iclas da məhz bu məsələyə həsr olunmuşdu və
“Təhsil və elm insan kapitalının inkişafı
kontekstində” adlanırdı. Təbii ki, ilk panel müzakirələrinin
bu mövzuda aparılması, təhsillə bağlı
geniş diskussiyanın təşkili heç də təsadüfi
deyil və Azərbaycanda təhsilin inkişafına göstərilən
yüksək diqqətin əyani təsdiqidir. Cənab Prezident
İlham Əliyev də Forumdakı dərin məzmunlu nitqində
təhsilin inkişafı və təhsildə müasir
metodların tətbiq edilməsinin prioritet məsələlərdən
biri olduğunu vurğuladı.
Bilirsiniz ki, Azərbaycan dövləti innovasion
cəmiyyət quruculuğunu əsas hədəflərdən
biri kimi müəyyənləşdirib. Bu isə bilik
iqtisadiyyatına, təfəkkür iqtisadiyyatına əsaslanır,
ideya və təşəbbüslərin fasiləsiz təkrar
istehsalını, məhsuldar qüvvəyə çevrilməsini
şərtləndirir. Başqa sözlə deyilsə, qüdrətli
Azərbaycan dövlətinin, demokratik cəmiyyət
quruculuğunun, xalqın maddi və mənəvi
rifahının başlıca qarantı rolunda
çıxış edən - məhz cəmiyyətin
intellektual potensialıdır. Bu zaman isə
ölkəmizdə elmin və təhsilin üstün
inkişafına nail olmaq əsas hədəflərdən biri
kimi çıxış edir və Azərbaycanda təhsil
siyasətinin formalaşdırılması, təhsil sistemində
aparılan islahatların sosial-iqtisadi əhəmiyyətinin
artırılması vacib məsələ kimi qarşıya
qoyulub. Tam məsuliyyətimizlə deyə
bilərik ki, son dövrlərdə yüksək ixtisaslı
kadr hazırlığında yeni yanaşma və
metodologiyaların tətbiqi, ali təhsil müəssisələrinin
muxtariyyətinin genişləndirilməsi, tələbə qəbulu
qaydalarının təkmilləşdirilməsi, rəqabətəsaslı
təqaüd sisteminin yaradılması,
universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin
qurulması, məzunların işlə təmin olunmasına
xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin
effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində
elmi fəaliyyət nəticələrinin səmərəliliyinin
artırılması istiqamətlərində
görülən işlərin məntiqi nəticəsidir ki,
Azərbaycanda təhsil sistemində çox böyük
nailiyyətlər, müsbət dinamika müşahidə
olunmaqdadır. Ölkəmizdə təhsil infrastrukturunun
müasirləşdirilməsi istiqamətində mühüm
işlər görülüb, 3100-dən artıq orta məktəb
tikilib və ya əsaslı təmir olunub. Bu isə təhsildə
infrastruktur məsələlərinin yüksək səviyyədə
həllini şərtləndirib. Eyni zamanda, Azərbaycan təhsilinin
inteqrasiyasını sürətləndirmək, ölkəmizdə
peşəkar, savadlı kadrların hazırlanması məqsədilə
müxtəlif proqramlar icra olunub. Ali təhsil müəssisələrində
çox ciddi islahatlar aparılıb, təhsilin keyfiyyəti
xeyli yaxşılaşdırılıb. Bu gün Azərbaycanın
ali məktəblərinin beynəlxalq reytinqi xeyli artıb.
Görülən işlərin nəticəsində Azərbaycanda
müasir dövrün tələblərinə uyğun
güclü təhsil sistemi formalaşıb.
- Təhsil məsələlərinə
toxundunuz. Bu sahənin inkişaf perspektivləri haqqında nə
deyə bilərsiniz?
- Bu sualınızın cavabı olaraq mən
bir vacib məqama toxunmaq istəyirəm. Azərbaycan dövləti
həmişə müəllim peşəsinin nüfuzunu
yüksəltmək üçün ardıcıl tədbirlər
görür, bu sahədə bacarıqlı, savadlı
kadrların hazırlanmasına diqqət göstərir.
Atılan stimullaşdırıcı addımlar gənclərdə
bu müqəddəs peşəyə marağı daha da
artırıb. Azərbaycanda müəllim işləmək
istəyən gənclərin sayının 3 dəfədən
çox artması özlüyündə böyük bir
nailiyyətdir. Eyni zamanda, cari ildə qəbul imtahanları
zamanı 500 və daha çox bal toplayan məzunlardan
2090-ı məhz müəllimlik peşəsini seçib ki,
bu da olduqca yüksək göstəricidir. Dövlətimizin
başçısı da ölkəmizdə müəllim
peşəsinə marağın çox böyük dərəcədə
artdığını söyləyərək bildirdi ki,
aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli
dərəcədə artırılması, məktəblərin
təmiri və digər stimullaşdırıcı
addımlar nəticəsində müəllim olmaq istəyənlərin
sayı dəfələrlə artıb.
Ümumiyyətlə, 2018-2019-cu tədris ili
üzrə qəbul imtahanlarının nəticələrinə
görə, əvvəlki illərlə müqayisədə
rekord sayda - 41 min abituriyent tələbə adını
qazanıb. Təbii ki, bu, dövlətin məqsədyönlü
təhsil siyasətinin, təhsil sahəsində aparılan
islahatların uğuru kimi çıxış edir.
Abituriyentlərin sayına paralel olaraq qəbul imtahanlarında
toplanmış ballar da əhəmiyyətli dərəcədə
artıb. Maksimum - 700 bal toplayan abituriyentlərin sayı ildən-ilə
artmaqdadır ki, bu da gənclərin savadlılıq səviyyəsinin
yüksəldiyini təsdiq edən gerçəklikdir.
Ölkəmizdə təhsil sahəsində
görülən işlərin uğurlarını,
güclü təhsil sisteminin mövcudluğunu ifadə edən
digər bir fakt isə Azərbaycanda təhsil alan əcnəbilərin
sayının artmasıdır. Dünyada təhsil
sahəsində, ali məktəblər arasında çox
güclü rəqabətin yaşandığı indiki şəraitdə
əcnəbilərin ali təhsil üçün məhz
ölkəmizi seçməsi, öz gələcəklərini
Azərbaycanın ali təhsil ocaqlarına həvalə etməsi
yenə də Azərbaycanın təhsil sisteminin
yüksək inkişafını təsdiq edir. Xatırlatmaq
istərdim ki, ötən tədris ilində Azərbaycanda 75
xarici ölkədən 5.541 tələbə təhsil
alıb. Bu göstərici əvvəlki tədris ili ilə
müqayisədə 10 faiz artım deməkdir.
Həmçinin dərsliklərin yenilənməsi
və təkmilləşdirilməsi istiqamətində xeyli
iş görülüb və bu proses uğurla həyata
keçirilməkdədir. Burada haşiyə
çıxıb son dövrlər dərsliklərlə
bağlı aparılan ictimai müzakirələri qeyd etmək
istərdim. Əlbəttə, dərsliklərin
hazırlanması, onların keyfiyyəti tədrisin təşkilində
olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanda
müvafiq dövlət qurumları bu məsələyə
çox həssaslıqla yanaşır. Eyni zamanda, dərsliklər
kifayət qədər bilikli və tədris prosesində təcrübəsi
olan müəlliflər tərəfindən hazırlanır,
geniş ekspertizadan keçirildikdən sonra nəşrə
buraxılır. Bununla yanaşı, hesab edirəm
ki, tanınmış ziyalılarımız, dəyərli
alimlər və mütəxəssislər dərsliklər
çap olunmazdan əvvəl müvafiq qurumlar tərəfindən
keçirilən ictimai müzakirələrə qoşulub
fikir və rəylərini versələr, bu, görülən
işin daha keyfiyyətli olmasına töhfə verə bilər.
Nəticə etibarilə, sadalananlar bir daha təsdiq
edir ki, Azərbaycan təhsili inamla inkişaf edir və bu
gün Azərbaycanın təhsil sahəsində deməyə
sözü var.
- Sahibə xanım, Forumda Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə də
toxunuldu. Ölkəmizin ərazi bütövlüyü
çərçivəsində ədalətli həllinə
nail olmaq Azərbaycan diplomatiyasının qarşısında
dayanan bir nömrəli vəzifədir. Bu mənada cari ildə
münaqişənin həlli ilə bağlı keçirilən
görüşlər və atılan addımlar Azərbaycana
nə vəd edir?
- Birmənalı şəkildə qeyd etməliyəm
ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində qətiyyətli mövqe
nümayiş etdirir. Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən prinsipial
siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət tərəfindən
münaqişənin həlli məsələsi daim diqqət
mərkəzində saxlanılır və bu istiqamətdə
müvafiq bəyanatlar verilib, mühüm sənədlər
qəbul edilib. Cari il ərzində dövlətimizin
başçısının səfərləri və
keçirdiyi mühüm görüşlərdə də
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həlli prioritetlərdən biri olub.
Azərbaycanın Dağlıq Qarabağ
münaqişəsinin həlli prosesində konstruktiv mövqe
nümayiş etdirməsinə baxmayaraq, Ermənistan Azərbaycanın
işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərini
və təxribatçı siyasətini davam etdirir. Ermənistan 20 ildən çoxdur ki, beynəlxalq təşkilatlar
tərəfindən qəbul olunmuş qətnamələrə
əməl etmir, onlara məhəl qoymur.
İşğalçı ölkə rəhbərliyi hər
vəchlə danışıqlar prosesini pozmağa, status-kvonu
mümkün qədər saxlamağa çalışır.
Təəssüf ki, işğalçı ölkənin yeni
rəhbərliyi də özlərindən əvvəlki
kriminal xunta başçılarının səhvlərini təkrarlayır,
müxtəlif addımlarla sülh
danışıqlarını manipulyasiya edir, imitasiya ilə məşğuldur.
Təəssüf doğuran başqa bir məqam isə ondan
ibarətdir ki, beynəlxalq təşkilatlar da Ermənistana
qarşı heç bir sanksiya tətbiq etmir. Bu halda isə
işğalçı dövlət özünü cəzasızlıq
mühitində hiss edir və işğal faktını
legitimləşdirmək məqsədilə müxtəlif təxribatçı
addımlar atır. Bu isə həm münaqişənin həll
edilməmiş qalmasına səbəb olur, eyni zamanda, regionda
sabitlik və təhlükəsizliyə ciddi təhdidlər
yaradır. Ona görə də, Ermənistanın təxribatçı
hərəkətlərinə son qoyulmalıdır. Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın
danışıqlar prosesini pozmasına imkan verilməməlidir,
bu ölkənin üzərinə düşən öhdəliklərin
yerinə yetirilməsi təmin olunmalıdır. Əks təqdirdə,
baş verəcək hadisələrin məsuliyyəti Ermənistan
rəhbərliyinin üzərinə düşəcək.
- Beynəlxalq ictimaiyyətin
davranışlarından söz düşmüşkən,
bir müddət əvvəl Fransanın bir neçə bələdiyyə
başçısı tərəfindən Azərbaycan
Respublikasının Ermənistan tərəfindən
işğal olunmuş ərazilərinə qanunsuz səfər
təşkil olundu və bu səfər çərçivəsində
orada mövcud olan qondarma separatçı rejim təmsilçiləri
ilə “bəyannamə” imzalandı. Siz bunu necə qiymətləndirirsiniz?
- Əlbəttə, biz Fransa kimi
beynəlxalq münasibətlərdə söz sahibi olan, eyni
zamanda, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinə vasitəçilik
edən ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın bələdiyyə
başçılarının bu addımını qətiyyətlə
pisləyirik. Bu, ilk növbədə, beynəlxalq
hüququn norma və prinsiplərinin kobud şəkildə
pozulması deməkdir. Eyni zamanda, belə bir səfərin
reallaşması Azərbaycanın işğal olunmuş ərazilərində
yaradılmış terrorçu rejimin təbliğinə və
işğalçılıq siyasətinin təşviqinə
xidmət edir. Bu səfərin təşkili və
Azərbaycanın işğal olunmuş ərazilərində
yaradılmış terrorçu rejimlə imzalanan “bəyannamə”
Fransanın özünün də qanunvericiliyi ilə ciddi
ziddiyyət təşkil edir və bu ölkənin
özünün qəbul etdiyi qanunlara qarşı saymazyana
münasibəti ortaya qoyur.
Qeyd olunmalıdır ki, Fransa
yerli özünüidarəetmə orqanlarının bu kimi
qanunsuz addımları Fransanın da təmsil olunduğu
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
danışıqlar yolu ilə həlli səylərinə xələl
yetirir. Çünki işğal və azərbaycanlıların
etnik təmizlənməsi əsasında qurulan status-kvonun və
Ermənistanın danışıqlardan yayınmaq
üçün müraciət etdiyi manipulyasiyaların təşviqinə
xidmət edən və təxribat xarakteri daşıyan bu səfər,
həmçinin işğaldan əvvəl azərbaycanlıların
yaşadığı Qarabağın tarixi
mərkəzi Şuşa və Laçın şəhərlərinin
hazırkı terrorçu qondarma “yerli hakimiyyətləri” ilə
“bəyannamə” imzalaması insanlığa qarşı cinayət
olan etnik təmizləmələrin,
soyqırımlarının nəticələri ilə
razılaşmaq, Ermənistanın
işğalçılıq və soyqırımı
siyasətinə dəstək vermək anlamına gəlir.
Şübhəsiz bu, ilk növbədə, ATƏT-in Minsk
qrupunun üzvü kimi Fransanın beynəlxalq öhdəlikləri
ilə ziddiyyət təşkil edir. Bu da Fransanın vasitəçi
kimi nüfuzuna ciddi zərər vurur, onun vasitəçiliyinə
olan etimadı sarsıdır.
Azərbaycan ictimaiyyəti Fransa
hökumətindən beynəlxalq hüququn, Fransa
qanunvericiliyinin və Azərbaycan qanunlarının kobud şəkildə
pozulması ilə müşayiət olunan bu qanunsuz səfərlə
bağlı dərhal ölçü götürülməsini
və adekvat münasibət göstərilməsini gözləyir.
Yeni Azərbaycan.-
2018.- 27 oktyabr.- S.11.