Regionlarda yeni ərazilər əkin dövriyyəsinə cəlb edilir

 

Melioratorlar 2018-ci ilin sonunadək meliorasiya olunan və su təchizatı yaxşılaşdırılan daha 102 min hektar torpağı fermerlərin istifadəsinə verməyi hədəfləyiblər

Son 15 ildə respublikamızda regional inkişaf strategiyasının uğurla reallaşdırılmasından söhbət açarkən müvafiq Dövlət proqramları çərçivəsində bölgələrdə çoxlu sayda müxtəlif təyinatlı infrastruktur obyektlərinin tikilib istifadəyə verilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Bəhs olunan dövrdə ölkəmizdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Bu istiqamətdə həyata keçirilən layihələr sayəsində hazırda Azərbaycan yüksək səviyyəli infrastruktur təminatına malik ölkəyə çevrilib. Yaradılan müasir infrastruktur bundan sonra uzun illər ərzində dövlətə və xalqa xidmət edəcək.

2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Əgər 2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2017-ci ildə bu göstərici 67 faizə çatdırılıb.

Azərbaycanda geniş vüsət alan və ölkəmizin müasir simasını səciyyələndirən yüksək səviyyəli infrastruktur quruculuğu prosesini həmçinin bütün respublika üzrə kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında aydın şəkildə izləmək mümkündür. 2004-cü ildən bəri respublikamızda təxminən 15 min kilometr yol çəkilib, 443 körpü tikilib.

Ölkəmizdə yeni yolların çəkilməsi və mövcud yolların yenidən qurulması ilə bağlı işlərin coğrafiyası getdikcə genişlənir. Təkcə 2017-ci ildə ölkə miqyasında şərti “40 yol” adlanan, əslində isə daha çox sayda kəndi əhatə edən layihə böyük müvəffəqiyyətlə tamamlanıb. 2018-ci ildə qarşıya qoyulan hədəflər isə daha böyükdür. İlin sonunadək ölkə üzrə 2 min kilometr yeni avtomobil yolunun salınması, 600 kəndin yeni yollarla təmin edilməsi nəzərdə tutulub.

Son 15 ildə regionların “mavi yanacaq” təminatında vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bəhs olunan dövrdə bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Nəticədə regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkə üzrə qazlaşdırmanın səviyyəsi 94 faizə çatdırılıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Növbəti hədəf isə belədir: 2018-ci ilin sonunadək respublika miqyasında qazlaşdırmanın səviyyəsini 95 faizə çatdırmaq.

Regionlarda reallaşdırılan meliorasiya layihələri aqrar sektorun inkişafında mühüm rol oynayır

Son 15 ildə respublikanın bölgələrində müasir infrastruktur quruculuğu siyasəti həmçinin əkinəyararlı torpaqların su təminatının yaxşılaşdırılmasını, yeni su anbarlarının, kanalların tikilməsini əhatə edib. Regionlarda reallaşdırılan meliorasiya layihələri aqrar sektorun inkişafında mühüm rol oynayır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin verdiyi məlumata əsasən, son 15 ildə Azərbaycanın bölgələrində bu sahədə çox böyük işlər görülüb. Belə ki, bəhs olunan dövrdə ölkə miqyasında 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib. Təkcə üç su anbarının - yəni Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının hesabına 390 min hektar ərazinin su təchizatı, 261 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşdırılıb, 150 min hektara yaxın su dəyməyən torpaqlara su verilib, yeni suvarma sahələri dövriyyəyə daxil olub.

Qurum rəsmisi bildirib ki, istifadəyə verilən gündən bəri Taxtakörpüdə 2 milyard kubmetr su toplanıb, Şəmkirçay su anbarında 1 milyarda yaxın su yığılaraq respublika əhalisinin istifadəsinə verilib. Tovuzçay su anbarının həcmi çox böyük olmasa da, burada qısa müddətdə 100 milyona yaxın su yığılıb. Yığılan bu su iqtisadiyyatın inkişafına və əhalinin istifadəsinə yönəldilib. Ötən 15 il ərzində ölkə üzrə 2 min 234 subartezian quyusu qazılıb ki, bunun da sayəsində 2 min 234 kəndin həm içməli, təm də suvarma suyu ilə təminatı yaxşılaşıb.

Yeni layihələr üzrə işlər intensiv şəkildə davam etdirilir

Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq bölgələrdə su layihələrinin reallaşdırılması davamlı prosesə çevrilib. Ə.Əhmədzadənin bildirdiyinə görə, 2017-ci ildə respublika üzrə 103 min hektara yaxın torpaqda meliorativ tədbirlər aparılıb. Melioratorlar dövlət başçısının tapşırığına uyğun olaraq bu istiqamətdə işləri cari ildə də eyni intensivliklə davam etdirirlər. Onlar ilin sonunadək meliorasiya olunan və su təchizatı yaxşılaşdırılan daha 102 min hektar torpağı əkin dövriyyəsinə cəlb etməyi hədəfləyiblər.

Hazırda qarşıya qoyulan hədəflərə çatmaq üçün ayrı-ayrı layihələr üzrə intensiv işlər həyata keçirilir. Cari ilin sonunadək dövlət başçısının tapşırığına əsasən çəkilən Neftçala magistral kanalı tam istifadəyə veriləcək. Bəhs edilən layihə üzrə 10 min hektardan çox sahə meliorasiya olunur. Sabirabad rayonunda artıq “H” kanalında yekun işlər görülür, 16 min hektar torpaq aqrar sektorda istifadə üçün hazırlanır, onun 1600 hektarı Biləsuvar rayonuna aiddir. Bu qəbildən olan işlər digər bölgələrdə də aparılır.

Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi ilə İmişli, Saatlı və Biləsuvar rayonlarında əkin sahələrinin su təminatı yaxşılaşacaq

Cari il oktyabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib. Tədbirdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ 2010-cu ildə Kür-Araz çaylarında baş vermiş sel və daşqınların yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə Araz çayında gursulu illərdə baş verə biləcək daşqınlardan yaranacaq fəlakətlərin qarşısını almaq və onun sərfinin bir hissəsinin İmişli və Biləsuvar rayonlarının ərazisindən keçirməklə Mahmudçalaya, oradan isə Qızılağac qoruğunun ərazisi ilə Xəzər dənizinə axıdılması üçün ümumi uzunluğu 130 kilometr olan Araz çayının yeni qol-kanalının tikintisi nəzərdə tutulmuşdu. Texniki İqtisadi Əsaslandırma ilə həmin işlərin 4 mərhələdə həyata keçirilməsi planlaşdırılmışdı. Hazırda layihənin birinci mərhələsi üzrə bir sıra işlər uğurla başa çatdırılıb. Belə ki, tikilmiş baş suqəbuledici qurğu və yeni qoldan istifadə etməklə Saatlı, İmişli və Biləsuvar rayonlarının minlərlə hektar torpaq sahələrinin suvarılması üçün 54,2 kilometr uzunluğunda kanalın hidrotexniki qurğularla birgə inşası həyata keçirilib. Kanalın başlanğıcda suburaxma qabiliyyəti saniyədə 46, sonda isə 24 kubmetr təşkil edir. Kanal üzərində 84 müxtəlif təyinatlı hidrotexniki qurğu, o cümlədən 14 avtomobil körpüsü inşa olunub. Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi ilə hər üç rayonda əkin sahələrinin su təminatı yaxşılaşacaq.

Araz çayının yeni qolundan Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün ümumi uzunluğu 175,46 kilometr, müxtəlif suburaxma qabiliyyəti olan paylayıcı kanalların qurğularla birgə tikintisi 2 mərhələdə nəzərdə tutulub. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında diqqəti layihənin iqtisadi önəminə çəkərək deyib: “Araz çayının yeni qolunun tikintisi böyük maliyyə vəsaiti tələb edən layihədir. Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulubdur və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri bu imkanlardan istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcək”.

Əlamətdar haldır ki, Azərbaycanda bütün infrastruktur layihələri dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Sonradan özəl sektor təmsilçiləri müasir infrastruktur obyektlərindən bəhrələnərək regionlarda müxtəlif layihələrin reallaşdırılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər. Regionlarda böyük investisiya tutumuna malik infrastruktur obyektlərinin inşası Azərbaycan dövlətinin gücünü göstərir və ölkədə aparılan siyasətin mahiyyətini əks etdirir. Bu kimi amillərə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bu layihənin icrası, ilk növbədə, bizim güclü iqtisadi imkanlarımızı göstərir. Çünki bu gün Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir. Biz bu layihəni öz daxili maliyyə imkanlarımız hesabına icra etmişik. Digər tərəfdən, bu kanalın tikintisi bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Hər bir yerdə, hər bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar işlə təmin olunsunlar, onların rifah halı yaxşılaşsın və dövlət bu istiqamətdə öz tədbirlərini görür”.

Qeyd edək ki, yaradılan yüksək səviyyəli infrastruktur sayəsində bölgələrdə iqtisadi aktivliyin artmasının nəticəsi olaraq regionlardan paytaxt Bakıya və digər iri şəhərlərə əhalinin axını səngiyib və əks proses başlayıb. Hazırda insanlar iş qurmaq, həyatlarını təmin etmək üçün şəhərlərdən regionlara üz tuturlar ki, bu da çox müsbət tendensiyadır.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.-30 oktyabr.- S.7.