Regionlarda aqrar sahənin
inkişafı istiqamətində atılan addımlar öz
müsbət nəticələrini verir
Cari ilin əvvəlindən bəri bölgələrdə
kənd təsərrüfatının ayrı-ayrı sahələri
üzrə yüksək məhsuldarlıq əldə edilib
Azərbaycanda bütün sahələrin, o
cümlədən kənd təsərrüfatının
inkişafı bu il də davam etməkdədir. Məhz bunun nəticəsidir
ki, bu ilin arxada qalan aylarında da bölgələrdə kənd
təsərrüfatının ayrı-ayrı sahələri
üzrə yüksək məhsuldarlıq əldə edilib.
Eyni zamanda, hazırda regionlarda kənd təsərrüfatının
ölkəmiz üçün yeni ixrac imkanları yaradacaq
istiqamətlərinin intensiv şəkildə inkişaf
etdirilməsi diqqət mərkəzində saxlanılır və
bu istiqamətdə zəruri tədbirlər həyata
keçirilir. Bütün ölkə boyu fermerlərə
verilən güzəştli subsidiyaların
artırılması, dövriyyəyə yeni torpaqların cəlb
olunması, kollektiv təsərrüfatların
yaradılması, zəruri texnikanın alınması, intensiv
metodların tətbiqinə geniş meydan verilməsi aqrar
sektorda yeni istehsal və ixrac imkanları yaradır. Ən əsası,
kənd təsərrüfatında məhsuldarlığın
artırılması bu sahəyə olan marağın da
artmasına yol açır.
Yeri gəlmişkən, Ağcabədi rayonunun
iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında
məhsul yığımı davam edir. Verilən
məlumata görə, sentyabrın əvvəlinədək
rayonda 2464 ton kartof, 12 min 315,8 ton tərəvəz, 14 min 343
ton qarğıdalı, 13 min 740 ton şəkər
çuğunduru, 12 min 817 ton bostan məhsulları, həmçinin
7935 ton meyvə, 987 ton üzüm istehsal edilib. Əvvəlki
illə müqayisədə taxıl istehsalı 37 min 525
ton, kartof istehsalı 218 ton, tərəvəz istehsalı
1087,8 ton, şəkər çuğunduru istehsalı 1240 ton,
bostan məhsulları 89 ton artıb. Məhsul
yığımı başa çatmış sahələrdə
cari ilin məhsulu üçün 2053,3 hektarda təkrar əkin
aparılıb. Təmiz herik şumu daxil edilməklə,
payızlıq əkinlər üçün 17 min 917 hektar
şumlanıb.
Cəbhə bölgəsində yerləşən
Tərtər rayonunda isə fermerlərin becərdikləri kənd
təsərrüfatı bitkilərindən biri də şəkər
çuğundurudur. Vacib texniki bitki hesab edilən şəkər
çuğundurundan həm şəkər istehsalı
üçün, həm də heyvandarlıqda yem kimi istifadə
olunur. Tərtərli fermerlər bu texniki bitkini becərməklə
yüksək məhsuldarlığa nail olur və gəlir əldə
edirlər. Rayonda şəkər çuğundurunun becərilməsinə
1990-cı illərdə başlanılsa da, 2003-cü ildə
İmişli Şəkər Zavodu istifadəyə verildikdən
sonra fermerlər bu bitkinin əkinini daha da genişləndiriblər.
Həmin vaxtdan etibarən şəkər çuğunduru
istehsalı ilə məşğul olan fermerlərin və
torpaq mülkiyyətçilərinin sayı çoxalıb.
Prezident İlham Əliyev tərəfindən ötən il
aprelin 4-də “Azərbaycan Respublikasında şəkər
çuğunduru istehsalının
stimullaşdırılması haqqında” Fərman
imzalanması bu sahəyə marağı daha da
artırıb. Fərmana əsasən, şəkər
çuğundurunun emalı ilə məşğul olan
hüquqi şəxslərə və hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən
fiziki şəxslərə təhvil verilmiş şəkər
çuğundurunun hər tonuna görə istehsalçılara
4 manat məbləğində subsidiya ödənilir.
Qeyd edilməlidir ki, 2017-ci ildə şəkər
çuğunduru bitkisinin hər hektarından əldə
olunan məhsuldarlığa görə Tərtər rayonu
respublikada birinci yerdə olub. Bu il rayonda 859 hektarda şəkər
çuğunduru becərilib. Düzgün aqrotexniki qulluq sayəsində
sahələrdə bol məhsul yetişib. Artıq fermerlər
məhsul yığımına başlayıblar. Bu günədək
5500 ton məhsul yığılaraq, İmişli Şəkər
Zavoduna təhvil verilib. Cari ildə rayonda 40 min tondan çox
şəkər çuğunduru istehsal ediləcəyi
proqnozlaşdırılır. Ən əsası, bu il Tərtər
rayonu üzrə 333 fermerlə şəkər
çuğunduru becərilməsi üçün müqavilə
bağlanıb. Müqavilələrə əsasən,
torpaqların şumlanmasını, gübrə, toxum və
aqreqatlarla təminatını “Azərsun” şirkəti həyata
keçirir. Çuğundurun becərilməsi
üçün fermerlərə hər hektara görə 100
manat ödənilir. Şəkər çuğunduru əkilən
bütün sahələr sığorta şirkətləri
tərəfindən sığortalanır.
Sığortanın 50 faizini şirkət öz üzərinə
götürür. Becərmə zamanı şirkətin
aqronomları aqrotexniki tədbirlərin düzgün
aparılması üçün fermerlərə lazımi məsləhətlər
verir. Bundan başqa, sahələrdən
yığılmış məhsulun maşınlara yüklənib
İmişli Şəkər Zavoduna daşınması xərcini
də şirkət həyata keçirir. Çuğundurun
qiyməti isə tərkibində olan şəkərin
miqdarından asılı olaraq hər tonu 53-75 manat olmaqla dəyişir.
Çuğundurun tərkibində şəkərin
miqdarı 14 faizdən artıq olduqda əlavə 3 manat da
ödənilir. Hazırda yığılan məhsulun şəkərliliyi
15 faizdir ki, bu göstərici ilə hər tonun qiyməti orta
hesabla 66 manatla hesablanır. Fermerlər məhsulu təhvil
verdikdən sonra iki iş həftəsi ərzində
pullarını alırlar.
Rayonun Qaynaq kənd sakini Zaur Qaraşov şəkər
çuğunduru becərilməsindən gəlir əldə
etdiyinə görə bu bitkinin əkin sahələrini
genişləndirib. KİV-ə açıqlamasında o,
bildirib ki, ötən il 7 hektarda şəkər
çuğunduru becərib: “Bütün aqrotexniki qaydalara
düzgün və vaxtında əməl etdiyimiz
üçün məhsuldarlıq yüksək oldu. Sahələrdən
405 ton məhsul götürdük, yaxşı gəlir əldə
etdik. Odur ki, bu il şəkər çuğunduru əkinlərini
12 hektara çatdırdım. Bu il də sahələrdə məhsulumuz
boldur. 600 tondan yuxarı məhsul gözləyirik. Yaxın
günlərdə şəkər çuğundurunun
yığımına başlayacağıq”.
Zərdab rayonunda da şəkər
çuğunduru yığılır və qısa müddətdə
378,3 ton məhsul tədarük olunub. Qeyd edək ki, son illər
zərdablı fermerlərin də təsərrüfatın bu
sahəsinə marağı xeyli artıb. Təkcə cari
mövsümdə bölgədə 106 hektarda şəkər
çuğunduru yetişdirilib ki, bu da ötən ilki göstəricidən
3 dəfə çoxdur. Rayonun bir sıra ərazilərində,
xüsusilə Gəlmə, Şıxbağı, Bəyimli, Körpükənd,
Otmanobada daha çox məhsul yetişdirilib və
yığımın sürətlə və itkisiz başa
çatdırılması üçün ciddi səy
göstərilir. Yığılan məhsul İmişlidəki
şəkər zavoduna təhvil verilir.
Cari təsərrüfat ili Neftçala
rayonundan olan fermerlər üçün də yüksək məhsuldarlıqla
müşaiyət olunub. Belə ki, fermerlər
8109 hektar sahədə yazlıq bitkilər əkiblər.
Əkilmiş sahələrin 700 hektarını pambıq, 121
hektarını kartof, 168 hektarını tərəvəz, 275
hektarını bostan, 489 hektarını yem bitkisi (yonca), 55
hektarını isə dənli bitkilər təşkil edib.
Fermerlər indiyədək tərəvəz sahələrinin
152 hektarından 1352 ton məhsul toplayıblar.
Yığılmış sahələrin hər
hektarının məhsuldarlığı orta hesabla 88,8
sentnerə çatır. Bostan sahələrindən 9300 ton
qarpız-yemiş, kartof sahələrindən isə 1452 ton məhsul
götürülüb.
Rayon üzrə 590,5 hektar meyvə
bağından 801 ton meyvə yığılıb.
Bağların hər hektarının məhsuldarlığı
13,9 sentner olub. Rayonda təsərrüfatların
ayrı-ayrı sahələrində məhsul
yığımı davam edir.
Şamaxıda isə kartof
yığımı başa çatıb və sahələrdən
2390 ton məhsul götürülüb.
Vurğulanmalıdır ki, kartofçuluq bölgədə ənənəvi
sahədir. İlboyu bazarlarda bu məhsula yüksək tələbat
olduğundan fermerlər, eləcə də fiziki şəxslər
kartof istehsalında maraqlıdırlar. Cari ildə 353,5 hektarda
məhsul yetişdirilmişdi ki, bu da ötən ildəkindən
86 hektar çoxdur. Məhsul istehsalı da keçən ilə
nisbətən 619 ton artıb. Qeyd edək ki,
kartofçuluğa rayonun şimal dağlıq ərazilərində,
o cümlədən bu il 79 hektar sahədən 530 ton məhsul
götürülən Qızmeydanda, Hacılıda,
Çuxuryurdda, Ərçimanda maraq daha böyükdür.
Göyçaylı fermerlər isə xurma
bağlarına diqqəti artırır. Rayonun
Qızılağac kənd sakini, fermer Gündüz Mahmudov
bildirib ki, iyirmi hektar xurma bağı var. Ağaclara aqrotexniki
qaydada qulluq edilir. Yetişdirilən sorta xalq arasında
“şişburun xurma” deyilir. Dequstasiya indeksi yüksək
olduğuna görə insanlar arasında çox sevilir. Fermer
bildirib ki, məhsul yetişmə ərəfəsindədir:
“Noyabrda xurma tam yetişmiş olacaq. Hazırda xurma
bağında 20-dək ailənin üzvləri
çalışır. Yetişdirdiyimiz xurmaya daxili və
xarici bazarlarda böyük tələbat var. Ona görə də
məhsulumuzu həm daxili bazarda satmaq, həm də ixrac etmək
istəyirik”.
Qeyd edək ki, rayonda xurma bağlarından
yığılan məhsulun təxminən 80 faizi Rusiya və
digər MDB ölkələrinin bazarlarına göndərilir.
Xurma məhsulunun bağlardan toplanması,
qablaşdırılması, avtomobillərə yüklənməsi
və xarici ölkələrə daşınması prosesinə
yüzlərlə rayon sakini cəlb olunur ki, bu da onların
mövsümi işlə təmin edilməsi deməkdir.
Ümumiyyətlə, göyçaylı
fermerlər son illər rayonda xurma bağlarını xeyli
genişləndiriblər. Mütəxəssislər
rayonda bu sahənin sürətlə inkişafının səbəbini
məhsulun yerli və xarici bazarlara çıxarılması
üçün lazımi şəraitin yaradılması və
meyvənin saxlanılması üçün Göyçayda
soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi,
eləcə də hazırda xurma qurutma fabriki və
logistik mərkəzin inşa edilməsi ilə əlaqələndirirlər.
Kənd təsərrüfatı
rayonu olan Hacıqabulda da bostan, tərəvəz və meyvə
istehsalına xüsusi diqqət yetirilir, sahələr ilbəil
genişləndirilir, yeni meyvə bağları salınır.
İndi rayonda onlarla məhsul istehsalçısı təsərrüfatın
bu sahələri ilə məşğul olur və
yaxşı mənfəət əldə edirlər. Cari ilin
yazında rayonda 830 hektar bostan, 413 hektar tərəvəz
bitkiləri əkilib və sahələrdə bol məhsul
yetişdirilib. Torpaq mülkiyyətçiləri tərəvəz
sahələrindən indiyədək 3060 ton tərəvəz
toplayıblar. Əkinçilər ən yüksək nəticəni
pomidor sahələrindən əldə ediblər. Onlar əkdikləri
118 hektar pomidor sahəsindən 1248 ton məhsul
götürüblər ki, bu da ötən ildəkindən 22
ton çoxdur. Bağbanlar isə meyvə bağlarından 190
ton meyvə yığıblar. Qeyd edək ki, rayonda tərəvəz
və meyvə yığımı davam edir.
İsmayıllı rayonunda isə fındıq
bağlarından indiyədək 100 tondan çox məhsul
toplanıb. Vurğulanmalıdır ki, artıq
İsmayıllıda fındıq bağlarının sahəsi
1615,7 hektara çatdırılıb. Bu bağlardan 87
hektarı bar verəndir. Fındıq yığımında
bütün təbii iqlim şəraitinə malik olan,
yetişdirilən məhsullarının öz dadı və
keyfiyyəti ilə seçilən Topçu, Qurbanəfəndi
ərazi vahidləri, habelə İsmayıllı şəhəri
və ətraf ərazilər öndə gedir. Qeyd edək ki,
bölgədə bu il bağlardan 310 ton fındıq gözlənilir.
Bu da ötən il istehsal olunan məhsuldan 50 ton
artıqdır.
Beləliklə, bu faktlar da regionlarda aqrar sahənin
inkişafı istiqamətində atılan addımların
öz müsbət nəticəsini verdiyini bir daha təsdiqləyir.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-
2017.- 11 sentyabr.- S.7