Azərbaycanın regionlarında fəal məşğulluq tədbirləri həyata keçirilir

 

2018-ci ilin 8 ayı ərzində respublikanın 15 şəhər və rayonunda təşkil olunan əmək yarmarkalarında 814 nəfər işsiz vətəndaş münasib işlərlə təmin edilib

Sosial dövlət olan Azərbaycanda fəal məşğul əhalinin əmək bazarına inteqrasiyasının təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev ölkədəki müsbət demoqrafik vəziyyətə adekvat olaraq yeni iş yerlərinin yaradılmasını daimi prosesə çevirməklə bağlı qarşıya mühüm vəzifə qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq paytaxt Bakıda olduğu kimi, bölgələrdə də iqtisadi aktivlik təmin olunur və son nəticədə bütün respublika üzrə insanların məşğulluq imkanları getdikcə artır. Son 15 ildə respublika üzrə 1,9 milyon yeni iş yeri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur. Təsadüfi deyil ki, Azərbaycanın əmək bazarının təkmilləşdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində qazandığı uğurlar beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətə layiq görülür. Məsələn, nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın, eyni zamanda, əmək bazarının səmərəliliyi indikatoru üzrə mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkəmiz bu kateqoriya üzrə 9 pillə irəliləyərək 17-ci yerə yüksəlib.

Regional sənaye quruculuğu və aqrar sektorun inkişafı ölkə üzrə əhalinin məşğulluq imkanlarının artmasında mühüm rol oynayır

Son illərdə ölkənin sənaye xəritəsi regionlara doğru genişlənir ki, bunun da sayəsində bölgələrdə əmək qabiliyyətli insanlar layiqli iş yerləri ilə təmin olunurlar. Ölkədə yaradılan sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 50-dək rezident fəaliyyət göstərir. Sənaye Parkında fəaliyyət göstərən müxtəlif təyinatlı müəssisələrdə çoxlu sayda yeni iş yerləri açılıb. Bu yaxınlarda Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı mərasimi keçirilib. “SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 15 faiz artıracaq. İstismar müddətində zavodda 500 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 müəssisədə 400-ə yaxın işçi çalışır. İkinci mərhələdə burada daha 5 istehsal sahəsinin tikintisinə başlanacaqdır ki, bu da əlavə iş yerlərinin açılması deməkdir. Cari ilin fevral ayında Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki işə salınıb. İnvestisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub. Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb.

Ümumiyyətlə, regional sənaye quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcəkdir. Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi həyata keçirilir. Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. Bəhs olunan istehsalatların yaradılmasına çoxlu sayda işçi qüvvəsi cəlb edilib və gələcəkdə bu istehsalatlarda yeni iş yerlərinin sayı daha da artacaq.

2018-ci ilin birinci yarısında respublikada aqrar sektorun nəzərəçarpacaq dərəcədə genişlənməsi də regionlarda yeni iş yerlərinin açılmasını şərtləndirən mühüm amil qismində çıxış edir. Cari ilin birinci yarısında kənd təsərrüfatı 7,6 faiz, o cümlədən bitkiçilik 14 faizdən çox artıb. Regionlarda insanlar dövlət tərəfindən böyük qayğı göstərilən pambıqçılıq, baramaçılıq, tütünçülük sahələrində çalışaraq yüksək qazanc götürürlər. Bütövlükdə, 2018-ci ilin ilk 6 ayında ölkə üzrə 67 min yeni iş yeri yaradılmışdır ki, onlardan da 58 mini daimi iş yeridir.

Müntəzəm keçirilən əmək yarmarkaları insanların əmək bazarına inteqrasiya imkanlarını artırıb

İş axtaran vətəndaşların, xüsusilə də gənclərin layiqli iş yerləri ilə təmin olunmasında mühüm əhəmiyyət daşıyan tədbirlərdən biri də respublikanın bütün bölgələrində müntəzəm keçirilən əmək yarmarkalarıdır. Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə iş axtaran vətəndaşların qarşılıqlı ünsiyyətinin təşkil edilməsidir.

2018-ci ilin 8 ayı ərzində respublikanın 15 şəhər və rayonunda əmək yarmarkaları təşkil olunub. Yarmarkalarda 377 müəssisə tərəfindən vakant iş yerləri təqdim edilib. Respublikanın müxtəlif regionlarında keçirilən yarmarkalarda bütövlükdə 968 nəfər işaxtarana münasib iş yerlərinə göndəriş verilib, onlardan 814 nəfər (84,1%-i) işsiz vətəndaş istəklərinə uyğun işlərlə təmin edilib, 69 nəfər peşə hazırlığı kurslarına, 15 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Qeyd olunduğu kimi, əmək yarmarkaları əvvəlcədən tərtib edilən cədvələ uyğun olaraq respublikanın müxtəlif bölgələrində keçirilir. Dövlət Məşğulluq Xidmətinin cədvəlinə uyğun olaraq 30 avqust 2018-ci il tarixində Ağsu rayonunda növbəti əmək yarmarkası təşkil olunub. Yarmarkada 23 idarə, müəssisə, özəl şirkət və fiziki şəxslər tərəfindən 245 vakant iş yeri təqdim edilib. Yarmarkanın ilkin nəticəsi olaraq 51 nəfər iş axtaran vətəndaş işlə təmin olunub.

2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında 1700-dən çox vətəndaş işlə təmin olunub

Naxçıvan Muxtar Respublikasında aktiv məşğulluq tədbirləri davamlı olaraq diqqət mərkəzində saxlanılır. Təkcə bu ilin birinci yarısında 1708 nəfər işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən KİV-ə bildirilib ki, bu dövrdə 156 nəfər müvəqqəti, 112 nəfər işaxtaran isə sosial əhəmiyyətli haqqı ödənilən işlərə cəlb edilib. Onlardan 13-ü sağlamlıq imkanları məhdud şəxsdir. Təşkil olunmuş əmək yarmarkalarında isə 212 nəfər işlə təmin edilib. Hərbi xidmətdən tərxis olunan gənclərin də məşğulluğu diqqət mərkəzində saxlanılıb, 14 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə göndərilib, 3 nəfər peşə hazırlığı kursuna cəlb olunub.

Bu dövrdə kənd mərkəzlərində yaradılmış dərzi sexləri, bərbərxana və gözəllik salonlarında monitorinqlər aparılıb, mövcud boş iş yerlərində çalışmaq istəyən şəxslər müəyyənləşdirilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müvafiq peşələr üzrə 2 kurs təşkil olunub.

İlin birinci yarısında nazirlik tərəfindən sosial müdafiəyə ehtiyacı olan vətəndaşların məşğulluğunun təmin olunmasına diqqət artırılıb, 10 nəfər kvota yerləri üzrə işə göndərilib, ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən 42 nəfər işlə təmin olunub.

Muxtar respublikada 12 ailə təsərrüfatına 145 min manat maliyyə dəstəyi göstərilib

Məlum olduğu kimi, respublikamızda Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən səmərəli özünüməşğulluq proqramı uğurla həyata keçirilir. Proqramın əsas məqsədi insanları layiqli iş yerləri ilə təmin etməkdən ibarətdir. Proqram çərçivəsində 2017-ci ilin fevral ayından başlayaraq müəyyən kateqoriyadan olan ailələrin öz fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq fəaliyyətinə və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilir. Özünüməşğulluq proqramına cəlb olunan ailələrin böyük əksəriyyəti ölkənin regionlarının payına düşür. Aktivlərlə təmin olunan ailələr əsasən xidmət və aqrar sektorda istehsalyönümlü fərdi təsərrüfatlarını formalaşdırıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, 2018-ci ilin əvvəlindən “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan maliyyə vəsaitləri işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsinə, proqrama cəlb olunanların sayının dəfələrlə artırılmasına imkan yaradacaq.

Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təbii ehtiyatlardan və əmək potensialından istifadə olunmaqla özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılır. İndiyədək muxtar respublikada sosial qayğıya ehtiyacı olan 66 aztəminatlı ailənin fərdi təsərrüfatının inkişaf etdirilməsinə və özünüməşğulluğunun təmin olunmasına dəstək verilib. O cümlədən 2018-ci ilin birinci yarısında muxtar respublikada 12 ailə təsərrüfatına 145 min manat məbləğində maliyyə dəstəyi göstərilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolu nəzərə alınaraq muxtar respublikada da onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün mühüm addımlar atılır, dövlət tərəfindən təsərrüfatçılara hərtərəfli dəstək verilir.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.- 4 sentyabr.- S.7.