Regionlarda aqrar bölmənin
gəlirli sahəsi olan üzümçülük yenidən
inkişaf etdirilir
Yeni təsərrüfat subyektlərinin, o
cümlədən də aqroparkların yaradılması kənd
təsərrüfatının dinamik inkişafını
şərtləndirir
Ölkəmizdə aqrar sahənin dinamik
inkişafının təmin olunması həyata keçirilən
inkişaf konsepsiyasının mühüm istiqamətlərindən
birini təşkil edir. Kənd təsərrüfatında
davamlı inkişafa nail olmaq həm iqtisadi, həm də ciddi
sosial mahiyyət kəsb edir. Belə ki, aqrar
sektor ölkənin gəlirlərinin və iqtisadi inkişaf
göstəricilərinin artmasına imkan verməklə
yanaşı, vətəndaşların iş yerləri ilə
təminat məsələlərinə və həyat səviyyəsinin
yüksəlməsinə əsaslı töhfələr
verir. Şübhəsiz, kənd təsərrüfatının
inkişafı ölkəmiz üçün mühüm məqsədlərdən
olan etibarlı ərzaq təhlükəsizliyinin təmin
olunması, ölkə əhalisinin ərzaq məhsullarına
olan tələbatının yerli istehsal hesabına ödənilməsi
istiqamətində həyata keçirilən siyasətin
uğurlu nəticələr verməsini şərtləndirir.
Bu strateji məqsədə nail olmaq üçün
regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir,
meliorativ tədbirlər görməklə dövriyyəyə
yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək
tədbirləri görülür. Həyata
keçirilən bu və ya digər tədbirlər nəticəsində
respublikamızda əhalinin meyvə-tərəvəzə olan
tələbatının yerli istehsal hesabına təmin
olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi
məmnunluq doğurur. Bundan başqa, artıq ölkəmizdə
heyvandarlıq məhsulları ilə özünütəminat
səviyyəsi də 100 faizə çatmaq üzrədir.
Mütəxəssislərin qənaətinə görə,
yeni təsərrüfat subyektlərinin, o cümlədən də
aqroparkların yaradılması ölkənin ərzaq təminatının
möhkəmləndirilməsinə olduqca müsbət təsir
göstərəcək.
Regionlarda üzüm bağlarında keçən
illə müqayisədə bol məhsul yetişdirilib
Prezident İlham Əliyevin hazırda intensiv
metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn
siyasəti, həyata keçirilən dövlət dəstəyi
tədbirləri öz uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının
istehsalının və ixracının artmasına,
özünütəminetmə səviyyəsinin yüksəlməsinə
səbəb olur. Üzümçülüklə
bağlı həyata keçirilən tədbirlər də
bunun əyani ifadəsidir.
Məlum olduğu kimi, ölkəmizdə kənd
təsərrüfatının ənənəvi sahələrindən
biri üzümçülükdür. Hələ sovetlər
dönəmində bu sahədə əldə olunan göstəricilərə
görə Azərbaycan ittifaq miqyasında birincilər
sırasında idi. Belə ki, Ulu öndər Heydər
Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə
üzümçülüyün inkişafına xüsusi
diqqət göstərilirdi. Bunun nəticəsi idi ki,
1984-cü ildə respublika büdcəsi gəlirlərinin 40
faizə yaxını üzümçülük və şərabçılığın
hesabına təmin edilirdi. Həmin dövrdə 254 min hektar
üzüm bağlarından 2 milyon 164 min ton məhsul
yığılmışdı. Bu, SSRİ-də istehsal olunan
üzümün 30 faizinə bərabər idi. Son dövrlərdə
isə ciddi dövlət dəstəyi sayəsində
üzümçülük əvvəlki şöhrətini
bərpa etməkdədir.
Onu da qeyd edək ki, vaxtilə Azərbaycanda ən
çox üzüm məhsulu Cəlilabad rayonunda istehsal
olunurdu. Rayonda uzun müddət tənəzzül
dövrünü yaşayan aqrar bölmənin bu gəlirli
sahəsi yenidən inkişaf etdirilir. Bu il rayonun üzüm
bağlarında keçən illə müqayisədə bol
məhsul yetişdirilib. Xatırladaq ki, ötən il rayonun
üzüm bağlarından 13 min ton məhsul toplanıb. Bu
il isə bu rəqəmin 15 min tona çatdırılması
nəzərdə tutulub.
Hazırda rayonun üzüm bağlarında əsasən
daha tez yetişən süfrə üzüm növləri
yığılır. Azərbaycanda
üzümçülüyün inkişafı ilə
bağlı qəbul edilmiş Dövlət proqramı çərçivəsində
rayona ən müasir texnikalar, mineral gübrələr və
məhsuldar üzüm növləri gətirilib. Xaricdən gətirilmiş
tinglər hesabına rayonda yeni bağlar salınıb. Gətirilən
üzüm növlərindən “Kardinal”, “Alfons”, “Dallas”,
“Sentinial” və digərləri yerli iqlim şəraitinə
uyğunlaşdırılıb. Üzümçülüklə
məşğul olan fermerlər və məhsul
istehsalçıları nikbindirlər. Çünki
bağlarda bol məhsul yetişdirilib. Onların fikrincə, bu
il üzüm bağlarında məhsuldarlıq ötən
illə müqayisədə 20-25 faiz çox olacaq. Tədarük
edilən üzüm məhsulu yerli bazarlarla yanaşı,
xaricə də çıxarılır.
Salyanda da
kütləvi üzüm yığımına start verilib. Bağlarda nümunəvi becərilmə işləri
aparıldığından bol məhsul yetişib. Rayon
Statistika İdarəsindən bildiriblər ki, hazırda
Salyanda həyətyanı sahələrlə birlikdə 1102,5 hektar üzüm bağı mövcuddur. Bunun da 933 hektarı barverəndir. Bağlarda ilk olaraq daha tez yetişən süfrə
üzümünün yığımı aparılır.
Qısa müddətdə plantasiyalardan 80 tondan
çox üzüm yığılıb. Toplanmış məhsul yerli bazarlarla yanaşı,
xarici bazarlara da göndərilir. Təsərrüfat
sahiblərinin dediyinə görə, bu il
məhsul ötən illə müqayisədə 20-25 faiz
çox olacaq.
Sevindirici haldır ki, salyanlı bağbanlar bu gəlirli
sahəni daha da inkişaf etdirmək üçün yerli
sortlarla yanaşı, xarici ölkələrdən də məhsuldar
tinglər gətirib əkirlər. Ötən ildən
rayonda Fransadan gətirilmiş tinglər hesabına yeni
üzüm bağları da salınır. Gətirilən üzüm sortlarından “Prima”,
“Dallas”, “Ora” və “Kardinal” yerli iqlim şəraitinə
yaxşı uyğunlaşır və yüksək məhsul
verir.
Bu il muxtar respublikanın Şərur rayonunda da
üzüm bağlarının sahəsi genişləndirilib
və 107 hektar sahədə üzüm bağları
salınıb. Ötən ilin payızında
rayonda 2 hektar sahəyə 40 min üzüm tingi əkilib.
Becərilən tinglərdən bu ilin
payızında yeni bağların salınması
üçün istifadə ediləcək. Suya tələbatı
az olan üzüm tənəklərindən
yaxşı becərmə nəticəsində
götürülən bol məhsuldan əldə edilən
qazanc bağların artırılmasına münbit şərait
yaradır.
Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan
Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin
inkişafı üzrə Dövlət Proqramı” muxtar
respublikada üzümçülüyün inkişaf etdirilməsinə
və istehsalının artırılmasına, üzüm
bağlarının salınmasına şərait yaradıb. Şərur
üzümçüləri də bu sahənin
inkişafına öz töhfələrini verməyə
çalışırlar.
Şamaxıda vaxtilə üzümçülük
böyük şöhrət qazanmışdı. Ötən əsrin
70-80-ci illərində Şamaxı Azərbaycanın ən
böyük üzümçülük rayonlarından birinə
çevrilmişdi. Sonradan Sovet
İttifaqının dağılması, 90-cı illərin əvvəllərində
ölkədə yaşanan gərginlik, baxımsızlıq
iqtisadiyyatın digər sahələri kimi,
üzümçülüyü də, demək olar ki,
sıradan çıxarmışdı. Hazırda
bu gəlirli sahənin bərpası və yenidən
inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin
tapşırığı ilə hazırlanan və qəbul
edilən “2012-2020-ci illərdə Azərbaycanda
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı” bu sahənin yenidən dirçəldilməsində
mühüm rol oynayır. Bu Dövlət
Proqramı üzümçülüklə məşğul
olan sahibkarların fəaliyyətini də gücləndirib,
yeni üzümçülük təsərrüfatlarının
yaradılmasına müsbət təsir göstərib. İri aqrar rayonlardan olan Şamaxıda kənd təsərrüfatının
bu sahəsinə xüsusi önəm verilir.
2017-ci ildə
40 hektardan çox, bu il isə 35 hektardan
çox sahədə növbəti üzüm bağları
salınıb. Gələn il daha 44 hektar
sahədə yeni bağların salınması və
üzüm sahələrinin 200 hektara
çatdırılması nəzərdə tutulub.
Üzümlüklərin 40 faizini ağ,
60 faizini isə qırmızı üzüm sortları təşkil
edəcək.
Şamaxılı
fermerlər sahələrdən 2390 ton məhsul
götürüblər
Yeri gəlmişkən qeyd etmək yerinə düşər
ki, zəngin və bərəkətli torpaqları olan
Şamaxı rayonunda üzümçülük fermerlərin
üz tutduğu yeganə sahə deyil. Kartofçuluq
da bölgədə ənənəvi sahələrdən
biridir. İlboyu bazarlarda bu məhsula
yüksək tələbat olduğundan fermerlər, eləcə
də fiziki şəxslər kartof istehsalında
maraqlıdırlar. Rayonda kartof
yığımı başa çatıb və sahələrdən
2390 ton məhsul götürülüb. Cari ildə 353,5 hektarda məhsul yetişdirilmişdi ki, bu da
ötən ildəkindən 86 hektar çoxdur. Məhsul
istehsalı da keçən ilə nisbətən 619 ton
artıb.
Qeyd edək
ki, kartofçuluğa rayonun şimal dağlıq ərazilərində,
o cümlədən bu il 79 hektar sahədən 530 ton məhsul
götürülən Qızmeydanda, Hacılıda,
Çuxuryurdda, Ərçimanda maraq daha böyükdür.
Zərdab rayonunda isə şəkər
çuğunduru yığımına başlanılıb.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə,
qısa müddətdə 378,3 ton məhsul tədarük
olunub. Son illər fermerlərin təsərrüfatın bu sahəsinə
marağı xeyli artıb. Təkcə cari mövsümdə
bölgədə 106 hektarda şəkər çuğunduru
yetişdirilib ki, bu da ötən ilki göstəricidən 3 dəfə
çoxdur. Rayonun bir sıra ərazilərində, xüsusilə
Gəlmə, Şıxbağı, Bəyimli, Körpükənd,
Otmanobada daha çox məhsul yetişdirilib və
yığımın sürətlə və itkisiz başa
çatdırılması üçün ciddi səy
göstərilir. Qeyd edək ki, yığılan məhsul
İmişlidəki şəkər zavoduna təhvil verilir.
Ölkəmizin şimal-qərb rayonlarında
isə payızlıq dənli bitkilərin səpini
aparılır. Payızlıq dənlilərin səpini
üçün indiyədək Qax rayonunun təsərrüfatlarında
3 min hektardan çox sahədə şum qaldırılıb.
Cari mövsümdə rayonda payızlıq taxıl əkini
sahələrinin 13 min hektardan çox olacağı
proqnozlaşdırılır. Bu barədə rayon İcra
Hakimiyyətindən məlumat verilib. Qurumdan bildiriblər ki,
hazırda təsərrüfatlarda tütün
yığımı da mütəşəkkil davam edir.
Fermerlər indiyədək rayonda fəaliyyət göstərən
tütün istehsalı və emalı məntəqəsinə
2016 ton “Virciniya” növlü yaşıl tütün təhvil
veriblər. Eyni zamanda, indiyədək bu emal məntəqəsində
194 ton quru tütün istehsal olunub.
Builki mövsümdə Balakən rayonunda isə
7040 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması
nəzərdə tutulur. Qarğıdalı bitkisinin əkin
sahəsi ötən illə müqayisədə 155 hektar
artırılıb. Artıq təsərrüfatlarda
qarğıdalı yığımına start verilib. İlk
olaraq Qabaqçöl ərazisindəki təsərrüfatlarda
yığım aparılır. İndiyədək rayonda 1200
tona yaxın dən qarğıdalı istehsal olunub. Cari
mövsümdə rayonda qarğıdalı istehsalının
44 min tona çatacağı gözlənilir.
Balakən rayon Statistika İdarəsindən
verilən məlumata görə, qarğıdalı
istehsalı Balakən rayonunun kənd təsərrüfatında
aparıcı yerlərdən birini tutur. Mövcud təbii
iqlim şəraiti rayonun qarğıdalıçılıq
üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf
etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər
balakənli fermerlərdə bu sahəyə maraq xeyli
artıb. Hazırda Balakən rayonu
qarğıdalı bitkisinin əkin sahəsinə və
istehsal olunan məhsulun həcminə görə respublikada
birincilər sırasındadır. 2017-ci ildə balakənli
fermerlər 6 min 885 hektar qarğıdalı sahəsindən
43 min 152 ton məhsul əldə ediblər.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.-
2018.-6 sentyabr,- S.7.