Regionlarda turist cəlbediciliyinin
artırılması məqsədilə həyata keçirilən
tədbirlər müsbət nəticələr verir
2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana gələn
turistlərin sayı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 9,3 faiz artıb
Turizmin ayrı-ayrı ölkələrin
iqtisadiyyatındakı mövqeyi getdikcə güclənir.
Turizm potensialına malik olan dövlətlər müxtəlif
təşviq tədbirləri görməklə daha çox
sayda turisti cəlb etməyə və beləliklə də
öz gəlirlərini artırmağa
çalışırlar. Dünya Turizm Təşkilatının
yeni hesabatına görə, 2017-ci ildə Dubayda beynəlxalq
turizmdən əldə edilən gəlir 77,5 milyard dirhəm
(21,1 milyard dollar) olub. Hesabatda bildirilir ki, gəlirlərin həcmi
əvvəlki ilin göstəricisi ilə müqayisədə
8 faiz artıb.
Turizm sektoru İspaniyada iş yerlərinin
sayına görə əvvəlki lideri - tikinti sektorunu geridə
qoyaraq bu göstərici üzrə ölkədə birinci
yeri tutur. Hazırda İspaniyada işləyən əhalinin
75,5 faizi xidmətlər sahəsində
çalışır. Verilən məlumatlarda göstərilir
ki, 2018-ci ilin baharında bu ölkədə turizm sahəsində
işləyənlərin sayı 2,65 milyondan çox olub.
Beynəlxalq Turizm Təşkilatının
proqnozları da bu sektorun necə gəlirli sahə olduğu
barədə konkret təsəvvür yaradır. BTT-nin
yaydığı hesabata əsasən, 2020-ci ildə
dünyada turistlərin sayı 1,6 milyard nəfərə,
turizmdən əldə olunan gəlirlərin miqdarı isə
2000-ci illə müqayisədə 481 milyard ABŞ
dollarından 2 trilyon dollara qədər artacaq.
Yeni iqtisadi şəraitdə qeyri-neft sektorunun
üstün inkişafını hədəfləyən Azərbaycanda
da turizmin inkişafı diqqət mərkəzində
saxlanılır. Qeyd edək ki, respublikamızın turizm
potensialı kifayət qədər genişdir. Son illərdə
bütün ölkə üzrə yaradılan müasir
infrastruktur, tarixi abidələr, əhalinin qonaqpərvərliyi,
tolerantlıq mühiti, milli mətbəxin zənginliyi ölkəmizin
turist cəlbediciliyinin artmasına müsbət təsir
göstərən amillərdir. Azərbaycan
turizm sektorunu inkişaf etdirməklə bir tərəfdən
özünün milli gəlirlərini artırmaq, digər tərəfdən
isə xalqımızın dəyərlərinin, o cümlədən
də adət-ənənələrimizin, zəngin mədəniyyətimizin
dünyada layiqli şəkildə təbliğ edilməsinə
nail olmaq istəyir.
2018-ci ilin əvvəlindən ölkəmizə
gələn turistlərin sayında artım müşahidə
edilib
Cari ilin arxada qalan dövrü ərzində
ölkəmizə səfərə gələn əcnəbi
turistlərin sayında artım müşahidə edilib. Bu barədə
KİV-ə Dövlət Turizm Agentliyinin nümayəndəsi
Kənan Quluzadə məlumat verib. Agentlik rəsmisi
bildirib ki, cari ilin iyul ayında Azərbaycana səfər edən
əcnəbilərin sayı ötən ilin eyni ayı ilə
müqayisədə 5,3 faiz artaraq 330 minə çatıb.
Əcnəbilərin təqribən üçdəbir hissəsini
(119 min nəfər) Rusiya vətəndaşları təşkil
edir. Digər 20 faiz və 15 faiz əcnəbilər
isə Yaxın Şərq ölkələri və
Gürcüstanın payına düşür. Ümumən
götürdükdə, qeyd edilən ölkələrdən
gələnlər Azərbaycana səfər etmiş əcnəbilərin
70 faizini təşkil edir.
2018-ci ilin ilk yeddi ayında Azərbaycana səfər
edən səyahətçilərin sayı 1,65 milyondan
çox olaraq ötən ilin analoji dövrü ilə
müqayisədə 9,3 faiz artıb. Bu axının
böyük hissəsi, 0,5 milyon, yəni 31, 5 faizi Rusiyadan olan
səyahətçilərin payına düşür.
Gürcüstan (20 faiz), Yaxın Şərq bölgəsi (13
faiz ), Türkiyə (10 faiz) və İran
(10 faiz) əcnəbi axınının digər əhəmiyyətli
mənbələri sayılırlar.
Xarici ölkələrdən səfər edənlərin,
xüsusilə Gürcüstandan (9 faiz) və Yaxın Şərq
bölgəsindən (54 faiz) gələnlərin sayında
artım mövcuddur. Yaxın Şərq bölgəsindən
səfər edənlərin (58 min nəfər) böyük
bir hissəsini BƏƏ vətəndaşları təşkil
edir. Səudiyyə Ərəbistanından Azərbaycana 42 minə
yaxın səyahətçi gəlib və bu rəqəm
2017-ci ilin göstəricisi ilə müqayisədə iki dəfədən
çox yüksəkdir.
2018-ci ilin yanvar-iyul aylarında Cənubi və
Şərqi Asiya ölkələrindən 112 minə yaxın
səyahətçi ölkəmizə səfər edib və
bu göstərici ötən ilin analoji dövrü ilə
müqayisədə 57 faiz artım deməkdir. Bu bölgələrdən
olan axının əsas hissəsini Qazaxıstan (5%), Pakistan
(209%), Hindistan (188%) və Türkmənistandan (80%) olan səyahətçilər
təşkil ediblər.
Respublikanın bölgələrində yeni
layihəyə start verilib
Qeyd etdiyimiz kimi, respublikamızda
turist cəlbediciliyini artırmaq məqsədilə müxtəlif
tədbirlər həyata keçirilir. 2018-ci ilin avqustunda
sağlam və təmiz qida sahəsində dünya üzrə
qlobal təşkilat olaraq fəaliyyət göstərən
“Slou Fud”un (Slow Food) təşəbbüsü ilə “Azərbaycanda
Böyük Qafqaz regionunun kənd ərazilərində
dəyər zəncirinin yaradılmasının təkmilləşdirilməsi”
adlı üçillik layihəyə start verilib.
Layihə “Paşa Travel” şirkəti
ilə əməkdaşlıq çərçivəsində
Heyvanların Müdafiəsi İctimai Birliyi və Azərbaycan
Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının
tərəfdaşlığı, Kənd Təsərrüfatı
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil
Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi
ilə həyata keçirilir.
Dövlət Turizm Agentliyindən
bildirilib ki, ilkin olaraq “Slou Fud” modellərinin tətbiqi
üçün Şəki, Qəbələ, Şamaxı,
İsmayıllı və Qax rayonları ərazisində həyata
keçirilməsi planlaşdırılan layihə çərçivəsində
yerli qida məhsullarının istehlakının təşviqi
üzrə milli kampaniyanın, Azərbaycanda kənd təsərrüfatının
inkişafı üzrə beynəlxalq kampaniyanın, Azərbaycan
nümayəndə heyətinin “Slou Fud”un beynəlxalq tədbirlərində
iştirakını nəzərdə tutan tədbirlərin həyata
keçirilməsi planlaşdırılıb.
Layihə aqro-biomüxtəliflik və mədəni
irsin qorunması, yerli qastronomiyanın dəyərinin
artırılması, əhalinin gəlirlərinin potensial
davamlılığı ilə yanaşı, turistik məhsulların
inkişafı kimi müxtəlif məsələləri əhatə
edəcək.
Uzunmüddətli məqsədlər
sırasına təbii ehtiyatların istifadəsinin
optimallaşdırılması, işsizlik səviyyəsinin və
kənd təsərrüfatı miqrasiyasının
azaldılması, həmçinin ərazinin
dayanıqlılığının artırılması
daxildir. Layihənin həyata keçirilməsi
ilə qida məhsulları istehsalının dinamik
inkişafının təkcə kənd ərazilərində
deyil, eyni zamanda, kənd təsərrüfatı məhsullarının
əsas satış bazarı olan şəhər mərkəzlərində
də məşğulluğun artırılması və
saxlanılmasıda müsbət rol oynayacağı
planlaşdırılır. Həmçinin kənd ərazilərinin
inkişafına yeni yanaşmaların tətbiq edilməsi Azərbaycan
iqtisadiyyatının diversifikasiyalaşması
üçün xüsusi əhəmiyyət daşımaqla
sosial sabitliyin təmininə də dəstək vermiş
olacaq. Mütəxəssislərin qənaəti belədir ki,
bu kimi tədbirlər Azərbaycanın bölgələrində
turist cəlbediciliyinin artmasına müsbət təsir
göstərəcək.
Veteranlar
onlar üçün “Şahdağ”a təşkil olunan istirahət
turundan məmnun qalıblar
Dövlət
Turizm Agentliyinin dəstəyi ilə Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları təşkilatının
40 nəfər üzvü üçün “Şahdağ”
Turizm Mərkəzinə birgünlük istirahət turu təşkil
olunub. Agentlikdən KİV-ə bildirilib ki, tur
çərçivəsində veteranların və ailə
üzvlərinin istirahəti üçün hər cür
şərait yaradılıb.
Qurum tərəfindən
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
təsdiq edilmiş “Ahıl vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi üzrə Dövlət
Proqramı”nın icrası ilə əlaqədar olaraq əhalinin
müvafiq təbəqəsinin, o cümlədən sovet
ordusunda (donanmasında), daxili işlər və dövlət
təhlükəsizliyi orqanlarında hərbi xidmətdə
olmuş, Vətənin müdafiəsi uğrunda
döyüş əməliyyatlarında iştirak etmiş
veteranlara, habelə əmək veteranlarına sosial diqqət və
qayğının göstərilməsi, onların asudə
vaxtlarının səmərəli keçirilməsi
üçün bu cür turların mütəmadi olaraq həyata
keçirilməsi planlaşdırılır. Veteranlar
onlar üçün “Şahdağa”a təşkil olunan
istirahət turundan məmnun qalıblar.
“Quba - Azərbaycanın
heyranedici regionu”
İsveçrənin www.travel-blog.ch səyahət
portalında “Quba - Azərbaycanın heyranedici regionu” adlı məqalə
dərc olunub.
Məqalədə Qubada yerləşən və
turistlərin marağını cəlb edən məkanlar barədə
ətraflı məlumat verilir. Məqalədə
bir çox məşhur avropalı səyyahın XIX əsrdə
Quba ilə bağlı təəssüratları diqqətə
çatdırılır və bu regionun tarixi, mədəni
abidələrlə zənginliyindən bəhs edilir. Regionda qədim körpülər, məscidlər,
hamamlar, muzeylər mövcuddur və Quba özünün
xalçaçılığı ilə də məşhurdur.
Yazıda Qubanın multikultural dəyərləri
barədə də məlumat verilərək qeyd olunur ki, bu
yer müxtəlif millətlərin tolerantlıq şəraitində
yaşadığı məkandır. Məqalədə
həmçinin bildirilir ki, Qubaya gələn turistlərin səyahət
etdikləri məkanlardan biri də 1918-ci ildə
bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan
torpaqlarında həyata keçirdikləri kütləvi
qırğınlar nəticəsində həlak olan on minlərlə
azərbaycanlının xatirəsinə ucaldılan Quba
Soyqırımı Memorial Kompleksidir.
Məqalədə Qubanın öz alması ilə
məşhur olduğu vurğulanır və son illərdə
turizmin inkişaf etdirilməsi istiqamətində görülən
işlər barədə məlumat verilir. Belə ki, rayonda 40
mehmanxana fəaliyyət göstərir, eyni zamanda burada turistlərin
yüksək səviyyədə dincəlməsi
üçün çoxlu sayda restoran və kafelər də
mövcuddur.
Naftalanda neftlə əvəzolunmaz müalicə
“Azərbaycan dünyada bənzəri
olmayan bir müalicə üsuluna malikdir - Naftalan nefti ilə
müalicə. Bakının 320 kilometrliyində yerləşən
Naftalandakı bu möcüzəli yağ dəri xəstəlikləri,
revmatizm, qan dövranı və s. müalicəsi
üçün şəfa mənbəyidir”. Bu barədə
“Euronews” telekanalının Naftalan neftindən bəhs edən
reportajında deyilir. Məşhur aparıcı Serxio Kantone
reportajında Naftalan şəhərinin turizm sahəsində
geniş təcrübəsi və dünyada bənzəri
olmayan bu neftlə müalicə üsulları barədə məlumat
verir.
Müəllif qeyd edir ki, Naftalan nefti nəqliyyat
yanacağı üçün istifadə edilən neftdən
deyil. Onu fərqləndirən və möcüzəli edən
məhz orqanizm üçün xeyirli xüsusiyyətləridir.
Reportajda Naftalan neftinin orqanizmə müsbət
təsirlərindən, insanların bu neftə
üstünlük vermələrinin səbəblərindən
danışan həkim Dilbər Kazımova onun hansı xəstəliklər
zamanı faydalı olması barədə ətraflı məlumat
verib.
Müəllif onu da diqqətə
çatdırıb ki, burada təyin edilən müalicə
müddətində xəstələr hər gün 10 dəqiqə
neft vannası qəbul edirlər. Bu vannalar bir çox xroniki xəstəliklərin
müalicəsində də müsbət təsirə malikdir.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.-14 sentyabr.- S.7