Bakıda üçüncü İndoneziya Mədəniyyət
festivalının təntənəli
açılışı olub
Sentyabrın 13-də Heydər Əliyev Sarayında üçüncü
İndoneziya Mədəniyyət
festivalının təntənəli
açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
tədbir iştirakçıları
sarayın foyesində
İndoneziya mədəniyyəti
və incəsənətini
əks etdirən sərgi ilə tanış olublar. İndoneziya təbiətini
əks etdirən fotosərgi də maraqla qarşılanıb.
Festivalın açılışında çıxış
edən ölkəmizdə
səfərdə olan
İndoneziyanın mədəniyyət
və təhsil naziri Mühacir Əfəndi Azərbaycanda
olmağından məmnunluğunu
ifadə edib. Bildirib ki, “Arxipelaqın
ən zəngin mədəniyyətini yaşatmaq”
devizi altında üçüncü dəfə
təşkil edilən
festival ildən-ilə
daha maraqlı və zəngin proqramla təqdim edilir. Nazir diqqətə
çatdırıb ki,
builki festival daha diqqətəlayiqdir. Çünki festival İndoneziyanın müstəqilliyinin
73-cü ildönümünə təsadüf edir.
İndoneziya ilə Azərbaycan arasındakı qədim dostluq əlaqələrindən
söz açan qonaq bu əlaqələrin
daha da inkişaf
edərək genişləndiyini
bildirib. “İndoneziya ilə Azərbaycan arasında münasibətlər
qarşılıqlı şəkildə
davam edir. Dünyanın ən böyük müsəlman
əhalisi olan İndoneziya bütün dinlərə tolerant yanaşmaqda böyük məsuliyyət daşıyır
və ISESCO ilə birgə layihələrdə
yaxından iştirak edir. Azərbaycanla diplomatik və mədəni əlaqələrin
yüksələn xətt
üzrə inkişafı
dünyada hər iki dövlətin qardaşlıq və sülh tərəfdaşı
olmasına işarədir”,
- deyə Mühacir Əfəndi vurğulayıb.
Tədbirdə çıxış edən
Azərbaycan mədəniyyət
naziri Əbülfəs
Qarayev ölkə rəhbərliyi adından
festivalda iştirak edən bütün qonaqları salamlayıb. Bildirib ki, festival
iki ölkə arasında münasibətlərin
genişlənməsinə, xalqların bir-birini daha yaxşı tanımasına və gələcəkdə çoxsaylı
birgə layihələrin
həyata keçirilməsinə
şərait yaradacaq.
Nazir deyib:
“Azərbaycan və İndoneziya iki dost ölkədir. Biz bütün beynəlxalq platformalarda vahid bir mövqedə çıxış edirik.
1992-ci ildən etibarən
mövcud olan iqtisadi və diplomatik münasibətlər
ildən-ilə güclənir.
İndoneziya hökuməti
Azərbaycanda keçirilən
bütün beynəlxalq
tədbirlərdə yaxından
iştirak edir. Xüsusilə də İslam dünyasını
birləşdirən ISESCO təşkilatı
çərçivəsində təşkil edilən layihələrdə bir-birimizə
dəstək oluruq. Azərbaycanda fəaliyyət
göstərən İndoneziya
səfirliyi çox fəal mədəni proqramlar həyata keçirirlər. Bu artıq
üçüncü festivaldır
və birinci festivaldan fərqli olaraq festival daha da geniş
şəkildə təşkil
edilib. Əminəm ki, bu festival
uğurla keçiriləcək
və Azərbaycan xalqı İndoneziyanın
qədim mədəniyyəti
ilə yaxından tanış olmaq imkanı qazanacaq. İnanıram ki, ölkələrimiz arasında
əlaqələr
daim inkişaf edəcək və bu festival mədəniyyətlərin
yaxınlaşmasına öz
töhfəsini verəcək”.
Çıxışlardan sonra festivalın açılış tədbiri
konsert proqramı ilə davam edib. İlk olaraq İndoneziyadan gələn Tubaba Pakem rəqs qrupunun çıxışı
izlənilib. Daha sonra tədbir iştirakçıları İndoneziyanın
məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını
dinləyiblər. Həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı
tələbələri İndoneziyanın
professional rəqqasları
ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim
edib. İndoneziya və Azərbaycan Pençak-silat federasiyaları
tərəfindən təşkil
olunan özünümüdafiə
sənətinin incəlikləri
də nümayiş etdirilib.
Qeyd edək
ki, festivalın ikinci və üçüncü günləri
isə Fəvvarələr
meydanında sərgilər
və müxtəlif tədbirlər keçiriləcək.
Tədbirlərə qatılanlar
İndoneziyanın arxipelaq
kulinariyası ilə yaxından tanış olacaq və sərgilər vasitəsilə
bu ölkənin mədəni irsini, müxtəlifliyini və gözəlliyini seyr edəcəklər. Festival
çərçivəsində yarmarka da təşkil
olunacaq ki, burada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə
və çaylar, digər məhsullar yer alacaq. Festivalda
indoneziyalı iş adamları ilə yanaşı, ölkənin
elm və mədəniyyət xadimləri
də iştirak edir.
Yeni Azərbaycan.-
2018.- 14 sentyabr.- S.6.