Maştağadakı Savalan
yaşayış massivində 28 nömrəli tam orta məktəbin
açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev açılış
mərasimində iştirak edib
Sentyabrın 14-də Bakının Sabunçu
rayonunun Maştağa qəsəbəsindəki Savalan
yaşayış massivində 28 nömrəli tam orta məktəbin
açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin
rəmzi açılışını bildirən lenti kəsib.
Məktəbin direktoru Qənirə
Əmircanova Prezident İlham Əliyevə yeni məktəb
binasında yaradılan şərait barədə məlumat
verib. Bildirilib ki, bu təhsil ocağının təməli
2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində
genişmiqyaslı abadlıq və quruculuq işləri
aparılıb, açıq havada idman meydançası
yaradılıb. Qeyd olunub ki, Savalan
yaşayış massivinin əhalisinin sayı 25 min nəfərdən
çoxdur. Əvvəllər yaşayış massivində məktəb
olmadığından şagirdlər təhsillərini rayonun
Maştağa, Zabrat və digər qəsəbələrindəki
təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli
yeni məktəb binasının inşaat işləri
yüksək keyfiyyətlə yerinə yetirilib.
Sonra dövlətimizin başçısı məktəbin
bir qrup müəllim və şagirdi ilə
görüşüb.
Azərbaycan Prezidenti görüşdə
çıxış edib: “Sabahınız xeyir olsun, mən
sizi ürəkdən salamlayıram və qarşıdan gələn
yeni dərs ili münasibətilə ürəkdən təbrik
etmək istəyirəm. Yeni dərs ili ərəfəsində
biz Maştağa qəsəbəsinin Savalan yaşayış
massivində yeni məktəbin açılışına
toplaşmışıq. Bu gözəl hadisə münasibətilə
sizi ürəkdən təbrik edirəm.
Bu məktəb sakinlərin xahişi ilə
tikilib. Mənə verilən məlumata görə, bu
yaşayış massivində məktəb yox idi. Ona görə
həm uşaqlar, həm valideynlər böyük əziyyət
çəkirdilər. Göstəriş verildi və qısa
müddət ərzində belə gözəl məktəb
tikildi. 960 şagird yerlik məktəbdə indi oxumaq, işləmək
üçün bütün şərait yaradılıb.
Ərazisi də böyükdür. Böyük idman
meydançası var. Yəni, burada işlər ən yüksək
səviyyədə aparılıb. Hesab edirəm, bu gözəl
təşəbbüs bir daha onu göstərir ki, Azərbaycanda
təhsilə çox böyük diqqət yetirilir.
Əlbəttə, harada ki, məktəbin
inşasına ehtiyac var, biz orada mütləq məktəb
tikintisi ilə məşğul oluruq, o cümlədən bu
yerdə. Demək istəyirəm ki, bu il bütövlükdə
Bakı şəhərində 19 məktəb tikilib və əsaslı
təmir olunub. Demək olar ki, Bakı şəhərinin
məktəblərinin əksəriyyəti artıq
yaxşı vəziyyətdədir. Hələ də təmirə
ehtiyacı olan məktəblər var və biz onları gələn
illərdə təmir edəcəyik. Ölkəmizdə isə
bu il 200-dən çox məktəb tikilib və təmir
olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə
137 modul tipli məktəb tikilib. O kəndlərdə
ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə
idi. Qəzalı məktəblərin sökülməsi və
onların yerində yeni məktəblərin tikintisi
proqramı da ümid edirəm ki, gələn il başa
çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən
müasir standartlara cavab verəcək. İstəyirəm
ictimaiyyət onu da bilsin ki, son 15 il ərzində Azərbaycanda
3 mindən çox məktəb tikilib və əsaslı təmir
edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir.
Məktəbdə uşaqlar yaxşı
oxumalıdır. Bir halda ki, belə gözəl şərait
var, burada təhsilin keyfiyyəti də yüksək
olmalıdır. Məktəb, eyni zamanda, müəllimlərin
iş yeridir və müəllimlərin şəraiti də
yaxşılaşır. Müəllim olmaq istəyənlərin
sayı artır, müəllim peşəsinin hörməti
artır və bu, çox sevindirici haldır. Çünki
müəllim uşaqların, gənclərin tərbiyə
olunmasında valideynlərlə bərabər aparıcı
rol oynayır.
Bir məsələni də diqqətinizə
çatdırmaq istəyirəm. Mənə verilən məlumata
görə, bu il 500-dən artıq bal toplayan 2 mindən
çox abituriyent müəllim peşəsini seçib. Bu,
müəllim peşəsinə olan marağın ən bariz
nümunəsidir. Müqayisə üçün deməliyəm
ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin
cəmi 1 nəfəri müəllim peşəsini
seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb
fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində
gözəl şəraitin olmasını, müəllimlərin
məişət problemlərinin həllini göstərir. Son
illər ərzində müəllimlərin maaşları əhəmiyyətli
dərəcədə artıb və cəmiyyətdə
müəllimə olan ənənəvi hörmət bərpa
edilir. Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin
problemlərinin həlli üçün gələcəkdə
də işlər aparılacaq. Təhsil sahəsində
aparılan köklü islahatlar səmərə verir, təhsilin
keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə
görürük və ümid edirəm ki, bu uğurlu proses
bundan sonra da davam etdiriləcəkdir.
Uşaqlar isə yaxşı
oxumalıdırlar, gələcəkdə cəmiyyətdə
layiqli yer tutmaq üçün, ilk növbədə, gərək
bilikli, savadlı olsunlar. Azərbaycanda ümumi savadlılıq
səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl
göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi
həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə.
Onların arasında ancaq yüksək
texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar,
neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir.
Ölkələri inkişafa doğru aparan əsas
amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir.
Ona görə Azərbaycanda gənclər
çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox
böyük dəstək verilir, bu, dövlət siyasətidir.
İnformasiya-kommunikasiya texnologiyalarının
inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət
göstərə bilməz. Ona görə,
ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar
ki, yaxşı oxusunlar və gələcəkdə həm
özləri üçün gözəl həyat qursunlar, həm
ölkəmizin inkişafına töhfə versinlər.
Əlbəttə ki, gənclərin tərbiyəsi
ilə bağlı həm müəllimlər, həm valideynlər
ciddi məşğuldurlar və mən bunu
alqışlayıram. Azərbaycan gəncləri
vətənpərvər gənclərdirlər və bundan
sonra da bizim gənclərimiz vətənpərvərlik
ruhunda, milli ruhda tərbiyə almalıdırlar.
Bilirsiniz ki, bu gün ölkəmizin dünyadakı rolu,
əhəmiyyəti artır. Bölgədə Azərbaycanın
iştirakı olmadan heç bir layihə icra edilə bilməz.
Yaşadığımız regionda bizim siyasətimizdən,
qərarımızdan çox şey asılıdır.
Əlbəttə, bu amili nəzərə alaraq Azərbaycana
təsir etmək istəyən xarici qüvvələrin də
sayı az deyil. Azərbaycan
vətəndaşları bunu bilirlər. Ancaq
bizim çox güclü siyasi iradəmiz qoymur ki, Azərbaycanı
hansısa avantüralara, yaxud da bizim milli maraqlarımıza
uyğun olmayan təşəbbüslərə çəksinlər.
Ona görə ki, bizim çox güclü
siyasi iradəmiz, güclü iqtisadi potensialımız var. Biz
müstəqil siyasət aparırıq, heç kimdən
asılı deyilik. Hesab edirəm, Prezident
kimi fəaliyyətim dövründə bu əsas nəticələrdən
biridir ki, bu gün Azərbaycan tam müstəqil siyasət
aparır. O siyasət ki, milli maraqlar və ənənəvi
dəyərlər üzərində qurulubdur və elə etməliyik
ki, gələcək nəsil də öz gələcəyini
bu istiqamətdə görsün. Gələcək
nəsil də, ilk növbədə, vətənpərvər
olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz
doğma Vətəninə bağlı olmalıdır, bizim qədim
ənənələrə sadiq olmalıdır və bilikli,
savadlı olmalıdır. Belə olan halda
ölkəmizin gələcəyi də parlaq olacaqdır.
Belə olan halda Azərbaycan daim müstəqil
siyasət aparacaq. Çünki bizim siyasətimiz
həyatda öz əksini tapıb. İndi
baxın, dünyanın müxtəlif yerlərində
qanlı toqquşmalar, müharibələr, iqtisadi-sosial
böhranlar, inqilablar geniş vüsət alıb. Təhlükə mənbələri getdikcə
artır. Getdikcə daha çox narahatedici
məqamlar üzə çıxır. Ancaq
Azərbaycan sabitlik məkanıdır. Azərbaycanda
insanlar sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində
yaşayırlar. Azərbaycanda sosial və
iqtisadi məsələlər öz həllini tapır. İndi baxın, ölkəmizə nə qədər
böyük investisiyalar qoyulur. Əgər
biz təkcə təhsil sahəsini götürsək,
üç min məktəbin tikintisi böyük maliyyə vəsaiti
tələb edir. Yollar, su xətləri,
elektrik xətləri, qazlaşdırma, hərbi
gücümüzün möhkəmləndirilməsi,
energetika və nəqliyyat layihələrimiz. Bütün bunları biz öz hesabımıza
etmişik. Bu gün dünya miqyasında,
xüsusilə yaşadığımız regionda Azərbaycan
seçilən ölkələrdəndir. Sülh, əmin-amanlıq, inkişaf, sosial rifah Azərbaycanda
təmin edilir və bundan sonra da təmin olunacaq. Çünki bizim gələcəyimizlə
bağlı heç bir narahatlıq, heç bir şübhə
yoxdur. Çünki biz bundan sonra da ancaq
inkişaf yolu ilə gedəcəyik.
Bunu təmin etmək üçün biz, ilk növbədə,
daha güclü olmalıyıq. Bir daha demək istəyirəm
ki, bizim siyasətimizə heç bir qüvvə təsir edə
bilməz. Bunu son 15 il ərzindəki
vəziyyət dəfələrlə təsdiqləyib. Siz gənclər gələcəkdə Azərbaycanı
idarə edəcəksiniz. Ölkəmizin,
xalqımızın taleyi sizdən asılı olacaq. Ona görə siz həmişə bilməlisiniz ki,
ilk növbədə, milli maraqlardır, ilk növbədə,
Vətənin xoşbəxtliyidir, ilk növbədə,
müstəqil siyasət aparılmalıdır. Əlbəttə ki, valideynlər, müəllimlər,
bütövlükdə cəmiyyət bu işdə öz
rolunu oynayır və oynayacaq. Belə
gözəl məktəbdə oxumaq və tərbiyə almaq
üçün bütün şərait var.
Sizi bu gözəl hadisə münasibətilə bir daha
təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun”.
* * *
Dövlətimizin
başçısına yeni məktəb binasının
inşasına görə minnətdarlığını
bildirən valideyn Hacıbala Babayev deyib: “Cənab Prezident,
Maştağa sakinləri adından Sizi ürəkdən
salamlayır və Sizə “Xoş gəlmisiniz!” deyirik.
Cənab
Prezident, bu gün bizim çoxdan arzuladığımız
bir gündür. Bu yeni təhsil ocağı
övladlarımızın xoş gələcəyini göstərir.
Cənab
Prezident, biz bu münasibətlə Sizə Maştağa qəsəbəsinin
və yeni yaşayış massivinin sakinləri adından
ürəkdən “Çox sağ olun!”
deyirik. Sizi əmin edirik ki, bu məktəbdə
təhsil alacaq gənclərimiz gələcəkdə
dövlətinə, millətinə, Prezidentinə layiqli
övladlar olacaqlar.
Uzun illərdir ki, cənab Prezident, bizim
övladlarımız çətinliklə uzaq məsafə qət
edərək təkcə Maştağa qəsəbəsindəki
orta məktəblərdə deyil, rayonumuzun digər qəsəbələrindəki
məktəblərdə də təhsil alırdılar. Bu da
övladlarımız üçün çətinlik
yaradır, biz valideynləri narahat edirdi. Çox sağ olun ki, cənab Prezident, Sizin təhsilə
və biz sakinlərə göstərdiyiniz qayğının
nəticəsində bu narahatlığımıza son qoyuldu.
Cənab
Prezident, biz daim Sizin daxili və xarici siyasətinizi
dəstəkləyirik və həmişə Sizinləyik.
Möhtərəm cənab Prezident, biz sakinlər
adından Sizə, Sizin ailənizə, övladlarınıza
cansağlığı, uzun ömür, işlərinizdə
yeni-yeni uğurlar, müvəffəqiyyətlər
arzulayırıq. Allah Sizi qorusun”.
Prezident
İlham Əliyev: Sağ olun.
* * *
Dövlətimizin başçısı müəllimlərlə
söhbət edib.
Müəllimə
Arizə Mahmudova: Cənab Prezident, Sizi salamlayırıq,
“Xoş gəlmisiniz!” deyirik. Tikilən bu
möhtəşəm bina bizim narahatlığımıza son
qoydu. Buna görə də Sizə dərindən minnətdarıq,
Allah Sizi var eləsin!
Prezident
İlham Əliyev: Çox sağ olun. Burada neçə müəllim işləyir?
Direktor Qənirə
Əmircanova: 70 müəllim fəaliyyət göstərəcək.
960 nəfərlik şagird heyəti nəzərdə
tutulub. İnşallah, çox yaxın
müddət ərzində məktəb fəaliyyətə
başlayacaq.
Prezident
İlham Əliyev: Bəli, mütləq. Müəllimlər
başqa məktəblərdən gəliblər.
Qənirə
Əmircanova: Bəli, nümunəvi məktəblərdən
seçiləcək. Çünki bu cür məktəbdə
elə müəllimlər işləməlidirlər ki, həqiqətən
layiqli olsunlar.
Prezident
İlham Əliyev: Təhsilin səviyyəsi yüksək
olmalıdır. Uşaqlar da gedib Maştağa
qəsəbəsində oxuyurdular.
Qənirə
Əmircanova: Bəli, kənar yerdə oxuyurdular.
Prezident
İlham Əliyev: Məsafə də uzaqdır. Hər gün get-gəl çətinlik
yaradırdı. Savalan yaşayış
massivində son illər əhali artıb.
Qənirə
Əmircanova: Bəli, 30 minə yaxınlaşıb, 25 mindən
artıqdır.
Prezident
İlham Əliyev: Yəqin ki, gələcəkdə bir məktəbin
tikintisinə də ehtiyac olacaq.
Qənirə
Əmircanova: Bizim orada sahəmiz də var.
Planlaşdırılır, hərtərəfli perspektiv
düşünülüb, ehtiyac olarsa tikilər. Bütün sakinlər adından Sizə sonsuz dərəcədə
minnətdarıq.
Prezident
İlham Əliyev: Yaxşı ki, siz bu məsələni
qaldırdınız. Mənə məlumat
çatan kimi dərhal göstəriş verdim ki, tezliklə
məktəb tikilsin. Bu, bir daha onu göstərir
ki, bu məsələlər gərək ictimaiyyət tərəfindən
qaldırılsın. Mən dəfələrlə
çıxışlarımda demişəm ki, Azərbaycanda
ictimai nəzarət daha da güclü olmalıdır. Çünki ölkəmizdə hələ də
bizi narahat edən məsələlər kifayət qədər
var və onları həll etmək üçün gərək
bizdə məlumat olsun. İctimai nəzarət,
ictimaiyyətin fəallığı olmadan bəzi hallarda bu məlumat
da bizə çatmır. Ona görə
bir daha bu fürsətdən istifadə edərək Azərbaycan
vətəndaşlarına müraciət etmək istəyirəm.
Öz xahişlərini, onları narahat edən
məsələləri çatdırsınlar ki, biz də
onları həll edək.
Qənirə
Əmircanova: Biz də çox sevinirik ki, Siz buna dərhal
reaksiya verirsiniz. Yəni, bunu arxa plana
keçirmirsiniz. Elə bil ki, bu, Sizin
stolunuzun üstündə gündəlik bir məsələdir.
Bu, sakinləri, bütün xalqı,
bütün milləti çox sevindirir.
Prezident
İlham Əliyev: Belə də olmalıdır. Mənim işim elə bundan, mövcud olan problemləri
həll etməkdən ibarətdir ki, insanları narahat edən
məsələlər aradan götürülsün.
İnsanlar daha da yaxşı, rahat yaşasınlar və daha
da çox iş görə bilək. Ona görə
hesab edirəm ki, bu məktəbin tikintisi belə gözəl
təşəbbüsün təzahürüdür. Vətəndaşlar
müraciət ediblər, biz isə tezliklə göstəriş
verib bunu təşkil etmişik və bu gün burada yeni dərs
ili ərəfəsində bərabər
sevinirik.
Qənirə
Əmircanova: Siz bizim sevincimizə
qatıldığınız, bizimlə bərabər
sevindiyiniz üçün biz ikiqat sevinirik.
Prezident
İlham Əliyev: Bilirsiniz, mən qeyd etdim ki, bu il Bakı şəhərində 19 məktəb
istifadəyə verilib. Bəziləri tikilib, bəziləri
əsaslı təmir edilib. Adətən yeni dərs ili ərəfəsində mən məktəblərin
vəziyyəti ilə tanış oluram. Əvvəlki
illərdə adətən bir məktəb seçilirdi ki,
biz bu məktəbdə öz sözümüzü deyək.
Bu il mən xüsusilə bu məktəbi
seçdim. Çünki bu məktəbin
çox özəl yeri var, bax, dediyim bu məsələlərə
görə. Ona görə bir daha sizi təbrik
edirəm.
* * *
Daha sonra
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə
tanış olub.
Diqqətə çatdırılıb ki, təhsil
müəssisəsi 960 şagird yerlikdir. Burada sinif otaqları
bütün zəruri dərs ləvazimatları ilə təchiz
edilib. Məktəbdə birinci sinif şagirdləri
üçün hələlik 5 sinfin açılması nəzərdə
tutulur. Onların hər birində 24 şagirdin təhsil
alması planlaşdırılıb. Ehtiyac
yarandığı halda əlavə siniflərin
açılması üçün də imkanlar var. Birinci
siniflərin şagirdləri dərslik və məktəbli
çantaları ilə təmin olunublar. Ümumilikdə, məktəbdə
kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya, fənn
kabinetləri və laboratoriyalar, müəllimlər, tibb,
arxiv otaqları var. Məktəbin fizika, kimya və biologiya
laboratoriyalarında şagirdlərin nəzəri biliklərini
artırmaları üçün hərtərəfli imkan
yaradılıb. Gənclərin çağırışaqədərki
hazırlıq kabineti də zəruri avadanlıqla təchiz
olunub.
Təhsil müəssisəsindəki əmək
təlimi otaqlarında şagirdlər bacarıqlarını
nümayiş etdirə və peşə vərdişlərini
üzə çıxara biləcəklər. Məktəbin
zəngin kitabxanası da müasir səviyyədə qurulub.
Şagirdlərin ixtiyarına veriləcək oxu zalında
mütaliə etmək üçün hər cür şərait
var. 200 nəfərlik akt zalında isə müxtəlif
kütləvi tədbirlərin keçirilməsi
üçün bütün imkanlar yaradılıb.
Şagirdlər ümumi sahəsi 540 kvadratmetr olan və
bütün zəruri avadanlıqla təchiz edilən zalda
idmanla məşğul ola biləcəklər.
Burada yaradılan şərait bir daha sübut
edir ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkədə təhsilin inkişafı istiqamətində
aparılan islahatlar bu sahənin keyfiyyətcə yeni mərhələyə
qədəm qoyması ilə nəticələnib.
Bütün bu işlər həm də onu göstərir ki,
Azərbaycanda təhsilin və elmin inkişafına ən
yüksək səviyyədə dövlət
qayğısı var. Bu, hər şeydən əvvəl Azərbaycanda
insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin
müasir, intellektual və savadlı yetişməsi
üçün dövlətin həyata keçirdiyi siyasətin
əsas prioritetlərindən biridir. Odur ki, son
illər təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən
yeni-yeni məktəb binalarının inşası, mövcud
təhsil müəssisələrində yeni korpusların
tikilməsi və əsaslı təmirin aparılması
mühüm əhəmiyyət kəsb edir.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Yeni Azərbaycan.-
2018.- 15 sentyabr.- S.2