Ölkəmizdə
pambıqçılığın inkişafı ilə əlaqədər
davamlı tədbirlər həyata keçirilir
Pambığın hər tonunun alış qiymətinin
50 manat artırılması dövlət
başçısının fermerlərə göstərdiyi
diqqət və qayğının növbəti təzahürüdür
Ölkəmizdə aqrar sektorun inkişafı
istiqamətində aparılan uğurlu siyasət öz bəhrəsini
verməkdədir. Belə ki, kənd təsərrüfatında
innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi,
ixracyönümlü məhsul istehsalının təşviq
edilməsi, azad sahibkarlığın hərtərəfli
şəkildə dəstəklənməsi, fermerlərə
subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və
gübrələrlə təminatın
gücləndirilməsi, bölgələrdə dövlət
vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin
regionların sosial-iqtisadi inkişafına dair müvafiq
Dövlət proqramları çərçivəsində məqsədyönlü
tədbirlərin həyata keçirilməsi son nəticədə
respublikamızda aqrar sektorun keyfiyyətcə yeni
inkişaf mərhələsinə çıxmasını təmin
edib. Respublikamızdan ənənəvi bazarlara
və Körfəz ölkələrinə yüksək rəqabət
qabiliyyətinə malik meyvə-tərəvəz
ixracının artması, eləcə də ölkədə
bir sıra istiqamətlər üzrə ərzaq məhsullarına
olan tələbatın sırf daxili istehsal hesabına təmin
edilməsi bunu bir daha təsdiqləyir.
Son illərdə bütün ölkə
üzrə aqrar sektorun inkişafından söhbət
açarkən pambıqçılıq sahəsində əldə
olunan uğurları da xüsusi qeyd edə bilərik. Azərbaycanın
bir sıra bölgələri üçün ənənəvi
təsərrüfatçılıq sahələrindən
olan pambıqçılıqda torpaq mülkiyyətçilərinin
gəlir imkanları kifayət qədər böyükdür.
Bu məhsulun satışı ilə bağlı hər
hansı bir problem yoxdur. Dünya bazarlarında pambıq
birjalarda satılır və istehsalçı ölkələrə
böyük həcmlərdə valyuta qazandırır. Azərbaycan
da Prezident İlham Əliyevin təşəbbüsü ilə
regionlarda pambıqçılıq sahəsində ənənələri
dirçəltməklə yeni iqtisadi şəraitdə
ölkədən qeyri-neft məhsullarının
ixracının genişləndirilməsini hədəfləyib.
Məlum olduğu kimi, artıq sentyabrın əvvəlindən
bölgələrdə kütləvi surətdə pambıq
yığımına başlanıb. Qeyd edək ki,
pambığın alış qiymətinin
artırılması fermerlərdə bu sahəyə
marağı daha da artırıb. Belə ki, Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə
əsasən pambıq istehsalı ilə məşğul olan
fermerlərin məhsul istehsalına həvəsləndirilməsi,
onların maddi rifahının daha da
yaxşılaşdırılması məqsədi ilə Kənd
Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin
məsul işçilərinin iştirakı ilə pambıq
istehsalı və emalı ilə məşğul olan şirkət
rəhbərləri ilə görüş keçirilib. Görüşdə cari ildə görülən
işlər, pambıq yığımının gedişi, tədarükü
və emalı vəziyyəti, eləcə də
qarşıya qoyulan hədəflərə nail olunması
üçün həyata keçirilməsi vacib olan məsələlər
müzakirə edilib.
Pambıq əkən fermerlərin
məhsul istehsalına, yığımına həvəsləndirilməsi
və onların maddi rifahının daha da yüksəldilməsi
məqsədilə pambığın növlər üzrə
mövcud alış qiymətləri hər tona 50 manat olmaqla,
2018-ci ilin məhsulu üçün 1-ci növün
600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata,
3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən
550 manatadək artırılması barədə
razılıq əldə edilib.
“Pambığın hər tonunun alış
qiymətinin 50 manat artırılması nəticəsində
fermerlər əlavə olaraq, ümumilikdə, 12-13 milyon manat
qazanc əldə edəcəklər. Bu, dövlətimizin
başçısının fermerlərə göstərdiyi
diqqət və qayğının növbəti təzahürüdür”.
Bunu məsələyə münasibət bildirən Kənd Təsərrüfatı
Nazirliyinin İctimaiyyətlə əlaqələr və
informasiya təminatı şöbəsinin müdiri Anar
Hüseynov deyib. Anar Hüseynov ölkə üzrə 260 min
ton məhsul yığımının nəzərdə
tutulduğunu deyib. Bildirib ki, pambıq əkini daha çox
Sabirabad, Saatlı, Biləsuvar, Ağcabədi, Bərdə və
Beyləqan rayonlarında həyata keçirilib. Respublika
üzrə pambıq əkininin 60 faizi məhz bu rayonların
payına düşür.
2015-2018-ci illərdə respublikaya “Aqrolizinq”
ASC-nin xətti ilə 353 ədəd pambıqyığan
maşının gətirildiyini vurğulayan şöbə
müdiri yaxın günlərdə daha 50 ədəd
kombaynın da gətirilməsinin nəzərdə
tutulduğunu deyib: “Hazırda bir neçə rayonda əllə
pambıq yığımına başlanılıb. Bu
ayın sonlarında isə yığım prosesinə
kombaynlar da qoşulacaq. Mövcud olan 353 kombayndan 221-i artıq
pambıq istehsalı və emalı ilə məşğul
olan şirkətlərə lizinqə verilib. Onlardan 98-i
“Aqrolizinq” ASC-nin regional servislərində xidmət göstərəcək”.
Pambığın hər tonu üçün
alış qiymətinin 50 manat artırılması Biləsuvarda
da pambıqçılıqla məşğul olan fermerlər
arasında yüksək əhval-ruhiyyə yaradıb,
onların bu sahəyə marağını daha da
artırıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən
bildiriblər ki, bu il Biləsuvarda 12 min hektarda pambıq əkilib.
Əkinçilər bitkiyə aqrotexniki qaydada qulluq göstərdiyindən
sahələrdə bol məhsul yetişib. Bir neçə
gündür ki, pambıqçılar yetişdirdikləri məhsulun
tədarükünə başlayıblar. Qısa müddətdə
126 ton 176 kiloqram məhsul toplanaraq tədarük məntəqələrinə
göndərilib. Təcrübəli pambıqçı,
birinci dərəcəli əmək ordenli Fazil Musayev uzun illərdir
bu sahədə çalışır və yüksək məhsuldarlığa
nail olur. O deyib: “Ötən il becərdiyim 16 hektar pambıq
sahəsindən 81 ton məhsul götürərək, hər
hektarın məhsuldarlığını 51 sentnerə
çatdırmışam. Satdığım məhsulun
müqabilində 5 min manata yaxın qazanc
götürmüşəm. Bu il isə 48 hektarda əkin
aparmışam. Bitkiyə nümunəvi qulluq göstərildiyindən
məhsul boldur. Məhsul yığımını
maşınla aparacağam. Ona görə hələlik
yığıma başlamamışam. Sahədə 90-95 faiz
açılış olduqdan sonra məhsul toplanacaq. Bu il hər
hektardan 50-55 sentner məhsul götürməyi
planlaşdırıram”.
“Məhsulun hər tonunun alış qiymətinin
50 manat artırılması digər istehsalçılar kimi məni
də çox sevindirir. Dövlət tərəfindən biz
pambıqçılara göstərilən hərtərəfli
qayğıdan yararlanaraq, növbəti illərdə əkin
sahəsini daha da genişləndirəcəyəm”, - deyə
fermer bildirib.
Pambığın alış qiymətinin hər
tonuna görə 50 manat artırılması fermerləri daha
çox məhsul istehsal etməyə həvəsləndirib.
Uzun illərdir kənd təsərrüfatı sahəsində
çalışan Ağdam rayon Kolqışlaq kənd sakini
İslam Qasımov KİV-ə açıqlamasında
pambıqçılığın gəlirli sahə
olduğunu bildirib. O deyib: “Pambıq kənd təsərrüfatının
elə sahəsidir ki, həm dövlət üçün əhəmiyyətlidir,
həm də fermerlər üçün xeyirlidir.
Düzgün aqrotexniki qulluq göstərildikdə
yaxşı gəlir götürmək mümkündür.
Digər tərəfdən pambığın becərilməsi
dövründə bütün xərclərin müqavilə
bağlanmış şirkət tərəfindən ödənilməsi,
fermerlərin texnika, toxum, gübrə və dərmanlarla təmin
edilməsi çox əlverişlidir. Mən də bu imkandan istifadə
edərək, ötən il 4 hektarda pambıq becərib, hər
hektardan orta hesabla 47 sentner məhsul götürdüm. 5400
manat qazanc əldə etdim. Bu il də 4 hektarda pambıq becərmişik.
Düzgün aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul
yetişib. Hər hektardan 45 sentnerdən yuxarı məhsul
gözləyirik. Pambığın alış qiymətinin 50
manat qaldırılması mənə min manata yaxın əlavə
qazanc gətirəcək”.
Pambığın alış
qiymətinin artırılmasını dövlət
başçısının fermerlərə göstərdiyi
diqqət və qayğının növbəti təzahürü
kimi qiymətləndirən İslam Qasımov növbəti
ildə əkin sahəsini daha da genişləndirəcəyini
və daha çox məhsul istehsal etməyə
çalışacağını bildirib.
Xatırladaq ki, ölkəmizdə bu il 136 min
hektarda becərilmiş pambığın
yığımına başlanılıb. Tarlaların 70
faizi maşınlar vasitəsilə yığılacaq.
Bütün rayonlarda pambıqyığan kombaynlar, həmçinin
traktor və qoşqular hazır vəziyyətə gətirilib,
ehtiyat hissələri, yuyucu və yağlayıcı maddələrlə
təmin olunub. Kombaynları idarə etmək üçün
mexanizatorlara təlimlər keçilərək sertifikatlar
verilib. “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil
İsmayılov qeyd edib ki, pambığı daşımaq
üçün “Aqrolizinq” ASC-də kifayət qədər
traktor və qoşqu hazırlanıb. Gəncə Avtomobil
Zavodu tərəfindən yığılmış 400-ə
yaxın traktor, həmçinin 700-ə yaxın qoşqu “Aqrolizinq”
ASC-nin rayon bölmələrinin istifadəsinə verilib.
Ölkədə kənd təsərrüfatının
bütün sahələrinin inkişaf etdirilməsi
üçün kifayət qədər maddi-texniki baza
yaradıldığını deyən İsrafil
İsmayılov bildirib ki, “Aqrolizinq” ASC fəaliyyətdə
olduğu 14 il ərzində ölkəyə 43 mindən
çox kənd təsərrüfatı texnikası gətirilərək,
lizinq yolu ilə vətəndaşlara, təşkilatlara
verilib. Ötən il isə ölkəyə 12 mindən
çox kənd təsərrüfatı texnikası gətirilib
ki, bunun da 65 faizə qədəri pambıqçılıqda
istifadə olunan texnikalardır. “Bu il dövlət büdcəsi
tərəfindən ayrılmış 160 milyon manat vəsaitlə
ölkəyə 6 mindən çox kənd təsərrüfatı
texnikası gətirilib”, - deyə şöbə müdiri əlavə
edib.
Yeri gəlmişkən, qeyd edək
ki, Beyləqanda pambıq yığımı
mövsümünün başlanması ilə əlaqədar
bu günlərdə keçirilən müşavirədə
görüləcək işlər, məhsulun vaxtında və
itkisiz yığılması üçün qarşıda
duran vəzifələr müzakirə olunub. Rayonun hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilat rəhbərlərinin,
pambıq istehsalçılarının, fermerlərin, kənd
inzibati ərazi nümayəndələri və bələdiyyə
sədrlərinin iştirak etdiyi toplantıda rayonda pambıq əkinlərinin
ildən-ilə genişləndirildiyi bildirilib. Qeyd olunub
ki, əgər rayon ərazisində 2016-cı ildə 4035
hektarda pambıq əkilmişdisə, 2017-ci ildə bu rəqəm
8550 hektara, 2018-ci ildə isə 9560 hektara
çatdırılıb. Bol məhsul əldə
etmək üçün əkin sahələrində
aqrotexniki becərilmə qaydalarına ardıcıl və
düzgün əməl olunub, cərgələrarası becərmələr,
alaq otlarına və zərərvericilərə qarşı
kimyəvi mübarizə tədbirləri vaxtında
aparılıb, bitkilər tələbata uyğun optimal
müddətdə mineral gübrə və suvarma suyu ilə təmin
edilib. Nəticədə yaxşı çıxış
alınıb, barlı kollar yetişib. Məhsulun
maşınla yığılması nəzərdə tutulan
sahələrdə pambığın yarpaqlarının kimyəvi
yolla tökdürülməsi üçün defoliasiya
işləri görülüb. Artıq rayonda pambıq
yığımına başlanılıb. Cari ildə
tarlalardan 20 min ton pambıq yığılması
proqnozlaşdırılır.
Yığıncaqda
pambıqçılıq təsərrüfatlarının rəhbərləri
və fermerlərin təklifləri dinlənilib,
pambığın vaxtında və itkisiz
yığılması, bu sahədə qarşıya
çıxan çətinliklərin aradan
qaldırılması, o cümlədən emal və tədarük
məntəqələrinin fasiləsiz
elektrik enerjisi ilə təminatının nəzarətdə
saxlanılması, pambıqyığan kombaynların,
daşıyıcı traktorların, habelə pambıq
yığımına fəhlə aparan müxtəlif təyinatlı
maşınların maneəsiz hərəkətinin təmin
olunması, yanğından mühafizə sahəsində qəza
hallarının baş verməməsi üçün
müvafiq orqanların rəhbərlərinə göstərişlər
verilib.
Kürdəmir rayonunun
pambıqçıları isə qısa vaxtda tarlalardan 530
tona yaxın məhsul toplayıblar və yığılan
“ağ qızıl”ın 528 tondan çoxu qəbul məntəqələrinə
təhvil verilib. Rayon İcra Hakimiyyətindən bildiriblər
ki, bölgədə məhsul yığımı
kampaniyası sürətlə davam edir. Hazırda
hər gün tarlalara 1500 nəfərədək işçi
qüvvəsi çıxır. Əksər ərazilərdə,
o cümlədən bol məhsul yetişdirilən Mehdili,
Qocalı, Muradxan, Şilyan, Böyük Kəngərli,
Qarasaqqal, Karrar kənd, Ərəbqubalı və bir sıra
digər ərazi vahidlərində məhsul
yığımı daha sürətlə, mütəşəkkil
davam etdirilir. Bu ərazilərdə hər hektardan orta məhsuldarlıq
25 sentnerdən çox gözlənilir. Qeyd edək ki, builki
mövsümdə rayonda 5030 hektarda pambıq yetişdirilib.
Sahələrin yarıdan çoxu maşınlarla
yığılacaq. Bu məqsədlə 12
pambıqyığan kombayndan istifadə olunacaq.
Saatlı rayonunda da pambıq
yığımı uğurla davam edir. Ötən il
respublikanın pambıqçılıq rayonları
arasında ən çox - 25,5 min ton “ağ qızıl”
toplayan Saatlı rayonunun pambıqçıları cari ildə
də qələbə əzmi ilə
çalışırlar. Pambıqçılar bu günədək
sahələrdən 1125 tondan çox pambıq toplayaraq qəbul
məntəqələrinə göndəriblər. Gün ərzində
sahələrdən 203-205 ton məhsul toplanılır. Rayon
Statistika İdarəsindən bildiriblər ki, bu il rayonda 4
şirkətlə - “MKT İK” MMC, “AZƏRPAMBIQ” MMC, “AQRO-AZ”
MMC və SAATLI “KƏND TƏSƏRRÜFATI” MMC ilə 2645
müqavilə bağlanaraq 15 min 815 hektar sahədə
pambıq əkilib. Rayonda pambıq əkini üçün əlverişli
şərait olduğundan və torpaq mülkiyyətçiləri
tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən
tarlalarda bol məhsul yetişib. “Bakı” Kəndli-Fermer
Təsərrüfatının rəhbəri Xanım Babayeva
bildirib ki, ölkə rəhbərinin aqrar sektorun
inkişafına verdiyi hərtərəfli dəstək və
pambığın alış qiymətinin artırılaraq 60
qəpiyə çatdırılması pambıq əkini ilə
məşğul olan fermerlərin bu sahəyə olan
marağını xeyli artırıb. Pambıqçılığın
inkişafı ilə bağlı torpaq mülkiyyətçilərinə
dövlət tərəfindən edilən güzəştlər,
verilən əlavə subsidiyalar öz gözəl bəhrəsini
verib. İndi sahələrdə ötən ildəkindən
qat-qat çox məhsul var. “Becərdiyimiz 60 hektar sahədə
də məhsul boldur. Kollarda olan qozaların sayı ilə
apardığım təxmini hesablamalara görə, bu
mövsüm hər hektardan 30 sentnerədək məhsul
götürə biləcəyik”, - deyə fermer bildirib.
Bitkidəki qozaların tam
açılmaması səbəbindən hələlik məhsul
yığımı əl ilə aparılır. Yaxın
günlərdə pambıqyığan kombaynlar sahələrə
çıxarılacaq. Bunun üçün rayonda ciddi
hazırlıq işləri görülüb,
maşın-mexanizmlər hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, ötən il Saatlıda 17 min
100 hektar pambıq sahəsindən 25,5 min ton pambıq yığılıb.
Biləsuvarda da pambıq yığımı
kütləvi surətdə davam edir. Rayon Dövlət Aqrar
İnkişaf Mərkəzindən bildiriblər ki, bu il Biləsuvarda
12 min hektar pambıq əkilib. Ötən il isə bu rəqəm
11 min hektar idi. Mütəxəssislər builki hava şəraitini
həm çiyidin vegetasiyası, həm becərmə, həm
də yığım üçün əlverişli hesab
edirlər. Digər tərəfdən də Biləsuvarda
pambıq əkini üçün əlverişli şərait
olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən
bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il
tarlalarda bol məhsul yetişib. Artıq bir neçə
gündür ki, fermerlər məhsul yığımına
başlayıblar. Gün ərzində sahələrdən
20-25 ton məhsul yığılır.
Təcrübəli fermer Fazil
Musayev bildirib ki, qeyri-neft sektorunun inkişafına dövlət
səviyyəsində göstərilən dəstək nəticəsində
rayonda kənd təsərrüfatının digər sahələri
ilə yanaşı, pambıq əkininə də maraq ildən-ilə
artır. Onun dediyinə görə, cari ildə hər
hektardan orta hesabla 23 sentnerdən çox məhsul
yığmaq mümkün olacaq. İndiyədək rayon
üzrə 77 ton 600 kiloqram pambıq yığılaraq qəbul
məntəqələrinə göndərilib. Bitkidəki
qozaların 30 faizinin açılması səbəbindən
hələlik məhsul yığımı əl ilə
aparılır. Yaxın günlərdə isə sahələrə
pambıqyığan maşınlar da çıxarılacaq.
Bunun üçün ciddi hazırlıq işləri
görülüb. 34 ədəd pambıqyığan kombayn və
200-ə yaxın maşın-mexanizm hazır vəziyyətə
gətirilib.
Qeyd edək ki, bu il biləsuvarlı
pambıqçılar sahələrdən 26 min ton pambıq
yığmağı qarşılarına məqsəd
qoyublar.
Ucarda isə cari mövsümdə 2000 hektarda
“ağ qızıl” yetişdirilib və kütləvi məhsul
yığımına başlanıb. Hazırda hər gün
tarlalara 350 nəfərdən çox işçi qüvvəsi
çıxır. Rayonun əksər ərazilərində,
xüsusilə daha çox məhsul yetişdirilən Bərgüşad,
Şahlıq, Xələc və bir sıra digər ərazi
vahidlərində “ağ qızıl” yığımı
daha mütəşəkkil davam etdirilir. Ümumiyyətlə,
hər yerdə fermerlər ağır zəhmət
bahasına yetişdirilən məhsulun itkisiz
toplanması üçün bütün qüvvələri
səfərbərliyə alıblar. Qeyd edək ki, cari
mövsümdə rayonda hər hektardan orta hesabla azı 20
sentner “ağ qızıl” istehsal olunacağı gözlənilir.
Neftçalada isə bu il 3 şirkətlə,
ümumilikdə, 979 mülkiyyətçi müqavilə
bağlayıb. Bağlanmış müqavilələrə əsasən
rayonda 7 min hektar sahədə pambıq əkilib. Fermer və
torpaq mülkiyyətçiləri nümunəvi becərmə
işləri apardıqlarından sahələrdə bol məhsul
yetişib. Təcrübəli pambıqçı Təyyubə
İbrahimova 25 hektarda pambıq becərib və bu günlərdə
məhsul yığımına başlayıb. “Məhsulumuz
boldur. İndi qarşıda duran əsas vəzifə
pambığı qısa müddətdə toplayaraq təhvil
verməkdir. Bunun üçün bütün qüvvəmizi
səfərbər etmişik. Gün ərzində 180-200
kiloqram məhsul yığırıq”, - deyə
pambıqçı bildirib.
Sahələrdə bol məhsulun yetişməsi
məhsul istehsalçılarını çox sevindirir,
çünki pambıq əkən fermerlər bu mövsüm
məhsulun hər kiloqramını 60 qəpiyə sata biləcəklər.
Eyni zamanda, əlavə olaraq 10 qəpik də subsidiya ödəniləcək.
Yığılmış məhsulu qəbul
etmək üçün rayonda 4 pambıq qəbul məntəqəsi
fəaliyyət göstərir. Məntəqələrdə məhsul
qəbulunu fasiləsiz həyata keçirmək
üçün bütün zəruri hazırlıq işləri
görülüb. Artıq ilk məhsul məntəqələrə
daxil olmaqdadır.
Pambıq sahələrinin məhsulunun 50 faizdən
çoxunun pambıqyığan kombaynlarla toplanılması nəzərdə
tutulub. Bunun üçün 15 pambıqyığan
maşın hazır vəziyyətə gətirilərək
fermerlərin ixtiyarına verilib.
Cəbhə bölgəsində
yerləşən Tərtər rayonunda da pambıqçılıqla
məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri
məhsul yığımını uğurla davam etdirirlər.
Ötən il hektarın orta məhsuldarlığına
görə respublikanın pambıqçılıq
rayonları arasında ön sırada dayanan tərtərli
pambıqçılar bu ili də yüksək göstəricilərlə
başa vurmağı qarşıya məqsəd qoyublar. Bu il
rayon ərazisində 3300 hektarda pambıq becərilib. “MKT
İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə
bağlanan müqaviləyə əsasən, pambıq
istehsalçıları becərmə zamanı lazımi
texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin
olunublar. Sahələrə göstərilən
düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə,
gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə
və digər zərərvericilərə qarşı dərmanlama
tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi
nəticəsində bu il də tarlalarda bol məhsul
yetişib.
Rayonda pambıq əl əməyindən istifadə
edilməklə yığılmağa başlanıb. İlk
olaraq rayonun Qaraağacı kəndi ərazisində
yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər
filialına təhvil verilib. “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər
filialının direktoru Feruz Hacıyev tarlalarda məhsulun
ötən ildəkindən də çox olduğunu bildirib:
“Bu il 649 fermerlə 1667 hektar sahədə pambıq becərilməsi
üçün müqavilə bağlanıb. Becərmə
işləri bütün aqrotexniki qaydalara əsasən
aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir.
Barlı kollar yetişib. Ötən il hər hektardan orta
hesabla 28,9 sentner məhsul götürmüşdük. Bu il isə
məhsuldarlığın 31 sentnerdən çox
olacağını gözləyirik. 8 ədəd
pambıqyığan kombayn, 16 ədəd traktor, 40 ədəd
qoşqu, 3 ədəd yükləyici hazır vəziyyətə
gətirilib. Sentyabrın 9-dan tarlalarda defolyasiya işlərinə
başlanılıb. İlk günlərdə fermerlər məhsul
yığımını əl əməyi vasitəsilə
həyata keçirirlər. Ayın 20-dən sonra isə
pambıqyığan kombaynlar da sahələrə
çıxarılıb”.
Pambıq qəbulu məntəqəsinə ilk
məhsulu təhvil verən Qaraağacı kənd sakini Sabir
Qədirov ötən il olduğu kimi bu il də yüksək
məhsuldarlığa nail olduğunu bildirib: “Keçən il
hər hektardan orta hesabla 45 sentner məhsul vermişdim. Bu il də
1,3 hektarda pambıq becərib, düzgün aqrotexniki xidmət
sayəsində bol məhsul yetişdirmişik. Birinci üz
yığımından 3470 kiloqram pambıq yığıb məntəqəyə
təhvil verdik. Pambıq yığımı
mövsümünün sonunadək hər hektarın məhsuldarlığının
50 sentnerə çatacağını gözləyirik.
İnanıram ki, tarlalardan 130 tondan artıq pambıq
götürəcəyik”.
Qeyd edək ki, 2017-ci ildə 3123 hektarda
pambıq becərən Tərtər
pambıqçıları tarlalardan 8419 ton məhsul tədarük
ediblər. Bu, orta məhsuldarlığa görə ötən
il respublika üzrə ən yüksək göstərici olub.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2018.-
26 sentyabr.- S.7.