Vyanada görkəmli yazıçı
və ədəbiyyatşünas
alim Mir Cəlal Paşayevin xatirəsi anılıb
Sentyabrın 24-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində
görkəmli yazıçı,
ədəbiyyatşünas alim Mir Cəlal
Paşayevin xatirəsinə
həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri açan mərkəzin
direktoru Leyla Qasımova XX əsrdə Azərbaycan elmi, ədəbiyyatı və
təhsilinin inkişafında
əvəzsiz rol oynamış Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb, bu il yazıçının
110 illik yubileyi münasibətilə həm
Azərbaycanda, həm
də xarici ölkələrdə
silsilə tədbirlərin
təşkil edildiyini
diqqətə çatdırıb.
Bildirib ki, ötən əsr Azərbaycan ədəbiyyat
tarixi və ədəbi tənqid məktəbində önəmli
yerə malik Mir Cəlal özünü oxuculara ilk növbədə hekayələri ilə sevdirə bilib. Sadə insanların gündəlik həyatı
və güzəranı,
əxlaqi dəyərlər,
sosial problemlər və ictimai mövzular yazıçının
hekayələrində dolğun
şəkildə öz
əksini tapır. Mir Cəlal dövrünün çatışmazlıqlarını
adi həyatdan götürdüyü və
bəzən də yumorun dili ilə
oxucuya çatdırmağı
məharətlə bacaran,
ictimai tənqidi incə yumorla qələmə alan yazıçı kimi məşhurlaşıb. Məhz
buna görə də onu “kiçik
janrın böyük
ustadı” adlandırırlar.
Qeyd edilib
ki, Azərbaycan Mədəniyyət Mərkəzi
bu günlərdə vəfatının 40-cı ili
tamam olan ədibin yaradıcılığına
yenidən müraciət
edib. Onun “Kəmtərovlar ailəsi”
hekayəsinin motivləri
əsasında ekranlaşdırılmış
“İki yad adam” bədii filmini Avstriya ictimaiyyətinə təqdim
etmək qərarına
gəlib. Bu məqsədlə filmin yaradıcı heyəti - Əməkdar artist Gülşad Baxşıyeva,
layihə müəllifi
və prodüser Hüseyn Cavadzadə, ssenari müəllifi Nicat Dadaşov, aktyor Riad Abdulov
Vyanaya dəvət edilib.
Filmin layihə
müəllifi və prodüseri, “ADDIM” Gənclər
Təşkilatının sədri
Hüseyn Cavadzadə bildirib ki, bu
gün gənc yaradıcı insanların
üzərinə böyük
ədibin irsini geniş kütləyə
tanıtmaq məsuliyyəti
düşür. Filmin əsasında
duran “Kəmtərovlar
ailəsi” hekayəsi
60 il bundan öncə yazılmasına
baxmayaraq, bu gün də öz aktuallığını
qoruyub saxlayır və məhz buna görə ölkəmizin hüdudlarından
kənarda da sevilir, festivallarda mükafatlara layiq görülüb. Film
ötən ilin mart ayında ilk dəfə Çinin paytaxtı Pekin şəhərində
keçirilən “Grand
Asian” film festivalında nümayiş
olunub və “Ən yaxşı sosial film” nominasiyasında
qalib olub.
Əməkdar artist Gülşad
Baxşıyeva film haqqında fikirlərini bölüşərkən qeyd
edib ki, müasir həyatla səsləşən hekayədə
və onun ekran əsərində əsas qayə insanları şan-şöhrət,
var-dövlət dalınca
qaçmaqdansa, öz
ülvi hisslərini yaşamağa, axıb gedən həyatda öz gəncliklərinin və bir-birlərinin qədrini bilməyə çağırmaqdır.
Sonra “ADDIM” Gənclər
Təşkilatının sifarişi
ilə “Caspian Media Group” şirkəti
tərəfindən Mir
Cəlal Paşayevin “Kəmtərovlar ailəsi”
hekayəsinin motivləri
əsasında ekranlaşdırılan
“İki yad adam” filmi təqdim
olunub.
Filmdə əsas
rollarda Əməkdar artist Gülşad Baxşıyeva, aktyorlar Duyğu Dəvəli, Riad Abdulov, Faiq
Mirzəyev, Fərqanə
Quliyeva, Aysel Osmanlı, Vüsalə Məmmədzadə və
başqaları çəkiliblər.
Tamaşaçılar tərəfindən böyük
maraqla qarşılanan
filmin təqdimatından
sonra yaradıcı heyətin üzvləri film barədə öz fikirlərini bölüşüb, tamaşaçıların
suallarını cavablandırıblar.
Yeni Azərbaycan.-
2018.- 26 sentyabr.- S.7