Azərbaycanın regionlarında arıçılığın inkişafı diqqət mərkəzində saxlanılır

 

Hazırda ölkə üzrə təsərrüfatlarda təxminən 300 min arı ailəsi var və respublikada illik bal istehsalı 3 min tona çatdırılıb

Yeni iqtisadi şəraitdə Azərbaycanın bölgələrində regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına uyğun olaraq həm daxili bazarda böyük tələbat duyulan, həm də ölkəmiz üçün yeni ixrac imkanları yaradan məhsulların istehsalının artırılması diqqət mərkəzində saxlanılır. Belə məhsullardan biri də təbii baldır. Təbii bal qiymətli ərzaq məhsuludur və onun həm daxili, həm də xarici bazarlarda satışı ilə bağlı hər hansı bir problem yoxdur. Azərbaycanın regionlarında arıçılıq sahəsində tarixən mövcud olan ənənələri dirçəltməklə, həmçinin ana təbiətin imkanlarından bəhrələnməklə təbii bal istehsalını əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

Son illərdə respublikamızda arıçılığın inkişafı müxtəlif tədbirlər vasitəsilə geniş təşviq edilir. O cümlədən paytaxt Bakıda keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkaları regionlarda fermerlərin gəlirli sahə olan arıçılığa marağını artırıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən hazırda Bakıda növbəti belə yarmarkanın keçirilməsinə ciddi hazırlıq işləri görülür.

Yeri gəlmişkən, nazirlik arıçıların çoxsaylı müraciətlərini nəzərə alaraq arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasının keçirilmə məkanını dəyişib. Belə ki, bu dəfə yarmarka 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək. Sərgi-satış yarmarkasının açılışı oktyabrın 5-də, saat 12.00-da baş tutacaq.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər. Qeyd edək ki, yalnız göstərilən müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq. Arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə əvvəlcədən tərtib olunmuş cədvəl əsasında həyata keçirilir. Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək.

Respublikada arıçılığın inkişafı üçün fermerlərlə müvafiq qurumların sıx əməkdaşlığı vacib amillərdən biridir

Qeyd edək ki, respublikada arıçılığın inkişafı üçün fermerlərlə müvafiq qurumların sıx əməkdaşlığı vacib amillərdən biridir. Bu fikir kənd təsərrüfatı naziri İnam Kərimovun Azərbaycan Arıçılar Assosiasiyasının üzvləri ilə görüşündə də vurğulanıb. Görüşə assosiasiyanın rəhbər heyəti, fərdi arıçılıq təsərrüfatının təmsilçiləri qatılıblar.

Nazirlikdən verilən məlumata görə, görüşdə kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığı vacib saydığını deyib. Bu məqsədlə nazirlikdə struktur dəyişiklikləri aparıldığını deyən nazir qurumun tərkibində fermerlərlə, assosiasiyalarla və kooperativlərlə iş şöbəsinin yaradıldığını xatırladıb. İnam Kərimov nazirliyin öz fəaliyyətində fermerlərə yaxın olmaq prinsipini əsas götürdüyünü vurğulayıb, indiyə kimi bir çox ixtisaslaşmış assosiasiyaların nümayəndələri ilə görüşdüyünü diqqətə çatdırıb. İnam Kərimov daxili bazarda keyfiyyətli, ekoloji təmiz arıçılıq məhsullarına böyük ehtiyac olduğunu deyib, bal və digər arıçılıq məhsullarının ixrac potensialının artırılmasının vacibliyini vurğulayıb.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri, “Api-Delta” arıçılıq şirkətinin direktoru Bədrəddin Həsrətov qurumun 2015-ci ildə yaradıldığını, hazırda 5 şəhər və 44 rayonda assosiasiyanın yerli bölmələrinin fəaliyyət göstərdiyini vurğulayıb. Arıçılığın spesifik sahə olduğunu bildirən assosiasiya sədri qeyd edib ki, ölkə üzrə təsərrüfatlarda təxminən 300 min arı ailəsi var. Azərbaycanda ildə 3 min ton bal istehsal olunduğunu deyən Bədrəddin Həsrətov bu sahəyə subsidiya verilməsini vacib sayıb. Subsidiyaların verilməsi ilə əlaqədar arı ailələrinin qeydiyyata alınması prosesinə Arıçılar Assosiasiyasının da cəlb olunmasını təklif edən sədr bildirib ki, bu sahədə görüləcək kompleks tədbirlər daxili bazarın tam şəkildə yerli məhsulla təmin olunmasına və xarici ölkələrə məhsul ixracına imkan verəcək.

Görüşdə çıxış edən “Dəlidağ” arıçılıq təsərrüfatının rəhbəri Sabir Mustafayev, “AQS Group” şirkətinin rəhbəri Natiq Mədətov, “Balçı” arıçılıq təsərrüfatının rəhbəri, fərdi təsərrüfatçılar Şahin Cəfərov, Şəhriyar Nurullahi, Qadir Mustafayev arıçılıq sektorunda mövcud vəziyyəti təhlil edib, bu sahənin inkişafına dair çoxsaylı təkliflər səsləndiriblər. İştirakçılar bal yarmarkalarının təşkili, daimi bal satışı mərkəzlərinin, arılar üçün yem bazasının yaradılması, arıçılıq kooperativlərinin təsis olunması, seleksiya işlərinin aparılması, arı xəstəliklərinə qarşı mübarizənin düzgün təşkili, təsərrüfatların mexanikləşdirilməsi, “Aqrolizinq”in xətti ilə ölkəyə arı pavilyonlarının gətirilməsi, nektar bazasını artırmaq üçün xüsusi bitkilərin əkilməsi, arıçılıq təsərrüfatlarının işinin düzgün təşkilinə yardım üçün kredit ittifaqlarının yaradılması, Assosiasiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Nazir İnam Kərimov isə arıçılar arasında maarifləndirmə işinin aparılmasının vacib olduğunu deyib. Rayon və şəhərlərdə Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) yaradıldığını xatırladan nazir bildirib ki, DAİM-lərdə aqrar sektorun müxtəlif sahələrinə dair qrafik üzrə təlimlər keçiriləcək, bu təlimlərə arıçılar da aktiv cəlb olunacaqlar. İnam Kərimov arıçıların yaxın müddətdə DAİM-lərin fəaliyyətinin effektini açıq şəkildə hiss edəcəyini bildirib, onları bu mərkəzlərlə sıx əlaqə qurmağa çağırıb. Bal ilə bağlı ekoloji təmiz məhsul standartının müəyyənləşməsinə ehtiyac olduğunu vurğulayan nazir arıçılıq məhsulları ilə bağlı brendlərin yaradılmasını vacib sayıb.

Bu ildən arıçılar saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya alacaqlar

Bir sözlə, arıçılığın inkişafı diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə bu ildən etibarən subsidiya veriləcək. Arıçılar saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya alacaqlar. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, artıq Nazirlər Kabineti “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nı təsdiq edib. Yeni qayda “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə təsdiqlənib.

Arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üçün arıçılıq təsərrüfatları “Arıçılıq təsərrüfatlarının uçotu Qaydası”nın tələblərinə uyğun uçota alınmalıdır. Subsidiya verilməsinin təşkili üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon (şəhər) komissiyaları yaradılacaq.

Arıçılar ərizələrini, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün VÖEN-in surətini, subsidiyanın köçürüləcəyi bank hesabına dair məlumatları hər il aprel ayının 30-dək arıçılıq təsərrüfatının yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim etməlidirlər.

Arıçılara subsidiya verilməsi ilə bağlı qərar 5 il müddətində qüvvədə olacaq

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya verilməsi ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi qaydaları KİV-ə şərh edən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndəsi, ekspert Nicat Nəsirli bildirib ki, subsidiyanı təyin edəcək komissiyanın iş prinsipləri aşağıdakı kimidir:

1. 15 gün müddətində yerli icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi bələdiyyə nümayəndəsi və arıçının iştirakı ilə məlumatları yerində dəqiqləşdirərək arı ailələrinin mövcudluğunu yoxlayır və düzbucaqlı formada plastik materialdan hazırlanan lövhəni şrup vasitəsilə pətəyin yuxarı sağ küncünə bərkitməklə, arı ailəsinin (pətəyinin) identikləşdirilməsini təmin edir;

2. Arı ailələrinin (pətəklərin) yoxlanılması və mövcudluğu haqqında rayon (şəhər) komissiyaları tərəfindən akt tərtib olunur;

3. Aprel ayının 30-dan sonra əldə olunan arı ailələri növbəti ildə identikləşdirilir və hər arı ailəsinə (pətəyə) görə subsidiya təyin olunur;

4. Arı ailələri satıldıqda, bağışlandıqda, təbii fəlakət, xəstəliklər və digər səbəblər nəticəsində məhv olduqda, o cümlədən identikləşdirmə kodu (lövhə) itirildikdə arıçı 5 gün müddətində komissiyaya məlumat verməli və aparılmış identikləşdirilmə ləğv edilməlidir;

5. Hər il iyunun 15-dək subsidiya veriləcək arıçılar və onların saxladıqları arı ailələri (pətəkləri), subsidiyanın məbləği barədə məlumatlar “Elektron kənd təsərrüfatı” informasiya sisteminə daxil edilməli, hesablanmış subsidiyanın arıçının bank hesabına köçürülməsi üçün onların bank hesabına dair məlumatlar nazirliyə göndərilməlidir;

6. Arıçıya dair sənədlər mərkəzi komissiya tərəfindən baxılmalı və 20 gün ərzində subsidiyanın verilməsi ilə bağlı sifariş Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməlidir.

“Bank hesablarının açılması və plastik kartların hazırlanması arıçıların öz vəsaiti hesabına həyata keçirilməlidir, subsidiya mexanizmi yaxın 5 il müddətində qüvvədə olacaq”, - deyə ekspert bildirib.

Arıçılara subsidiya ayrılması regionlarda bu sahənin inkişafına güclü stimul verəcək

Arıçılara saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilməsi arıçılığın inkişafına böyük dəstəkdir. Bu sözləri KİV-ə açıqlamasında 40 ildən çoxdur arıçılıq sahəsində fəaliyyət göstərən Ağdam rayon sakini Solmaz Nəcəfova deyib. Ağdam rayonunun Mollalar kəndindən olan Solmaz xanım hələ uşaq vaxtlarından arıçılığa böyük maraq göstərdiyini bildirib: “Ata-babadan arıçılıqla məşğul olmuşuq. Bu sahəyə maraq da məndə kiçik yaşlarımdan yaranıb. Odur ki, orta məktəbi bitirdikdən sonra texniki peşə məktəbində arıçılıq ixtisası üzrə təhsil aldım. O zaman 70-dən artıq arı ailəsi saxlayırdıq. Bu işdə atamın ən yaxın köməkçisi idim. Gözəl vaxtlar idi. Yaz mövsümündə arıları Kəlbəcər rayonuna aparırdıq. Kəndimiz işğal olunandan sonra çətinliklərə baxmayaraq, ailəmizin arıçılıq ənənələrini davam etdirdim. Uzun müddət yol kənarlarında, çətin şəraitdə yaşadıq. Hazırda Quzanlıda dövlətimiz tərəfindən inşa edilən qəsəbədə evlə təmin edilmişik. Arıları da burada saxlayırıq”.

 

(davamı növbəti sayımızda)

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.-27 sentyabr.- S.7.