Azərbaycanın
regionlarında arıçılığın
inkişafı diqqət mərkəzində saxlanılır
Hazırda ölkə üzrə təsərrüfatlarda
təxminən 300 min arı ailəsi var və respublikada illik
bal istehsalı 3 min tona çatdırılıb
Yeni iqtisadi şəraitdə Azərbaycanın
bölgələrində regionların sosial-iqtisadi
inkişafına dair müvafiq Dövlət proqramlarına
uyğun olaraq həm daxili bazarda böyük tələbat
duyulan, həm də ölkəmiz üçün yeni ixrac
imkanları yaradan məhsulların istehsalının
artırılması diqqət mərkəzində
saxlanılır. Belə məhsullardan biri də təbii
baldır. Təbii bal qiymətli ərzaq məhsuludur və
onun həm daxili, həm də xarici bazarlarda satışı
ilə bağlı hər hansı bir problem yoxdur. Azərbaycanın regionlarında
arıçılıq sahəsində tarixən mövcud
olan ənənələri dirçəltməklə, həmçinin
ana təbiətin imkanlarından bəhrələnməklə
təbii bal istehsalını əhəmiyyətli dərəcədə
artırmaq mümkündür.
Son illərdə respublikamızda
arıçılığın inkişafı müxtəlif
tədbirlər vasitəsilə geniş təşviq edilir. O
cümlədən paytaxt Bakıda keçirilən
arıçılıq məhsullarının sərgi-satış
yarmarkaları regionlarda fermerlərin gəlirli sahə olan
arıçılığa marağını artırıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata
əsasən hazırda Bakıda növbəti belə
yarmarkanın keçirilməsinə ciddi hazırlıq
işləri görülür.
Yeri gəlmişkən, nazirlik
arıçıların çoxsaylı müraciətlərini
nəzərə alaraq arıçılıq məhsullarının
növbəti respublika sərgi-satış yarmarkasının
keçirilmə məkanını dəyişib. Belə ki,
bu dəfə yarmarka 2018-ci ilin 5-28 oktyabr tarixlərində
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan
Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına
Respublika Stadionunun ərazisi) keçiriləcək. Sərgi-satış
yarmarkasının açılışı oktyabrın 5-də,
saat 12.00-da baş tutacaq.
Kənd Təsərrüfatı
Nazirliyinin yaydığı məlumatda bildirilir ki, yarmarkada
iştirak etmək istəyən arıçılar öz məhsullarını
şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın
15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı
mühafizə olunan anbara təhvil verməlidirlər.
Qeyd edək ki, yalnız göstərilən müddətdə
anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar
yarmarkada satışa çıxarılacaq.
Arıçılıq məhsullarının anbara qəbulu
iqtisadi rayonlar üzrə əvvəlcədən tərtib
olunmuş cədvəl əsasında həyata keçirilir.
Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi
ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar
üzrə və fərdi qaydada püşkatması
keçiriləcək.
Respublikada arıçılığın
inkişafı üçün fermerlərlə müvafiq
qurumların sıx əməkdaşlığı vacib amillərdən
biridir
Qeyd edək ki, respublikada
arıçılığın inkişafı
üçün fermerlərlə müvafiq qurumların
sıx əməkdaşlığı vacib amillərdən
biridir. Bu fikir kənd təsərrüfatı naziri İnam Kərimovun
Azərbaycan Arıçılar Assosiasiyasının üzvləri
ilə görüşündə də vurğulanıb.
Görüşə assosiasiyanın rəhbər heyəti, fərdi
arıçılıq təsərrüfatının təmsilçiləri
qatılıblar.
Nazirlikdən verilən məlumata görə,
görüşdə kənd təsərrüfatı naziri
İnam Kərimov nazirliyin assosiasiyalarla əməkdaşlığı
vacib saydığını deyib. Bu məqsədlə
nazirlikdə struktur dəyişiklikləri
aparıldığını deyən nazir qurumun tərkibində
fermerlərlə, assosiasiyalarla və kooperativlərlə
iş şöbəsinin yaradıldığını
xatırladıb. İnam Kərimov nazirliyin öz fəaliyyətində
fermerlərə yaxın olmaq prinsipini əsas
götürdüyünü vurğulayıb, indiyə kimi bir
çox ixtisaslaşmış assosiasiyaların
nümayəndələri ilə
görüşdüyünü diqqətə
çatdırıb. İnam Kərimov daxili bazarda keyfiyyətli,
ekoloji təmiz arıçılıq məhsullarına
böyük ehtiyac olduğunu deyib, bal və digər
arıçılıq məhsullarının ixrac
potensialının artırılmasının vacibliyini
vurğulayıb.
Azərbaycan Arıçılar
Assosiasiyasının sədri, “Api-Delta”
arıçılıq şirkətinin direktoru Bədrəddin
Həsrətov qurumun 2015-ci ildə
yaradıldığını, hazırda 5 şəhər və
44 rayonda assosiasiyanın yerli bölmələrinin fəaliyyət
göstərdiyini vurğulayıb.
Arıçılığın spesifik sahə olduğunu
bildirən assosiasiya sədri qeyd edib ki, ölkə üzrə
təsərrüfatlarda təxminən 300 min arı ailəsi
var. Azərbaycanda ildə 3 min ton bal istehsal olunduğunu deyən
Bədrəddin Həsrətov bu sahəyə subsidiya verilməsini
vacib sayıb. Subsidiyaların verilməsi ilə
əlaqədar arı ailələrinin qeydiyyata alınması
prosesinə Arıçılar Assosiasiyasının da cəlb
olunmasını təklif edən sədr bildirib ki, bu sahədə
görüləcək kompleks tədbirlər daxili bazarın
tam şəkildə yerli məhsulla təmin olunmasına və
xarici ölkələrə məhsul ixracına imkan verəcək.
Görüşdə
çıxış edən “Dəlidağ”
arıçılıq təsərrüfatının rəhbəri
Sabir Mustafayev, “AQS Group” şirkətinin rəhbəri Natiq Mədətov,
“Balçı” arıçılıq təsərrüfatının
rəhbəri, fərdi təsərrüfatçılar
Şahin Cəfərov, Şəhriyar Nurullahi, Qadir Mustafayev arıçılıq sektorunda mövcud vəziyyəti
təhlil edib, bu sahənin inkişafına dair
çoxsaylı təkliflər səsləndiriblər.
İştirakçılar bal yarmarkalarının təşkili,
daimi bal satışı mərkəzlərinin, arılar
üçün yem bazasının yaradılması,
arıçılıq kooperativlərinin təsis olunması,
seleksiya işlərinin aparılması, arı
xəstəliklərinə qarşı mübarizənin
düzgün təşkili, təsərrüfatların
mexanikləşdirilməsi, “Aqrolizinq”in xətti ilə ölkəyə
arı pavilyonlarının gətirilməsi, nektar
bazasını artırmaq üçün xüsusi bitkilərin
əkilməsi, arıçılıq təsərrüfatlarının
işinin düzgün təşkilinə yardım
üçün kredit ittifaqlarının yaradılması, Assosiasiyanın
beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə
bağlı təkliflər səsləndiriblər.
Nazir İnam Kərimov isə
arıçılar arasında maarifləndirmə işinin
aparılmasının vacib olduğunu deyib. Rayon
və şəhərlərdə Dövlət Aqrar
İnkişaf mərkəzlərinin (DAİM) yaradıldığını
xatırladan nazir bildirib ki, DAİM-lərdə aqrar sektorun
müxtəlif sahələrinə dair qrafik üzrə təlimlər
keçiriləcək, bu təlimlərə
arıçılar da aktiv cəlb olunacaqlar. İnam Kərimov
arıçıların yaxın müddətdə DAİM-lərin
fəaliyyətinin effektini açıq şəkildə hiss
edəcəyini bildirib, onları bu mərkəzlərlə
sıx əlaqə qurmağa çağırıb. Bal ilə
bağlı ekoloji təmiz məhsul standartının müəyyənləşməsinə
ehtiyac olduğunu vurğulayan nazir arıçılıq məhsulları
ilə bağlı brendlərin yaradılmasını vacib
sayıb.
Bu ildən arıçılar
saxladıqları hər arı ailəsinə görə 10
manat məbləğində subsidiya alacaqlar
Bir sözlə,
arıçılığın inkişafı diqqət mərkəzindədir.
Məlumat üçün bildirək ki, Azərbaycanda
arıçılıqla məşğul olan fiziki və
hüquqi şəxslərə bu ildən etibarən subsidiya
veriləcək. Arıçılar saxladıqları hər
arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində
subsidiya alacaqlar. Kənd Təsərrüfatı
Nazirliyindən verilən məlumata əsasən, artıq
Nazirlər Kabineti “Arıçılıqla məşğul
olan fiziki və hüquqi şəxslərə
saxladıqları hər arı ailəsinə (pətəyə)
görə subsidiya verilməsi Qaydası”nı təsdiq edib.
Yeni qayda “Azərbaycan Respublikasında
arıçılığın inkişafının
stimullaşdırılması haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının
2.1-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə təsdiqlənib.
Arı ailələrinin (pətəklərin)
identikləşdirilməsi və hər arı ailəsinə
(pətəyə) görə subsidiyanın verilməsi
üçün arıçılıq təsərrüfatları
“Arıçılıq təsərrüfatlarının
uçotu Qaydası”nın tələblərinə uyğun
uçota alınmalıdır. Subsidiya verilməsinin təşkili
üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən rayon (şəhər)
komissiyaları yaradılacaq.
Arıçılar ərizələrini,
fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin,
hüquqi şəxslər və hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən
fiziki şəxslər üçün VÖEN-in surətini,
subsidiyanın köçürüləcəyi bank
hesabına dair məlumatları hər il aprel ayının
30-dək arıçılıq təsərrüfatının
yerləşdiyi rayon (şəhər) komissiyalarına təqdim
etməlidirlər.
Arıçılara subsidiya verilməsi ilə
bağlı qərar 5 il müddətində qüvvədə
olacaq
Arıçılıqla məşğul
olan fiziki və hüquqi şəxslərə subsidiya verilməsi
ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi
qaydaları KİV-ə şərh edən “Ərzaq məhsullarının
tədarükü və təchizatı” ASC-nin nümayəndəsi,
ekspert Nicat Nəsirli bildirib ki, subsidiyanı təyin edəcək
komissiyanın iş prinsipləri aşağıdakı
kimidir:
1. 15 gün müddətində
yerli icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə
nümayəndəsi bələdiyyə nümayəndəsi
və arıçının iştirakı ilə məlumatları
yerində dəqiqləşdirərək arı ailələrinin
mövcudluğunu yoxlayır və düzbucaqlı formada
plastik materialdan hazırlanan lövhəni şrup vasitəsilə
pətəyin yuxarı sağ küncünə bərkitməklə,
arı ailəsinin (pətəyinin) identikləşdirilməsini
təmin edir;
2. Arı ailələrinin (pətəklərin)
yoxlanılması və mövcudluğu haqqında rayon (şəhər)
komissiyaları tərəfindən akt tərtib olunur;
3. Aprel ayının 30-dan sonra əldə olunan
arı ailələri növbəti ildə identikləşdirilir
və hər arı ailəsinə (pətəyə) görə
subsidiya təyin olunur;
4. Arı ailələri
satıldıqda, bağışlandıqda, təbii fəlakət,
xəstəliklər və digər səbəblər nəticəsində
məhv olduqda, o cümlədən identikləşdirmə
kodu (lövhə) itirildikdə arıçı 5 gün
müddətində komissiyaya məlumat verməli və
aparılmış identikləşdirilmə ləğv
edilməlidir;
5. Hər il iyunun 15-dək
subsidiya veriləcək arıçılar və onların
saxladıqları arı ailələri (pətəkləri),
subsidiyanın məbləği barədə məlumatlar
“Elektron kənd təsərrüfatı” informasiya sisteminə
daxil edilməli, hesablanmış subsidiyanın
arıçının bank hesabına
köçürülməsi üçün
onların bank hesabına dair məlumatlar nazirliyə göndərilməlidir;
6. Arıçıya dair sənədlər mərkəzi
komissiya tərəfindən baxılmalı və 20 gün ərzində
subsidiyanın verilməsi ilə bağlı sifariş Maliyyə
Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinə təqdim
edilməlidir.
“Bank hesablarının açılması və
plastik kartların hazırlanması arıçıların
öz vəsaiti hesabına həyata keçirilməlidir,
subsidiya mexanizmi yaxın 5 il müddətində qüvvədə
olacaq”, - deyə ekspert bildirib.
Arıçılara subsidiya ayrılması
regionlarda bu sahənin inkişafına güclü stimul verəcək
Arıçılara saxladıqları hər
arı ailəsinə görə 10 manat məbləğində
subsidiya müəyyən edilməsi
arıçılığın inkişafına böyük
dəstəkdir. Bu sözləri KİV-ə
açıqlamasında 40 ildən çoxdur
arıçılıq sahəsində fəaliyyət
göstərən Ağdam rayon sakini Solmaz Nəcəfova
deyib. Ağdam rayonunun Mollalar kəndindən olan Solmaz xanım
hələ uşaq vaxtlarından arıçılığa
böyük maraq göstərdiyini bildirib: “Ata-babadan
arıçılıqla məşğul olmuşuq. Bu sahəyə
maraq da məndə kiçik yaşlarımdan yaranıb. Odur
ki, orta məktəbi bitirdikdən sonra texniki peşə məktəbində
arıçılıq ixtisası üzrə təhsil
aldım. O zaman 70-dən artıq arı ailəsi
saxlayırdıq. Bu işdə atamın ən yaxın
köməkçisi idim. Gözəl vaxtlar idi. Yaz mövsümündə
arıları Kəlbəcər rayonuna aparırdıq. Kəndimiz
işğal olunandan sonra çətinliklərə baxmayaraq,
ailəmizin arıçılıq ənənələrini
davam etdirdim. Uzun müddət yol kənarlarında, çətin
şəraitdə yaşadıq. Hazırda Quzanlıda
dövlətimiz tərəfindən inşa edilən qəsəbədə
evlə təmin edilmişik. Arıları da burada
saxlayırıq”.
Solmaz Nəcəfova qeyd edib ki,
arıçılıqla məşğul olan şəxslərə
saxladıqları hər arı ailəsinə görə 10
manat məbləğində subsidiya müəyyən edilməsi
bu sahəyə marağı daha da artıracaq.
“Arıçılıqla məşğul olan fiziki və
hüquqi şəxslərə subsidiya verilməsi ilə
bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalarla
tanış oldum. Biz arıçılar
arıçılığın inkişafına göstərilən
dövlət qayğısından ruhlanaraq, təsərrüfatımızı
daha da genişləndirəcək və
arıçılıq məhsulları istehsalında yüksək
nəticələrə nail olmağa
çalışacağıq”, - deyə arıçı
bildirib.
Astarada arıçılıq sahəsində
məhsuldarlıq ötən illə müqayisədə 20
faiz artıb
Bu məqamda vurğulamaq yerinə düşər
ki, dövlət tərəfindən göstərilən diqqət
və qayğı regionlardakı arıçıları daha
məhsuldar işləməyə sövq edib. Məsələn,
Astara rayonunda arıçılıqla məşğul olan
fermerlər və məhsul istehsalçıları bu il
yüksək məhsuldarlığa nail olublar. Rayonun
arıçıları ilk bal süzümünü may
ayının sonu - iyunun əvvəllərində aparıblar.
Bundan sonra isə daha da bol məhsul əldə
etmək üçün arı ailələri Aran
rayonlarına köçürülmüşdü. Avqust
ayından etibarən isə tədricən geri gətirilən
arı ailələrindən mövsümün sonuncu bal
süzümünə başlanılıb.
Orta hesabla hər bir arı ailəsindən
24-25 kiloqram bal əldə edən arıçılar bu il məhsuldarlığın
ötən illə müqayisədə 20 faiz
artdığını bildiriblər. Arıçılar
balın qiymətinin onun keyfiyyətindən asılı olaraq
25-35 manat arasında dəyişdiyini deyirlər.
Qeyd edək ki, Astara rayonunda olan 1300
arıçılıq təsərrüfatında 27 minə
yaxın arı ailəsi saxlanılır. Ötən il rayonda
300 ton bal məhsulları istehsal olunub. Bu il bu rəqəmin
400 tona çatdırılması nəzərdə tutulur.
Muxtar respublikada 4070 sahibkar
arıçılıqla məşğuldur
Arıçılığın
inkişafı Naxçıvan Muxtar Respublikasında da diqqət
mərkəzindədir. Bildirmək yerinə düşər
ki, hazırda muxtar respublikada 4070 sahibkar
arıçılıqla məşğuldur. Onların 549 nəfəri
20-250 arı ailəsi olan sahibkardır. Aqrar sahədə
aparılan islahatlardan əvvəl muxtar respublikada cəmi 6045
arı ailəsi var idisə, hazırda bu rəqəm 71 min
66-ya çatdırılıb. Arı ailələrinin bu
artımının nəticəsidir ki, ötən il muxtar
respublikada 1424 ton bal istehsal olunub.
“2017-2022-ci illərdə Naxçıvan Muxtar
Respublikasında arıçılığın
inkişafı üzrə Dövlət Proqramı”ndan irəli
gələn vəzifələrin icrası istiqamətində
ötən müddətdə xeyli iş görülüb. Həyata
keçirilən tədbirlərdən biri də 2016-2017-ci illərdə
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində
“Arıçılıq məhsulları-bal
festivalı”nın təşkilidir. Festivalda
arıçılıq məhsullarının, balın sərgi
və satışının təşkili bu sahəyə
marağı xeyli artırıb.
Muxtar respublikanın Kənd Təsərrüfatı
Nazirliyinin əməkdaşı İntiqam Hüseynbəyli
AZƏRTAC-ın Naxçıvan bürosuna bildirib ki,
Naxçıvanda arıçılığın yem
bazasını aran, dağətəyi və dağlıq ərazilərin
bitki örtüyü təşkil edir. Naxçıvanın
təbii-coğrafi iqlim şəraitini, eyni zamanda, bitki
örtüyünün müxtəlifliyini nəzərə
alaraq arı ailələrinin normal inkişafını təmin
etmək üçün onların mövsüm ərzində
azı beş dəfə köçürülməsi vacibdir.
İlk olaraq qışlamadan
çıxmış arı ailələri dağətəyi
bölgələrdən aran bölgələrinə
köçürülür. Bu dövrdə aran bölgələrində
hava şəraitinin başqa bölgələrə nisbətən
isti keçməsi arı ailələrinin oyanmasına və
ana arıların yuva daxilində daha erkən yumurta
qoymasına səbəb olur. Arı ailələri bu zaman yuva
daxilində ehtiyat baldan və çiçək tozundan istifadə
edərək inkişafa başlayır. Bu zaman şanlarda
balın möhürünün arıçı tərəfindən
az miqdarda açılması diqqətdə
saxlanılmalıdır. Möhürü
açılmış balın iyi arıları özünə
cəlb edir. Balla qidalanma arı ailələrinin daha tez
oyanmasına və inkişafın erkən başlamasına səbəb
olur. Arı ailələri mart ayının ikinci
ongünlüyünə qədər yuvadaxili qidanın
hesabına inkişaf edərək keyfiyyətcə yeni, cavan nəsil
ilə əvəz olunur.
Mayın 15-nə kimi aran bölgələrində
işləyən arı ailələrini yenidən dağətəyi
bölgələrə aparmaqla onların ikinci
köçürülməsi təşkil edilir. Arı ailələrini,
əsasən, bitkilərin nektar əmələgətirmə
dövründə dağətəyi bölgələrə,
ilin ən isti aylarında isə (iyulda) dağlıq bölgələrə
aparmaqla üçüncü köçürülməsi təşkil
edilir. Avqust ayında arı ailələrini aran bölgələrinə
yenidən qaytarmaqla onların dördüncü
köçürülməsi həyata keçirilir.
Arıların son işləmə dövrü avqust və
sentyabr aylarıdır. Bu dövrdə arılar nektar və
çiçək tozunu yoncadan, üzümdən və
payız çiçəklərindən toplayırlar. Oktyabr
ayının əvvəlindən arı ailələrinin
yuvası qış üçün yığılır və
respublikanın dağətəyi bölgələrinə
aparmaqla onların sonuncu - beşinci köçürülməsi
təşkil edilir. Arıçılar arı ailələrini
yerli şəraitdən asılı olaraq əsas nektar əmələgəlmə
dövründə bir dəfə əvəzinə, iki və
ya üç dəfə köçürə bilərlər.
Arı ailələri vaxtında, planlı qaydada
köçürülməlidir. Bunun üçün
arıçı öz bölgəsinin hər bir
hektarında olan bitki örtüyündəki nektarın, təxminən,
nə qədər olmasını bilməlidir.
Bal arılarının əlverişli
uçuş diametri 3 kilometrdir. Bu, o deməkdir ki, pətəyin
olduğu yerdən bütün istiqamətlərə tərəf
3 kilometr uzaqlıqda olan bitkilərdən arılar nektar toplaya
bilər.
İsmayıllıda bu il ötən ildəkindən
1,2 ton çox bal istehsal olunub
İsmayıllı rayonunda isə bal
istehsalı başa çatıb və arıçılar
cari mövsümdə bəslədikləri arı ailələrindən
61 ton bal götürüblər. Rayon icra hakimiyyətindən
bildirilib ki, bu il istehsal olunan bal məhsulu ötən ildəkindən
1,2 ton çoxdur.
Qeyd edək ki, arıçılıq
İsmayıllıda inkişaf etməkdədir. Peşəkar
arıçıların da sayı ildən-ilə artır.
Hazırda rayonda 7 min 180 arı ailəsi vardır ki, bu
keçənilki göstəricidən 50 ailə
artıqdır. Bu gün hər biri 100-200 arı ailəsi bəsləyən
İslam Fətullayev, Müşviq Hüseynov, İvan Kazakov,
Akif Abdullayev kimi onlarca peşəkar arıçılar ailə
büdcələrinə yaxşı gəlir gətirən
arıçılıqla məşğuldur.
Arıçılar istehsal etdikləri balı əsasən
yerli bazarlarda satırlar. Hər il Bakı şəhərində
keçirilən bal yarmarkasına orta hesabla 6-8 ton bal
çıxarılır.
Qubadan Yaponiyaya bal ixrac edilir
Bu gün Azərbaycanda istehsal olunan təbii
balın sorağı xarici ölkələrdən gəlir. Məsələn,
qubalı arıçı Əziz Ələkbərov istehsal
etdiyi balı Yaponiyadan olan müştərilərə
satır. Təxminən 300 arı ailəsindən ibarət təsərrüfata
sahib olan fermer artıq dörd ildir gündoğan ölkəyə
müştərilərlə müqavilə əsasında bal
göndərir. Yerli sahibkarlarla yaponiyalı iş adamları
arasında razılaşmaya əsasən il ərzində 6-7
ton bal ixrac olunur ki, bunun da bir tonunu Əziz Ələkbərov
təmin edir. Qubanın Susayqışlaq kəndindən olan
arıçı builki məhsuldarlıqdan da razıdır. Hər
arı yeşiyindən 15-20 kiloqram bal götürüb.
“Biz yüksək məhsuldarlıq əldə
etmək üçün mövsüm boyu arıların
yerini 5-6 dəfə dəyişmişik. Bu, böyük zəhmət
və xərc tələb edir. Bu işi görməsən
yaxşı bal götürə bilməzsən. İndi aran
balını süzürük. Artıq yekunlaşmaq üzrədir.
Məhsuldarlıq da bizi qane edir. Bal süzümündən
sonra çiçək tozlu çərçivələri
arılara verəcəyik ki, normal qışlasınlar və öz
balalarını qidalandırsınlar. Bizim region
üçün səciyyəvi olan Boz Qafqaz
arısıdır və məhsuldarlığı ilə
seçilir. Digərlərinə nisbətən bu
arıların xortumu uzun olur ki, bu da bitkilərdən şirə
çəkməyi asanlaşdırır”, - deyə o bildirib.
Arıçı əldə etdiyi balı
Yaponiyadan olan müştərilərlə yanaşı, yerli
bazarda da satır. Bir kiloqram balın qiyməti isə 35
manatdır. Əziz Ələkbərov deyir ki, müştəri
sarıdan çətinliyi yoxdur. Keyfiyyətli balın
müştərisi hər zaman çox olur.
Müasir texnologiyanın təkmilləşməsi
sənaye avadanlıqlarına da təsirsiz ötüşməyib.
Təcrübəli arıçı bildirir ki, bu, müsbət
hal olsa da, bəzi saxtakarlar bundan istifadə edirlər. Belə ki, işbazlar arıçılıq məhsullarının
tərkibinə müxtəlif qarışıqlar əlavə
edirlər və nəticədə təmiz, təbii balı
keyfiyyətsizindən ayırmaq çox çətin olur.
Əziz Ələkbərov alıcılara məsləhət
görür ki, ancaq inandıqları, tanıdıqları arıçılardan
bal alsınlar.
Quba rayonunda, ümumilikdə, 10 minə
yaxın arı ailəsi saxlanılır. Bu il
arıçılıq təsərrüfatlarından 50 tondan
çox bal əldə olunub.
Digər bölgələrimizdə də
arı ailələrinin sayı ildən-ilə artır
Ermənistanla həmsərhəd
bölgələrimizdən olan və kəndləri tez-tez
düşmən təxribatı nəticəsində atəşə
tutulan Qazax rayonunda müharibə şəraitinin bütün
çətinliklərinə baxmayaraq, yerli sakinlər kənd
təsərrüfatının müxtəlif sahələri
kimi arıçılığa da xüsusi maraq göstərir
və arı ailələrinin sayını ildən-ilə
artırırlar. Bu il Qazax rayonunda arıçılıqla məşğul
olan sahibkarların sayı 535 nəfərə, arı ailələrinin
sayı isə 2 min 940-a çatıb.
Bu il rayon üzrə hər
arı ailəsindən orta hesabla 9,8 kiloqram olmaqla, ümumilikdə,
38 ton 620 kiloqram məhsul götürülüb. Ötən
il isə 2 min 807 arı ailəsindən orta hesabla 9,6 kiloqram
olmaqla, ümumilikdə, 26 ton 950 kiloqram məhsul əldə
olunmuşdu.
Qeyd edək ki, Qazax rayonunun ən çox
Quşçu Ayrım, Məzəm, Aşağı
Salahlı, Fərəhli və digər kəndlərinin sakinləri
arıçılıqla məşğul olurlar.
Samux rayonunda da ənənəvi sahələrdən
olan arıçılığa maraq ildən-ilə artır.
Hazırda rayonda 892 arı ailəsi mövcuddur. Bunun 853-ü əhali
təsərrüfatlarında saxlanılır. Rayon Statistika
İdarəsinin rəisi Gündüz Bayramov KİV-ə
açıqlamasında bildirib ki, son 3 ildə rayondakı
arı ailələrinin sayı 468 ədəd artıb.
Gündüz Bayramov deyib ki, Samux rayonunun münasib iqlim
xüsusiyyəti bu sahənin inkişafına əlverişli
şərait yaradır.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2018.- 28 sentyabr.- S.7