Bayram Heydərov - vətənpərvərliyi və maarifçiliyi ömrünün mənasına çevirən ziyalı

 

Maarifçilik elə bir ziyadır ki, uzun illər ötsə belə işığı xeyli insanın ömür yoluna nur saçmaqda davam edir. Maarifpərvər insanların fəaliyyətinin əsas qayəsi də başqalarının ömür yolunu nurlandırmaqdır. Maarifçilik vətənpərvərliyin başqa yöndən təzahürüdür. Yalnız Vətənini ürəkdən sevənlər bütün həyatını Vətən övladlarının savad alması üçün fəda edə bilərlər. Böyük maarifpərvər ziyalı Bayram Heydərov da belə vətənpərvər pedaqoqlardan idi.

Bayram Heydərov 1956-cı il mart ayının 22-də Qərbi Azərbaycanın Zəngibasar rayonunun Dəmirçi kəndində ziyalı ailəsində dünyaya göz açıb. Orta təhsilini doğma kəndlərində alan gələcəyin böyük pedaqoqu ali təhsilini 1974 - 1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin mexanika - riyaziyyat fakültəsində tamamlayıb. Təyinatla AMEA-nın RiyaziyyatMexanika İnstitutunun Xüsusi Konstruktor Bürosuna göndərilən Bayram Heydərov burada laborantdan aparıcı konstruktor vəzifəsinədək yüksəlib.

Bayram Heydərov ötən əsrin 80-ci illərinin sonlarında Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki elmi mərkəzdə 6 ay müddətində, Novosibirsk Dövlət Universitetində iki illik ixtisasartırma kurslarında olmuş, aspiranturanı bitirmiş, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademik M.M. Lavrentyevin rəhbərliyi ilə Novosibirsk Dövlət Universitetində differensial tənliklər ixtisası üzrə müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. O, 1988-ci ilin yanvar ayında Vətənə dönərək AMEA-nın RiyaziyyatMexanika İnstitutunda fəaliyyətini davam etdirmişdir. Bu, o zamana təsadüf edirdi ki, artıq Ermənistan tərəfindən torpaqlarımıza iddialar eşidilməkdə idi.

RiyaziyyatMexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda çalışdığı zaman Bayram Heydərov həm də müasir hərbin inkişafında məxsusi yeri olan məsələlərlə məşğul olmuşdur. Həmin illərdə Azərbaycanda tətbiqi elmlərin inkişafına ciddi diqqət yetirilirdi. SSRİ hərbi sənayesinin inkişafı üçün güclü elmi mərkəzlər müəyyən sifarişləri yerinə yetirirdilər. Bu da öz növbəsində elmin inkişafına təkan vermiş oldu. Müstəqilliyimizin ilk illərində Leninqrad (indiki Sankt-Peterburq) və Novosibirsk şəhərlərində ezamiyyətdə olduğu vaxtlarda topladığı elmi, nəzəri təcrübəyə söykənərək qurulmaqda olan Müdafiə Nazirliyinə (MN) həmfikir alim yoldaşları ilə cəbhədəki itkilərin qarşısını almaq məqsədilə müraciət edir, işçi qrupun yaradılmasına nail olurlar. Planları isə pərakəndə yaradılan MN-nin işini tənzimləyən elmi (hərbi) tədqiqatlar mərkəzi yaratmaq idi. Araşdırmalar aparıb, ölkədaxili imkanları müəyyənləşdirdikdən sonra təklifləri MN-ə, sonralar Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə müşaviri olan qərargah rəisi, general-polkovnik Nurəddin Sadıqova təqdim edirlər. Aydın olur ki, Azərbaycanda bu məsələlərin həllinə qabil olan nə yüksək, nə də orta səviyyəli kadrlar var. Kadr probleminin aradan qaldırılmasına töhfə vermək məqsədilə Bayram Heydərov və AMEA-nın əməkdaşları olan alimlərdən ibarət vətənpərvər ziyalılar istiqamətlər üzrə yeni tipli məktəb yaradılması yönündə planlarını gerçəkləşdirmək üçün fəaliyyətə başlayırlar. Bu fəaliyyət Azərbaycanda təhsil sisteminin tənəzzül dövrünə təsadüf edirdi. Ölkədə gedən dağıdıcı proseslər orta təhsili də çökdürməkdə idi...

Qeyd edək ki, AMEA-nın elmi-tədqiqat institutlarının əməkdaşlarını da bir araya gətirməklə RiyaziyyatMexanika İnstitutunda Bayram müəllimin təşəbbüsü və institutun direktoru, böyük alim, akademik Fəraməz Maqsudovun dəstəyi ilə respublikada riyaziyyat elmi sahəsində alınmış nəzəri nəticələrin tətbiqi sahəsində işləmək üçün institutun nəznində “Zəngi” adında kiçik dövlət müəssisəsi də yaradılmışdı. Fəaliyyəti ərzində “Zəngi” kiçik dövlət müəssisəsində çalışan alimlər tərəfindən orta məktəb şagirdləri üçün müxtəlif adlarda kitablar yazılmış, müxtəlif müəssisələr üçün avtomatik idarəetmə sistemləri yaradılmış, dəqiq ölçü cihazları hazırlanmışdır.

Elmin müxtəlif istiqamətlərində çalışan tanınmış alimlər qrupunu profil üzrə məktəb yaradılması ideyasına inandıran və bu prosesə cəlb edən Bayram müəllim onlarla birlikdə Nizami rayonu ərazisində kibernetika, radioelektrorinika, biokimyagenetika profilləri üzrə “Zəngi” liseyi yaradılmasını gerçəkləşdirmək üçün RiyaziyyatMexanika İnstitutunun rəhbərliyinə müraciət edirlər. İnstitutun əməkdaşları və elmi şurası tərəfindən bu ideya bəyənilir. Məsələnin həlli üçün institutun direktoru rəhmətlik Fəraməz Maqsudov tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına 16.07.1992-ci il tarixdə ¹38-3/264 nömrəli məktubla müraciət olunmuşdur. Nizami Rayon İcra Hakimiyyətinin 27.07.1992 - ci il tarixli 699 saylı sərəncamı, Azərbaycan Respublikası Təhsil nazirinin 28.07.1992 - ci il tarixli 684 saylı sərəncamı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.08.1992 - ci il 1159 saylı sərəncamı ilə “Zəngi” liseyinin yaradılması rəsmiləşdirilmişdir.

“Zəngi” liseyiNizami rayonundakı 250, 252 nömrəli məktəblər daxil olmaqla Məktəb - Lisey Təhsil Mərkəzi yaransa da ilk öncə heç bir səbəb göstərilmədən bu mərkəz ləğv edilmişdir. Həmin əmri almaq üçün dəfələrlə sorğu etsə də Bayram müəllimə bu əmr verilməmişdir. Müəyyən müddət keçdikdən sonra fəaliyyəti Təhsil Mərkəzi ilə birgə dayandırılan “Zəngi” liseyinə fəaliyyət göstərməyə razılıq verilmişdir.

“Zəngi” liseyinin fəaliyyətinə icazə verilsə də artıq tək məktəb olaraq da işləməsi heçasan olmamışdır. Yarandıqdan sonra məqsədyönlü fəaliyyətinə baxmayaraq heç bir səbəb və açıqlama vermədən, aydınlıq gətirmədən qısa müddətdən sonra Təhsil Nazirliyinin 26.05.1993 - il tarixli 13 saylı əmri ilə liseyin fəaliyyəti də dayandırılmış, yerləşdiyi Nizami rayonundakı 251¹li məktəbin binasına şagirdlər və fəlsəfə doktorları, elmlər doktorları olan müəllimlər buraxılmamışlar.

Məhz Bayram Heydərovun prinsipiallığı, vətənpərvərliyi, zəngin biliyi, eləcə də AMEA-nın bir neçə institutunun əməkdaşlarının onun ətrafında birləşərək mübarizəyə qoşulmaları, onların 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevə müraciət etmələri “Zəngi” liseyinin yenidən açılmasına, fəaliyyətə başlamasına səbəb olmuşdur. “Zəngi” liseyinin yüksək səviyyəli elmi dərəcəli müəllimlərinin fədakarlığı, sonrakı mərhələdə kollektivlə aparılan ciddi nəticəsində uğurla irəliləyən bu təhsil ocağının məzunlarının ölkəmizdə, xarici ölkələrdə ali təhsil müəssisələrinə yüksək keyfiyyət göstəricisi ilə daxil olmaları, tutduqları vəzifənin öhdəsindən layiqincə gəlmələri, məzmunlu təhsilin bütün parametrlərinin tətbiqinə nail olunması, müəllimlərin peşəkar səviyyəsinin artırılması, müasir təlim texnologiyalarının çox-çox əvvəllər təlim prosesində tətbiqinə nail olunması, müəllimlərin, məktəb rəhbərliyinin yaxşı işinə görə Təhsil Nazirliyi, ölkə rəhbərliyi tərəfindən rəğbətləndirilməsi-bütün bunlar Bayram Heydərovun zəhmətinin, müəyyən etdiyi strategiyanın doğruluğunun nəticəsi idi.

Bir məsələni də nəzərdən qaçırmaq olmaz. “Zəngi” liseyinin keçməkeşli yolunda Bayram Heydərova AMEA-nın digər elmi-tədqiqat institutlarından, xüsusilə keçmiş SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrini bitirib ölkəmizə fayda vermək üçün gələn mütəxəssislərin dəstək verməsinin səbəbi maraq doğurmaya bilməz. Məsələ burasındadır ki, Bayram Heydərov AMEA-nın yeni çoxmərtəbəli aspirantlar yataqxanasına sədr seçilmişdi. Burada bütövlükdə AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan gənclər, aspirantlar, alimlər özü gənc, lakin ədəbi, ərkanı, ləyaqəti, savadı ilə ağsaqqal kimi qəbul olunan, onların problemlərini ən yüksək səviyyədə qaldıran və həllinə nail olan Bayram Heydərovu kəşf etmişdilər. Müxtəlif institutların əməkdaşlarının onun mübarizəsinə qoşulmalarının bir səbəbi də qeyd etdiyimiz etimad idi. Onunla Leninqrad və Novosibirskdə stajartırmada olduğu, aspiranturada oxuduğu müddətdə qazandığı dostlar, AMEA-nın RiyaziyyatMexanika İnstitutunda işlədiyi müddətdə, xüsusilə “Zəngi” kiçik dövlət müəssisəsinə rəhbərlik edərkən aşkarlıqla və halallıqla idarə etməsi artıq Bayram Heydərovun səsinə səs verən elm adamlarının sayını, keyfiyyət göstəricisini artırırdı. “Zəngi” liseyinin yaranmasından tutmuş bu günədək heç bir təhsil ocağının təşəkkül tapmasına bənzəməyən, yolu ağır olsa da mübarizəsindəki ədalətlilik sonrakı işləri halallıqla davam etdirməsinə səbəb olurdu. Bayram Heydərovun şəxsiyyəti onun qeyd etdiyimiz fəaliyyəti zamanı aydınlaşır, ona hədsiz inam yaranırdı...

Müxtəlif ixtisaslı, dünya görüşünə malik, fərqli vəzifələrdə işləyən və s. insanlar Bayram müəllimə elə ilk görüşdə bağlanırdılar. Saf idi, riyakarlıq, xəyanət, arxadan zərbə vurmaq kimi mənfi keyfiyyətlər ona yad idi.

Bayram müəllim müsahibələrinin birində Davos İqtisadi Forumunda səslənən “XXI əsr internetgenetika əsridir” deyimini diqqətə çatdırmaqla, məhz qeyd olunan istiqamətlər üzrə yeni tipli məktəbin - liseyin yaradılmasının nə qədər uzaqgörən qərar olunduğunu qeyd edirdi.

Bayram müəllimin qısa şəkildə alim, pedaqoq kimi təhsilimiz, vətənpərvər insan kimi cəmiyyətimiz qarşısında xidmətlərini qeyd etdik. B.Heydərov onun və “Zəngi” liseyinin yetirmələrinin ən nüfuzlu ölkələrdən sədalarının gəlməsinə həmişə sevinər, məclislərdə fəxrlə adlarını çəkərdi. Bir məsələni xüsusi olaraq vurğulamaq istərdik ki, liseyi yaradarkən AMEA institutlarında çalışan alimləri başına yığsa da, bu təhsil ocağı böyüdükcə artıq yeni, gənc, perspektivli kadrları məktəbə cəlb edir, bu iki nəsil arasında elmi - pedaqoji, ali - orta təhsil müəssisələri və mütəxəssislərin körpüsünü yaradır və sonuncuların inkişafına təkan verən addım atırdı.

Yeni işə qəbul olunan nəsil müəllimlər liseyin yaradılması və inkişafında rolu, elmi dərəcəsi olan mütəxəssislərin əhatəsində sürətlə inkişaf etməyə başladılar. Müəllimlərin yuxarı təhsil qurumları, eləcə də müxtəlif təşkilatlar tərəfindən inkişafa həvəsləndirən layihələrdə yer qazanmaları, uğura imza atmaları liseyin nailiyyətlərini şərtləndirməkdə idi. Bayram müəllim kənardan qarışıq, çətin görünən prosesi elə tənzimləyirdi ki, müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşları, ali təhsil ocaqlarında dərs deyən müəllimləri, orta məktəb müəllimlərinin arasında fərdi, qarşılıqlı, qrup münasibətləri işçilərin, liseyin nəhayət təhsilin inkişafına yönəlir, xidmət edirdi.

Təəssüflə qeyd etməliyik ki, Bayram Heydərov doktorluq müdafiəsini başa çatdıra bilmədi. Türkiyədə, Rusiyanın Novosibirsk şəhərində beynəlxalq reytinqli jurnallarda məqalələri çap olunsa da ömür vəfa etmədi ki, o, işləri toparlayıb müdafiə etsin.

Bayram müəllim 2006-cı ildə Türkiyənin Zolquldak Karaelmas Universitesində keçirilən beynəlxalq simpoziuma dəvət almış və iştirak etmişdir. İranda Qum şəhərində keçirilən konfransda da Azərbaycan nümayəndə heyətinin tərkibində məhsuldar fəaliyyət göstərmiş, zəngin kitabxanaya malik olan mərkəzdə xüsusən dini, tarixi materialların cüzi hissəsi ilə maraqlanmağa vaxt tapmış, faydalanmışdır.

Novosibirsk Dövlər Universiteti, Rusiya EA Sibir filialının RiyaziyyatMexanika İnstitutu, AMEA-nın RiyaziyyatMexanika İnstitutu ilə sıx əlaqələri son günlərə qədər davam etdirilirdi. Türkiyədə işləyən azərbaycanlı alimlərlə - elmlər doktorları Vərqa Kələntərli. Rauf Xələfov və başqa elm adamları ilə mütəmadi əlaqə saxlayırdı. Rusiya EA-nın dünya şöhrətli akademiki M.M. Lavrentyevin Bayram müəllim tərəfindən Bakıya dəvət olunması, onunla elmi dairələrdə və “Zəngi” liseyində görüşməsi vətənpərvər insanın geniş planlarının tərkib hissəsinə daxil idi.

Bu gün Bayram Heydərovun yolunu davam etdirəcək kadrların olması bizləri sevindirir. Bayram müəllimin qızı Səadət Heydərova AMEA-nın RiyaziyyatMexanika İnstitutunun dissertantıdır. O da “Zəngi” liseyində riyaziyyat müəllimi kimi çalışır. Bayram Heydərovun digər üç övladı onun himayəsində tərbiyə alırdı. Təəssüflər olsun ki, ADA - nın tələbəsi olan oğlu Mirheydəri və qızlarını yerbəyer etmədən bu dünyadan vaxtsız köçdü. Allah sənə rəhmət eləsin, böyük pedaqoq, müəllim, xeyirxah insan!

Sonda Bayram müəllimin vətənpərvərliyinin nümunəsindən birini qeyd etmək yerinə düşərdi. Yenicə aspiranturanı bitirib Azərbaycana qayıdan Bayram müəllim Azərbaycanda başlayan xalq hərəkatına qoşuluronun fəallarından olur. Mitinqlərdə iştirak edən Bayram Heydərov atası Mirabbas müəllimdən 1988 - ci il noyabr ayının sonlarında xəbər alır ki, Qərbi Azərbaycanın Zəngibasar bölgəsinin əhalisi erməni vəhşiliyi nəticəsində Türkiyə ilə sərhədə yığılmışlar, təcili kömək gəlməsə insanlar məhv olmaq təhlükəsi ilə üz - üzə qalacaqlar. Havaların soyuq keçməsi, insanların yandırmağa odun, kömür tapa bilməməsi, qida məhsulları üçün rayon mərkəzinə, İrəvana gedə bilməməsi vəziyyəti dözülməz hala salmışdı.

Zəngibasardan olan ermənilər tərəfindən doğma yurd-yuvasından qovulan soydaşlarımızın bir hissəsi Bakıda hərbi komendaturanın qarşısında piket keçirir, Zəngibasarda qalan insanların dözülməz, çıxılmaz vəziyyətini komendanta çatdırmaq, tədbir görmək üçün tələb səsləndirirlər. Hərbi komendantla bir neçə nəfər görüşür, bölgənin xəritəsini təqdim edirlər. Komendant bölgəni tanıyan piket iştirakçılarına müraciət edir. Yüzlərlə insanın arasından bir neçə nəfər, o cümlədən Bayram Heydərov könüllü olaraq İrəvana - Zəngibasara getmək arzusunu bildirirmülki şəxslərə rəhbərlik ona həvalə olunur. 1988-ci il dekabr ayının əvvəllərində Bakının Qala aeroportundan hərbi təyyarə ilə bir qrup hərbçi ilə İrəvanın Erebuni aeroportunda yerə enirlər. Erebuni aeraportunda işləyən və sərnişin kimi təyyarə gözləyən ermənilərin meydana tərəf axışmasının qarşısını hərbçilər çətinliklə alır və yaratdıqları dəhlizlə onları hərbi vertalyotla hadisə yerinə çatdırırdılar. O, hərbi vertolyotla azərbaycanlıların toplaşdıqları Rəncbər kəndində meydana yığışan azərbaycanlı əhalini havadan müşahidə edərkən sarsıldığını deyir, sonuncu dəfə bu yerlərə gəlişini düşündüyünü danışarkən kədərlənirdi. İmkansız, ev dəyişə bilməyən insanların təhlükəsiz, yalnız sərhəd zonası ilə çıxarılmasına təkid edən və buna nail olan Bayram Heydərovu bu güninsanlar minnətdarlıqla xatırlayırlar.

Bayram müəllimin fəaliyyəti elmi-pedaqoji sahə ilə məhdudlaşmır. Bayram Heydərovun ictimai-siyasi fəaliyyəti də diqqəti cəlb edir. O, Yeni Azərbaycan Partiyasının I qurultayının nümayəndəsi olmuşqurultayda Siyasi Şuranın üzvü seçilmişdir. Yeni Azərbaycan Partiyası kimi nəhəng bir partiyanın Siyasi Şurasında təmsil olunmaq onun siyasi çəkisinin göstəricisi idi.

Bayram Heydərov kimi ziyalılar yalnız cismani olaraq bizdən ayrıla bilərlər, onların mənəvi həmişəyaşarlığının və səmərəli fəaliyyətinin bəxş etdiyi sönməz işıq isə hələ çox uzun illər insanların həyatlarını nurlandırmağa davam edəcək.

 

Vüqar Rəhimzadə,

 

YAP Siyasi Şurasının üzvü,

İki sahilqəzetinin baş redaktoru, Əməkdar journalist

 

Yeni Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 7.