“Vahid Rusiya” Partiyasının gənclər qolu olan “Gənclər Qvardiyası” Ümumrusiya İctimai Təşkilatının nümayəndələri ilə YAP-ın mənzil qərargahında görüş keçirilib

 

Sentyabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqlər komitəsinin sədr müavini Sevinc Fətəliyeva ölkəmizdə səfərdə olan Rusiyanın “Vahid Rusiya” Partiyasının gənclər qolu olan “Gənclər Qvardiyası” (MGER) Ümumrusiya İctimai Təşkilatının nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Sevinc Fətəliyeva Azərbaycanla Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. S.Fətəliyeva bildirib ki, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin də böyük əhəmiyyəti var. Onun sözlərinə görə, sentyabrın 27-də Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri də bu baxımdan önəm kəsb edir.

Yeni Azərbaycan Partiyası ilə “Vahid Rusiya” Partiyası arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən şöbə müdiri iki ölkənin hakim partiyalarının əməkdaşlığının genişlənməsinin əhəmiyyətini vurğulayıb. S.Fətəliyevanın fikrincə, “Gənclər Qvardiyası” təşkilatının nümayəndə heyətinin Azərbaycana səfəri bu önəmin göstəricisidir. YAP üzvlərinin 40 faizinin gənclərdən ibarət olduğunu deyən S.Fətəliyeva hər iki partiyanın gəncləri arasında əlaqələrin genişlənməsini çox müsbət hal kimi dəyərləndirib.

Azərbaycana səfər etmələrindən məmnunluğunu bildirən MGER-in Koordinasiya Şurasının üzvü, təşkilatın Tatarıstan regional şöbəsinin rəhbəri Dinar Bariyev Azərbaycanla Rusiyanın strateji tərəfdaş olmaqla yanaşı, həm də dost ölkələr olduğunu diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyası ilə “Vahid Rusiya” Partiyasının əməkdaşlığının əhəmiyyətindən danışan D.Bariyev qeyd edib ki, hər iki partiyanın gəncləri arasında da sıx dostluq münasibətləri mövcuddur. O bildirib ki, nümayəndə heyətinin tərkibində təşkilatın müxtəlif regionlar üzrə strukturlarının rəhbər şəxsləri təmsil olunur. Bu da partiyaların gəncləri arasında dostluq münasibətinin göstəricisidir. D.Baniyev gənclər arasında əlaqələrin daha da inkişaf etdirilməsinə maraqlı olduqlarını söyləyib.

Görüşdə daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Yeni Azərbaycan.- 2018.- 29 sentyabr.- S. 5.