Azərbaycan güclü müdafiə sənayesi yaradıb

 

“ADEX-2018” sərgisi Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlərin tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir

Son 15 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Ölkəmizdə ordu quruculuğu sahəsində də sistemlikompleks işlər aparılır. Qeyd edək ki, müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması böyük önəm kəsb edir. Və ölkəmizdə çox sürətlə, həmçinin yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fizikipsixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilib. Beləliklə, görülən bütün bu işlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir.

Ölkəmizdə müdafiə sənayesinin inkişafı diqqət mərkəzindədir

Bunlarla yanaşı, ölkəmizdə müdafiə sənayesinin inkişafı da xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başlayıb. Qeyd etmək lazımdır ki, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət istiqamətlərinə, əsas etibarilə, müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini, habelə müdafiə sənayesi sahəsinin inkişafını, dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar üzrə Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müdafiə təyinatlı məhsulların yaradılmasını, istehsalını, təkmilləşdirilməsini, təmirini, utilizasiyasını, idxal-ixracını təmin etmək daxildir. Nazirliyin nəzdində olan müəssisələrdə istehsal olunan yüzlərlə adda məhsul özünün yüksək keyfiyyəti ilə müasir tələblərə cavab verir. Məhz bunun nəticəsidir ki, ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilən müəssisələrdə qısa müddətdə yenidənqurma işləri aparılıb, son illərdə həmin müəssisələrin maşın və avadanlıq parkı yenilənib, bu məqsədlə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıqlar alınaraq quraşdırılıb. Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlıq qurub. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sərgilərində də nümayiş olunur.

Bütövlükdə, ölkəmizdə hərbi-sənaye kompleksinə aid müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalatda tətbiq olunur. Beləliklə, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki təchizatına xidmət edən müdafiə sənayesinin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsi ölkənin müdafiə qabiliyyətini artırır. Hərbi məhsulların satışı üzrə genişləndirilən xarici əməkdaşlıq isə əlavə iqtisadi dividendlər gətirir, ölkənin xarici bazarlardakı mövqeyini gücləndirir. Ümumiyyətlə, milli hərbi-sənaye kompleksində buraxılan müxtəlif növ döyüş texnikası qısa müddətdə xarici bazarlara yol tapıb ki, bu da olduqca mühüm əhəmiyyət daşıyır.

Beləliklə, bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. İstehsal edilən rəqabətədavamlı məhsullar Silahlı Qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir.

“ADEX-2018” sərgisinə yüksək beynəlxalq maraq var

Yeri gəlmişkən, son illərdə ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə buraxılan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir ki, bu da respublikamızda hazırlanan hərbi təyinatlı məhsulların geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. Öz növbəsində, Bakıda keçirilən “ADEX-2018” sərgisi də Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünü aydın şəkildə əks etdirir. Ümumiyyətlə, Müdafiə Sənayesi Nazirliyi indiyədək bir çox beynəlxalq sərgidə öz məhsullarını təqdim edib. Artıq üçüncü dəfədir ki, nazirliyin təşəbbüsü ilə ölkəmizdə beynəlxalq müdafiə sərgisi keçirilib. Bu sərgi dünyanın sürətlə inkişaf edən bazarlarında strateji əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində əlverişli platforma rolunu oynayır.

Məlumat üçün bildirək ki, “ADEX-2018” sərgisində Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətləri 11 stendlə təmsil olunub. Şirkətlərin sayına görə, ilk dördlüyə Türkiyə, Rusiya, İsrailBelarus daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib, ümumilikdə isə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edib. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) sərginin fəal iştirakçıları olublar.

“ADEX-2018” sərgisində hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki kompleksləri, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raketartilleriya silahları, reaktiv yaylım atəşli sistem, optik-elektronlazer texnikası, zirehli texnika, sualtı qayıqlar və digər müasir silah, texnika və avadanlıqlar təqdim olunub. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi sərgiyə 270-dən artıq məmulatla qatılıb. Nazirliyin pavilyonunda öz müəssisələrində yaradılan və istehsal olunan ən son silah və hərbi texnikalar nümayiş etdirilib.

Ümumiyyətlə, “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. Bu sərgi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün artıq çox mühüm və əlverişli platformaya çevrilib. Ən əsası, beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən “ADEX” sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiqləyir. Bütövlükdə, regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan genişmiqyaslı bu tədbir müasir silah və avadanlıqların nümayişi, həmçinin Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlərin tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.

 

Nurlan QƏLƏNDƏRLİ

 

            Yeni Azərbaycan. -2018.- 29 sentyabr.- S. 6.