Azərbaycan
dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir
Sentyabrın 26-da
“Azerspace-2” peykinin orbitə
çıxarılması respublikamızın növbəti qələbəsi
və uğurudur
Xəbər verildiyi kimi, cari il sentyabrın 26-da dünyaya hər cəhətdən nümunəvi inkişaf modeli təqdim edən Azərbaycan özünün sayca üçüncü peykini - “Azerspace-2”ni orbitə çıxarıb. “Azerspace-2” telekommunikasiya peyki Bakı vaxtı ilə saat 2:38 radələrində Fransa Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən orbitə buraxılıb. “Azərkosmos”dan bildirilib ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan Muxtar Respublikasında yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən “Azərkosmos” ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.
“Azerspace-2” peykinin orbitə çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfədir
Məlum olduğu kimi, ölkəmiz innovativ əsaslı, elm tutumlu sənaye quruculuğu siyasəti həyata keçirir. Qısa müstəqillik tarixində ölkəmizin dünya kosmos ailəsinin tərkibinə daxil olması və burada öz mövqelərini getdikcə möhkəmləndirməsi son dərəcə qürurverici haldır. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib.
Ölkəmizdə kosmik sənayenin inkişafı dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamına əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması ilə keyfiyyətcə yeni mərhələyə keçib. Ötən dövrdə ASC respublikamızda kosmik sənayeyə aid milli məhsul istehsalını uğurla təmin edib və fəaliyyət sferasını genişləndirib. 2013-cü il fevralın 8-də “Azerspace-1” peykinin uğurla orbitə çıxarılması müstəqil Azərbaycanın tarixində çox əlamətdar hadisə idi. Orbitdə istismar müddəti ən azı 15 il təşkil edəcək “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub.
“Azerspace-1”in orbitə çıxarılmasından cəmi bir il sonra Azərbaycan artıq ikinci peykə malik idi. Belə ki, “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanan müqaviləyə əsasən, 2014-cü ilin iyununda orbitə çıxarılan və “Azersky” adlandırılan “Spot 7” peyki “Azərkosmos” ASC-nin mülkiyyətinə keçib və onun kommersiya fəaliyyətinə start verilib.
Və budur, artıq Azərbaycanın sayca üçüncü peyki də orbitdədir. Prezident İlham Əliyev “Azerspace-2” peykinin orbitə buraxılması münasibətilə xalqımıza ünvanladığı təbrikində sayca üçüncü peykin orbitə çıxarılmasını ölkəmizin növbəti qələbəsi, dövlətimizin növbəti uğuru kimi səciyyələndirib. “Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir”, - deyə dövlət başçısı vurğulayıb.
“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.
Geniş texniki parametrlərə malik peykin uğurla orbitə buraxılması müstəqil Azərbaycanın siyasətini təzahür etdirir və ölkəmizin gücünü, qüdrətini göstərir. Belə genişmiqyaslı kosmik layihələri ancaq Azərbaycan kimi güclü dövlət reallaşdıra bilər. Yeri gəlmişkən, “Azerspace-2” əlamətdar tarixlər ərəfəsində orbitə buraxılıb. Məlumdur ki, 2018-ci ildə respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Eyni zamanda, oktyabrda Azərbaycanın müstəqilliyinin bərpasının 27-ci ildönümü tamam olacaq. Bəhs olunan əlamətdar tarixlər münasibətilə respublikamızda silsilə tədbirlər həyata keçirilir. Bu baxımdan, “Azerspace-2” peykinin orbitə çıxarılması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və müstəqilliyimizin bərpasının 27-ci ildönümünə böyük töhfədir.
Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb
Aparılan uğurlu siyasət sayəsində Azərbaycan beynəlxalq birliyə uğurla inteqrasiya edir. Ölkəmizin moderatorluğu ilə reallaşdırlan enerji və nəqliyyat layihələri regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfələr kimi dəyərləndirilir. Son 15 ildə milli iqtisadiyyatımıza yönəldilən 250 milyard dollardan artıq investisiyaların təxminən yarısını xarici sərmayələr təşkil edir. Paralel şəkildə respublikamız dünyanın ayrı-ayrı ölkələrində genişmiqyaslı investisiya siyasəti həyata keçirir.
Son illərdə kosmik sənaye müstəqil Azərbaycanın beynəlxalq əməkdaşlığında mühüm bir sahəyə çevrilib. Respublikamız kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığını getdikcə dərinləşdirir. Qeyd etmək yerinə düşər ki, “Azerspace-1”in resurslarının yalnız 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə edilir, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunur. “Azersky” peykinin gəlirlərinin isə 98 faizi xarici bazarlarda formalaşır. “Azərkosmos”un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu sabit müştəri bazası mövcuddur.
Mütəxəssislər bildirirlər ki, sentyabrın 26-da orbitə çıxarılan “Azerspace-2” peyki ölkəmizin beynəlxalq əməkdaşlığının dərinləşməsinə yeni töhfələr verəcək. Yeni peyk “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - “Azerspace-1” peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində “Azərkosmos”a bu günədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Qeyd edək ki, “Azerspace-2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “Intelsat” şirkətinə satılıb.
Orbitə çıxarılan peyklər ölkəmizin beynəlxalq əməkdaşlığının dərinləşməsində, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında mühüm rol oynamaqla yanaşı, həm də milli təhlükəsizliyin, o cümlədən də informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından çox böyük əhəmiyyət daşıyır. Bu peyklər Azərbaycan telekanallarının dünyaya yayılmasında önəmli rol oynayır. İnamla demək mümkündür ki, artıq Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb. Bu gün “Azərkosmos”un mülkiyyətində olan “Azersky” müşahidə peyki dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm izləməyə imkan yaradır. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azersky” peykinin xüsusi rolu var. Ümumiyyətlə, peyklərin orbitə çıxarılması infrastruktur layihələrinin icrası və mövcud infrastrukturun qorunması baxımından böyük əhəmiyyətə malikdir.
Peyklərin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında və bu sahədə kadr hazırlığında mühüm rol oynayır
Peyklərin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün qürur hissi ilə deyə bilərik ki, “Azərkosmos” yüksək rəqabət qabiliyyətinə malik şirkətə çevrilib. “Azərkosmos” ASC müştərilərinə hər zaman yüksəkkeyfiyyətli xidmətlər göstərməyi hədəfləyib. Qurum bu məqsədlə fəaliyyətini beynəlxalq standartlar əsasında quraraq keyfiyyətli idarəetmə siyasətinin formalaşdırılması istiqamətində iş aparır. “Azərkosmos”un yerləşdiyi ərazidə milli peyklərə effektiv nəzarəti həyata keçirmək üçün bütün imkanlar yaradılıb.
Digər tərəfdən, kosmik sənaye sahəsində milli kadrların yetişdirilməsi də çox önəmli məsələdir. Prezident İlham Əliyev peyklərin milli kadrlar tərəfindən idarə edilməsindən məmnunluğunu bildirərək deyib: “Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir”.
Qeyd edək ki, ötən dövrdə “Azərkosmos” ASC-də yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilib. Texniki heyət mərhələli şəkildə ABŞ-da, Malayziyada və digər ölkələrdə müxtəlif kurs və təlimlərdə iştirak edərək öz bilik səviyyəsini davamlı şəkildə artırıb.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan. -2018.- 29 sentyabr.-
S. 6.