Azərbaycanın
regionlarında yol infrastrukturunun
yenilənməsi ilə bağlı ardıcıl və məqsədyönlü
tədbirlər uğurla icra
olunur
Bölgələrdə
avtomobil yollarının yenidən
qurulması və tikintisi istiqamətində
görülən işlər davamlı xarakter
daşıyır
Dinamik inkişafa malik olan Azərbaycanda qısa müddət ərzində müasir tələblərə cavab verən yol infrastrukturu yaradılıb. Ümumiyyətlə, respublikamızın yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncamları və göstərişlərinə əsasən Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev sentyabrın 4-də “Şəmkir rayonunun Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Eyni zamanda, Prezident İlham Əliyev sentyabrın 7-də “Hacıqabul rayonunun Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (103 km)-Navahı-Pirsaat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. On bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi (103 km)-Navahı-Pirsaat avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Dövlətimizin başçısı sentyabrın 8-də isə “Zərdab rayonunun Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 1,32 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Bundan başqa, Prezident İlham Əliyev sentyabrın 10-da “Şabran rayonunun Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Altı min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Şabran-Əmirxanlı-Qazbabalı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Sentyabrın 11-də isə Prezident İlham Əliyev “Sabirabad rayonunun Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. İyirmi iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Eyni zamanda, Prezident İlham Əliyev sentyabrın 12-də “Oğuz rayonunun Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Sentyabrın 17-də isə dövlətimizin başçısı tərəfindən “Abşeron rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Yetmiş beş min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Eyni zamanda, Prezident İlham Əliyev sentyabrın 18-də “Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)-Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Prezident İlham Əliyevin Quba rayonunun İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncama əsasən, 6 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub. Masallı rayonunun Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun yenidən qurulması da bu tədbirlər sırasındandır. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, yolun yenidən qurulması Prezident İlham Əliyevin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də, həmçinin Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 20 mindən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun uzunluğu 15,4 kilometrdir. Üçüncü və dördüncü texniki dərəcəyə uyğun tikilən yol iki hərəkət zolaqlıdır. Yolun inşası zamanı 26,1 min kubmetr torpaq işləri görülüb, 11,6 min kubmetr tikinti materialından və asfalt-beton örtüyündən istifadə edilib. Yol boyunca nişanlar və göstərici lövhələr quraşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Masallı və Biləsuvar rayonlarına səfəri zamanı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib. Yeni inşa edilən yollardan biri də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi haqqında məlumat verib. Bildirilib ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat Sənaye Turizm və Ticarət”, həmçinin “Özgün Yapı Sənaye və Ticarət”, o cümlədən digər nüfuzlu xarici şirkətlərdir. Qeyd edilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun 31 kilometrlik Ələt-Yenikənd hissəsi 2006-2009-cu illərdə inşa edilib. Yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin, həmçinin Kür çayı üzərində 363 metrlik körpünün və 1,2 kilometrlik yanaşma yollarının tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Məlumat verilib ki, yolun 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrində isə tikinti işləri cari ildə yekunlaşdırılıb. Bu hissələrin açılışı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verilib. Bununla da Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yeni və müasir yolun inşası başa çatdırılıb.
(davamı
növbəti sayımızda)
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2018.- 29 sentyabr.-
S. 8.