Elmə həsr olunmuş ömür

 

Bu günlərdə Azərbaycanda etnoqrafiya elminin banilərindən biri, tarix və arxeologiya elmlərinin inkişafında xüsusi xidmətləri olan tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tanınmış alim və ictimai xadim, görkəmli ziyalı Teymur Əmiraslan oğlu Bünyadovun 90 yaşı tamam olur. Bu görkəmli elm adamının keçdiyi mənalı ömür yoluna və çoxşaxəli elmi-ictimai fəaliyyətinə qısaca nəzər saldıqda belə, onunla fəxr etməmək mümkün deyil. Nəsillərə nümunə olacaq o mənalı ömür yolunun bəzi anlarını yada salaq. O, 1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində anadan olmuş, orta məktəbi qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Moskvada SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, dünya şöhrətli Qafqazşünas alim, akademik Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

1955-ci ilin may ayında T.Bünyadov Azərbaycan EA Tarix İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin ildən onun bütün həyatı və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlıdır. Alim 1968-ci ildə “Azərbaycanın qədim və orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1960-cı ildə “Azərbaycan arxeologiyası oçerkləri” adlı ümumiləşdirilmiş kitabı çapdan çıxıb. Azərbaycanın ən qədim dövrlərdən XV əsrə qədərki tarixi işıqlandırılmış bu əsərində o, Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğunu sübuta yetirib. 1975-ci ildə işıq üzü görən “Əsrlərdən gələn səslər” əsərində isə xalqımızın musiqi mədəniyyəti irsi ilk dəfə tarixi-etnoqrafik baxımdan fundamental səviyyədə qələmə alınmışdır.

Göründüyü kimi, akademik T.Bünyadovun fəaliyyəti daha çox Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin inkişafı ilə bağlıdır. O, 35 monoqrafiya, 821 məqalə, o cümlədən xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr olunmuş çoxsaylı əsərlərin müəllifidir.

T.Bünyadov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yüksək tirajla nəşr edilmiş “Azərbaycan etnoqrafiyası” üçcildliyinin baş redaktoru, həmin cildlərin ikisinin isə müəllifidir. Mətbuatdan da bəlli olduğu kimi, bu əsər çox haqlı olaraq geniş elmi ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilmişdir. T.Bünyadovun rəhbərliyi və müəllifliyi ilə lap bu yaxınlarda “Qəbələ tarixi”, “Qəbələ folkloru” və “Qəbələ etnoqrafiyası” adlı üçcildlik tarixi-arxeoloji-etnoqrafik əsər rus və ingilis dillərinə tərcümə edilərək yüksək tirajla çap olunmuşdur. Nəhayət, T.Bünyadov Moskvada çapa məsləhət görülən “Azərbaycanlılar” adlı iri həcmli əsərin də həmmüəlliflərindən biridir. Fikrimizcə, akademik Teymur Bünyadovu daha yaxşı tanımaq üçün onun müxtəlif vaxtlarda nüfuzlu beynəlxalq elmi konfrans və simpoziumlarda, o cümlədən 1960-cı ildə Moskvada şərqşünasların XXV Beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə VII Beynəlxalq konqresdə, 1971-ci ildə Tiflisdə Arxeoloq və etnoqrafların ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda Birinci Millətlərarası Azərbaycan-türk dərnəkləri qurultayında, 2004-cü ildə Moskvada Qafqazşünas alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə “Azərbaycanın xalça sənəti” adlı beynəlxalq konfransdakı sanballı məruzə və çıxışlarını yada salmaq kifayətdir.

T.Bünyadovun çoxşaxəli fəaliyyətinin digər bir mühüm istiqamətini də bədii yaradıcılıq təşkil edir. Keçən əsrin 70-ci illərinin sonlarından başlayaraq bir-birinin ardınca yazdığı “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala”, “Dedim ki, yadigar qalsın” əsərləri də onun elmi yaradıcılığının davamı hesab oluna bilər. Bu əsərlərdə müəllifin vətəndaşlıq mövqeyi, doğma vətəninə, onun qurub-yaratmaq eşqi ilə yaşayan zəhmətkeş insanlarına məhəbbəti qələmə alınmışdır.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan akademik Teymur Bünyadovun 1991-ci ildə yüksək tirajla geniş oxucu auditoriyasına təqdim olunan “Göz yaşları” romanı da ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Onun çoxsaylı hekayələri, povestləri, “Xan çinar kölgəsində”, “Anam birdi, Vətən tək”, “Başı çalmalı dağlar”, “Ana laylası beşik nəğməsidir...” adlı dördcildlik bayatılar kitabı da, sözün əsl mənasında, oxucuların ürəyincə olmuşdur. Bu kitablarında nankor ermənilər tərəfindən zorla cəlb olunduğumuz ədalətsiz müharibənin dəhşətləri, xalqımızın qırılmaz iradəsi, mübarizə əzmi, qəhrəmanlığı, vətənpərvərliyi, eləcə də zəngin adət-ənənələri tərənnüm olunub.

Teymur Bünyadov elmi və bədii yaradıcılıqla yanaşı, 65 ildən artıq bir müddətdir ki, həm də pedaqoji sahədə fəaliyyət göstərməkdədir. O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərini tədris etmiş, uzun illər müxtəlif ali məktəblərdə Dövlət İmtahan-Attestasiya Komissiyasının sədri olmuşdur.

Azərbaycan etnoqrafiya elminin və mənəvi dəyərlərimizin təbliği sahəsində də akademik Teymur Bünyadovun xüsusi xidmətləri olub. O, Azərbaycan Dövlət televiziyasında böyük maraqla izlənən məşhur “Əsrlərdən gələn səslər” verilişinin ssenari müəllifi və aparıcısı olub. “Kölgələr sürünür” bədii filminin uğurlu ekran həyatı qazanmasında da elmi məsləhətçi kimi T.Bünyadovun xidməti böyükdür.

Azərbaycanda tarixi etnoqrafiya elmi məktəbinin banisi hesab edilən Teymur Bünyadovun elmi kadrların yetişdirilməsi sahəsindəki xidmətləri də danılmazdır. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 35-dən çox fəlsəfə doktoru alimlik zirvəsinə yüksəlmiş, hansı ki, həmin insanlar bu gün də öz rəhbərlərinin işini və yolunu layiqincə davam etdirməkdədirlər. Azərbaycanda 25-30 yaşdan tutmuş 65-70 yaşadək olan bütün arxeoloq və etnoqraf kadrlar T.Bünyadovu çox məmnuniyyətlə özlərinin müəllimi və ağsaqqalı hesab edirlər. Onun hər kəs üçün örnək ola biləcək nümunəvi davranışı, şirin söhbətləri, dəyərli məsləhətləri, haqlı iradları hamımızın karına gəlir.

Dağlıq Qarabağda baş verən hadisələr dövründə görkəmli alim gənclərə vətənpərvərlik, döyüş ruhu aşılamaq məqsədilə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən “Qız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz” və bu kimi elmi-populyar kitabçalar nəşr etdirmiş, məqalələr yazmış, vaxtaşırı radio və televiziya efirlərində çıxış etmişdir.

Teymur Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak edir. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, həmin müddətdə Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri olmuş, eyni zamanda, Azərbaycan-İrlandiya Parlamentlərarası Komissiyasının sədri kimi fəaliyyət göstərmişdir.

T.Bünyadov uzun illər AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının üzvü, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının üzvü, Respublika Ziyalılar Cəmiyyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini olmuşdur.

Akademik Teymur Bünyadov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə Dissertasiya Şurasının sədri, Tarix üzrə Problem Şurasının üzvü, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)”, “Tarix və onun problemləri”, “İpək yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq”, “Qarapapaqlar” və başqa jurnalların redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.

T.Bünyadovun səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2008-ci ildə “Əməkdar elm xadimi”, AMEA-nın tarix üzrə A.A.Bakıxanov adına mükafatının ilk laureatı adına layiq görülmüşdür.

Akademik Teymur Bünyadov həyatının mənasını xalqına xidmətdə görən, millət mənafeyini, Azərbaycanın müstəqilliyini, dövlət və dövlətçiliyini hər şeydən uca tutan elm fədaisidir. Gözəl alim, tələbkar elm təşkilatçısı olan bu nəcib insan özünün zəngin mənəviyyatı, geniş dünyagörüşü və nümunəvi ağsaqqal davranışı ilə hər zaman olduğu kimi, 90 yaşına qədəm qoyduğu bu günlərdə də ətrafındakı insanları yaxşı mənada heyrətləndirməkdədir. Belə ki, Teymur müəllim bu gün ömrünün kamillik zirvəsindədir. 90 illik mənalı ömür yolunun zirvəsini fəth etməsi münasibətilə bu günlər çoxları onu təbrik etməkdədir. Biz də o səmimi təbriklərə qoşulmaqla ürəyimizi boşaltmaq fürsətini əldən verməyərək, - ömrünüz uzun, canınız sağlam olsun, əziz Teymur müəllim! - deyirik.

Qafar Cəbiyev.

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tarix elmləri doktoru

Yeni Azərbaycan.- 2017.- 5 yanvar.- S.7.