Ötən il ərzində
heyvandarlığın inkişafı istiqamətində
mühüm addımlar atılıb
Regionlarda bu sahəyə göstərilən
diqqət və qayğı fermer təsərrüfatlarının
inkişafına təkan verib
Azərbaycanda ərzaq təhlükəsizliyinin
təminatı hər zaman dövlət siyasətinin prioritet
istiqamətlərindən biri kimi dəyərləndirilməkdədir.
Bunun nəticəsidir ki, ölkəmizin regionlarında aqrar
sektorun, ümumiyyətlə mühüm əhəmiyyət kəsb
edən sahələrinin inkişafı xüsusi diqqət mərkəzində
saxlanılır. Vurğulanmalıdır ki,
artıq üçüncü mərhələsi icra olunan
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramları bölgələrimizdə digər sahələr
kimi kənd təsərrüfatının ayrı-ayrı sahələrinin
də inkişafına xüsusi təkan verib. Bu mənada,
heyvandarlığın inkişafı istiqamətində
atılan addımlar, görülən tədbirlər də
olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, bu gün ölkəmiz
qlobal miqyasda meydana çıxan
çağırışlara adekvat olaraq özünün ərzağa,
o cümlədən də heyvandarlıq məhsullarına olan
tələbatını sırf daxili istehsal hesabına
qarşılamağı hədəfləyib. Dövlətimizin
regionlarda heyvandarlığın inkişafına güclü
siyasi və maddi dəstək göstərməsi isə fermer
təsərrüfatlarının inkişafına rəvac
verir. Həyata keçirilən təşviq tədbirləri
və proqramları, həmçinin sahibkarlara güzəştli
kreditlərin, subsidiyaların verilməsi sayəsində
heyvandarlığın maddi-texniki bazası möhkəmlənib.
Hazırda respublikanın regionlarında heyvandarlıq profilli
müxtəlif təsərrüfatlar fəaliyyət göstərir.
Həmin təsərrüfatlar heyvanların baş sayına
görə qruplaşdırılıb. Belə
ki, 2017-ci ilin əvvəlində respublikamızda hər birində
50-99 başadək iribuynuzlu heyvan mövcud olan 602 təsərrüfat,
100-199 başadək 118 təsərrüfat, 200-499 başadək
28 təsərrüfat, 500 baş və ondan yuxarı 16 təsərrüfat,
eyni zamanda, 100-499 başadək xırdabuynuzlu heyvan
mövcud olan 8733 təsərrüfat, 500 baş və ondan
yuxarı xırdabuynuzlu heyvan mövcud olan 873 iri
heyvandarlıq təsərrüfatları fəaliyyət
göstərib. Mövcud təsərrüfatların 28-i modern
heyvandarlıq kompleksidir. Bununla yanaşı, respublikanın
müxtəlif bölgələrində 78 quşçuluq
müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda,
süni mayalandırmanın təşviqi və xüsusi cins
heyvanların ixracı nəticəsində bu gün ölkəmizdə
heyvandarlıq yüksək inkişaf tempi əldə edib.
Yeri gəlmişkən, Azərbaycan dünyada ən
çox cins heyvan idxal edən 15 ölkədən biridir. Lakin
2016-cı ildən başlayaraq respublikadan az sayda olsa da, cins
heyvan ixracına başlanılıb. Bir baş cins heyvanın
təqribi ixrac qiyməti 2 min 350 ABŞ dolları təşkil
edir. Bununla bağlı Kənd Təsərrüfatı
Nazirliyinin icmallaşdırma və statistik təhlil
şöbəsindən bildiriblər ki, dünyada hər il təxminən
1,1 milyard dollar dəyərində cins heyvan ixracı həyata
keçirilir. Azərbaycanın bu sahədəki ixrac
imkanlarını qiymətləndirmək üçün
qlobal bazardakı ixrac-idxal tendensiyasını nəzərdən
keçirmək lazım gəlir. Azərbaycandan cins mal-qara
ixracı üçün Mərakeş, Özbəkistan,
Misir, Qazaxıstan, Pakistan, Türkmənistan, İran,
Küveyt, Gürcüstan, Tacikistan, Qırğızıstan,
BƏƏ və Qətərə potensial bazarlar kimi
baxılı bilər. Son beş ilin məlumatları göstərir
ki, Orta Asiya ölkələri idxalın natural ifadə həcmində
daha böyük paya malikdir. Məsələn, bu ölkələrdən
2016-cı ildə Mərakeş 14 min 600 baş, Özbəkistan
10 min 137 baş, Misir 8 min 346 baş, Qazaxıstan 5 min 200
baş cins heyvan idxal edib. Bu ölkələrdə orta idxal
qiyməti bir baş üçün 2200 dollar olub. Azərbaycandan 2016-cı ildə idxal 4 min 799 baş,
ixrac isə 128 baş təşkil edib. Ötən ilin səkkiz
ayında həmin göstəricilər müvafiq olaraq 2 min
189 baş və 64 baş olub. Ölkəmizdə
heyvandarlığın inkişafına göstərilən
dövlət dəstəyi, yeni iri və müasir fermer
təsərrüfatlarının yaradılması, süni
mayalanma tədbirlərinin intensivləşdirilməsi və
digər məqsədyönlü tədbirlər bu sahənin
böyük perspektivindən xəbər verir.
Vurğulandığı kimi,
heyvandarlığın inkişafı istiqamətində
atılan addımlar ötən il də davam etdirilib. 2017-ci
ildə Şəki rayonu üzrə 1108 nəfər heyvan
sahibinə süni mayalama yolu ilə alınmış 1139
baş buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə,
113 min 900 manat məbləğində subsidiya ödənilib.
Eyni zamanda, ötən ilin dekabr ayında doğulmuş 218
baş buzova görə hesablanan 21 min 800 manat vəsait də
2018-ci ilin əvvəlində heyvan sahiblərinə ödəniləcək.
Subsidiyalar Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 24 dekabr tarixli qərarı ilə təsdiq
edilmiş “Süni mayalama yolu ilə alınmış hər
buzova görə subsidiyaların verilməsi Qaydası”na əsasən
verilib. Ümumiyyətlə, 2017-ci ildə Şəki rayonunun
şəxsi və fermer təsərrüfatlarında 5 min 801
baş inək, camış və düyə süni
yolla mayalandırılıb. Bu, əvvəlki illə
müqayisədə 2,2 dəfə və ya 3 min 129 baş
çoxdur. Hazırda Şəki rayonunda 12 nəfər
süni mayalama üzrə mütəxəssis fəaliyyət
göstərir.
Ağsu rayonunda kənd təsərrüfatının
aparıcı sahələrindən olan heyvandarlıqda ötən
il də uğurlu nəticələr əldə edilib. Qeyd edək
ki, 2017-ci ildə heyvandarlıq üzrə bütün
göstəricilər əvvəlki ildəkinə nisbətən
artıb. Bu artım artıq neçə illərdir ki, davam
edir. Ötən il diri çəkidə ət istehsalı 60
ton artaraq 4492 tona, süd istehsalı 356 ton artaraq 30 min tona
çatıb. Habelə yumurta istehsalı 86 min ədəd
çoxalaraq 7 milyon 903 min ədəd, yun istehsalı isə 3
ton artaraq 306 ton olub.
Eləcə də Ağsu
rayonunda heyvandarlıqla məşğul olan fermerlər son illər
mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə
dəyişdirilərək daha məhsuldar heyvanlarla əvəz
edilməsində maraqlıdırlar və təsadüfi deyil
ki, ötən il də bu istiqamətdə xeyli işlər
görülüb. 2017-ci ildə 8 texnik tərəfindən
846 baş inəkdə süni mayalandırma aparılıb,
357 baş cins bala alınıb. Keçən il süni
mayalandırma yolu ilə alınan buzovların sayı
2016-cı ildəki göstəricidən 71 baş çoxdur.
Qeyd edək ki, süni mayalandırma yolu ilə doğulan hər
buzov üçün dövlət tərəfindən 100
manat subsudiyanın verilməsi heyvandarlıqda bu işə
marağı daha da artırıb.
Ötən il Yevlax rayonunda 745 baş inək və
düyə süni yolla mayalandırılıb.
Mayalandırılmış heyvanlardan 307 baş sağlam bala
alınıb. Mayalama zamanı əsasən “Simmental” və
“Qara-ala” cinsindən olan buğaların toxumları istifadə
edilir. Süni mayalamadan alınan hər buzova
görə fermerlərə 100 manat yardımın verilməsi
süni mayalama tədbirlərinə marağı
artırıb. Ötən il ərzində 228 nəfər
heyvan sahibinə süni mayalama yolu ilə alınmış
254 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 25
min 400 manat məbləğində subsidiya ödənilib.
Digər buzovlar üçün də subsidiya hesablanıb və
cari ilin yanvar ayının sonunadək heyvan sahiblərinə
ödəniləcək.
Ağdam rayonunda da mal-qaranın
cins tərkibi yaxşılaşır, heyvandarlıq məhsullarının
istehsalı artır. Ötən
ilin on bir ayı ərzində təsərrüfatlarda 3927,3
ton ət, 31 min 938,8 ton süd, 157,1 ton yun istehsal edilib. Əvvəlki
ilin eyni dövrü ilə müqayisədə ət
istehsalı 1 faiz, süd istehsalı 2,5 faiz çox
olub. Heyvandarlıq məhsullarının
istehsalının artmasında mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması mühüm rol
oynayır. Bununla bağlı rayonda
heyvanların süni mayalanması uğurla həyata
keçirilir. Rayon kənd təsərrüfatı idarəsindən
verilən məlumata görə, 2017-ci ilin 11 ayında 2085
baş inək və düyə süni yolla
mayalandırılıb, 744 baş sağlam cins buzov
alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”,
“Simmental”, “Şvis”, “Şarole” cinsindən olan buğaların
toxumlarından istifadə edilir.
Ölkəmizin şimal bölgəsində də son bir
neçə ildə heyvanları süni mayalandırmaq
üçün müraciət edən fermerlərin, eləcə
də fərdi təsərrüfat sahiblərinin sayı xeyli
artıb. 2017-ci ildə regionda 10 min 881 baş heyvan
mayalandırılıb. Süni yolla
mayalandırılan heyvanlardan 4 min 859 baş bala alınıb.
Vurğulayaq ki, fermerlər süni
mayalandırma üsulundan geniş istifadə etməklə
heyvandarlıqda qısırlığı azaltmağa, eyni
zamanda, balavermə faizini yüksəltməyə nail olublar.
Şimal bölgəsində bu sahədə ən
yüksək göstərici Xaçmaz rayonunda qeydə
alınıb. Burada bu üsulla mayalandırılan 5 min
414 baş heyvandan 2 min 432 baş bala əldə olunub. Süni
yolla mayalandırılan heyvanlardan Qusarda 1978, Qubada 808, Siyəzəndə
415, Xızıda 332, Şabranda isə 245 baş bala
alınıb.
İmişlidə isə qoyunçuluq əsas
təsərrüfat sahələrindən biridir. Rayonda təsərrüfatın bu sahəsinə
böyük maraq olduğundan sürülərdə
davarların baş sayı ilbəil artır. İndi rayonda
onlarla fermer təsərrüfatın bu gəlirli sahəsi ilə
məşğul olur və yaxşı mənfəət
götürür. Hazırda rayonun təsərrüfatlarında
255 min 725 baş qoyun-keçi bəslənilir ki, bu da ötən
ildəkindən 6089 baş çoxdur. Qoyunun əti və
südü kimi yunu da yüksək qiymətə
satılır. Cari ildə fermerlər bəslədikləri
qoyunlardan ümumilikdə 379 ton yun tədarük ediblər. Hər
qoyundan orta hesabla 1,6 kiloqram yun götürülüb. Ötən
il isə bu rəqəm 1,5 kiloqram olub.
Saatlı rayonunda da aqrar sektorun müxtəlif
sahələri ilə yanaşı, heyvandarlığın
inkişafına xüsusi diqqət yetirilir. Rayonda
bu sahənin inkişafını daha da sürətləndirmək,
heyvandarlıq məhsullarının istehsalını
artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq
təsərrüfatları yaradılır ki, bu da öz
növbəsində ət və süd istehsalının,
mal-qaranın baş sayının artmasına səbəb
olur. Son illər rayonda mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması istiqamətində də
xeyli iş görülüb. Bu məqsədlə xarici
ölkələrdən yüzlərlə ətlik və
südlük düyələr gətirilir, süni mayalama məntəqələrinin
şəbəkəsi genişləndirilir. Süni mayalama yolu
ilə doğulan hər baş buzov üçün dövlət
tərəfindən 100 manat subsidiyanın verilməsi təsərrüfat
sahiblərinin heyvandarlığın inkişafında bu
üsuldan geniş istifadə etmələrinə
marağı daha da artırıb. Hazırda
rayonda 9 süni mayalama məntəqəsi fəaliyyət
göstərir və ötən ilin 11 ayı ərzində həmin
məntəqələrdə mütəxəssislər tərəfindən
mayalanma aparılmış 3 min 757 baş inəkdən 782
baş buzov alınıb.
Qeyd edək ki, hazırda Saatlının
heyvandarlıq təsərrüfatlarında 67 min 407 baş
iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti
süni mayalama yolu ilə cins tərkibi dəyişdirilmiş
heyvanlardır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2018.- 9 yanvar.- S.7.