2017-ci ildə ölkəmizdə
yol-nəqliyyat infrastrukturunun inkişafı istiqamətində
geniş tədbirlər həyata keçirilib
Ötən il regionlarda avtomobil
magistrallarının genişləndirilməsi, respublika və
yerli əhəmiyyətli yolların yenidən qurulması və
tikintisi layihələrinin davam etdirilməsi ilə
bağlı mühüm işlər görülüb, bu sahəyə
davamlı və irihəcmli investisiyalar yönəldilib
Azərbaycanda iqtisadi inkişaf
tempinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi,
ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi
istiqamətində tədbirlər 2017-ci ildə də
uğurla həyata keçirilib. Ölkəmizdə qeyri-neft
iqtisadiyyatının, özəl sektorun, sənayenin
bütün seqmentlərinin inkişafını
sürətləndirmək məqsədilə
reallaşdırılan əməli tədbirlər nəticəsində
inkişaf dinamikasının davamlılığı təmin
edilib, bütün sahələrdə çox ciddi nailiyyətlər
əldə olunub. 2017-ci ildə də pensiya və əməkhaqlarının
artırılması, sosial-infrastrukturun yenilənməsi
istiqamətində görülən tədbirlər bir daha
sübut edir ki, ölkəmizdə həyata keçirilən
siyasətin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Eyni zamanda, böyük iqtisadi, enerji və nəqliyyat
layihələri Azərbaycanın beynəlxalq mövqelərinin
möhkəmlənməsinə şərait yaratmaqla
yanaşı, bu təşəbbüslər regionun
inkişafına layiqli töhfələr verib. Azərbaycanda
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən praqmatik siyasət sayəsində paytaxt
Bakı şəhəri ən mötəbər beynəlxalq
tədbirlərə uğurla ev sahibliyi edib, İslam Həmrəyliyi
Oyunları, “Formula 1” yarışları, dialoq və sülh
naminə beynəlxalq forumlar, mühüm mədəniyyət
tədbirləri məhz ölkəmizdə keçirilib. Azərbaycan
özünün müstəqil, milli maraqlara və beynəlxalq
hüququn norma və prinsiplərinə söykənən
siyasəti ilə dünyada böyük etimad, nüfuz
qazanıb.
2017-ci ildə
Azərbaycan regionları sürətlə inkişaf edib
Heç
də təsadüfi deyil ki, Prezident İlham Əliyev
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində də 2017-ci ildə qarşıya
qoyulan bütün vəzifələrin icra edildiyini bildirərək
deyib ki, ötən il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən
çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən
çox, kənd təsərrüfatı isə 4 faizdən
çox artıb. Dövlətimizin başçısı Azərbaycanın
regionlarının da bu il sürətlə
inkişaf etdiyini vurğulayıb: “Mən bu il regionlara 30-dan
çox səfər etmişəm. Hər yerdə
quruculuq-abadlıq işləri göz oxşayır”.
Prezident İlham Əliyevin də
vurğuladığı kimi, 2017-ci ildə Azərbaycan
regionlarının həyatı inkişaf meyilləri ilə
kifayət qədər zəngin olub. Azərbaycan dövlətinin
dinamik inkişafını və müasir mənzərəsini
əks etdirən məqamlardan biri də regionlarda uğurla
reallaşdırılan geniş infrastruktur layihələri,
abadlıq, quruculuq işləridir. Müvafiq
Dövlət proqramları çərçivəsində həyata
keçirilən layihələr sayəsində bölgələrin
siması əhəmiyyətli dərəcədə dəyişib,
infrastruktur təminatı güclənib. Son
14 ildə respublikanın inkişafından, paytaxtda və
bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən
söhbət açarkən məktəblərin, səhiyyə
ocaqlarının, gənclər mərkəzlərinin və
bu qəbildən olan digər sosial təyinatlı obyektlərin
inşasını və yaxud yenidən qurulmasını
xüsusi vurğulamaq gərəkdir. Dövlət
sosial sferada bu və ya digər layihələrin həyata
keçirilməsinə böyükhəcmli sərmayələr
yönəldir. Bölgələrdə əsasən
milli memarlıq üslubunda yaradılan və hər cür
rahatlıqlara malik sosial infrastruktur obyektləri bir növ
müstəqil Azərbaycanın hərtərəfli
inkişafının rəmzinə çevrilib.
Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, müasir
standartlara cavab verən yolların istifadəyə verilməsi
Azərbaycan hökumətinin sosial sahədə həyata
keçirdiyi siyasətin mühüm istiqamətlərindən
birini təşkil edir. Müvafiq Dövlət proqramlarına
uyğun olaraq Azərbaycanda avtomobil yollarının tikintisi və
yenidən qurulması işlərinin həcmi ildən-ilə
artmaqdadır. Hazırda respublikanın nəqliyyat-yol
infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi
ilə bağlı istər beynəlxalq maliyyə
qurumlarının əsaslı vəsait qoyuluşları, istərsə
də dövlət büdcəsi vəsaiti hesabına
irimiqyaslı layihələr uğurla icra olunur. Məhz bunun nəticəsində ölkəmizdə
şəhər və rayonlarda yol infrastrukturu əsaslı
şəkildə yenidən qurulub. Bu məqamda
vurğulamaq yerinə düşər ki, Prezident İlham
Əliyevin Sərəncam və göstərişlərinə
əsasən hazırda əsas diqqət regionlarda kənd və
qəsəbələri birləşdirən yolların, həmçinin
yaşayış məntəqələrinin daxili
yollarının təmirinə və yenidən qurulmasına
yönəldilib. Bu tədbirlər, ilk
növbədə, Azərbaycan iqtisadiyyatının
gücünü göstərməklə yanaşı, vətəndaşların
həyatının yaxşılaşdırılmasına
yönələn layihələrin davamlı olmasını
nümayiş etdirir.
Yol infrastrukturunun
yaxşılaşdırılması və beynəlxalq
standartlara uyğunlaşdırılması istiqamətində
sistemli fəaliyyət həyata keçirilib
Ötən ildə də kəndlərarası
yolların, rayon mərkəzləri ilə ucqar kəndləri
birləşdirən yol xətlərinin təmiri və yenidən
qurulması istiqamətində geniş tədbirlər həyata
keçirilib.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin idarə
heyətinin sədri Saleh Məmmədov bildirib ki, dövlət
başçısının tapşırıq və sərəncamlarına
əsasən ölkədə yol infrastrukturunun
yaxşılaşdırılması və beynəlxalq
standartlara uyğunlaşdırılması istiqamətində
2017-ci il ərzində “Azərbaycan Avtomobil Yolları” Dövlət
Agentliyi tərəfindən sistemli fəaliyyət həyata
keçirilib: “Avtomobil magistrallarının genişləndirilməsi,
respublika və yerli əhəmiyyətli yolların yenidən
qurulması və tikintisi layihələrinin davam etdirilməsi
ilə bağlı mühüm tədbirlər həyata
keçirilib, bu sahəyə davamlı və irihəcmli
investisiyalar yönəldilib, 2018-ci ildə də bu istiqamətdə
addımlar atılacaq, Prezident İlham Əliyevin rəhbərliyi
ilə yeni-yeni nailiyyətlər əldə olunacaq”.
Qeyd etmək lazımdır ki, regionların sosial iqtisadi
inkişafının sürətləndirilməsi kontekstində
yol-nəqliyyat infrastrukturunun yenilənməsi ölkəmizdə
davamlı prosesə çevrilib. Cari ildə də yol-nəqliyyat
layihələrinin icrası ilə bağlı əsaslı tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulur. İlin ilk günlərindən Prezident İlham
Əliyev tərəfindən bu sahədə müvafiq sərəncamların
imzalanması deyilənləri bir daha təsdiq edir. Belə
ki, Xaçmaz rayonunun
Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə sözügedən yolun tikintisinə 10,1
milyon manat ayrılıb. Yanvarın 5-də isə
Prezident İlham Əliyev “Saatlı rayonunun Saatlı-Dədə
Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında” Sərəncam
imzalayıb. Dörd min nəfər əhalinin
yaşadığı 3 yaşayış məntəqəsini
birləşdirən Saatlı-Dədə Qorqud-Əhmədbəyli
avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 700 min manatı Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinə ayrılıb. Həmçinin Prezident İlham Əliyev yanvarın
4-də “Ağdam rayonunun Əfətli-Hacıturalı-Həsənxanlı
avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında” Sərəncam imzalayıb. Beş min nəfər
əhalinin yaşadığı 7 yaşayış məntəqəsini
birləşdirən Əfətli-Hacıturalı-Həsənxanlı
avtomobil yolunun tikintisi məqsədi ilə dövlət
büdcəsinin dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 2
milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinə ayrılıb.
Muxtar
respublika üzrə 70 kilometr uzunluğunda yeni asfalt yol
salınıb, 12 körpü istifadəyə verilib
Bir sıra rayonlarımızda da yol-nəqliyyat
infrastrukturunun yenidən qurulması ilə bağlı işlər
cari ildə də davam etdirilir. O cümlədən Sabirabad rayonu ərazisindəki
Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı
avtomobil yolu “Azərbaycan Avtomobil Yolları” Dövlət
Agentliyi tərəfindən yenidən qurulur. Agentliyin
mətbuat xidmətindən bildirilib ki, Dadaşbəyli-Çöl
Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolu 2
hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə
uyğun bərpa olunur. Yolun hərəkət
hissəsinin eni 6 metr, çiyinlərin eni 2 metr olmaqla
ümumi eni 10 metr təşkil edəcək. Hazırda yol boyu deformasiyaya uğramış hissələr
bərpa olunur, yeni yol əsası inşa edilir. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton
örtüyü salınacaq. Ümumilikdə
yola 230 min kvadratmetrdən çox asfalt örtüyü
döşənəcək. Texnoloji
ardıcıllıqla və yüksək keyfiyyətlə
aparılan işlərin bu il ərzində
yekunlaşdırılması üçün əraziyə
lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Xaçmaz rayonunda inşa olunan
Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı
avtomobil yolunun tikintisi aprel ayınadək başa
çatdırılacaq. Səkkiz min nəfər əhalinin
yaşadığı 8 yaşayış məntəqəsini
birləşdirən avtomobil yolunun uzunluğu 29 kilometrdir.
Hazırda yol yatağı genişləndirilərək
yenidən qurulur. Bunun ardınca asfalt-beton
örtüyünün döşənməsi işləri həyata
keçiriləcək.
Müasir standartlara cavab verən ikizolaqlı avtomobil yolu
dördüncü texniki dərəcəyə uyğun
inşa edilir.
Yolun hərəkət hissəsinin eni 6, yol
çiyinləri ilə birlikdə isə 10 metr olacaq. Tikinti zamanı qrunt sularının
axıdılması üçün lazım olan yerlərdə
suötürücü qurğular yerləşdiriləcək.
Yolun tikintisi başa çatdıqdan sonra
müvafiq yerlərdə yol nişanları qoyulacaq.
Muxtar respublikanın blokada şəraitində
olmasına baxmayaraq, nəqliyyat sahəsində infrastrukturun
yenilənməsi tədbirləri davam etdirilir. AZƏRTAC xəbər
verir ki, 2017-ci ildə muxtar respublika üzrə 70 kilometr
uzunluğunda yeni asfalt yol salınıb, 12 körpü tikilərək
və ya yenidən qurularaq istifadəyə verilib. Naxçıvan şəhərində
yerüstü piyada keçidi istifadəyə verilib,
Naxçıvan Beynəlxalq Hava Limanında karqo
terminalının yenidən qurulması başa
çatdırılıb.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.- 2018.- 10 yanvar.- S.7.