Bugünkü Azərbaycan Azərbaycan
Xalq Cümhuriyyətinin varisidir
Prezident İlham
Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunan iclası
keçirilib
Yanvarın 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı iclasda giriş nitqi söyləyib:
“Nazirlər Kabinetinin bugünkü iclasında biz 2017-ci ilin
yekunlarını müzakirə edəcəyik, bu il
görüləcək işlər haqqında
danışacağıq.
2017-ci ildə ölkəmiz sürətlə və
uğurla inkişaf etmişdir. Həyatımızın
bütün sahələrində əldə edilmiş nəticələr
ölkəmizin ümumi inkişafına böyük töhfə
vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və
təhlükəsizlik şəraitində
yaşamışdır. Bu gün dünyanın müxtəlif
yerlərində risklər, təhlükələr artır,
qanlı münaqişələr, qarşıdurmalar geniş
vüsət alır. Bir sözlə, dünyada risklər
artmaqdadır və görünür ki, bu tendensiyalar hələ
davam edəcək. Belə bir mənzərə ilə üzləşərək
əlbəttə ki, dünya ictimaiyyəti narahatlıq hissi
keçirir. Azərbaycanda isə sabitlik, təhlükəsizlik,
normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada
mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə
alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr
yüksək qiymətə layiqdir.
Sabitlik olmadan heç bir ölkə inkişaf
edə bilməz. Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə
görmüşük. Sabitlik pozulan zaman inkişaf da
dayanır, ölkə iqtisadiyyatı tənəzzülə
uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə,
sabitlik hər bir ölkənin inkişafı
üçün başlıca şərtdir. Azərbaycanda
isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun
iradəsidir və eyni zamanda, bizim apardığımız
siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara
söykənir, milli maraqlarımız bizim üçün hər
şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi,
sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq
arenadakı artan rolu sabitliyin təminatçısıdır.
Əminəm ki, 2018-ci ildə də Azərbaycanda
bu müsbət meyillər daha da güclənəcək.
Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir
və xalq-iqtidar birliyi bu gün də göz
qabağındadır. Bizim uğurlu siyasətimizin təməlində
xalq tərəfindən göstərilən dəstək
dayanır. Bu müsbət meyillərin gücləndirilməsi,
əlbəttə ki, ölkəmizin uzunmüddətli,
dayanıqlı inkişafını təmin edəcəkdir.
2017-ci ildə iqtisadi sahədə çox
böyük uğurlar əldə edilibdir. Mən artıq
demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin
iqtisadi islahatlar ilidir. Mən bu tezisi elə ilin əvvəlində
bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili
olmalıdır. Belə də oldu və bunu mötəbər
beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatlar
da təsdiqləyir və qeyd edir. Həm
Dünya Bankı, həm Avropa Yenidənqurma və
İnkişaf Bankı Azərbaycanda gedən proseslərə
yüksək qiymət verirlər, eyni zamanda, Davos
Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən
Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə
görə 2017-ci ildə iki pillə irəliləyərək,
dünya miqyasında 35-ci yerdə qərarlaşıb.
Bu, çox böyük göstəricidir, ilk növbədə
onu göstərir ki, hətta iqtisadi cəhətdən o qədər
də asan olmayan ildə də biz inkişaf edirik. Digər tərəfdən,
dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da böyük nəticədir,
böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında
liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən
bizim iqtisadi islahatlarımıza verilən ən böyük
qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası
var. Çünki son illər ərzində ölkəmizdə
aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə
gətirib çıxarıbdır.
Ölkə iqtisadiyyatı 2017-ci ildə
artıb, bu, çox müsbət göstəricidir. Ümumi
daxili məhsul az da olsa artmışdır. Ən sevindirici hal
ondan ibarətdir ki, qeyri-neft sektorumuz artıb və burada
artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində
qeyri-neft sektorumuz 3,6 faiz, kənd təsərrüfatı isə
4,1 faiz artıbdır. Bizim valyuta ehtiyatlarımız artıb.
Keçən il ölkəmizdə bir çox önəmli
infrastruktur və sosial layihələr icra edilmişdir. O layihələr
böyük pul tələb edir. Buna baxmayaraq,
2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar
artmışdır və hazırda təxminən 42 milyard
dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə
alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta
ehtiyatlarının həcminə görə Azərbaycan
dünya miqyasında ön yerlərdən birini tutur.
Ölkə
iqtisadiyyatına 14,6 milyard dollar sərmayə
qoyulub. Bu da çox gözəl göstəricidir.
Onu göstərir ki, həm yerli və həm də
xarici investorlar ölkəmizə vəsait qoymaqda
maraqlıdırlar. Bu, eyni zamanda, qeyd
etdiyim sabitliyin təzahürüdür. Çünki
indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə
xarici ölkələrə vəsait qoymaq bir çox
investorlar tərəfindən o qədər də məqbul
sayılmır. Ancaq sabit olan ölkələrə
və gözəl gələcəyi olan ölkələrə
xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar
investisiyaları cəlb etmək hesab edirəm ki, böyük
nailiyyətdir.
Bizim ixrac potensialımız artır. 2017-ci ildə
ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə
24 faiz artmışdır. Bu, görülən
işlərin nəticəsidir. Əhalimiz
artır. Hər il əhali ən
azı 100 min nəfər artır. İstehlak
artır, turistlərin sayı çoxalır. Keçən
il 2016-cı ilə nisbətən 500 minə
yaxın çox turist gəlmişdir. Bu da təbii
ki, istehlakın artmasına gətirib çıxarır.
Buna baxmayaraq, bizim qeyri-neft ixracımız, o
cümlədən ərzaq məhsullarının ixracı
sürətlə artır. İl ərzində
qeyri-neft ixracının 24 faiz artması görülən
işlərin nəticəsidir.
İdxal isə təqribən cəmi 1 faiz
artmışdır və bu da təbiidir. Çünki,
ilk növbədə, Azərbaycan öz daxili tələbatını
daha böyük həcmdə daxili istehsal hesabına təmin
edir, digər tərəfdən vətəndaşların
alıcılıq qabiliyyəti artır. Beləliklə,
idxalın sabit səviyyədə qalması hesab edirəm ki,
çox böyük nəticəmizdir. Ticarət
balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadiyyatçılar
yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir.
Əminəm ki, bu il və bundan sonrakı
illərdə bizim saldomuz həmişə müsbət olacaq.
Hesab edirəm ki, fərq daha da böyük
olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin
yaxşılaşdırılması, manatın məzənnəsinin
sabit səviyyədə saxlanması üçün bu,
çox mühüm amillərdən biridir.
Bir sözlə, iqtisadi sahənin əsas göstəriciləri
çox müsbətdir. Hesab edirəm ki, hər bir ölkə belə
nəticələrlə fəxr edə bilər. Biz də
fəxr edirik ki, 2017-ci ili belə gözəl
nəticələrlə başa vurmuşuq.
Regionların inkişafı daim diqqət mərkəzində
olmuşdur.
Keçən il mən 30-dan çox rayona
səfər etmişəm. Bu səfərlər
çərçivəsində həm yeni müəssisələrin
açılışları qeyd olunmuşdur, yeni müəssisələrin
təməli qoyulmuşdur, həm də bölgələrdə
gedən vəziyyətlə bağlı mənə məruzələr
edilmişdir. Mən hər il bölgələrə
səfərlər edirəm və keçən il demək
olar ki, rayonlarımızın yarısında olmuşam. Bu, əlbəttə
ki, həm mənim üçün çox əhəmiyyətlidir,
çünki mən yerlərdə vəziyyətlə tanış oluram və müvafiq göstərişlər
verirəm. Bilirəm ki, bu, bölgələrdə
yaşayan vətəndaşlar üçün də
çox önəmlidir. Əlbəttə
ki, bu, nizam-intizamın möhkəmləndirilməsi
üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir
rayonunda dəfələrlə olmuşam və verilmiş
tapşırıqların yerinə yetirilməsini də
özüm şəxsən nəzarətdə saxlayıram.
2017-ci ildə
221 min yeni iş yeri açılmışdır ki,
onların 177 mini daimi iş yeridir. Bu, çox böyük
göstəricidir. Hesab edirəm ki, son illər ərzində
açılan iş yerlərinin sayına görə bu,
rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən
il 47 min iş yeri
bağlanmışdır. Bu da təbii prosesdir.
Ancaq, eyni zamanda, biz ciddi təhlil aparmalıyıq, görməliyik
ki, hansı səbəblər üzündən 47 min iş
yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi
iş yerinin açılması, 47 min iş yerinin
bağlanması yenə də burada da müsbət saldonu təmin
edir və beləliklə, ölkəmizdə işsizliyin
aşağı səviyyədə saxlanması
üçün yaxşı imkanlar yaradır. Qeyd etməliyəm
ki, ilin yekunlarına görə Azərbaycanda işsizlik 5
faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir.
Hesab edirəm ki, bu da dünya miqyasında ən
yaxşı nəticələrdən biridir.
Keçən
il infrastruktur layihələrinin icrası
üçün böyük vəsait
ayrılmışdır və bu istiqamətdə çox
önəmli addımlar atılmışdır. Elektrik təchizatı
yaxşılaşdırılmışdır, bir çox
bölgələrdə yeni yarımstansiyalar işə
düşmüşdür. Bizim sürətlə
artan sənaye və kənd təsərrüfatı
potensialımız tələb edir ki, elektrik təchizatının
inkişafı daim diqqət mərkəzində olsun.
Bölgələrdə sürətli qazlaşdırma
işləri aparılır. Keçən ilin
yekunlarına görə ölkəmizin 93 faizi
qazlaşdırılıb. Bu il
dövlət büdcəmizdə qazlaşdırma
üçün əlavə vəsait nəzərdə
tutulur. Bu rəqəm daha da artacaq.
Görülən tədbirlər nəticəsində
100 min hektardan çox sahə suvarılmağa
başlanmışdır. Bu, çox
böyük rəqəmdir. Əlbəttə
ki, kənd təsərrüfatının inkişafına və
kənd təsərrüfatı məhsullarının
ixracına bunun çox böyük dəstəyi olacaq.
2017-ci ildə 1300 kilometr avtomobil yolu
salınmışdır. Bu da çox
böyük göstəricidir. Beş
yüzdən çox kəndə yeni yol
salınmışdır. Biz ilin əvvəlində
bəyan etmişdik ki, şərti olaraq 40 kənd yolu layihəsini
icra edəcəyik, ancaq hər bir layihənin əhatə dairəsi
çox genişdir. Biz il ərzində
yol infrastrukturunun yaradılmasına əlavə vəsait
ayırdıq və beləliklə, 500-dən çox kəndə
yeni gözəl yol salınıbdır.
İçməli su layihələri uğurla icra edilir. Bir çox şəhərlərin
içməli su problemi keçən il
öz həllini tapıbdır. Biz
bütövlükdə əsas infrastruktur layihələrinin
icrası istiqamətində qarşımızda duran hədəfə
demək olar ki, çatırıq.
Sosial infrastrukturla bağlı çox ciddi addımlar
atılmışdır - 133 yeni məktəb tikilmişdir, 14
məktəb əsaslı təmir edilmişdir, 500-ə
yaxın məktəbdə isə cari təmir
aparılmışdır. Otuz tibb müəssisəsi
tikilib və əsaslı təmir edilmişdir. İki Olimpiya İdman Kompleksi istifadəyə
verilmişdir.
Ünvanlı
sosial yardım alan ailələrin sayı
116 minə bərabərdir. Bu, 400 mindən
çox insanı əhatə edir. Orta
hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir.
Bu da bizim sosial siyasətimizin təzahürüdür.
Eyni zamanda, - mən bunu əvvəlki
müşavirələrdə də bildirmişəm, - biz
çalışmalıyıq ki, ağır vəziyyətdə
yaşayan vətəndaşları işlə təmin edək,
onlar üçün şərait yaradaq, o cümlədən
onları özünüməşğulluq proqramı çərçivəsində
işə cəlb edək ki, ünvanlı sosial yardıma
ehtiyacı olanların sayı azalsın.
Sosial infrastruktur layihələri, əlbəttə ki,
çox böyük əhəmiyyət daşıyır və
bizim siyasətimizin istiqamətini əks etdirir. Hətta
iqtisadi cəhətdən çətin olan illərdə biz
sosial məsələlərin həlli üçün əlimizdən
gələni edirik və böyük işlər
görürük. Bu il bu sahədə
görüləcək işlər demək olar ki, sosial
infrastrukturla bağlı məsələlərin böyük
əksəriyyətini həll edəcəkdir.
Məcburi köçkünlərin problemləri daim
diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il
də əlamətdar il olmuşdur, 2300 ailə yeni evlərə,
mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox
köçkün yeni evlərlə, mənzillərlə təmin
edilibdir. Cocuq Mərcanlı kəndinin bərpası
tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə
yeni həyatını yaşayır. Köçkünlər
o qəsəbəyə qayıdıblar, qayıdırlar və
bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan
dövləti Cocuq Mərcanlının timsalında bir daha
göstərib ki, heç vaxt işğalla
barışmayacaq. Azərbaycan xalqı
heç vaxt bu vəziyyətlə barışmayacaq və
bütün köçkünlər bir arzu ilə
yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına
qayıtsınlar. Cocuq Mərcanlının qısa
müddət ərzində bərpası, yenidən
qurulması onu göstərir ki, işğaldan azad ediləcək
bütün ərazilərdə biz qısa müddət ərzində
bütün təmir-bərpa işlərini aparacağıq,
şəhərləri, kəndləri yenidən
quracağıq və bu gün ağır vəziyyətdə,
dağılmış vəziyyətdə olan şəhər
və kəndlərimizə tezliklə həyat qayıdacaq.
Eyni zamanda, 2017-ci ildə Şıxarx qəsəbəsində
1170 ailə üçün yeni şəhərcik
salınıb.
Bu da əlamətdar hadisədir. Təkcə ona görə yox ki, böyük
köçkün şəhərciyi yaradılıb. Ona görə ki, Şıxarx qəsəbəsi
vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni
işğalçılarından təmizlənmişdir, azad
edilmişdir və o yerdə yeni böyük şəhərciyin
salınması bir daha onu göstərir ki, Dağlıq
Qarabağ bizim əzəli torpağımızdır.
Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq
Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi
bütövlüyü çərçivəsində
mümkündür. Bunun heç bir başqa
yolu yoxdur.
Bizim prinsipial mövqeyimiz ədalətli mövqedir, beynəlxalq
hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq
dəstək qazanan mövqedir. Bunu əks etdirən
bir neçə önəmli hadisə olmuşdur.
Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən
keçirilmiş qanunsuz “referendum”un
dünya ictimaiyyəti tərəfindən
tanınmamasıdır. Həm qonşu ölkələr, həm
Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar
“referendum”un tanınmaması haqqında
birmənalı şəkildə ciddi bəyanatlar vermişlər.
Bu bəyanatlar bir daha onu göstərir ki,
bütün dünya Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək
getdikcə daha da artır.
Bilirsiniz
ki, ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı”
Zirvəsində qəbul edilmiş Bəyannamədə də
“Şərq tərəfdaşlığı”na üzv olan
ölkələrin ərazi bütövlüyü, suverenliyi
Avropa İttifaqı tərəfindən birmənalı şəkildə
dəstəklənmişdir. Bu,
işğalçı Ermənistana növbəti zərbə
olmuşdur. Bu, ədalətin təzahürüdür və
eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları,
dünya mərkəzləri həm Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən
proseslərlə bağlı daha müsbət yanaşma ortaya
qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın
özü separatizmdən əziyyət çəkir və
görür ki, separatizm nədir. Biz isə
aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilmişdir.
Bizim vətəndaşlarımız öz
doğma torpaqlarından silah gücünə
çıxarılmışdır. Əlbəttə,
dünyada, o cümlədən Avropada separatizmin baş
qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır
ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki,
bütün münaqişələrə, bütün
separatizm təzahürlərinə vahid yanaşma tətbiq
olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl
çəkilməlidir. Biz bunu artıq
görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri
çəkilməyəcək və ölkəmizin ərazi
bütövlüyünün bərpası bizim
üçün əsas məsələdir.
Bununla yanaşı, təbiidir ki, biz hərbi
gücümüzü də artırırıq. Bu gün beynəlxalq
reytinqlərə görə, Azərbaycan Ordusu dünya
miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu
da edirik. Ordumuzun maddi-texniki bazası
möhkəmlənir. Hərbi bazalar, şəhərciklər,
hərbi hissələr yenidən qurulur, əsaslı təmir
edilir. Bizim hərbi şəhərciklərimizin,
bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq
standartlara cavab verir. Təmirə
ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri
növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait
ayrılır və ayrılacaq. O cümlədən yeni
müasir silahların alınması üçün lazım
olan vəsait ayrılır. Yoxsul Ermənistandan
fərqli olaraq, biz öz hesabımıza yaşayırıq,
o cümlədən hərbi gücümüzü öz
hesabımıza artırırıq. Ermənistandan
fərqli olaraq heç kimdən dilənmirik, heç kimə
yalvarmırıq, kredit üçün müraciət etmirik.
Ona görə Azərbaycan ictimaiyyəti və
düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra
da güclənəcək və istənilən
tapşırığı yerinə yetirməyə
hazırdır. Yaxın tarix bunu göstərmişdir.
2017-ci ildə energetika sahəsində tarixi hadisələr
baş vermişdir. Onlardan biri “Azəri-Çıraq-Günəşli”
yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə
qədər uzadılması məsələsidir. Bu, bizə imkan verəcək ki, bundan sonra uzun illər
ərzində - ən azı 2050-ci ilə qədər hasilat səviyyəsi
sabit qalsın. Bu, imkan verəcək ki, Azərbaycanın
neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da
böyük həcmdə sərmayə qoyulsun. Burada söhbət on milyardlarla dollardan gedir.
Əlbəttə ki, bu investisiyalar iqtisadiyyatımızın
bütün sahələrinə öz müsbət təsirini
göstərəcək, yeni iş yerlərinin, yeni yerli
müəssisələrin yaradılması nəzərdə
tutulur. Əlbəttə, neft hasilatının
sabit saxlanması imkan verəcək ki, biz öz iqtisadi
inkişafımızı planlaşdıraq və tədricən
bundan sonra da neftdən asılılığı azaldaq.
Son iki il ərzində biz buna demək olar
ki, böyük dərəcədə nail olmuşuq.
“Azəri-Çıraq-Günəşli”
kontraktının müddətinin uzadılması bizə sərmayədən
başqa digər önəmli dividendlər gətirir. İlk
növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə
artırılır. Mənfəət
neftinin 75 faizi Azərbaycan tərəfinə qalacaq. Deyə bilərəm ki, bu da gənc, müstəqil
ölkə üçün xarici investorlarla neft sahəsində
əldə edilmiş ən gözəl nəticədir.
Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR layihənin
operatoru kimi bu işdə digər tərəfdaşlarla
birlikdə iştirak edəcək və kontraktın
uzadılmasına görə, baxmayaraq ki, xarici investorlar on
milyardlarla dollar sərmayə qoyacaqlar, ondan əlavə 3,6
milyard dollar səkkiz il ərzində bərabər hissələrlə
bizə bonus kimi veriləcəkdir. Birinci tranş bizə bu il veriləcəkdir. Bax, belə qısa desəm,
“Azəri-Çıraq-Günəşli”nin
əsas əhəmiyyəti bundan ibarətdir.
Eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin
edilmişdir.
İlin əvvəlində üçüncü dəfə
“Cənub Qaz Dəhlizi”nin Məşvərət
Şurasının toplantısı Azərbaycanda
keçirilmişdir. Bütün lazımi məsələlər
müzakirə olundu və il ərzində
layihənin icrası təmin edilmişdir. Son məlumata
görə, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə
çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən
Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin
icrası 90 faizə bərabərdir. Bu,
artıq onu göstərir ki, Cənub Qaz Dəhlizi
reallaşıb. TAP layihəsinə gəldikdə isə,
orada da işlər demək olar ki, qrafik üzrə gedir. Bilirsiniz ki, TAP layihəsində Azərbaycan əsas
paya malik deyil. Bizim orada 20 faiz
payımız var, amma biz iştirak edirik. Mənə
verilən məlumata görə, o layihənin icrası 60-62
faiz səviyyəsindədir.
Energetika sahəsində bu iki önəmli layihə
ölkəmizin bundan sonra da uğurlu inkişafını təmin
edəcək və bizə imkan verəcək ki, qeyri-neft
sektorunun inkişafı ilə daha çox məşğul
olaq. Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun
açılışı nəinki ölkəmiz
üçün, bölgə üçün, dünya
üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi
deyil ki, təntənəli açılış mərasimi
Azərbaycanda keçirilmişdir. Uzunluğu
850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan
ərazisində tikilib, bərpa edilib. Bilirsiniz
ki, Azərbaycan bu yolun icrasında ən böyük maliyyə
yükünü öz üzərinə
götürmüşdür. Bu tarixi layihənin
icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin
birinə çevirəcək və artıq çevirir.
Yol açılandan sonra qısa müddət ərzində
- cəmi iki ay ərzində bir çox ölkələrdən
Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər
olmuşdur. Artıq bir neçə həmkarımla
bu məsələni mən şəxsən müzakirə
etmişəm. İndi müvafiq göstərişlər
verilmişdir ki, bir çox ölkələrlə
işçi qrupları yaradılsın və bu xəttə
qoşulmaq istəyənlərin yük potensialı təhlil
edilsin. Əlbəttə ki, biz
bütün tərəfdaşlarla bu layihə çərçivəsində
uğurlu əməkdaşlıq etməyə hazırıq.
Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində
önəmli addımlar atılmışdır. Azərbaycan
öz üzərinə düşən vəzifələri
icra edib, İran sərhədinə qədər dəmir yolunun
tikintisini təmin edib, eyni zamanda, dəmir yolu
körpüsünü də inşa edib. Beləliklə,
Azərbaycan öz ərazisində bu layihə üzrə
bütün lazımi tədbirləri görüb və layihənin
ümumi icrası ilə bağlı da öz töhfəsini
verməyə hazırdır.
Ötən
il Azərbaycanda İslam Həmrəyliyi
Oyunları keçirilmişdir. Bizim siyasi,
diplomatik, iqtisadi uğurlarımıza bir uğur da əlavə
edildi - idman uğurumuz. Bu Oyunlar ən
yüksək səviyyədə keçirilmişdir. Azərbaycan bütün müsəlman aləmini qəbul
etmişdir, öz qonaqpərvərliyini göstərmişdir
və idmançılarımız da bizi sevindirmiş, Azərbaycan
komanda hesabında birinci yerə layiq
görülmüşdür. Eyni zamanda, bu
Oyunlar İslam həmrəyliyinin gücləndirilməsi
istiqamətində atılan önəmli addımdır və
ölkəmizin niyyətini, siyasətini göstərir.
Bildiyiniz
kimi, keçən il Azərbaycanda
“İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu qərar bir daha onu göstərir ki, biz öz
tarixi, dini köklərimizə bağlıyıq. Nəinki ölkə ərazisində İslam həmrəyliyi
təmin edilir, bütövlükdə bütün dinlərin
nümayəndələri bir ailə kimi yaşayır. Biz istəyirik ki, bu tendensiyalar bölgəmizdə və
dünyada daha da güclənsin. İl ərzində həm
Azərbaycanda, həm də xaricdə keçirilmiş bir
çox tədbirlər göstərir ki, bu qərar - 2017-ci
ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam
aləmində çox böyük dəstəyə və rəğbətə
səbəb oldu. Son önəmli tədbir - dekabrın
axırında Bakıda beynəlxalq konfransın keçirilməsi
və bu konfransda dünya liderlərinin təbrik məktubları,
yüksək səviyyəli qonaqların iştirakı bir
daha göstərir ki, Azərbaycan dünya miqyasında həm
İslam həmrəyliyi işlərinin təşkili, eyni
zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz
ölkəyə çevrilir.
Əlbəttə
ki, il ərzində bir çox hadisələr
baş vermişdir. Mən onlar haqqında burada
danışsam bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq mən əsas, önəmli məsələləri
qeyd etdim. Bir daha demək istəyirəm ki, 2017-ci il ölkəmiz üçün uğurlu
olmuşdur, ölkəmiz daha da güclənmişdir və
ölkəmiz gələcəyə nikbinliklə baxır. Əminəm ki, bu il də uğurlu il olacaqdır”.
* * *
Sonra maliyyə naziri Samir Şərifov, əmək və
əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri
Rəşad Nəbiyev çıxış ediblər.
* * *
Daha sonra
Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib:
“Əminəm ki, bu il ölkə iqtisadiyyatı öz
inkişaf yolu ilə gedəcək. İl ərzində
bir çox önəmli layihələrin icrası nəzərdə
tutulur. Əlbəttə, biz
çalışmalıyıq ki, 2018-ci ildə makroiqtisadi vəziyyət
sabit olsun. Mən şübhə etmirəm
ki, belə də olacaq. Makroiqtisadi sabitlik hər
bir ölkə üçün önəmli amildir. Keçən ilin son aylarında makroiqtisadi vəziyyət
sabitləşmişdir, inflyasiyanın səviyyəsi
aşağı idi. Əminəm ki, bu
müsbət meyillər 2018-ci ildə daha da güclənəcək.
Manatın məzənnəsi sabitdir. Qeyd
etdiyim kimi, 6,2 milyard dollar müsbət
saldomuz makroiqtisadi sabitlik üçün çox önəmli
amildir.
Onu da qeyd
etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumunun
hesablamalarına əsasən, makroiqtisadi mühitə görə
Azərbaycan dünya miqyasında 39-cu, MDB məkanında isə
birinci yerdədir. Yəni, bu, Davosun qiymətləndirməsidir.
Əlbəttə, çox əlamətdar
haldır ki, beynəlxalq təşkilatlar Azərbaycanda
makroiqtisadi vəziyyətlə bağlı
görülmüş işlərə çox müsbət
reaksiya verirlər və yüksək qiymətləndirirlər.
Biz çalışmalıyıq ki, Neft Fondunun gəlirlərini
artıraq. Ümumiyyətlə, bizim valyuta ehtiyatlarımız,
Dövlət Neft Fondunun valyuta ehtiyatları ildən-ilə
artır. Əlbəttə, bu, bizə
imkan verəcək ki, ölkə qarşısında duran
önəmli layihələr üçün vəsait
ayıraq və ölkəmizin iqtisadi
dayanıqlılığını təmin edək. Valyuta ehtiyatlarının həcmi və artması
bizə iqtisadi müstəqillik verir. Biz
heç bir maliyyə qurumundan asılı deyilik. Biz kreditlər alırıq. Ancaq
onu da qeyd etməliyəm ki, kreditlərin alınması ilə
bağlı biz daha da ciddi siyasət aparmalıyıq. Hesab edirəm ki, bundan sonrakı illərdə
dövlət xarici borcunun azaldılması istiqamətində
işlər aparmalıdır. Bu gün də
xarici borcumuz məqbul səviyyədədir. Dünya miqyasında biz xarici borcun səviyyəsinə
görə müsbət mənada qabaqcıl ölkələrdənik.
Ancaq mən qarşıya vəzifə
qoymuşam, çalışmalıyıq ki, bundan sonra xarici
borcu artırmayaq, əksinə, bunu azaldaq.
Valyuta ehtiyatlarımızın artırılması bizə
iqtisadi müstəqillik verir. Qeyd etdiyim kimi, biz
özümüz kreditlər veririk və xarici kreditləşmədən
asılı deyilik. Hətta neftin qiymətinin
çox aşağı səviyyədə olduğu bir vaxtda
biz ölkə üçün strateji əhəmiyyət
daşıyan Cənub Qaz Dəhlizinin maliyyələşməsində
heç bir yubanmaya yol vermədik və demək olar ki, bu layihə
artıq başa çatmaq üzrədir. Odur
ki, valyuta ehtiyatlarımızın yüksək səviyyədə
olması iqtisadi müstəqilliyi gücləndirir. Bu da öz növbəsində bizim siyasi müstəqilliyimizi
möhkəmləndirir.
Azərbaycan bu gün dünya miqyasında müstəqil
siyasət aparan ölkələrdən biridir. Belə
ölkələrin sayı çox deyil, xüsusilə əhali
və ərazi baxımından böyük olmayan ölkələrə
bu, o qədər də xas deyil. Biz isə
müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız
bizim üçün hər şeydən üstündür.
Ona görə iqtisadi potensialımız, sadəcə
olaraq, bizə iqtisadi məsələlərin həlli
üçün lazım deyil. Bizim iqtisadi
potensialımız siyasi gücümüzü artırır,
bölgədəki vəziyyətimizi möhkəmləndirir,
imkan verir ki, ölkəmizin uzunmüddətli
strategiyasını düzgün müəyyənləşdirək
və onu icra edək. “Cənub Qaz Dəhlizi”,
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, “Şimal-Cənub” layihələrinin
və digər önəmli layihələrin maliyyələşməsində
əlbəttə ki, bizim iqtisadi gücümüz əsas rol
oynamışdır. Biz önəmli
strateji layihələrin icrası üçün xarici kreditlər
də almışıq. Ancaq əgər
bizim çox möhkəm iqtisadi vəziyyətimiz
olmasaydı, bu kreditləri ala bilməzdik. Biz yaxşı xatırlayırıq ki, pulumuz
olmayanda bizə kredit vermək istəyənlərin sayı
çox deyildi, demək olar ki, yox idi. Elə
ki, biz iqtisadi cəhətdən gücləndik, Neft Fondunun vəsaiti
artmağa başladı, ondan sonra bizə kredit vermək istəyənlərin
sayı çoxaldı və biz artıq bu seçimi edirik.
Bir sözlə, xarici borcumuzun səviyyəsi
aşağı düşməlidir. Builki büdcəmizdə
xarici borcun qaytarılması üçün vəsait nəzərdə
tutulub. Əsas vəzifə ondan ibarətdir
ki, biz o qədər də vacib olmayan layihələrə
xarici borc götürməyək. Biz ancaq
texnoloji cəhətdən önəmli layihələrə
xarici borc götürməliyik. Yoxsa,
hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar
hesabına edə biləcəyimiz digər layihəyə
xaricdən kredit almaq düzgün deyil.
Əminəm
ki, bu il sərmayə qoyuluşu əvvəlki
ilin səviyyəsində olacaq. Qeyd etdiyim kimi, keçən
il 14,6 milyard dollar sərmayə qoyulub. Əlbəttə ki, ilin əvvəlində dəqiq
proqnoz vermək çətindir. Ancaq biz
hesablamalar aparmışıq və təxminən 15 milyard
dollar səviyyəsində sərmayə qoyuluşu gözlənilir.
Bu rəqəm arta da bilər və biz
çalışmalıyıq ki, bu, artsın. Çünki Azərbaycan bu gün dünya
miqyasında sərmayə qoyuluşu üçün
çox cəlbedici ölkəyə çevrilibdir. Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız,
siyasi sabitlik və Azərbaycanda həyata keçirilən
önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin
cəlb edilməsində bizə kömək göstərəcəkdir.
Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Mən bu barədə
dəfələrlə danışmışam və praktiki
addımlar atılır. Sahibkarlara dövlət tərəfindən
güzəştli kreditlərin verilməsi bu il
davam etdiriləcək. Bu məqsədlər
üçün 170 milyon manat kredit resursu təmin ediləcək.
Sevindirici hal ondan ibarətdir ki, bu vəsait
vaxtilə verilmiş və qaytarılmış kreditlər
hesabına təkrar veriləcəkdir. Bu, ilk növbədə
onu göstərir ki, dövlətdən kredit alan
sahibkarlar öz məsuliyyətlərini dərk edirlər və
bu kreditləri qaytarırlar. Digər tərəfdən,
onu göstərir ki, vaxtilə Sahibkarlığa Kömək
Milli Fonduna dövlət büdcəsindən
ayrılmış vəsait işləyir. Büdcədən
heç bir xərc etmədən bu il
sahibkarlara güzəştli şərtlərlə 170 milyon
manat kredit veriləcək. Baxarıq, əgər
layihələrin sayı çoxalarsa, biz bu məbləği
prinsipcə artıra bilərik. Çünki
bu, sahibkarlığın, regionların inkişafı
üçün çox önəmli bir vasitədir və
kreditlərin mütləq əksəriyyəti bölgələrə,
iqtisadiyyatın real sektoruna verilir.
Yeni
iş yerlərinin yaradılması istiqamətində işlər
davam etdiriləcək. Qeyd etdiyim kimi, ötən il bu sahədə çox əlamətdar il
olmuşdur. Ancaq bu, daimi proses olmalıdır. Çünki
bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda əhali
artır. Bu da çox müsbət
haldır və eyni zamanda, ölkəmizdə gedən
uğurlu proseslərin təzahürüdür. Çünki əhalinin artımı onu deməyə
əsas verir ki, ölkə düzgün istiqamətdə
inkişaf edir. Yəni, Azərbaycanda
demoqrafik vəziyyət çox müsbətdir. Bu, bizim
potensialımızı gücləndirir, eyni zamanda, daim
qarşımızda vəzifələr - ilk növbədə,
infrastrukturla, sosial infrastrukturla və
iş yerlərinin yaradılması ilə bağlı vəzifələr
qoyur. Əhali artdıqca məktəblərin,
uşaq bağçalarının sayı da artmalıdır.
Bu məqsədlər üçün yeni yerlər
müəyyən edilməlidir, yol infrastrukturu genişləndirilməlidir,
digər kommunikasiyalar - su, qaz, elektrik xətləri çəkilməlidir.
Bax, deməli, demoqrafik artımın əlamətləri
bundan ibarətdir. Bu da əlavə xərc
tələb edir. Dövlət büdcəsindən
infrastruktur layihələrinə qoyulan xərclər daim
artır.
Mən
giriş sözümdə qeyd etdim ki, keçən il biz nə qədər böyük işlər
görmüşük. Ona görə yeni iş yerlərinin
yaradılması daimi proses olmalıdır. 2004-cü ildən
bu günə qədər iki milyona yaxın yeni iş yeri
açılmışdır. Amma baxın, əhali
də nə qədər artmışdır. Bu gün Azərbaycan əhalisi 10 milyona
yaxınlaşır. Bizim əhalimiz sovet
dövrünün son mərhələsində 7 milyon, bəlkə
də ondan bir qədər çox idi. Görün,
müstəqillik illərində əhalimiz nə qədər
artıb. Bu, bizim böyük
gücümüzdür, gücümüzü artırır,
eyni zamanda, qarşımızda vəzifələr qoyur.
Ona görə bu il də yeni iş yerlərinin
yaradılması ilə bağlı addımlar atılacaq.
İqtisadi sahəyə, sənaye potensialımızın, kənd
təsərrüfatının inkişafına göstərilən
dəstək və əldə edilən nəticələr
deməyə əsas verir ki, yeni iş yerlərinin
yaradılması prosesi bu il də sürətlə
gedəcək.
İctimai işlərin yaradılması öz müsbət
nəticəsini vermişdir. Biz bu işə iki il
bundan əvvəl başladıq, buna ehtiyac var idi. Çünki işsizlik artmağa
başlamışdı. Dünya iqtisadi və
maliyyə böhranı bizə də təsir etmişdi.
İşsizliyin qabağını almaq üçün biz
ictimai işlərin yaradılmasına başladıq və
operativ tədbirlər nəticəsində il
ərzində on minlərlə ictimai iş
yaradılmışdır. İndi ictimai işlərə
tələbat o qədər də böyük deyil. Bölgələrdə olarkən maraqlanıram və
mənə məlumat verilir ki, indi kənd təsərrüfatına
bu qədər dəstəyin verildiyi bir vaxtda vətəndaşlar
- yəni, kəndlilər daha çox kənd təsərrüfatı
işləri ilə məşğuldurlar, orada daha çox
pul qazanırlar. Ona görə, ictimai
işlərə maraq azalıb. Amma yenə bu il də ictimai işlərin yaradılması
istiqamətində iş aparılacaqdır ki, Azərbaycanda
işsizlik daim aşağı səviyyədə olsun.
Bu yaxınlarda başladığımız
özünüməşğulluq proqramının da
uğurlu icrası gözlənilir. Bu məqsədlər
üçün 35 milyon manat vəsait nəzərdə
tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə
böyük dəstək olacaq. Özünüməşğulluq
proqramının çox böyük gələcəyi var və
biz bu proqramın icrası ilə bağlı əlavə tədbirlər
görəcəyik. Bu, işsizliyin aradan
qaldırılması istiqamətində önəmli təşəbbüsdür.
Eyni zamanda, ünvanlı sosial yardım
alanların sayı da çoxalmayacaq, azalacaq. Bu yardımı alanlar artıq dövlət tərəfindən
biznes üçün lazım olan vasitələrlə təmin
ediləcəklər.
Bu il yeni köçkün şəhərcikləri,
qəsəbələri salınacaq. Bu il
yeni mənzillərlə təmin ediləcək
köçkünlərin sayı keçən illə
müqayisədə təxminən iki dəfə artacaq.
Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə,
evlərə köçürmüşüksə, bu il ən
azı 20 min köçkün yeni evlərə, mənzillərə
köçürülməlidir. Bu rəqəm çox da ola bilər.
Sosial infrastruktur layihələrinin icrası ilə
bağlı dövlət investisiya proqramında kifayət qədər
vəsait var. Mən bəzi rəqəmləri səsləndirmək
istəyirəm. Bölgələrdə modul tipli 137 məktəb
tikiləcək. Beləliklə, hesab edirəm
ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə
qəzalı məktəb qalmamalıdır. Yüzlərlə məktəbdə təmir işləri
aparılacaq. Bakı şəhərində
isə 12 məktəb əsaslı təmir ediləcək.
Bununla da Bakı şəhərində təmirsiz
məktəb qalmamalıdır. Biz bu
proqramı da başa çatdırmalıyıq. Altı şəhərdə yeni mərkəzi rayon
xəstəxanası istifadəyə veriləcək.
Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində
xəstəxanalar açılacaq, Xırdalan, Qəbələ
şəhərlərində və Füzuli rayonunda müasir
xəstəxanaların tikintisi davam etdiriləcək. Dörd Olimpiya İdman Kompleksinin tikintisi nəzərdə
tutulur. Onlardan ikisi bu il istifadəyə
verilməlidir.
Sənaye parklarının yaradılması istiqamətində
praktiki addımlar atılır. Keçən il
Neftçala Sənaye Məhəlləsi istifadəyə
verilib. Hacıqabul, Masallı və Sabirabad sənaye
məhəllələrinin yaradılması prosesi davam
etdirilir.
Mingəçevirdə
Yüngül Sənaye Parkının ilk fabriklərinin
açılışı bu il gözlənilir.
Sumqayıt Kimya Sənaye Parkında isə
işlər çox uğurla gedir. Keçən
ilin sonunda dörd yeni müəssisənin
açılışı oldu və üç müəssisənin
təməli qoyuldu. Əminəm ki, onların istifadəyə
verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində
nəzərdə tutulacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye
Parkının rezidentlərinin sayı 15-ə çatıb və
qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7
milyard dollara bərabərdir. Bax, bu təşəbbüs
görün nə qədər gözəl nəticə verir.
2,7 milyard dollar sərmayə qoyuluşu
böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye
Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış
binalar, çürümüş borular, infrastruktur -
hamısı bərbad vəziyyətdə idi. Dövlət
bu yükü öz üzərinə götürdü, vəsait
ayırdı və bütün lazım olan infrastrukturu
yaratdı. Digər sənaye
parklarımızda da bu işi dövlət öz üzərinə
götürür və götürməlidir. O cümlədən
dövlət kənd təsərrüfatı ilə
bağlı olan işləri - infrastruktur işlərini,
meliorativ tədbirləri, kanalların çəkilməsini,
suyun sahələrə verilməsini öz üzərinə
götürür. Deyə bilərəm ki, bu da
dünya praktikasında çox nadir hallarda rast gəlinən
məsələdir. Çünki bir
çox ölkələrdə sahibkarlar özləri bu
işləri görürlər.
Əminəm
ki, 2018-ci il də sənaye inkişafı
ilə bağlı əlamətdar il olacaq. On
yeni xalça fabrikinin açılışı nəzərdə
tutulur. Beləliklə, ilin sonuna qədər
xalça fabriklərinin sayı 20-yə
çatmalıdır. Bu da minlərlə iş yeri deməkdir.
Xüsusilə bu fabriklərdə işləyənlər
qadınlardır. Bu, qadınlar üçün
yaradılan gözəl iş yerləridir ki, onlar öz
biliyini, istedadını orada əks etdirə bilirlər və
özləri üçün də, ölkəmiz
üçün də yaxşı maliyyə imkanları
yaradırlar. Onların məhsulları ixrac
potensialımız, Azərbaycan xalçasının dünyada
təbliği üçün gözəl imkanlar yaradır.
Ona görə, bu il on yeni fabrikin
açılışı nəzərdə tutulur.
Əminəm
ki, 2018-ci il də kənd təsərrüfatının
inkişafı üçün uğurlu olacaqdır. Keçən
il kənd təsərrüfatı 4,1 faiz
artıbdır. Bu, yaxşı göstəricidir.
Biz həm ərzaq təhlükəsizliyi məsələlərini
həll edirik, həm də kənd təsərrüfatının
bizim üçün ənənəvi olan texniki sahəsini
inkişaf etdiririk. Qeyd etməliyəm ki,
Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi
ilə bağlı hesablama aparıb. Ərzaq
təhlükəsizliyi indeksinə görə Azərbaycan
57-ci yerdədir. Bu, yaxşı göstəricidir.
Ərzaq təhlükəsizliyi ilə, xüsusilə
taxılçılıqla bağlı əlavə tədbirlər
görüləcək ki, biz keçən il
olduğu kimi, bu il də idxaldan asılılığı
azaldaq və ixracyönümlü məhsulların həcmi
artsın.
Keçən
il bölgələrdə
pambıqçılıq, baramaçılıq,
fındıqçılıq, tütünçülük,
çayçılıq, çəltikçilik,
sitrusçuluq üzrə müşavirələr
keçirilmişdir, bir neçə dövlət proqramı
qəbul edilmişdir. Biz görürük ki, bu sahələrdə
çox böyük inkişaf var. Bu sahələrə
göstərilən diqqət həm iş yerlərinin
yaradılmasına gətirib çıxarır, həm də
ixrac potensialımızı artırır. Misal
üçün, 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89
min ton, 2015-ci ildə isə 35 min ton pambıq
yığılıbdır. Yəni, biz iki il ərzində pambıq istehsalını demək
olar ki, səkkiz dəfə artırmışıq və 200
minə yaxın insan pambıqçılıq sahəsində
çalışır, pul qazanır.
Baramaçılıq. 2015-ci ildə 200
kiloqram, 2016-cı ildə 70 ton, 2017-ci ildə 245 ton barama tədarük
edilibdir. Bu da kümçülərin
sosial vəziyyətinin yaxşılaşdırılmasına
xidmət göstərir. Bu il bu rəqəm
450-500 tona çatmalıdır və biz ipəkçiliyin
şöhrətini bərpa edəcəyik.
Keçən
il 18 min hektarda fındıq bağları
salınıb. Beləliklə, fındıq
bağlarının sahəsi 55 min hektara çatıb və
bizim hədəfimiz 80 min hektara çatdırmaqdır. Fındıqçılıq kənd təsərrüfatının
inkişafı və ixrac imkanlarımızın genişləndirilməsi
üçün önəmli yer tutacaq. Bu
gün ixrac edilən kənd təsərrüfatı məhsulları
arasında fındıqçılıq ikinci yerdədir.
Fermerlər bu məhsulun ixracından 100 milyon
dollardan çox vəsait əldə ediblər. Birinci yerdə pomidor ixracıdır. Bu sahəyə
də çox böyük maraq və tələbat var.
Keçən il 140 milyon dollar dəyərində
pomidor ixrac edilibdir. İndi ölkəmizdə
400 hektardan böyük bir sahədə yeni istixana komplekslərinin
yaradıldığını nəzərə alsaq, təsəvvür
etmək olar ki, bizdə tərəvəz ixracı nə qədər
artacaq. Çünki biz
özümüzü tərəvəzlə çoxdan təmin
etmişik.
Tütünçülüyə göstərilən
diqqət öz bəhrəsini verir. Əgər 2016-cı ildə 3500 ton
tütün tədarük olunmuşdusa, keçən il bu rəqəm 5200 tona çatıb. Bu il də bir çox önəmli tədbirlər
görüləcək, qurutma kameraları alınacaq və
fermerlərə əlavə dəstək veriləcək. Biz tütünçülüyün bərpasına
çox yaxınıq və gələcəkdə
tütünü nəinki xammal kimi, hazır məhsul - siqaret
şəklində ixrac etməliyik.
Digər
sahələrdə - sitrusçuluq,
çayçılıq, çəltikçilik sahələrində
də inkişaf var. Heyvandarlığa çox böyük
diqqət göstərilir və bu il
ölkəmizə minlərlə baş cins mal-qara gətiriləcək.
Bilirəm ki, 40-dan çox aqroparkın
arasında heyvandarlıq arqoparkları da önəmli yer tutur.
Beləliklə, əminəm ki, biz yaxın gələcəkdə
özümüzü ət və süd məhsulları ilə
tam şəkildə təmin edəcəyik.
Yeni kənd təsərrüfatı texnikasının
alınması üçün 160 milyon manat vəsait nəzərdə
tutulubdur. Burada əsasən taxılbiçən,
pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər
avadanlıq nəzərdə tutulur. Keçən il isə ölkəmizə 10 min kənd təsərrüfatı
texnikası gətirilib. Dövlət vəsait
ayırır, texnika gətirir, lizinq yolu ilə fermerlərə
verir. Yəni, kənd təsərrüfatı
dövlətin dəstəyi olmadan inkişaf edə bilməz.
Bunu hamı bilməlidir. Əlbəttə
ki, rentabellilik olmalıdır. Bəzi sahələr
rentabelli sahələrdir, bəzi sahələr subsidiya
hesabına yaşamalıdır. Bu,
inkişaf etmiş ölkələrdə də belədir.
Orada da subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir
ki, ərzaq təhlükəsizliyi təmin edilsin, iş yerləri
yaradılsın. Biz də bu yolla gedirik. Ona görə əgər hansısa kənd təsərrüfatı
sahəsində istehsal o qədər də rentabelli deyilsə,
bu, böyük faciə deyil, bundan faciə düzəltmək
lazım deyil. Dövlət ilkin mərhələdə
öz dəstəyini göstərir, bundan sonra hər şey
yoluna düşəcək. Necə ki, biz
indi kənd təsərrüfatının istehsalında bu
artımı görürük. Əgər dövlət
lazım olan vaxtda öz dəstəyini göstərməsəydi,
bu gün kənd təsərrüfatında 4,1
faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə,
bəlkə də bu sahə tənəzzülə
uğrayardı. Biz indi meliorativ tədbirlər
də görürük. Biz unudulmuş sahələri
də bərpa edirik, o cümlədən zeytunçuluğu.
Bu il minlərlə hektarda zeytun
bağları salınacaq. Arıçılığın da
çox böyük ixrac potensialı var. Azərbaycan
dünya miqyasında arıçılıq, bal
istehsalı sahəsində önəmli yer tuta bilər,
müvafiq göstərişlər verilib. Əminəm
ki, 2018-ci ildə yaxşı nəticələr olacaqdır.
Biz
keçən il dörd ticarət nümayəndəliyi
yaratmışıq, müxtəlif ölkələrə bir
çox ixrac missiyaları göndərilibdir. Bunun
da müsbət təsiri var. Bu ticarət nümayəndəliklərinin
nəticələri elə olmalıdır ki, bizim
ixracımız artsın. Bu missiyaların
fəaliyyəti o ölkələrə, yaxud da ki, bölgələrə
ixracın həcmindən asılı olacaqdır. Ona görə, bu məsələyə çox
ciddi yanaşmaq lazımdır. Bu ticarət
missiyalarının yaradılması o məqsədi
güdür ki, həmin ölkələrə və bölgələrə
ixracımız artsın.
Bu il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə
başlayacaq - Mingəçevir, İmişli və Şəki
şəhərində. Beləliklə, “ASAN
xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq.
Eyni zamanda, mən göstəriş vermişəm ki, bu il beş şəhərdə “ASAN xidmət” mərkəzinin
tikintisinə başlanılsın. Onlar yəqin
ki, 2019-cu ildə istifadəyə veriləcək. Beləliklə, bir ildən sonra bizim 20 “ASAN xidmət”
mərkəzimiz olacaq. Bu günə qədər
“ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın
müraciət daxil olub. “ASAN xidmət”
ictimai xidmət sahəsində çox ciddi dönüş
yaratmışdır.
Turizmin
inkişafı ilə bağlı bu il də
əlavə tədbirlər görüləcək. 2016-cı
ildə xarici turistlərin gəlişi 24 faiz
artmışdır, keçən il isə
əlavə daha 20 faiz artım olmuşdur və rekord səviyyəyə
çatmışdır. Ölkəmizə 2,7
milyon xarici vətəndaş gəlmişdir. Bu,
çox müsbət haldır. Bunun səbəbləri
var, - əlbəttə, mən bu barədə dəfələrlə
danışmışam, - həm sabitlik, təhlükəsizlik,
qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz
və turizm sahəsinə göstərilən dövlət dəstəyi
və əminəm ki, eyni zamanda, beynəlxalq tədbirlər,
beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb
edir. Sevindirici hal ondan ibarətdir ki, keçən il turistlər bank kartları ilə 70 faiz
çox pul xərcləmişlər. Turistlərin
sayı cəmi 20 faiz artmışdır, amma xərclənən
pul 70 faiz artmışdır. Bu da çox
müsbət haldır. Turizm də
ixracın bir növüdür, çünki turizm ölkəyə
valyuta gətirir.
Qeyd etdiyim kimi, Cənub Qaz Dəhlizi ilə bağlı
önəmli hadisələr gözlənilir. TANAP layihəsinin
istifadəyə verilməsi gözlənilir. Nəqliyyat sahəsində Ələt Dəniz Ticarət
Limanının birinci mərhələsinin başa
çatması nəzərdə tutulur. Mən
dünən limanda olmuşam. Biz Ro-Ro
terminalının açılışını qeyd etdik.
Orada işlərin böyük əksəriyyəti
demək olar ki, görülüb. Liman indi
fəaliyyət göstərir. Əminəm
ki, liman bu ilin birinci yarısında istifadəyə veriləcək.
Beləliklə, Azərbaycan Xəzər
hövzəsində ən böyük dəniz ticarət
limanına sahib olacaq. Bu limanın birinci mərhələdə
yükaşırma qabiliyyəti 15 milyon ton yük və 100
min konteynerdir. Gələcəkdə tələbat
artdıqca biz qısa müddət ərzində və o qədər
də böyük olmayan vəsaitlə limanı 50 faiz, 70 faiz
genişləndirə bilərik.
Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti
üçün çox önəmli il olacaq. Demək olar
ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin birinci ili olacaq. Mən qeyd etmişəm
ki, bu yola böyük maraq var və artıq Bakı-Tbilisi-Qars
Avrasiyanın nəqliyyat xəritəsini təzələyib və
Azərbaycan bu sahəyə öz töhfəsini verib.
Mən giriş sözümdə qeyd etdiyim kimi, Azərbaycan
ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi ilə
bağlı bütün işlər görülüb. Ancaq biz
böyük yüklər gözləyirik ki, bu yolla
daşınacaq. Ona görə, mövcud
olan dəmir yolu daha da yaxşı vəziyyətə gətirilməlidir.
Yəni, dəmir yolunun sürəti
artmalıdır. Bu məqsədlə biz
Bakı-Yalama və Bakı-Astara dəmir yolunun tədricən
yenidən qurulması, təmiri ilə bağlı işlər
görməliyik. Bu ilin investisiya
proqramında Bakı-Yalama dəmir yolunun təmiri, yenidən
qurulması məsələsi əksini tapıb. Bunu biz başlayırıq. Eyni
zamanda, Bakı-Astara dəmir yolunun xüsusilə dənizə
yaxın olan hissəsinin köçürülməsi məsələsi
də öz həllini tapacaq. Yəni,
texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunun həm turizm üçün böyük əhəmiyyəti
olacaq, çünki sahilin böyük hissəsi indi dəmir
yolu infrastrukturu ilə zəbt edilib, eyni zamanda, mövcud yolla
istədiyimiz qədər yükləri daşımaq
mümkün olmayacaq. Bu, önəmli layihədir.
Turizmin inkişafı üçün bir layihəni
də biz dövlət investisiya proqramına salmışıq.
Bu da Ləki-Qəbələ dəmir yolunun
tikintisidir. Beləliklə, Qəbələ
şəhərinə dəmir yolunun çəkilişi təmin
ediləcək. Bu gün Qəbələ
Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir.
Əlbəttə ki, dəmir yolunun Qəbələyə
çatdırılması turistlərin axınını daha
da sürətləndirəcək.
Növbəti illərdə Şahdağ xizək
kurortuna da dəmir yolunun çəkilişini təmin etmək
bizim planlarımızdadır. Bu layihəni biz əlbəttə
ki, Bakı-Yalama dəmir yolu ilə
uzlaşdırmalıyıq. Çünki
Şahdağa dəmir yolu ilə getmək üçün gərək
o sürətli yol olsun. İndi Bakı-Yalama yolu o vəziyyətdə
deyil ki, orada sürətli qatar işləyə
bilsin. Bakı-Yalama yolu ilə Qusar rayonuna gedən
dəmir yolu bir layihədə öz həllini tapacaq. Bu da bizim planlarımızda var. Ona görə, istərdim
ki, Azərbaycan ictimaiyyəti bunu bilsin.
Bu il iki min kilometrdən çox avtomobil yolu
çəkilməlidir. Keçən illə
müqayisədə bu, təxminən iki dəfə
çoxdur. Ən azı altı yüz
yeni kəndə avtomobil yolu çəkilməlidir.
Ümumiyyətlə, demək istəyirəm ki, bu layihələr
daxil olmaq şərtilə 2004-cü ildən bu ilin sonuna qədər
Azərbaycanda 15 min kilometr avtomobil yolunun tikintisi təmin ediləcək. Bu, çox
böyük rəqəmdir.
Bu il bölgələrdə qazlaşdırma
işlərinin aparılması üçün Dövlət
Neft Şirkətinə dövlət büdcəsindən təxminən
100 milyon manat vəsait ayrılacaq. İstəyirəm
ictimaiyyət onu bilsin ki, dövlət bu sahədə öz
maliyyə imkanlarını təmin edir. Əlbəttə
ki, Dövlət Neft Şirkəti özü pul qazanır.
Ancaq bu önəmli strateji sosial layihələrə
dövlət öz dəstəyini göstərir və
ayrılan bu vəsait nəticəsində Azərbaycanda ilin
sonuna qədər qazlaşdırmanın səviyyəsi 95
faizə çatmalıdır.
Digər infrastruktur layihələri haqqında da demək
istərdim. Bu da suvarma ilə bağlı olan layihələrdir.
Bu il 100 min hektardan çox yeni sahələrin
su təminatı təşkil edilməlidir. Yerlər
müəyyənləşdirilib, layihələr demək olar
ki, təsdiqlənib, yeni kanallar çəkiləcək.
Beləliklə, kənd təsərrüfatı
üçün yeni imkanlar yaranacaq.
Mənim bölgələrə səfərlərim
çərçivəsində ictimaiyyət tərəfindən
qaldırılan məsələlərdən biri də suvarma
ilə bağlı olan problemlərdir. Vətəndaşlar
tərəfindən qaldırılmış bütün təkliflər
dövlət investisiya proqramında nəzərə
alınıb. Ona görə, bu il bu
günə qədər suvarılmayan ən azı yüz min
hektar torpaqlara su gətiriləcəkdir. Bu il
ən azı 300 subartezian quyusu qazılacaq. Hər il 300 quyu qazırıq və bu il də 300 nəzərdə
tutulub, çox da ola bilər.
Bunlar görüləcək əsas işlərdir.
Əlbəttə ki, görüləcək bütün
işləri bu gün sadalamaq mümkün deyil, çox vaxt
lazımdır. Amma qarşımızda duran əsas vəzifələr
bundan ibarətdir. Bütün bu vəzifələri təmin
etmək üçün bizdə texniki imkanlar var. Biz Azərbaycanda
uzun illər daxili istehsalın artırılması ilə
bağlı çox ciddi məşğuluq. Bizim tikinti
materiallarımız və maliyyə imkanlarımız var.
Dövlət büdcəmiz 3 milyard manat çox
artmışdır. Siyasi iradəmiz var. Ona görə, dediyim
bu vəzifələr minimum proqramdır. Ən azı bunlar
görüləcək. Prinsipcə görüləcək
işlər bundan daha çoxdur. Əminəm ki, 2018-ci il də
ölkəmiz üçün uğurlu olacaq.
Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd
edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində
ilk dəfə olaraq demokratik respublika
yaradılmışdır. Biz fəxr edirik ki, bu
respublikanı Azərbaycan xalqı yaradıb və bir daha
bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan
xalqı böyük xalqdır, istedadlı xalqdır, azad
xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması və iki il ərzində fəaliyyəti
tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki,
hələ yüz il bundan əvvəl ən ülvi demokratik
dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində
onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz
Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə
sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan
Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz.
Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz
tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət
aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz
də olub və bizim tarixi şəhərimiz olan İrəvan
Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq
Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil
etməliyik. Bu müsbət və çətin məqamları
gizlətməməliyik. Amma bütün çətinliklərə
və əlbəttə ki, bizim üçün sağalmayan
yara olan İrəvanın Ermənistana verilməsinə
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini
Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.
Bunu nəzərə alaraq mən 2018-ci ili
ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”
elan edirəm. İl ərzində həm ölkəmizdə,
həm xaricdə bununla əlaqədar bir çox tədbirlər
keçiriləcəkdir. Sağ olun”.
Yeni Azərbaycan.-
2018.- 11 yanvar.- S.4.