2017-ci ildə kredit verilən sahibkarlıq subyektlərinin 65 faizi regionlarda fəaliyyət göstərir

 Cari ildə də aqroparkların, cins iribuynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, logistik mərkəzlərin, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq

Məlum olduğu kimi, həyata keçirilən siyasət və göstərilən hərtərəfli dövlət dəstəyi sayəsində ölkəmizdə bütün sahələr inkişaf edib. Bu inkişafdan paytaxt Bakı ilə yanaşı, regionlara da pay düşüb. Regionların sosial-iqtisadi inkişafından söz açarkən onu da vurğulamaq yerinə düşər ki, bu prosesdə dövlətlə yanaşı, özəl sektor da yaxından iştirak edir. Bu baxımdan, sahibkarlara göstərilən dövlət dəstəyi öz növbəsində regionların inkişafında da mühüm rol oynayıb. Belə ki, göstərilən dövlət dəstəyi nəticəsində sahibkarlar ölkəmizin, o cümlədən regionların sosial-iqtisadi inkişafında fəal iştirak edirlər. Məlumat üçün bildirək ki, son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən çox sahibkara dövlət tərəfindən 2 milyard manatdan artıq güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 154 minə yaxın yeni iş yerinin açılması imkanı yaradıb. Verilmiş güzəştli kreditlərin 1 milyard manatı büdcə, 1 milyard manatı geri qaytarılan vəsaitlərdir. Güzəştli kreditlərin 70 faizi aqrar sektorun, 30 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75,4 faizi regionların, 24,6 faizi isə Bakı qəsəbələrinin payına düşür.

Başa vurduğumuz 2017-ci ildə də sahibkarlara güzəştli kreditlərin verilməsi uğurla davam edib. Öz növbəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini reallaşdırıb. Bir neçə fakta diqqət yetirək. Sahibkarlığa Kömək Milli Fondunun ötən il dekabrın 27-də Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 8,8 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, aqropark, istixana kompleksinin yaradılması, heyvandarlıq, tərəvəzçilik, quşçuluq, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Yüzdən çox sahibkarın iştirak etdiyi işgüzar forumda Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, plastik və karton tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2017-ci ildə fondun fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə forum iştirakçılarına məlumat verib. Bildirilib ki, 2017-ci ildə 1953 sahibkarlıq subyektinin ümumi dəyəri 635,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 6600-dək yeni iş yerinin açılmasına imkan yaradır. Verilən kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına və s. yönəldilib. Qeyd edilib ki, 2017-ci ildə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən 60 müəssisə istifadəyə verilib, 40 müəssisə üzrə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Şirzad Abdullayev deyib ki, 2018-ci ildə aqroparkların, cins iribuynuzlu heyvandarlıq və istixana komplekslərinin, iri fermer və intensiv bağçılıq təsərrüfatlarının, logistik mərkəzlərin, ət kəsimi və emalı, yem, çörək, tikinti materiallarının istehsalı, meyvə-tərəvəz məhsullarının emalı və digər sənaye müəssisələrinin yaradılması, eləcə də kiçik sahibkarlığın inkişafı dövlətin güzəştli kreditlərinin yönəldiləcəyi əsas istiqamətlər olacaq.

Tədbir çərçivəsində Suraxanı rayonunun Hövsan qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış aqroparka baxış keçirilib.

Fondun Goranboy rayonunun Rəhimli kəndində keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2,6 milyon manat güzəştli kredit verilib. Kreditlər aqroparkın yaradılması, heyvandarlıq, əkinçilik, eləcə də bağçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcək. Ümumilikdə isə, indiyədək Goranboy rayonundan olan 985 sahibkara 17,8 milyon manat güzəştli kredit verilib. Doxsana yaxın sahibkarın iştirakı ilə keçirilən forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, fond tərəfindən Goranboy rayonunun iqtisadi potensialına uyğun olaraq, bitki yağları və nar konsentratı istehsalı, süd emalı və meyvəqurutma müəssisələrinin, südlük istiqamətli cins heyvandarlıq, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Forumda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov qeyd edib ki, bu işgüzar forumda verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6600-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 238,5 milyon manat güzəştli kredit verilib. Həmçinin tədbir çərçivəsində Goranboy rayonunda fəaliyyət göstərən nar emalı müəssisəsinə güzəştli kreditin verilməsinə dair razılıq əldə edilib.

Sahibkarlığa Kömək Milli Fondunun Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 4,3 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, bağçılıq, aqroparkın yaradılması, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində fond tərəfindən Göyçay rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu tədbirdə verilən kreditlər də daxil olmaqla, ümumilikdə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 13500-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 545 milyon manat güzəştli kredit ayrılıb.

Tədbir çərçivəsində Göyçay rayonunun Ləkçıplaq kəndində güzəştli kredit ayrılmış logistika mərkəzinə baxış keçirilib. Qeyd edək ki, son illər ümumi dəyəri 355 milyon manat olan 51 logistik mərkəzin yaradılmasına 163,5 milyon manat güzəştli kredit verilib.

Biləsuvar rayonunun Aşağı Cürəli kəndində keçirilən işgüzar forum çərçivəsində isə rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Biləsuvar rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrin maliyyələşdirilməsi, aqroparkın, müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq və quşçuluq təsərrüfatlarının, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, dövlət başçısının pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, bu sahənin inkişafına diqqət daha da artırılıb. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı 195 sahibkara 9,8 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 965 min manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, pambıqçılıq, istixana kompleksinin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Ümumilikdə isə, indiyədək Biləsuvar rayonundan olan 737 sahibkara 33 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Biləsuvarda dövlətin güzəştli krediti ayrılan pambıqçılıq təsərrüfatına və pambıq emalı müəssisəsinə baxış keçirilib.

Qeyd edək ki, sahibkarlara güzəştli kreditlərin verilməsi 2018-ci ildə də davam etdiriləcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bu il sahibkarlara 170 milyon manat həcmində güzəştli kreditlərin veriləcəyini bildirib: “Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək. Sevindirici hal ondan ibarətdir ki, bu vəsait vaxtilə verilmiş və qaytarılmış kreditlər hesabına təkrar veriləcəkdir. Bu, ilk növbədə onu göstərir ki, dövlətdən kredit alan sahibkarlar öz məsuliyyətlərini dərk edirlər və bu kreditləri qaytarırlar. Digər tərəfdən, onu göstərir ki, vaxtilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış vəsait işləyir. Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək. Baxarıq, əgər layihələrin sayı çoxalarsa, biz bu məbləği prinsipcə artıra bilərik. Çünki bu, sahibkarlığın, regionların inkişafı üçün çox önəmli bir vasitədir və kreditlərin mütləq əksəriyyəti bölgələrə, iqtisadiyyatın real sektoruna verilir”.

Göründüyü kimi, Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi yüksək səviyyədədir. Bunun nəticəsində də sahibkarlar ölkəmizin, o cümlədən regionların sosial-iqtisadi inkişafında fəal iştirak edirlər.

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.- 2017.- 11 yanvar.-S.7.