Şərqin ilk demokratik
respublikasının uğurlu varisi: zəngin və qüdrətli
Azərbaycan
Dünya təcrübəsindən
məlumdur ki, özünü millət kimi təsdiqləmək
əzmində olan ayrı-ayrı etnoslar müstəqil
dövlət quraraq mövcudluğunu qoruyub saxlamış, beləliklə
də tarix səhnəsində duruş gətirə
bilmişlər. Hər bir xalqın milli özünüdərkinin
ali təzahür forması olan müstəqil dövlət
ideyasının gerçək həyata vəsiqə
alması isə əsrlərlə davam edən tarixi
mücadilənin nəticəsi olmuşdur. Dünyanın
ən qədim etnoslarından biri olmaqla, bəşər
sivilizasiyasına sanballı töhfələr vermiş azərbaycanlılar
da taleyin qismətindən neçə əsrlərlə milli
özünəməxsusluqlarını şərtləndirən
keyfiyyətləri, milli dövlətçilik ənənələrini
yaşatmaq, azadlıq, müstəqillik nemətinə
qovuşmaq üçün çox çətin
sınaqlardan, mürəkkəb yollardan keçməli
olmuşlar.
Əsrlər boyu ölkə ərazisində
müstəqil dövlətin qurulmasına yönəlmiş
cəhdlərin - Atabəylər, Qaraqoyunlu və
Ağqoyunlular, Səfəvilər və xanlıqların
müasir dövlət modelində reallaşması isə məhz
XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanın
vətənpərvər, milli təfəkkürlü
ziyalıları xalqımızda milli oyanış, milli
dirçəliş düşüncəsinin
formalaşdırılması sahəsində sistemli fəaliyyət
göstərmişlər. Həmin dövrdə
Azərbaycan bir çox sahələrdə, o cümlədən
mədəniyyət, maarif, incəsənət və milli mətbuat
sahələrində olduqca mühüm nailiyyətlər əldə
etmişdir. Ən başlıcası, respublikada güclü və
müasir burjua təbəqəsinin və çoxpartiyalı
siyasi sistemin formalaşması ölkənin ictimai həyatında
fəallığı gücləndirmiş, milli maraq və
ideallar uğrunda mübarizəyə yeni nəfəs
vermişdir. Beləliklə, ötən əsrin əvvəllərində
çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər,
imperiya daxilində zorən bir araya gətirilmiş
xalqların azadlıq uğrunda mübarizəyə
qalxması Azərbaycana da istiqlaliyyətini elan etmək
imkanı yaratmışdır.
Rusiyada 1917-ci il oktyabr
çevrilişi və 1918-ci ildə Zaqafqaziya Seymi
dağıldıqdan sonra, mayın 27-də Seymin 44 nəfərlik
müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini
elan etmək və ilk milli hökuməti yaratmaq
üçün Tiflisdə toplandı. Fraksiya Azərbaycanın
idarə olunması səlahiyyətini üzərinə
götürmək qərarına gələrək
özünü Azərbaycanın Milli Şurası elan etdi,
M.Ə.Rəsulzadə isə sözügedən
Şuranın sədri seçildi. 1918-ci il mayın 28-də
isə Azərbaycan Milli Şurası Həsən bəy
Ağayevin sədrliyi ilə Azərbaycanın İstiqlal Bəyannaməsini
qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin
hökuməti həmin bəyannamədə xalqın istiqlal və
azadlıq əzminin nəticəsi olaraq qazanılmış
müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, səmərəli
sosial-iqtisadi islahatların həyata keçirilməsi yolu ilə
xalqın firavan həyat tərzinə nail olmağı, hər
bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində
dayanmağı qarşıda mühüm vəzifələr
kimi müəyyənləşdirmişdi.
Bakı şəhərini 1918-ci
il iyulun sonlarında süqut etmiş Bakı kommunasından
sonra ələ keçirmiş eser-menşevik və daşnak
nümayəndələrindən ibarət “Sentrokaspi
diktaturası”ndan təmizləmək həmin dövrdə Azərbaycan
hökuməti qarşısında həyati vacib vəzifələrindən
biri idi. Bir neçə ay davam edən
qızğın döyüşlər nəticəsində
Osmanlı və azərbaycanlı hərbi hissələrindən
ibarət Qafqaz İslam Ordusu türk generalı Nuru
Paşanın rəhbərliyi altında 1918-ci il sentyabrın
15-də Bakını düşmən ünsürlərdən
təmizləməyə nail oldu. Sentyabrın 17-də isə
F.X.Xoyskinin başçılıq etdiyi hökumət Gəncədən
Bakıya köçdü və Bakı şəhəri
paytaxt elan olundu.
Azərbaycan hökuməti həmin
dövrdə ölkənin milli maraqlarının qorunması
baxımdan mühüm addımlar atmışdı. Tezliklə
yeni qurulmuş dövlətin bütün atributları -
üçrəngli bayrağı, gerbi, himni, pul vahidi
yaradıldı. Qısa müddətdə
formalaşdırılan Azərbaycan ordusu 1919-cu ildə
ölkənin cənubunda denikinçilərin qüvvələrini,
1920-ci ilin mart-aprel aylarında isə Qarabağdakı erməni
ordusunu darmadağın edərək millətin və gənc
dövlətimizin həyat qabiliyyətliliyini öz canı və
qanı bahasına təsdiq etdi. Dövrün əsas
çağırışının məhz elm, keyfiyyətli
insan potensialı olduğunu aydın dərk edən
cümhuriyyət qurucuları 1919-cu ildə ilk ali təhsil
müəssisəsi olan Bakı Dövlət Universitetinin əsasını
qoydular və 100 nəfər gənci xarici dövlətlərin
nüfuzlu universitetlərinə təhsil almağa
göndərdilər.
Daxili siyasətdəki uğurlar xarici siyasətdə
də mühüm nəticələr doğurmuşdu. Belə ki, Parlamentin sədri
Ə.Topçubaşovun rəhbərliyi altında nümayəndə
heyətinin Paris sülh konfransında uğurlu diplomatik fəaliyyəti
sayəsində 1920-ci il yanvarın 11-də Antanta dövlətləri
Azərbaycanın istiqlaliyyətini de-fakto
tanımışdılar. Xalq Cümhuriyyəti
fəaliyyət göstərdiyi 23 aylıq müddət ərzində
20-dən çox dövlətlə, o cümlədən
Türkiyə, Gürcüstan, Ermənistan, İran,
Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa,
İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva,
Polşa, Finlandiya və başqaları ilə baş konsulluq,
konsul agentlikləri səviyyəsində əlaqələr
qurmağa nail olmuşdu.
Ötən əsrin əvvəllərində
cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti
müsəlman Şərqində ilk demokratik respublika olaraq
bugünkü müstəqil dövlətimizin sələfi
qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi
əsaslar formalaşdırmışdır. Ümummilli lider
Heydər Əliyevin bəyan etdiyi kimi, “1918-ci ildə
yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir,
tariximizin parlaq səhifəsidir, xalqımızın
böyük nailiyyətidir. Məhz bunlar hamısı birlikdə
indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm
intellektual, həm də mədəni potensialını
yaradıbdır”.
Azərbaycan Xalq Cümhuriyyəti
müəyyən obyektiv və subyektiv səbəblər
üzündən süquta uğrasa da, xalqımız milli
özünüdərk və özünəməxsusluq
duyğularını, milli “Mən”ini sovet imperiyası
dövründə də yaşada bildi. Zəngin
mədəniyyətə malik mükəmməl etnos kimi
dünya tərəfindən etiraf olunan azərbaycanlıların
genetik birliyi, eyni etnomədəni sistemə mənsubluğu, həmçinin
milli dövlətçilik təfəkkürü bu kimi amillərə
qarşı kəskin qadağalar müəyyənləşdirmiş
Sovetlər Birliyi dövründə də məhdudlaşdırıla
bilmədi.
Ulu öndər Heydər Əliyevin ötən
əsrin ortalarında Azərbaycanda siyasi rəhbərliyə
irəli çəkilməsi isə respublikamızı həqiqi
müstəqilliyə aparan nurlu yolun başlanğıcı
kimi xatırlanır. Tarixin kamil şəxsiyyət,
Ümummilli lider kimi Azərbaycan xalqına bəxş etdiyi
Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi
dövründə azərbaycanlıların müstəqil
düşüncə ətrafında birləşməsi, gələcəkdə
müstəqil dövlət üçün hərtərəfli
zəmin yaradılması imkanları genişləndi.
Əsrlər boyu əxz etdiyi dövlətçilik təfəkkürünü,
özünəməxsus milli-mənəvi dəyərləri,
adət-ənənələri, mental xüsusiyyətləri
müdrik rəhbərin sarsılmaz iradəsi, qətiyyəti
sayəsində vahid sistem halına gətirərək
özünütəsdiq imkanı qazanmış
xalqımız hələ keçmiş ittifaq dövründə
gələcək müstəqilliyinə etibarlı təməl
formalaşdıra bildi. Sovet İttifaqının
nüfuzlu ali məktəblərinə yüzlərlə azərbaycanlı
gəncin göndərilməsi Xalq Cümhuriyyətinin xarici
ölkələrə tələbə ezamı ənənəsinin
sovet rejiminin ağır şərtlərində bərpası
kimi başa düşülməlidir. Habelə,
Azərbaycan Silahlı Qüvvələrinin Mehmandarov,
Şıxlinski tərərfindən əsası qoyulan
şanlı ənənələrinin davamı olaraq Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin yaradılması da
o dövrün buxovlarını sındıran cəsarətli
addımlar idi.
Ümumilikdə Heydər
Əliyevin rəhbərliyi ilə 1970-1980-ci illərdə istər
icra strukturları, istərsə də parlament səviyyəsində
həyata keçirilmiş kompleks tədbirlər
respublikamızın ötən əsrin 90-cı illərinə
doğru müstəqillik uğrunda mübarizəsinə real
hüquqi-siyasi və iqtisadi əsaslar yaratmışdır.
Bu gün əminliklə demək olar ki, Azərbaycan
Xalq Cümhuriyyəti yaradıcılarının
ideallarında yaşatdıqları müstəqil hüquqi,
demokratik, dünyəvi dövlət məhz Ulu öndər
Heydər Əliyevin 1993-cü ilin iyununda respublikaya
qayıdışından sonra mümkün olmuşdur. Ulu öndər hələ Naxçıvan Ali Məclisinin
Sədri olarkən, 1990-cı ildə burada Xalq Cümhuriyyətinin
üçrəngli bayrağını ucaldaraq 70 ildən
sonra ilk dəfə Muxtar Respublikanın rəsmi atributu elan
etmiş, dövlətçiliyimizin bu ən mühüm
atributunu yenidən dirçəltmişdir. Təsadüfi
deyil ki, məhz Onun 2003-cü ildə imzaladığı Sərəncam
əsasında sonrakı illərdə Prezident İlham
Əliyev tərəfindən Bakıda Azərbaycan Xalq
Cümhuriyyətinə abidə ucaldılmışdır. Bir daha və dönə-dönə mühüm bir
tarixi fakt vurğulanmalıdır ki, əgər Ulu öndərin
ikinci dəfə hakimiyyətə möhtəşəm
qayıdışı olmasaydı, naşı və səriştəsiz
iqtidarlar sayəsində Azərbaycan Respublikasının da
taleyi Xalq Cümhuriyyətinin 1920-ci ildəki aqibətini təkrar
edəcəkdi.
Bu məqamda bir haşiyə çıxmaq
yerinə düşər. Belə ki, hazırda
bəzi siyasi dairələrin öz yaratdıqları quruma
Müsavat Partiyası adı verməsi qətiyyən tarixi
varislik ənənəsi yaratmır və kökündən
yanlış mülahizələrə əsaslanır. Əvvəla,
qeyd etmək lazımdır ki, ötən əsrin əvvəllərində
yaradılmış Müsavat
xalqımızın çoxəsrlik azadlıq ideyasından
güc alaraq milli vətənpərvər ziyalıların və
bütün ictimai təbəqələrin ümumi arzu və
istəklərini ifadə edən milli bir hərəkat idi.
İndiki “Müsavat” isə tarixi sistemyaradıcı partiyadan
tam fərqli və cılız sosial bazaya malik, korporativ
maraqlara söykənən avantürist şəxslərin
özfəaliyyət dərnəyi səviyyəsindən
uzağa gedə bilmir və aydın məsələdir ki,
tarixi Müsavat mirası ilə yaxından-uzaqdan heç bir əlaqəsi
yoxdur. Habelə, bir çox tarixçinin və
araşdırmaçının qənaətinə görə
ideolojik olaraq da tarixi müsavatçılıq daha çox
sol-mərkəzçi siyasi xətt yürütsə də,
indiki saxta “müsavat”çılar sağ-mərkəzçi
və hətta radikal sağ mövqedən
çıxış edirlər. Həqiqətən
də, 1918-ci ildə dövlət quran Müsavatla
1992-93-cü illərdə hakimiyyətdə olub dövləti
dağıdan, onu tam iflas həddinə çatdıranlar
arasında nə hüquqi, nə siyasi, nə də mənəvi
bağ qurmaq nəinki mümkün deyil, hətta
büsbütün absurddur.
Ulu öndər Heydər
Əliyevin xalqımızın, cəmiyyətimizin milli
inkişafına yönəlmiş müstəqillik
konsepsiyasını yaradıcılıqla davam və
inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf
konsepsiyasının başlıca qayəsi ölkədə
demokratik transformasiya proseslərini yaxın müddətdə
başa çatdırmaq, vətəndaş cəmiyyəti
strukturlarının və təsisatlarının
formalaşmasına başlamaq səyləri ilə həyata
keçirilən “sabitlikdən inkişafa doğru”
ideyasıdır. Ölkə Prezidentinin əzmkar fəaliyyətini
qeyd edərkən Ulu öndərin bu müdrik sözləri
yada düşür: “Sizi əmin edirəm ki, Azərbaycan
xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın
dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan
xalqının milli azadlığının keşiyində
duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub
saxlayacaqdır”. Hər bir Azərbaycan vətəndaşının
bu ideyaya inamı sonsuzdur.
Dövlət
başçısı cənab İlham Əliyev Azərbaycanın
sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə
proseslərini bir-birindən təcrid olunmuş şəkildə
götürmədən hər iki xətti Azərbaycanın gələcək
yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır.
Prezidentin bu barədə irəli
sürdüyü fikirlər təkcə Azərbaycanın
yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm
qoymuş bütün müstəqil ölkələrin gələcək
inkişafının təməl prinsipi kimi tətbiq edilə
bilər. “Ölkədə həm siyasi, həm də
iqtisadi sahədə islahatlar cəsarətlə
aparılır. Mən tam əminəm ki, siyasi
və iqtisadi islahatlar, iqtisadi yüksəliş və
demokratikləşmə prosesləri bir-birini
tamamlamalıdır və paralel şəkildə həyata
keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum
yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata
keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə
demokratik cəmiyyətin qurulmasından
söhbət gedə bilməz”, - deyən Prezident İlham
Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin
inkişafı heç də təbii sərvətlərin zənginliyi
ilə deyil, demokratikləşmə proseslərindən,
qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti
təsisatlarının inkişafından asılıdır.
Dərin və universal
böhrandan çıxaraq cəmi 20 il ərzində kosmik
dövlətlər sırasına girən, dünyanın ən
mötəbər beynəlxalq forumlarına ev sahibliyi edən,
qlobal kataklizmlərlə çalxalanan regionda multikultiralizmin
qalasına çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən
gündən-günə inkişaf edən müstəqil
Azərbaycan bu gün hamımızın qürur mənbəyidir.
Sadəcə, son aylarda baş verənlər bugünkü Azərbaycan
reallığının ən bariz nümunəsidir. Belə ki, 2017-ci ilin 14 sentyabr tarixində “Əsrin
müqaviləsi”nin 2050-ci ilədək uzadılması ölkəmizin
etibarlı və stabil inkişaf edən dövlət kimi
bütün dünyada nüfuzunun yüksəlməsi, əhalimizin
rifahının təminatı baxımından böyük
strateji əhəmiyyət daşıyır. Habelə,
ötən ilin 30 oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu
xəttinin açılması Azərbaycanın Avrasiyanın
geosiyasi nəqliyyat mərkəzinə çevrilməsi
yolunda atılmış ən mühüm addımdır.
Milyondan artıq sərnişin, 17 milyon tondan artıq yük
daşınması nəzərdə tutulan bu xətt həm də
təcavüzkar Ermənistanın strateji blokadasını
möhkəmləndirən mühüm iqtisadi-siyasi qələbədir.
Bu gün dünyada milli və
dini zəmində baş verən qarşıdurmalar, axan nahaq
qanlar, insanların bu münaqişələr ucbatından
öz yurd-yuvasından didərgin düşməsi
hamını, eləcə də bəşəriyyətin bir
parçası olan xalqımızı narahat etməyə bilməz.
O səbəbdən zərurət var ki, sahib
olduğumuz tolerantlıq təcrübəmizi və
multikulturalizm dəyərini bütün xalqlara aşılayaq
və bu yolla dünyada sülhün və əmin-amanlığın
bərqərar olmasına öz töhfəmizi verək.
Məhz bu missiyanı həyata
keçirmək məqsədi ilə ölkə
başçısı cənab İlham Əliyev 2016-cı
ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi
İli” elan etmiş, bu istiqamətdə ölkə daxilində
və xaricdə məqsədyönlü işlərin
aparılması üçün müvafiq göstərişlərini
vermişdir.
Eyni zamanda, bu sahədə respublikamızın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar
fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz onun rəhbərliyi ilə ardıcıl
şəkildə sivilizasiyalararası dialoqun qurulması sahəsində
dünyanın tanınmış elm və mədəniyyət
xadimlərinin də iştirak etdiyi bir sıra mötəbər
tədbirlərin, konfransların və beynəlxalq
forumların Azərbaycanda keçirilməsinə nail
olunmuşdur. Mehriban xanım Əliyevanın beynəlxalq
miqyasda uğurlu fəaliyyəti nəticəsində Azərbaycan
həqiqətləri dünyaya çatdırılmış,
ölkəmiz ən nüfuzlu mədəni və idman
yarışlarına ev sahibliyi etmişdir. Onun rəhbərliyi
altında Azərbaycanın zəngin mədəni irsi, milli-mənəvi
dəyərləri bütün dünyada uğurla təbliğ
olunmuşdur. Uzun müddət rəhbərlik
etdiyi Heydər Əliyev Fondu nəinki Azərbaycanda yüzlərlə
təhsil ocağı və məscidlər inşa və təmir
etdirmiş, habelə, ölkənin sərhədlərindən
uzaqda, Pakistanda, Rumıniyada məktəblər tikilmiş,
Avropada və Rusiyada dünya mədəni irsinə aid olan
tarixi-dini abidələr inşa və təmir olunmuşdur. Həmçinin
məhz Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə yüksək humanizm prinsipləri rəhbər tutularaq
ölkəmizdə geniş əhatəli amnistiya aktları həyata
keçirilmiş, yüzlərlə ailəyə sevinc bəxş
edilmişdir.
Bu gün Azərbaycan dövlətçiliyinin
ən mühüm problemi ölkənin ərazi bütövlüyünün
təmin olunmasıdır. Ermənistan
Respublikasının təcavüzü nəticəsində
işğal altına düşmüş ərazilərimizin
azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin
bərpa olunması, sayı bir milyona çatan və uzun
müddətdən bəri məşəqqətli
köçkün həyatı sürən soydaşlarımızın
doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin
qarşısında çox məsul bir vəzifə, ən
vacib məqsəd kimi durur. Müstəqil
dövlətçiliyimizin banisi, müasir Azərbaycanın
memarı, böyük öndərimiz Heydər Əliyevin
siyasi xəttini uğurla davam etdirən möhtərəm
Prezident İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər,
müstəqil dövlətimizə böyük itkilər gətirmiş
təcavüzə son qoyulması üçün
çoxşaxəli və səmərəli
hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir
ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu,
Ermənistanın işğalçı və təcavüzkar
siyasət yeritdiyini getdikcə daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər
beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən
qərar və qətnamələrdə Ermənistanın Azərbaycan
torpaqlarını işğal etməsi faktı birmənalı
şəkildə dəfələrlə təsdiqlənmiş,
onun təcavüzkarlıqdan əl çəkməsi tələb
olunmuşdur.
Zaman isə, heç şübhəsiz, Azərbaycanın
xeyrinə işləyir. Cənab İlham
Əliyevin uğurlu rəhbərliyi sayəsində təkcə
2017-ci ildə dövlət büdcəsinin gəlirləri 3
milyard manat artmış, valyuta ehtiyatları 4,5 milyard artaraq 42
milyard dollara çatmışdır. Ölkə
iqtisadiyyatına 14, 6 milyard dollar sərmayə qoyulmuş,
ixracat 19 faiz artmış, ticarət balansında 6, 2 milyard
dollarlıq müsbət saldo meydana gəlmişdir. Geniş iqtisadi imkanlar isə, heç şübhəsiz,
Azərbaycan Silahlı Qüvvələrinin ən müasir
silah və texnika ilə təchizatını sürətləndirməklə
yanaşı, təcavüzkar Ermənistanla ölkəmiz
arasında nəinki dərin fərq, hətta ciddi hərbi-iqtisadi
uçurum yaradır. Bu amillər isə Azərbaycanın
labüd qələbəsini gündən-günə
yaxınlaşdırır.
Bütün sahələrdə
Ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm
Prezidentimiz cənab İlham Əliyev bu siyasi xətti daha da
inkişaf etdirərək Cümhuriyyətin 100 illiyi
münasibətilə 2017-ci ildə xüsusi Sərəncam
imzaladı. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin
fəaliyyəti olduqca yüksək qiymətləndirilərək
deyilirdi: “Dünya birliyi tərəfindən
tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində
Azərbaycanın beynəlxalq birliyin subyekti olması 1920-ci
ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın
bir dövlət kimi dünyanın siyasi xəritəsindən
silinməsinin qarşısını aldı”.
Nəhayət, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin 10 yanvar 2018-ci il
tarixli iclasında dövlət başçısının
bu ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi bu
dövlətin tariximizdə oynadığı müstəsna
rolu vurğulamaqla yanaşı, onun əsasını
qoyduğu ideyaların əbədiliyinin və həmişəyaşarlılığının
növbəti təsdiqidir. Prezident İlham Əliyev həmin
iclasdakı nitqində demişdir: “Bu il biz müstəqilliyimizin
yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl
müsəlman aləmində ilk dəfə olaraq demokratik
respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu
respublikanı Azərbaycan xalqı yaradıb və bir daha
bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan
xalqı böyük xalqdır, istedadlı xalqdır, azad
xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması və iki il ərzində fəaliyyəti
tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki,
hələ yüz il bundan əvvəl ən ülvi demokratik
dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində
onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil
Azərbaycan - Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz
Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə
sadiqik və bu ənənələri yaşadırıq”.
Prezidentin qarşıya qoyduğu vəzifələr
və 2018-ci ildə görülməsi nəzərdə
tutulan işlər isə bir növ “Cümhuriyyət ili”nə
ərmağan olacaqdır. Belə ki, ümumilikdə ölkə
iqtisadiyyatına 15 milyard dollar sərmayə qoyuluşu
gözlənilir. Habelə, irimiqyaslı layihələrdən
TANAP layihəsinin, Ələt Dəniz Ticarət
Limanının birinci mərhələsinin inşası
başa çatdırılacaq, ikinci süni peykimiz olan
“Azerspace-2” kosmosa çıxarılacaq. Sahibkarlığa
Kömək Milli Fondu sırf daxili imkanlar hesabına yerli
iş adamlarına 170 milyon manatdan artıq güzəştli
kredit verəcək. 20 min köçkün ailəsi yeni
inşa ediləcək evlərə və mənzillərə
köçürüləcək. Ölkədə 137 modul
tipli məktəb, 6 yeni mərkəzi rayon
xəstəxanası, 3 “ASAN xidmət” mərkəzi, 2 Olimpiya
idman kompleksi, bəlgələrimizdə yeni sənaye
parkları, 10 yeni xalça fabriki tikilərək istifadəyə
veriləcək. 160 milyon dollarlıq kənd təsərrüfatı
texnikası alınacaq, 300-dən artıq subartezian quyusu
qazılacaq və ən az 100 min hektar heç vaxt
suvarılmamış ərazi əkinçiliyə
açılacaq. Sevindirici haldır ki, bütün bunlar
Cümhuriyyətin yubileyinə veriləcək töhfələrin
heç də tam siyahısı deyil.
Beləliklə, sadalanan məqamlar
bir daha onu sübut edir ki, bu gün insan hüquq və
azadlıqlarına, qanunların aliliyinə hörmət
prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər
verən müstəqil Azərbaycanın iqtisadi cəhətdən
inkişaf etmiş, hüquqi, dünyəvi və
demokratik dövlət imicinin formalaşmasında, onun möhkəm
təməllərinin qoyulmasında görkəmli dövlət
xadimi, Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir
və daim tariximizə qızıl hərflərlə
yazılacaqdır. Biz isə arzu edək ki, “Cümhuriyyət
ili” bütün həmvətənlərimiz üçün
birlik, bərabərlik və həmrəylik ili kimi tariximizə
əbədi həkk olunsun.
Siyavuş
Novruzov Milli Məclisin İctimai birliklər və
dini
qurumlar komitəsinin sədri,Yeni Azərbaycan
Partiyasınınİcra katibinin müavini
Yeni Azərbaycan.-
2018.- 12 yanvar.- S.-7.