Ötən il Azərbaycanda sosial infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atılıb

 Bəhs edilən dövrdə ölkəmizdə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb

Öz inkişafına görə regionunun lider dövləti olan Azərbaycan ötən ili də uğurla başa vurub. Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində dövlət başçısının bəyan etdiyi kimi, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf edib. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə verib. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb.

Beləliklə, bundan öncəki illərdə olduğu kimi, 2017-ci ildə də ölkəmizdə iqtisadi sahədə çox böyük uğurlar əldə edilib. Azərbaycan iqtisadiyyatı ötən ildə də artıb ki, bu da çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub.

Eyni zamanda, respublikada güclü müasir infrastrukturun yaradılması istiqamətində işlər ötən il ərzində də davam etdirilib. Sözügedən iclasdakı giriş nitqində bu məqama da toxunan Prezident İlham Əliyev deyib: “Keçən il infrastruktur layihələrinin icrası üçün böyük vəsait ayrılmışdır və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Elektrik təchizatı yaxşılaşdırılmışdır, bir çox bölgələrdə yeni yarımstansiyalar işə düşmüşdür. Bizim sürətlə artan sənaye və kənd təsərrüfatı potensialımız tələb edir ki, elektrik təchizatının inkişafı daim diqqət mərkəzində olsun”.

Eyni zamanda, ötən il ərzində Azərbaycanda sosial infrastrukturla bağlı da çox ciddi addımlar atılıb. Həyata keçirilən infrastruktur layihələri çərçivəsində həmçinin təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması istiqamətində mühüm addımlar atılıb. Məhz bunun nəticəsidir ki, 2017-ci ildə ölkəmizdə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb.

Qeyd edək ki, ölkəmizdə məktəb tikintisi ilə bağlı işlər ilin son ayı ərzində də davam etdirilib. Məsələn, Prezident İlham Əliyevin 2016-cı il 21 oktyabr tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, 1320 şagird yerlik ümumtəhsil məktəbinin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatıb. Məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Qeyd olunub ki, Ağstafa təhsil sahəsində ölkənin ən qabaqcıl rayonları sırasında qərarlaşıb. Son illər rayonun təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Təhsil Şöbəsinin müdiri Kamran Abbasov, məktəbin məzunu İbrahim Əliyev, Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, məktəbin müəllimi Elnarə İskəndərova və digərləri Ağstafa rayonunun təhsil sisteminə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub. Binanın köhnə dam örtüyü yenilənib, ətraf ərazi dekorativ hasara alınıb. Məktəbin bufeti, idman, akt və kitabxana zalları, sanitar qovşaqlar müasir tələblərə uyğun yenidən qurulub. Elektrik, istilik sistemi yenilənib, bütün mərtəbələri əhatə edən müşahidə kameraları quraşdırılıb.

Məktəb binalarının tikinti işləri Naxçıvan Muxtar Respublikasında da davamlı xarakter daşıyır. Daha dəqiq desək, bu gün Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun yenilənməsi, müasir tədris metodlarının tətbiqi, təlim prosesində yeni texnologiyalardan istifadəyə geniş yer verilməsi, nümunəvi dərslərin keçirilməsi və distant təhsilin reallaşdırılması təhsil sahəsində uğurların qazanılmasına səbəb olub.

Bu konteksdə növbəti addım isə Babək rayonunun sərhəd yaşayış məntəqəsi olan Gərməçataq kəndində atılıb. Belə ki, dekabrın 8-də Gərməçataq kənd tam orta məktəbinin yeni binasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, məktəb binasında ən müasir tədris infrastrukturu yaradılıb. 2-si elektron lövhəli olmaqla 10 sinif otağında, kimya-biologiya laboratoriyasında, hərbi kabinədə, şahmat sinfində və kompüter otağında yeni tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilib, kitabxana fondu zənginləşdirilib. Kitabxanada 1400-dən artıq bədii ədəbiyyat və dərslik var. Məktəbdə şagirdlərin mütaliəyə marağının artırılması üçün tədbirlər görülüb, oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Kompüter otağında isə sürətli internetə çıxışı olan kompüterlər şagirdlərin istifadəsinə verilib. Məktəbdə elektron dərsliklərdən istifadə də diqqətdə saxlanılır.

Ümumiyyətlə, təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2017-ci ildə muxtar respublikada 10 məktəb binası istifadəyə verilib.

Yaradılan şərait nəticəsində qabaqcıl təhsil mühiti formalaşıb, şagirdlərin təhsilə marağı artıb, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də qəbulun nəticələri ilbəil yaxşılaşıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq 2017-ci ildə ümumtəhsil məktəblərinə 942 sağlamlıq imkanı məhdud uşaq cəlb edilib. Onların da 88-i birinci siniflərdə təhsil alır. Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən 24 şagird distant təhsilə cəlb olunub.

Bu məqamda vurğulamaq yerinə düşər ki, qəzalı məktəblərin yerində modul tipli məktəblərin tikintisi ölkəmizdə ötən il ərzində də diqqət mərkəzində olub. Bu barədə rəqəmlərə keçməzdən öncə qeyd edək ki, modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddətdə, yəni 1 ay ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

Beləliklə, 2017-ci ildə ölkəmizdə modul tipli məktəblərin inşası genişləndirilib və modul tipli yüz məktəb inşa edilib. Təhsil Nazirliyindən verilən məlumata görə, ötən il ölkəmizin 40 rayonunda təxminən beş min şagirdi əhatə edən yüz modul tipli məktəb inşa edilib. Bu istiqamətdə regionlarda görülən işlərə gəlincə, Təhsil Nazirliyi tərəfindən ilin əvvəlindən Neftçalanın beş kəndində modul tipli məktəb binalarının quraşdırılmasına başlanılıb. Rayon Təhsil Şöbəsindən bildiriblər ki, artıq Yenikənd, Tatarməhlə, Mikayıllı və Sübh ümumi orta və ibtidai məktəbləri üçün tikilən binaların inşası başa çatıb.

Hazırda isə nazirlik tərəfindən Neftçalanın Ərəbqardaşbəyli kəndində modul tipli məktəb binası tikilir. Bu barədə KİV-ə açıqlamasında iş icraçısı Rəfael Osmanov məlumat verib. Onun sözlərinə görə, 96 şagird yerlik binanın tikintisinə ötən ilin noyabr ayında başlanılıb. Qeyd olunub ki, artıq dəmir konstruksiyaların quraşdırılması və suvaq işləri başa çatıb. Binanın dam örtüyü vurulub, daxildə isə döşəmə işləri görülüb. Məlumat üçün bildirək ki, Ərəbqardaşbəyli kənd tam orta məktəbində 76 şagirdin təlim-tərbiyəsi ilə 19 müəllim məşğul olur.

Modul məktəb binalarının tikintisi işləri Azərbaycanın şimal rayonlarında da davam etdirilib. Bu sırada Xaçmaz rayonu da var. Belə ki, rayonun Bayoba kəndində 100 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib. Şəhid Əlvan Fətəliyevin adını daşıyan ümumi orta məktəbin yeni binasında 7 sinif və digər təyinatlı otaqlar var. Modul tipli bina yanğın xəbərdarlıq sistemi, işıq və su təchizatı ilə təmin olunub. Tikintisinə 2017-ci ilin oktyabr ayında başlanılan birmərtəbəli tədris ocağının ümumi sahəsi 350 kvadratmetrdir.

Açılış mərasimində çıxış edən məktəbin direktoru Telman Tariverdiyev çıxışında Bayoba kəndində yeni məktəbin istifadəyə verilməsinin valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Mərasimdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova isə öncə müəllim və şagirdləri, valideynləri yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Çıxışlarda bildirilib ki, Xaçmaz rayonunda son on ildə 49 məktəb binası tikilərək istifadəyə verilib. Rayonun Gəncəli və Aşağı Ləgər kəndlərinin şagirdləri isə bu tədris ilinin əvvəlindən başlayaraq yeni modul tipli məktəbdə təhsil alırlar.

Ümumiyyətlə isə şimal bölgəsində 2017-ci ildə 12 yeni məktəb binası istifadəyə verilib ki, bunlardan da 7-si modul tipli təhsil ocağıdır. Eyni zamanda, 2018-ci ildə Azərbaycanın şimal rayonlarında 28 modul tipli məktəb binası tikiləcək.

Sonda qeyd edək ki, ölkəmizdə məktəb tikintisi, o cümlədən modul tipli məktəb tikintisi 2018-ci il ərzində də davam etdiriləcək. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində bu məqama toxunan dövlət başçısı deyib ki, sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait var: “Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. Bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Beləliklə, hesab edirəm ki, bu məktəblər tikiləndən sonra ölkəmizdə qəzalı məktəb qalmamalıdır. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. Bununla da Bakı şəhərində təmirsiz məktəb qalmamalıdır. Biz bu proqramı da başa çatdırmalıyıq”.

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2018.- 13 yanvar.- S.6.