Respublikamızın
şimal-qərb bölgəsində kənd təsərrüfatının
ixrac potensialı artırılır
Şəki-Zaqatala
iqtisadi rayonuna daxil olan rayonlarda
tütünçülüyün və
fındıqçılığın inkişaf etdirilməsi
istiqamətində zəruri tədbirlər həyata
keçirilir
Ölkəmizdə aqrar sektorun inkişafı həyata
keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən
birini təşkil edir. Kənd təsərrüfatında məhsul
istehsalının artırılması həm ərzaq təhlükəsizliyinin
təmin olunması, həm də ölkənin ixrac
potensialının gücləndirilməsi baxımından
böyük əhəmiyyətə malikdir. Bu
istiqamətdə görülən tədbirlər, eyni zamanda,
vacib sosial əhəmiyyət kəsb etməklə ölkəmizdə
işsizliyin aradan qaldırılması, əmək qabiliyyətli
əhalinin məşğulluğunun təmin olunması və
vətəndaşların gəlirlərinin artırılmasına
xidmət edir. Regionların sosial-iqtisadi inkişaf
proqramlarının uğurla icra olunması və dövlətin
ciddi dəstək tədbirləri isə aqrar sektorun
qarşısında yeni inkişaf perspektivlərinin
yaranmasını şərtləndirib. Bunu müxtəlif
regionlarda ötən il əldə olunmuş böyük
nailiyyətlər də təsdiqləyir.
İxrac edilən kənd təsərrüfatı
məhsulları arasında fındıqçılıq
ikinci yerdədir
Ölkəmizdə kənd təsərrüfatının
inkişafında respublikamızın şimal-qərb regionunun
- Şəki-Zaqatala iqtisadi rayonunun da payı
böyükdür. Regiona daxil olan rayonlarda
görülmüş tədbirlər kənd təsərrüfatının
müxtəlif seqmentləri üzrə yüksək məhsuldarlığın
təmin olunmasına imkan verib. Bu region üzrə xarakterik
olan sahələrdən biri, şübhəsiz ki,
fındıqçılıqdır. Azərbaycanda
fındıq istehsalının böyük hissəsi Zaqatala,
Qax, Balakən və bölgənin digər rayonlarının
payına düşür. Fındıq istehsalı bu
rayonların kənd əhalisinin əsas qazanc mənbələrindən
biri hesab olunur və bu sahəyə maraq ildən-ilə
artır.
Nazirlər Kabinetinin 2017-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında Prezident İlham Əliyev ötən il bölgələrdə
kənd təsərrüfatının ənənəvi sahələrində,
o cümlədən fındıqçılıqda çox
böyük inkişafın olduğunu vurğulayaraq deyib:
“Keçən il 18 min hektarda fındıq bağları
salınıb. Beləliklə, fındıq
bağlarının sahəsi 55 min hektara çatıb və
bizim hədəfimiz 80 min hektara çatdırmaqdır.
Fındıqçılıq kənd təsərrüfatının
inkişafı və ixrac imkanlarımızın genişləndirilməsi
üçün önəmli yer tutacaq. Bu gün ixrac edilən
kənd təsərrüfatı məhsulları arasında
fındıqçılıq ikinci yerdədir. Fermerlər bu
məhsulun ixracından 100 milyon dollardan çox vəsait əldə
ediblər”.
Fındıqçılıq Zaqatala rayonunun
iqtisadiyyatında da aparıcı yerlərdən birini tutur. Rayon İcra Hakimiyyəti
başçısının müavini, sosial-iqtisadi
inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri
İlkin Şəfizadə AZƏRTAC-a bildirib ki, 2017-ci ildə
Zaqatala rayonunda sənaye sahəsi üzrə məhsul
buraxılışının 83 faizini fındıq və
fındıq məhsullarının satışından
gələn gəlirlər təşkil edib. Ötən il
Zaqatala rayonundan xaricə fındıq və fındıq məhsullarının
ixrac edilməsi nəticəsində Azərbaycana 73 milyon
dollar və ya 124 milyon 401 min manat vəsait daxil olub. Fındıq ixracından əldə olunan gəlir əvvəlki
illə müqayisədə 37,7 faiz artıb. 2017-ci ildə
Zaqatala rayonunda fındıq bağlarından 13 min 422 ton, yəni
əvvəlki ildəkindən 4 min 512 ton çox məhsul tədarük
olunub.
Prezident İlham Əliyevin kənd
təsərrüfatının ixrac potensialı yüksək
sahələrindən olan fındıqçılığın
inkişaf etdirilməsi ilə bağlı verdiyi
tapşırıqların icrasını təmin etmək məqsədi
ilə son illər Zaqatala rayonunda da yeni fındıq bağlarının
salınması istiqamətində davamlı iş
aparılır. Belə ki, 2016-cı ilin
payızında rayon ərazisində 2560 hektar, 2017-ci ilin yaz və
payız mövsümlərində isə 1732 hektar sahədə
yeni fındıq bağları salınaraq, mövcud
fındıq bağlarının ümumi sahəsi 18 min 151
hektara çatdırılıb. Bu bağların 9 min
571 hektarı barverəndir.
Azərbaycan Prezidenti İlham
Əliyevin ölkəmizdə fındıqçılığın
inkişaf etdirilməsi ilə bağlı göstərişindən
sonra Qəbələ rayonunda da əhali tərəfindən
yeni fındıq bağlarının salınmasına
böyük maraq göstərilir. Artıq bir ildir ki,
rayonda kənd təsərrüfatının ixrac potensialı
yüksək olan fındıqçılıq sahəsinin
inkişaf etdirilməsi üçün yeni bağlar
salınır. Plana uyğun olaraq Qəbələdə 2 min
hektar sahədə yeni fındıq bağının
salınması nəzərdə tutulub.
Rayon Kənd Təsərrüfatı
İdarəsindən verilən məlumata görə, son iki
ay ərzində Mirzəbəyli, Zərgərli, Tikanlı,
Nic, Mıxlıqovaq, Solqıca, Bum və digər kəndlərin
sakinləri istifadə etdikləri və bələdiyyə
mülkiyyətində olan boş torpaq sahələrini
kol-kosdan təmizləyərək əraziyə
fındıq tingləri əkiblər. Tinglər kəndlilərin
fərdi təsərrüfatlarında yetişdirilərək
yeni bağlara köçürülüb. Ümumilikdə
317 hektar sahədə fındıq bağı salınıb.
“Gilan Holdinq” tərəfindən də rayonda
böyük fındıq bağlarının salınması
üçün tərdbirlər görülür. Bu il
şirkət tərəfindən 50 hektar fındıq
bağı salınıb. Son bir ildə isə Qəbələdə
1217 hektar sahədə yeni fındıq bağı
salınıb. Bölgənin ən böyük
fındıqçılıq rayonu olan Qəbələnin
20-yə yaxın kəndində əhali arasında geniş
maarifləndirmə işləri aparılmaqla yanaşı,
kütləvi şəkildə fındıq tinglərinin əkilməsi
işləri həyata keçirilib.
Qeyd edək ki, 2017-ci ildə Qəbələdə
mövcud olan 4678 hektar fındıq bağından 9 min 800 ton
məhsul yığılıb. Kəndlilər məhsulu yerli
bazarlara çıxarmaqla yanaşı, bir kiloqramını 3
manata Qəbələ Fındıq Emalı Zavodunun yerli
fındıq qəbulu məntəqələrinə
satıblar. Rayonda fındıq emalı zavodunun fəaliyyət
göstərməsi kəndliləri ildən-ilə
fındıq bağlarını daha da genişləndirməyə
və məhsuldarlığı artırmağa həvəsləndirir.
Şimal-qərb rayonlarında
tütünçülüyün inkişaf etdirilməsi
üçün zəngin ənənə və potensial
mövcuddur
Respublikamızın şimal-qərb
rayonlarında tütünçülüyün inkişaf
etdirilməsi üçün zəngin ənənə və
potensial mövcuddur. İxrac potensialı yüksək olan bu
sahə uzun illər diqqətdən kənarda qalsa da, son illər
ölkə rəhbərliyi tərəfindən həyata
keçirilən məqsədyönlü tədbirlər
nəticəsində tütünçülük yenidən
dirçəlməyə başlayıb, bu gəlirli sahəyə
maraq göstərənlərin sayı xeyli artıb. Dövlətimizin başçısının
regionların mövcud iqtisadi potensialından səmərəli
istifadə edilməsi ilə bağlı verdiyi
tapşırıq və tövsiyələrə uyğun
olaraq, son iki ildə bölgənin rayonlarında digər ənənəvi
sahələr kimi, tütünçülüyün inkişaf
etdirilməsi istiqamətində də zəruri tədbirlər
həyata keçirilir.
Prezident İlham Əliyevin Sədrliyi
ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında dövlətimizin
başçısı tütünçülüklə
bağlı atılmış ilk addımların artıq
öz nəticəsini verdiyini vurğulayaraq deyib:
“Tütünçülüyə göstərilən diqqət
öz bəhrəsini verir. Əgər 2016-cı ildə 3500
ton tütün tədarük olunmuşdusa, keçən il bu
rəqəm 5200 tona çatıb. Bu il də bir çox
önəmli tədbirlər görüləcək, qurutma
kameraları alınacaq və fermerlərə əlavə dəstək
veriləcək. Biz tütünçülüyün bərpasına
çox yaxınıq və gələcəkdə
tütünü nəinki xammal kimi, hazır məhsul - siqaret
şəklində ixrac etməliyik”.
Gəlirli və ixrac potensialı
yüksək sahələrdən olan
tütünçülüyün inkişafına dövlət
tərəfindən yüksək diqqətin göstərilməsi,
bu sahəyə subsidiyaların ayrılması, güzəştli
kreditlərin verilməsi zaqatalalı fermerlərin də
tütünçülüyə marağını xeyli
artırıb. Tütünçülüyün inkişaf
etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər
artıq öz müsbət nəticəsini verir.
Rayon İcra Hakimiyyətindən verilən məlumata
görə, ötən il Zaqatala rayonundan tütün ixrac
edilməsi nəticəsində ölkəmizə 12 milyon
dollar və ya 19 milyon 931 min manat vəsait daxil olub.
Tütün ixracından əldə olunan gəlir əvvəlki
illə müqayisədə 67 faiz artıb. Ötənilki
mövsümdə zaqatalalı fermerlər 891 ton, yəni əvvəlki
ildəkindən 363 ton çox quru tütün istehsal ediblər.
Zaqatala rayonundakı “Dağlar” kəndli-fermer təsərrüfatının
rəhbəri Telman Həsrətov iki ildir ki,
tütünçülüklə məşğul olur. O,
2016-cı ildə ilk dəfə 65 hektar sahədə
tütün əkib. Azərbaycan Prezidentinin kənd
təsərrüfatının ixracyönümlü məhsullarının
istehsalının artırılması ilə bağlı
tapşırıq və tövsiyələrini nəzərə
alaraq, fermer 2017-ci ildə tütün əkini sahələrini
daha da genişləndirərək 110 hektara çatdırıb.
Telman Həsrətov bildirib ki, ötənilki mövsümdə
qəbul məntəqəsinə min tondan çox
yaşıl tütün kütləsi və 30 ton quru tütün
təhvil verib. Mövsüm ərzində onun təsərrüfatında
50 nəfərədək işçi
çalışıb. Zaqatalalı fermer builki mövsümdə
tütün əkini sahəsini daha da genişləndirməyi
planlaşdırır.
Balakən rayonunda isə əhaliyə məxsus
şəxsi təsərrüfatlarda tütün şitillərinin
yetişdirilməsi üçün istehsalçılar tərəfindən
sadə istixanaların hazırlanmasına başlanılıb
və indiyədək 200-dən çox belə istixana
yaradılıb. Rayon İcra Hakimiyyəti Aparatının
şöbə müdirinin müavini Turan Dibirov məlumat
verib ki, istixanalarda yetişdiriləcək tütün
şitilləri aprelin əvvəlində sahələrə
köçürüləcək. Sadə istixanaların
yaradılması bundan sonra da davam etdiriləcək.
Ötən il “Azərtütün”
MMC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət
göstərən tütün istehsalı və emalı məntəqələri
bölgənin fermer təsərrüfatlarından 16 min 38 ton
“Virciniya” növlü yaşıl tütün kütləsi qəbul
edib. Mövsüm ərzində bu məntəqələrdə
ümumilikdə 2 min 200 ton quru tütün istehsal olunub. Məhsul
istehsalı əvvəlki illə müqayisədə 900 ton
artıb. “Azərtütün” MMC-nin sədr
müavini Mübariz Qədimov məlumat verib ki, mövsüm ərzində
Zaqatala məntəqəsinə 4 min 630 ton, Qax məntəqəsinə
5 min 428 ton, Şəki məntəqəsinə isə 5 min
980 ton yaşıl tütün kütləsi daxil olub.
Balakən və Oğuz rayonlarının fermerləri də
yetişdirdikləri “Virciniya” növlü ətirli
tütünü bu məntəqələrə təhvil
veriblər.
Məntəqələrdə
qurudulmuş tütün emal olunmaq üçün cəmiyyətin
Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət
göstərən tütün emalı zavoduna göndərilib.
İndiyədək zavodda 1100 ton quru tütün emal prosesindən
keçib və hazırda bu iş davam etdirilir. İstehsal
olunan xammal satış üçün əsasən Rusiya,
Belarus və Gürcüstan bazarlarına göndərilir.
Cəmiyyətin rəsmisinin məlumatına
görə, 2017-ci ildə şimal-qərb bölgəsi
rayonlarında ümumilikdə 2 min hektar sahədə “Virciniya”
növlü ətirli tütün əkilib. Cari ildə isə
əkin sahələrinin 2400 hektara çatdırılması
nəzərdə tutulur.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.-
2018.- 16 yanvar.- S.7.