Xaçmazlı bədii döymə
ustası: “ABAD”la əməkdaşlıq sənətimə
ikinci nəfəs verdi
Xaçmazlı
sənətkar Zeydulla
Ağayev “ABAD” ailəsinə
qoşulmaqla satış
bazarını genişləndirmək
və bu sənəti dünyaya tanıtmaq istəyir.
AZƏRTAC-ın
bölgə müxbiri
xəbər verir ki, bədii döymə sənəti ilə məşğul olan Zeydulla Ağayevin
əl işləri artıq Bakıda İçərişəhərdə fəaliyyət göstərən
“ABAD” sənətkarlıq mərkəzində
satışa çıxarılıb.
O, 40 ildən çoxdur ki, sənətkarlığın bu
növü ilə məşğuldur. Rayonun
Mürşüdoba kəndində
yaşayan Zeydulla Ağayevin uşaq yaşlarından rəsm çəkməyə böyük
həvəsi olub. Buna görə də tətbiqi xalq sənətkarlığının
bir çox sahələrini asanlıqla
mənimsəyib.
On yeddi
yaşından bu işə başlayan sənətkarın ilk əl işi 1973-cü ildə hazırladığı
“Sülh” adlı əsərdir. İndi o, əlvan metallar üzərində istənilən
obrazı asanlıqla yarada bilir. Hazırda
sənətkar il ərzində 10-12 bədii
döymə nümunəsi
yaradır. Bir sənət əsəri ölçü və mövzusundan asılı olaraq 2-3 gündən 1-2 aya qədər ərsəyə gəlir.
Zeydulla Ağayev
bildirir ki, əsərləri “ABAD” sənətkarlıq
mərkəzində satışa
çıxarılandan sonra
müştərilərinin sayı xeyli artıb. “40 il ərzində yığılıb
qalan əl işlərim indi satılır. Alıcılar
arasında çox sayda xarici ölkə
vətəndaşları da
var. “ABAD”la əməkdaşlıq mənim
sənətimə ikinci
nəfəs verdi”, - deyə sənətkar bildirib.
“ABAD” publik hüquqi
şəxsin dəstək
göstərdiyi sənətkar
bədii döymə sənətini gələcək
nəsillərə ötürmək
istəyir. Oğlu Elnur Ağayev də artıq bədii döymə sənətinin sirlərini
mənimsəyib.
Zeydulla Ağayev
hazırladığı dekorativ
əşyaları sifariş
əsasında satır.
İxtisasca dil-ədəbiyyat
müəllimi olduğu
üçün əsərlərinin
sırasında görkəmli
ədiblərimizin portretləri
üstünlük təşkil
edir. Bununla yanaşı, milli atributlar və simvollar da onun
müraciət etdiyi mövzulardır.
Yeni Azərbaycan.-
2018.- 18 yanvar.- S.7.