2017-ci ildə regionlarda meyvə bağlarından bol məhsul yığılıb

 

İl ərzində Göyçayda 3980 hektar nar bağından 50 min 200 ton məhsul tədarük olunub və məhsulun 70 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılıb

Azərbaycanın əlverişli coğrafi iqlim xüsusiyyətləri ölkənin bölgələrində aqrar sektorun gəlirli sahələrindən olan meyvəçiliyi inkişaf etdirmək üçün geniş perspektivlər açır. Qeyd etmək yerinə düşər ki, ölkəmizdə meyvəçiliyin zəngin tarixi var və aqrar sektorun bu gəlirli sahəsi regionlar üzrə ixtisaslaşıb. Mütəxəssislərin qənaətləri belədir ki, tarixi ənənələr və coğrafi-iqlim xüsusiyyətləri nəzərə alınmaqla respublikanın bütün bölgələrində meyvəçiliyi inkişaf etdirmək mümkündür. Ümumiyyətlə, ölkəmizdə tumlu meyvələr üzrə Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Şəki-Zaqatala, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan MR, quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz, sitrus meyvələr (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran, cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb. Yeni iqtisadi şəraitdə respublikanın bölgələrində meyvəçilik tarixən formalaşan ənənələr nəzərə alınmaqla, həmçinin müasir metodlar tədbiq edilməklə inkişaf etdirilir.

Ayrı-ayrı bölgələrdə meyvə istehsalı artıb

Ölkədə meyvəçiliyin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verir. Belə ki, ötən il respublikanın ayrı-ayrı bölgələrində meyvə istehsalı artıb. Bu cəhətdən cəbhə bölgəsində yerləşən Ağdam rayonu da istisna təşkil etməyib. Rayonda 2017-ci ildə kənd təsərrüfatının digər sahələri kimi meyvə istehsalında da artıma nail olunub.

Ağdam rayon Statistika İdarəsinin məlumatına əsasən, rayonda 725,6 hektar meyvə bağı var. Meyvə bağlarının 665,2 hektarı bar verəndir. Bağların əsasını xurma, nar, alma, ərik, fındıq, armud, gavalı, albalı ağacları təşkil edir. İl ərzində bağlardan 4058 ton meyvə, 396 ton üzüm toplanıb. 2016-cı illə müqayisədə meyə istehsalı 43,1 faiz, üzüm istehsalı isə 21,8 faiz artıb.

Kürdəmirli bağbanlar da meyvə yığımını vaxtında başa çatdırıblar. Bağlardan keçən ildəkindən 1,5 dəfə çox məhsul tədarük olunub. Rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, cari mövsümdə bağlardan 28 min tona yaxın məhsul götürülüb. Bu, 2016-cı ildəki göstəricidən 8,5 min ton çoxdur. Rayonda yerli şərait üçün əlverişli olan alça, heyva, nar, ərik, şaftalı, xurma və digər bir sıra meyvələrin istehsalı önəmli dərəcədə artıb. Yeni meyvə bağlarının salınması və kompleks aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi məhsul istehsalını ildən-ilə artırmağa imkan verir.

Qeyd edək ki, son illərdə rayonda gəlirli sahə kimi meyvəçiliyə maraq xeyli çoxalıb. Hazırda köhnə bağlarda budama işləri aparılır, yeni bağlar salınır.

Tərtər rayonunda ötən ilki göstəricidən 615,5 ton çox xurma tədarük olunub

Cari mövsümdə Tərtər rayonunun bar verən xurma bağlarında məhsuldarlıq yüksək olub. Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, Tərtərdə bütövlükdə 410,4 hektar xurma bağı var. Bu bağların 288,4 hektarı bar verəndir. Bu il rayonda xurma bağlarından 3852,1 ton məhsul toplanılıb. Bu da ötən ilki göstəricidən 615,5 ton çoxdur.

Tərtərli fermerlər xurma bağlarını ilbəil genişləndirirlər. Rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, 2017-ci ildə rayonda 10,3 hektar sahədə yeni xurma bağları salınıb. Kəndli fermerlər əsasən xurmanın “şişburun” və “karalyok” növlərinin əkilməsinə üstünlük verirlər. Həm ölkə bazarlarında, həm də şimal qonşumuz olan Rusiya bazarlarında hər iki növdən olan xurmaya olan tələbat böyükdür. Odur ki, yığılan xurmanın çox hissəsi Rusiya bazarlarına aparılır.

Rayonun xurma istehsalı ilə məşğul olan kəndlərindən biri də Ələsgərli kəndidir. Kənd icra nümayəndəsi Kamran Əhmədovun dediyinə görə, hazırda kənddə 10 hektarı bar verən olmaqla, 17 hektar xurma bağı var. Yaxşı qulluq görən hər bir xurma ağacı 200 kiloqramadək məhsul verir. Xurma ağacının məhsuldar olması və xəstəliklərə davamlı olması, ən əsası isə, satış bazarının mövcudluğu bu sahəyə marağı artırır.

Bölgələrdə meyvə bağlarının ərazisi genişləndirilir

Son illərdə respublikanın bölgələrində meyvə bağlarının genişləndirilməsinə də xüsusi diqqət göstərilir. Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 2017-ci ildə 110 hektar yeni meyvə bağı salınıb.

Müəssisədən verilən məlumatda bildirilir ki, yeni salınan meyvə bağlarında əsasən ərik, badam, qoz və tut tingləri əkilib. Bundan əlavə, 2275 kiloqram meyvə toxumu tədarük olunub və 1,9 hektar sahədə yeni tinglik salınıb.

Qeyd edək ki, hazırda rayonda 984 hektar bar verən meyvə bağı mövcuddur. 2017-ci ildə bu bağlardan 16 min 10 ton məhsul yığılıb ki, bu da əvvəlki illə müqayisədə 70 ton çoxdur.

Zaqatala rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Ötən ilin payız mövsümündə rayon ərazisində daha 1100 hektar sahədə yeni fındıq bağları salınıb.

Rayonda yeni bağların salınması istiqamətində işlər davam etdirilir. Rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, uçotdan kənarda qalan və yeni qeydiyyata alınan bağlar da nəzərə alınmaqla, hazırda Zaqatala rayonunda mövcud fındıq bağlarının ümumi sahəsi 18 min 117 hektardır. Bu bağların 9 min hektardan çoxu barverəndir.

Xaçmaz rayonunda isə son iki ildə 2 min 553 hektar yeni fındıq bağları salınıb. Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların yetişdirilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən, Xaçmaz rayonunda bu istiqamətdə bir sıra işlər həyata keçirilir. 2016-cı ildə rayonda 2037, 2017-ci ildə 500 hektardan çox ərazidə fındıq tingi əkilib. Yeni bağların salınması davam edir. Cari ilin mart ayınadək rayonda daha 1500 hektar fındıq bağlarının salınması nəzərdə tutulub.

Xaçmaz rayon Kənd Təsərrüfatı İdarəsindən bildirilib ki, Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür. Bununla bağlı rayonda xüsusi qərargah yaradılıb və ilk növbədə, yeni fındıq bağlarının əkilməsi nəzərdə tutulan ərazilər müəyyənləşdirilib. Bu sahələrin 2 min 70 hektarı dövlət, 2 min 946 hektarı bələdiyyə mülkiyyətinə aiddir. Həmin torpaqların 736 hektarı suvarılan, 4280 hektarı suvarılmayan ərazilərdir. Mövcud 4 min 266 hektar bar verən fındıq bağlarından yeni bağların salınması üçün təxminən 2 milyon fındıq pöhrəsinin tədarük edilməsi nəzərdə tutulub.

Aqrobağların salınması ilə bağlı layihə uğurla icra edilir

Ağdaş, Göyçay və Ucar ərzisində meşə zolaqlarının mühafizəsi, yeni mədəni meşəliklərin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi, eləcə də meyvə ağaclarından ibarət aqrobağların salınması diqqət mərkəzində saxlanılır.

Ağdaş rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, idarənin tabeliyində olan Ağdaş, Ağzıbir, Göyçay-Ucar meşəbəyliklərinin ərazisində cari ilin payız mövsümündə 130 hektar sahədə meyvə ağaclarından ibarət aqrobağların salınması ilə bağlı plan uğurla yerinə yetirilir. Bu günədək meşə idarəsinin əməkdaşları tərəfindən 115 hektar sahədə nar, tut, xurma və ərik ağacları əkilib. Meyvə bağlarının 3 hektarı Ucar, 4 hektarı Göyçay ərazisindəki, qalan hissəsi isə Ağdaşın Abad, Qaradeyin, Ağzıbir və Ərəbşəki kəndləri ərazisindəki meşə fondunun torpaqlarında salınıb.

Hazırda müəssisənin 5 hektarlıq tingçilik təsərrüfatında tut, xurma, gavalı, ərik, heyva, şaftalı, alça, gilas ağaclarının yetişdirilməsi üçün tədbirlər görülür. Lazımi qədər toxum tədarük olunub və hazırda əkinə hazırlıq işləri görülür. Bundan əlavə, cari ilin yaz aylarında müəssisənin ərazisində 110 hektar sahədə meyvə ağaclarından ibarət meşəbağ-aqrobağ salınıb.

Bağlarda məhsuldarlığın artırılması da vacib məsələlərdəndir

Meyvə bağlarında məhsuldarlığın artırılması da önəmli məsələlərdəndir. Türkiyənin meyvəçilik və bitkiçilik sahələri üzrə ixtisaslaşmış “Hektaş” şirkətinin mütəxəssislərinin, aqronomlarının iştirakı ilə Göyçay və ətraf rayonlarda narçılıqla məşğul olan fermerlər, bağbanlar, aqronomlar, xarici ölkələrə nar ixrac edən iş adamları üçün regional seminar keçirilib.

Tədbirdə dünyada Hindistandan sonra nar istehsalına görə ikinci yerdə olan Türkiyədən dəvət edilmiş mütəxəssislər müqaviləyə əsasən aqronom və fermerləri narın yetişdirilməsində səmərəliliyin artırılması, ağaclarda budama işlərinin aparılması, dərman və gübrələrin vaxtında və lazımi qaydada verilməsi barədə məlumatlandırıb, onların suallarını cavablandırıblar.

Tədbirdə məlumat verilib ki, nar Azərbaycanın, demək olar, bütün rayonlarında yetişdirilir. Azərbaycanda mövcud olan nar bağlarının təxminən 20 faizi, nar ağaclarından toplanan məhsulun isə 30 faizi Göyçayın payına düşür. Göyçayın tarixi uzun illər narın yetişdirilməsi mədəniyyəti ilə sıx bağlı olub. Bu rayonda narın 67 sortu yetişdirilir. Göyçaydan aparılan nar tingləri hesabına ABŞ-ın Koliforniya ştatında nar bağları salınıb və hazırda həmin bağların ərazisi 12 min hektara çatır. 2017-ci ildə Göyçayda 3980 hektar nar bağından 50 min 200 ton məhsul tədarük olunub və məhsulun 70 faizi Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılıb. Son 3 ildə rayonda 230 hektar sahədə yeni nar bağı salınıb.

Türkiyəli mütəxəssislər təlimdən sonra Göyçayın Qarabaqqal kəndində nar bağları ilə tanış olub, ağacların becərilməsi, budanma işlərinin görülməsi, ziyanvericilərə qarşı dərmanlamanın aparılması qaydalarını bağbanlara əyani olaraq göstəriblər. Onlar Türkiyədə ixracyönümlü narın yetişdirilməsi üçün hansı tədbirlərin görülməsi barədə yerli fermerlərə məlumat veriblər.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.-16 yanvar.- S.6.