Azərbaycan brendi olan “ASAN
xidmət”in fəaliyyətə başlamasından 5 il
ötür
“ASAN xidmət” vətəndaş-məmur
münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa
qarşı mübarizədə bizə daha da böyük
güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla
mübarizə aparmaq və qələbə çalmaq da
mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti
bundan ibarətdir”.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Yanvarın 15-də “ASAN xidmət”in fəaliyyətə
başlamasından 5 il ötür.
Ötən müddət ərzində
vətəndaşlara keyfiyyətli və şəffaflıq
prinsipləri əsasında xidmətlər təqdim edən
“ASAN xidmət” qısa müddətdə əhalimizin
inamını və rəğbətini qazanmaqla yanaşı,
ölkə hüdudlarından kənarda da kifayət qədər
tanınır və öyrənilir.
“ASAN xidmət”: Yaranması və məqsədləri
Fəaliyyətini vətəndaşların
vaxtlarına qənaət etməklə rahat və nəzakətli
davranış mühitində dövlət xidmətlərini əldə
etməsi prinsipi əsasında quran “ASAN xidmət” mərkəzləri
dövlətimizin başçısı İlham Əliyevin
2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyində yaradılıb. İlk “ASAN xidmət”
2013-cü il yanvarın 15-də vətəndaşlara xidmət
göstərməyə başlayıb. Pilot layihə
olduğu üçün 1 nömrəli “ASAN xidmət” mərkəzinin
xidmətlərindən ilkin mərhələdə
paytaxtın Nəsimi, Nərimanov və Binəqədi
rayonlarının sakinləri yararlanıblar.
Hazırda 12 “ASAN xidmət” mərkəzi fəaliyyət
göstərir ki, onlardan 5-i paytaxt Bakı şəhərində,
digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə,
Qəbələ, Masallı və Qubadadır. Gələcəkdə
isə Mingəçevir, Şəki, İmişli, Ağcabədi,
Tovuz, Şamaxı, Kürdəmir və Cəlilabadda “ASAN xidmət”
mərkəzlərinin açılması nəzərdə
tutulub.
“ASAN xidmət” mərkəzləri dövlət
orqanları tərəfindən göstərilən xidmətlərin
vahid və əlaqələndirilmiş formada həyata
keçirilməsini təmin edən qurumlardır. Mərkəzlər dövlət
qulluqçularının fəaliyyətində əhaliyə
münasibətdə vətəndaş məmnunluğunun təmin
edilməsi istiqamətində yeni yanaşmanın
formalaşdırılmasına, ölkədə dövlət
qulluqçusu-vətəndaş münasibətlərinin
keyfiyyətcə yeni müstəviyə keçməsinə
xidmət edir.
Bu gün “ASAN xidmət” mərkəzlərdə
vətəndaşlara 10 dövlət orqanı ilə
yanaşı, özəl şirkət və müəssisələr
tərəfindən ümumilikdə 250-dən çox
müxtəlif xidmətlər göstərir.
“ASAN xidmət” mərkəzinin əsas prinsipləri:
Operativlik, şəffaflıq, innovativlik...
“ASAN xidmət” vətəndaşlara dövlət
və özəl xidmətləri vahid məkandan göstərilməsini
təmin edən nadir bir modeldir və e-hökumətin əhəmiyyətli
tərkib hissələrindən biridir. Mərkəzlərin fəaliyyəti
operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət
və rahatlıq prinsipləri əsasında qurulur.
Xidmətlərin göstərilməsində
innovativ metodlar vətəndaşlara vaxtlarına və vəsaitlərinə
qənaət etməyə imkan verir. Belə ki, vahid mərkəzi
ziyarət edən vətəndaşlar onlarla dövlət və
özəl təşkilatlar tərəfindən göstərilən
müxtəlif xidmətlərdən istifadə edə bilərlər.
Xidmətlərin göstərilməsinə
görə rüsumlar banklar vasitəsilə ödənilir
ki, bu da “ASAN xidmət”in əsas prinsiplərindən olan şəffaflığın
təminində önəmli pay sahibidir. Mərkəzlərdə
həyata keçirilən bütün əməliyyatlar və
tranzaksiyalar videomüşahidə kameralarının vasitəsilə
qeydiyyata alınır. Beləliklə, bürokratik maneələr
və korrupsiya halları tam aradan qaldırılır.
“ASAN xidmət” mərkəzlərində
növbələrini gözləyən vətəndaşların
vaxtlarını rahat və mənalı keçirmələri
üçün bütün şərait yaradılıb. Mərkəzlərdə
vətəndaşlar internet-kafe xidmətlərindən, ana və
uşaq otaqlarından, uşaq meydançasından, həmçinin
özünəxidmət məntəqələrindən
istifadə edə bilərlər.
“Vətəndaş həmişə
haqlıdır” şüarını rəhbər tutan “ASAN
xidmət”də nəzakətlilik və etik davranış
qaydalarına ciddi əməl olunur. Mərkəzlərin əməkdaşları
ixtisasartırma üzrə müxtəlif təlimlərdən
keçirlər, beləliklə daim etik davranış səriştələrini
artırmış olurlar.
“ASAN xidmət”də yeni ideyalar və innovativ
metodların tətbiqi vətəndaşlara göstərilən
xidmətlərin keyfiyyətini artırmağa xidmət edir.
Əlbəttə, bütün bunların nəticəsidir
ki, “ASAN xidmət” mərkəzlərinə edilən müraciətlər
gündən-günə artmaqdadır. Hazırda mərkəzlərə
daxil olan müraciətlərin sayı 19 milyondan çoxdur.
“ASAN xidmət” vasitəsilə 1 milyon 280 min 941
vətəndaşa səyyar formada xidmət göstərilib
Qeyd olunduğu kimi, bu gün ölkə ərazisində
12 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir
və gələcəkdə bu mərkəzlərin
sayının daha da artırılacağı gözlənilir.
Lakin “ASAN xidmət” mərkəzlərin təsis
olunmadığı bölgələrdə yaşayan vətəndaşlara
da xidmət göstərməyi özünə borc bilir. Regionlardakı əhaliyə xidmətlərin
çatdırılması və mərkəzlərə gəlmədən
vətəndaşların xidmətlərdən
yararlanmalarının təmini üçün zəruri
müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli
xüsusi avtobuslar vasitəsilə səyyar formada əhaliyə
xidmətlər göstərilir.
Hazırda 10 səyyar “ASAN xidmət”
avtobusu vətəndaşlara xidmət göstərir. 2017-ci il
fevralın 1-dən etibarən səyyar “ASAN qatar” yerlərdə
vətəndaşlara xidmət göstərməyə
başlayıb. 2013-cü ilin iyun ayından etibarən 1 milyon
280 min 941 vətəndaşa səyyar formada xidmət
göstərilib.
Səyyar “ASAN xidmət”in həyata
keçirilməsinin əsas məqsədləri dövlət
xidmətlərinin vətəndaşlara daha rahat, yeni və
innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar
üçün əlçatanlığın təmin edilməsi
və vətəndaş məmnunluğuna nail
olunmasıdır. Bu gün artıq demək olar ki, “ASAN
xidmət” bu əsas məqsədinə nail olub. Belə ki,
2013-cü ildən bu günə kimi keçirilən rəy
sorğularına əsasən vətəndaşların xidmətlərdən
məmnunluq əmsalı 98-100 faiz arasında dəyişir.
Çoxşaxəli fəaliyyət istiqamətləri
Azərbaycan Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi vətəndaşların məişət sahəsində
qarşılaşdıqları məsələlərin həlli,
ölkəmizdə turizm sektorunun, kiçik
sahibkarlığın, gənclərin inkişafı və
digər istiqamətlərdə də uğurlu fəaliyyəti
ilə diqqəti cəlb edir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2016-cı il 4 may tarixli Fərmanında
verilmiş tapşırığa müvafiq olaraq vətəndaşların
məişət sahəsində
qarşılaşdıqları məsələlərin həlli
üçün kommunal sahədə xidmətlər göstərən
“ASAN kommunal” mərkəzləri yaradılıb. “ASAN
xidmət”in fəaliyyət prinsipləri və
standartlarını rəhbər tutan “ASAN kommunal” mərkəzlərində
Azəriqaz, Azərsu, Azərişıq şirkətlərinin
45 növ kommunal xidmətləri göstərilir. Hazırda
Bakı şəhərində 2 “ASAN kommunal” mərkəzi fəaliyyət
göstərir. Bu günə kimi mərkəzlərə 266
min 719 vətəndaş müraciəti daxil olub.
Dövlətimizin başçısının
tapşırığına əsasən yaradılan “ASAN
radio” 2015-ci il dekabrın 24-dən etibarən 100 FM
dalğasında yayıma başlayıb. “ASAN radio” dövlət
xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə
radiodur.
Könüllülər “ASAN xidmət” fəaliyyətə
başladığı ilk gündən etibarən bu
konsepsiyanın bir komponentidir. Bu prosesə 13 mindən çox
könüllü gənc qoşulub. Hazırda
könüllülərin sayı 781-dir. Əsas missiya
könüllülərin inkişafına şərait
yaratmaqla dövlətimizin dayanıqlı inkişafı
üçün çalışan, cəmiyyətə
faydalı gənc vətəndaşlar qazandırmaqdır.
Həmçinin gənclərin müxtəlif
təlimlərdə iştirakı, təcrübə
qazanmaları, layihələr həyata keçirmələri
üçün də geniş imkanlar yaradılır. Belə
ki, “Master 2” proqramı çərçivəsində 1723 gənc
7 həftəlik müddətdə müxtəlif dövlət
qurumlarında və özəl təşkilatlarda təcrübə
keçib və təlimlərdə iştirak ediblər. Bu
günə kimi könüllülər tərəfindən
1000 təlim və 300-dən çox layihə həyata
keçirilib.
“ASAN Könüllüləri” Təşkilatı
gənclərin hərtərəfli inkişafı
üçün “ASAN akademiya”, “Könüllülər yurdu
Azərbaycan”, “Mədəniyyət carçısı”,
“Könüllülər parlamenti”, “ASAN məktub”, “Əsgərə
məktub” kimi böyük layihə və proqramlar həyata
keçirməkdə davam edir. “ASAN xidmət”
könüllülük fəaliyyəti gənclərin məsuliyyətli
vətəndaş kimi formalaşdırılmasını
prioritet hesab edir. 844 könüllü “ASAN kadr” portalı vasitəsilə
işlə təmin olunub. Qeyd etmək
lazımdır ki, ASAN könüllülərinin “ASAN məktub”
və “ASAN kadr” layihələri qabaqcıl təcrübələr
kimi Birləşmiş Millətlər Təşkilatının
“Cənub-Cənub əməkdaşlığı çərçivəsində
qabaqcıl mexanizmlər və həllər” adlı
portalına daxil edilib.
Azərbaycana gələn əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
üçün viza verilməsi prosedurunun sadələşdirilməsi,
müasir informasiya texnologiyalarının tətbiqi ilə
operativliyi və şəffaflığı təmin edən
elektron viza sisteminin yaradılması məqsədilə Azərbaycan
Respublikasının Prezidenti 2016-cı il iyunun 1-də “Elektron
vizaların verilməsi prosedurunun sadələşdirilməsi
və “ASAN viza” sisteminin yaradılması haqqında” Fərman
imzalayıb.
Sistem vasitəsilə əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər
standart elektron vizanı 3 iş günü, sürətləndirilimiş
qaydada isə 3 saat ərzində 3 addımla ( müraciət
et, ödəniş et və e-vizanı yüklə) əldə
edə bilər. Azərbaycan Respublikasına gələn əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
elektron viza verilməsi üçün “ASAN viza” sistemi 2017-ci
il yanvarın 10-dan fəaliyyətə başlayıb.
Hazırda “ASAN viza” portalı 7 dildə (Azərbaycan, ingilis,
fransız, ispan, ərəb, fars və rus) fəaliyyət
göstərir.
Dövlətimizin
başçısının Fərmanı ilə yaradılan
“ASAN viza” sistemi qısa müddət ərzində ölkəmizə
turist axınının artmasına şərait yaratdı. Bu
günə kimi 278 min əcnəbi və vətəndaşlığı
olmayan şəxslərə elektron viza verilib. İlk
beşliyə İran, Pakistan, Birləşmiş Krallıq,
Hindistan və Türkmənistan daxildir.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyində olan “ABAD” (Ailə Biznesinə Asan Dəstək)
publik hüquqi şəxs Prezident İlham Əliyevin
2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə
yaradılıb. “ABAD” publik hüquqi şəxsin
yaradılmasında məqsəd Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların
fəal iştirakına, kiçik və orta
sahibkarlığın inkişafına, əhalinin məşğulluq
səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli
ailə təsərrüfatlarının
formalaşdırılmasına dəstək vermək məqsədilə
sosialyönümlü layihələrin həyata keçirilməsidir.
“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin
prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı
və kənd təsərrüfatı sahəsində fəaliyyət
göstərən ailə bizneslərinə dəstək
göstərməkdir.
“ABAD” öz fəaliyyətini regional mərkəzlər
vasitəsilə həyata keçirir. Pilot çərçivəsində
belə mərkəzlər Masallı, Balakən və Quba
rayonlarında işə başlayıb. Bu rayonlarda
“ABAD”çı ailələrinə mürəbbə, cem, ət
və süd məhsullarının istehsalı
üçün xüsusi 18 konteyner verilib. “ABAD” fəaliyyəti
zamanı dekorativ-tətbiqi sənət ilə məşğul
olan 159 və kənd təsərrüfatında
çalışan 27 ailəyə dəstək verib.
Ümumilikdə 153 sahibkarlıq subyekti yaradılıb.
Satışları təşkil etmək məqsədilə
“ABAD” Bakı şəhərinin müxtəlif yerlərində
sərgi-satış mərkəzləri açıb -
İçərişəhərdə, Heydər Əliyev Beynəlxalq
Aeroportunda (“Duty free” zonası), Bakı Dəmir Yolu
Vağzalında və Milli Gimnastika Arenasında. Belə bir sərgi-satış
mərkəzi turizm prizmasından çox perspektivli olan
Şamaxının Dəmirçi kəndində də fəaliyyət
göstərir. Bu gün “ABAD” leyblı altında buraxılan
məhsulların (mürəbbələr, cemlər, kolbasa və
pendirlər) ölkənin ən iri hipermarketində
satışı təşkil olunur.
Beynəlxalq əməkdaşlıq və
qazanılan mükafatlar
“ASAN xidmət”in
qazandığı uğurlar qısa müddət ərzində
dünyanın müxtəlif ölkələrində maraqla
qarşılandı. Azərbaycanın “ASAN xidmət” təcrübəsinin
öyrənilməsinə başlanıldı. 2016-ci il iyulun
12-də Əfqanıstan Prezidentinin sarayında dövlət
xidmətlərinin göstərilməsinin mütərəqqi
mexanizminin yaradılmasına dair Anlaşma Memorandumunun
imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumu Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi ilə Əfqanıstan Respublikasının Maliyyə
Nazirliyi arasında imzalanıb. Bu Memoranduma əsasən Azərbaycanın
“ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət
xidmətlərinin göstərilməsi mexanizmi olan “Asan
Khedmat” təsis edildi.
“ASAN xidmət”in fəaliyyətini yüksək
qiymətləndirən Əfqanıstan İslam
Respublikasının Prezidenti Məhəmməd Əşrəf
Qani deyib: “Əfqanlar buraya gəldikdən sonra öz ölkələrində
dəyişiklik etmək inamı ilə qayıdırlar.
Bunların əyani sübutu “ASAN xidmət”dir. Maliyyə naziri
səfər etdikdən sonra bu təcrübə dərhal tətbiq
olunmağa başladı. Müvafiq qurum yaradıldı”.
Bundan başqa, İtaliya, Koreya, Fransa,
İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa
dair Anlaşma memorandumları imzalanıb.
Artıq dünyada Azərbaycan brendi kimi
tanınan “ASAN xidmət” modeli müxtəlif mükafatlar
qazanıb. “ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət
xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi”
kateqoriyasında birinci yerə layiq görülərək
xüsusi mükafat və diplomla təltif olunub.
Eyni zamanda, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzləri
Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən
13 sahə üzrə keçirilən və müxtəlif
dövlətlərdən olan 700-dən çox müəssisənin
müraciət etdiyi müsabiqənin “Dövlət xidmətlərinin
həyata keçirilməsinin təşkilində təhlükəsiz
əmək şəraitinin qurulması” sahəsi üzrə
qalibi olub.
Həmçinin 2014-cü il dekabrın 15-də
Dövlət Agentliyi və Sabirabad “ASAN xidmət” mərkəzi
OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli
sertifikata layiq görülüb. Standartın əsas
tələbi xidmət mərkəzlərinin fəaliyyət
göstərdiyi inzibati binalarda təhlükəsiz və
sağlam iş mühitinin yaradılması, əməkdaşların
effektiv, şəffaf və operativ xidmət göstərməsi,
eyni zamanda, vətəndaşların tam təhlükəsiz,
keyfiyyətli xidmət almağının təmin edilməsi
üçün zəruri tədbirlərin nəzərə
alınmasıdır. Zəruri tələblər beynəlxalq
ekspertlər tərəfindən qiymətləndirilərək,
Dövlət Agentliyinin və Sabirabad “ASAN xidmət” mərkəzinin
fəaliyyət göstərdiyi inzibati binanın beynəlxalq
standartlara uyğun tikildiyinə dair qərar verilib.
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 9001:2008
idarəetmə standartı üzrə beynəlxalq sertifikata
layiq görülüb.
Keyfiyyətli İdarəetmə Sisteminin
Dövlət Agentliyinin işində tətbiqi “ASAN xidmət”
mərkəzlərində baş verən hər bir prosesin
şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata
keçirilməsinin göstəricisidir. Hər bir prosesin
başlanğıcı və sonu arasındakı fəaliyyət
tam aydındır və tətbiq olunan şəffaf mexanizmə
uyğundur.
Bu gün “ASAN xidmət” ictimai xidmət sahəsində
çox ciddi dönüş yaradıb, həmçinin yeni
ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlarımıza
ən keyfiyyətli xidmətlər təklif edir. Azərbaycanı
tanıtdıran və təbliğ edən milli brendimiz olan
“ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni,
xalqımızın mentalitetinə xas olan dəyərləri
tətbiq edir, onları təbliğ edir. Bir sözlə,
“ASAN” ölkəmizin ictimai həyatında böyük rol
oynayır.
Yeni Azərbaycan.-
2018.- 16 yanvar.- S.7.