“Hələ istədiklərimi edə bilməmişəm”

 Ömər Eldarov: Azərbaycan heykəltəraşlıq sənətində realizm, Qərbdə isə konseptualizm var

“Ulu öndər görüşlərimizin birində mənə dedi ki, O, orta məktəb illərində rəssam olmaq arzusunda olub”

Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun “Yeni Azərbaycan” qəzetinə müsahibəsi:

- Cənab rektor, ilk növbədə sizi Azərbaycan Respublikasının ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirik. Söhbətimizə də elə buradan körpü salmaq istəyirik. Bilirik ki, sizin Ulu öndər Heydər Əliyevlə bağlı bir çox xatirələriniz var. Ümumiyyətlə, Ümummilli liderin mədəniyyətə, incəsənətə, mədəniyyət xadimlərinə münasibəti necə idi?

- Ulu öndər Heydər Əliyev həmişə mədəniyyətə, mədəniyyət xadimlərinə, incəsənətə yüksək diqqət və qayğı göstərirdi. Bu, Onun xarakterindən irəli gələn bir məsələ idi. Bir dəfə Ulu öndər görüşlərimizin birində mənə dedi ki, O, orta məktəb illərində rəssam olmaq arzusunda olub. Onun müəllimi də rejissor Arif Qazıyevin atası Şamil Qazıyev olub. Məktəbi bitirdikdən sonra Heydər Əliyev Bakıya gəlib və burada Azərbaycan Sənaye İnstitutunda iki ildən çox memarlıq fakültəsində təhsil alıb.

Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyəti, incəsənətimiz çox böyük inkişaf yolu keçib. Mənim xatirimdədir, o vaxtlar hər il ölkəmizdə keçirilən sərgilərlə Heydər Əliyev yaxından maraqlanırdı, bir çox sərgilərdə şəxsən işitirak edirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Ulu öndər bu sənətin incəliklərinə və memarların bacarıqlarına yaxından bələd idi.

Heydər Əliyevin ailəsində incəsənətə bağlı olan insanlar çox olub. Görkəmli fırça ustası, Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyev Heydər Əliyevin böyük qardaşı idi. O cümlədən Həsən Əliyevin oğlu Rasim Əliyev də peşəkar memardır.

- Ulu öndərin ilk büstünün müəllifi sizsiniz... Və maraqlıdır ki, bu abidəni Ulu öndərin sağlığında yaratmısınız...

- Ulu öndər Heydər Əliyev iki dəfə “Sosialist Əməyi Qəhrəmanı” adını almışdı (1979, 1983 - red.). Belə bir qayda vardı ki, ikinci dəfə bu ada layiq görülən şəxsə doğulduğu şəhərdə büst qoyulmalı idi. Bir dəfə Kamran Bağırov zəng edib məni kabinetinə çağırdı. Düzü, bir az narahat oldum ki, görəsən, nə səbəbə çağıra bilər. İçəri daxil olanda ilk olaraq Heydər Əliyevi gördüm. Məni qəbul etdi və dedi ki, sizi mən çağırmışam. İstəyirəm ki, büstümü siz hazırlayasınız. Bu, mənim Heydər Əliyevlə ilk görüşüm idi...

Ulu öndər çox nizam-intizamlı və dəqiq bir insan idi. O, hər şeyin ən incəliklərinə qədər dəqiq işlənməsini tələb edirdi və hər kəsdən ən yaxşısını gözləyirdi. Büstü hazırlamağa O, Bakıda olarkən başladıq. Birinci dəfə bir saata yaxın çalışdıq, amma istədiyimiz nəticəni ala bilmədim. Dedi ki, heç bir problem yoxdur. Mən sizi Moskvaya dəvət edəcəyəm, gəlib orada daha rahat çalışarsınız. Moskvada o model üzərində düz iki saatdan artıq işlədim. Heydər Əliyev heç bir etiraz etmədən iki saatlıq çalışmada ayaq üstə dayandı. Rasim Əliyev və Tahir Salahov da bizimlə birlikdə idilər. Hətta görüşdən fotolar da var. Bildirim ki, məhz həmin etüd Onun digər abidələrinin də əsasını təşkil edir. O büst üzərində düz bir il çalışdım. Nəhayət, 1983-cü ildə büst Naxçıvan şəhərində qoyuldu. Memarı isə Rasim Əliyev idi.

- Bu gün Azərbaycanda incəsənətə, mədəniyyətə, eləcə də hekəltəraşlığa dövlətin qayğısını necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan mədəniyyətinin inkişafı, mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyası və tanıdılması, sənət adamlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülür. Son illər ərzində mədəniyyət sahəsində böyük investisiya proqramları həyata keçirilib, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilib, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, ekspozisiyaların zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda mədəniyyət sahəsi üzrə verilən fərmanlar, qəbul olunan qanunlar, dövlət başçısının ayrı-ayrı illərdə imzaladığı sərəncamlar, Dövlət proqramları mədəniyyətin inkişafına təkan verib. Bizim çalışdığımız sahədə qazanılan nailiyyətləri qeyd etmək kifayətdir ki, ölkə mədəniyyətində görülmüş işlərin mahiyyəti barədə təsəvvür yarana bilsin. Bilirsiniz ki, möhtərəm Prezidentimiz İlham Əliyev həmişə mədəniyyət xadimlərinə, böyük sənətkarlara xüsusi diqqətlə yanaşır. Mən Azərbaycan mədəniyyətinin inkişafında, dünyaya tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyətini qeyd etmək istəyirəm.

 

 

 

“Hər müəllif öz vaxtının məhsuludur”

 

 

- Hörmətli akademik, bu gün istənilən sahədə çalışan insanlar üçün Qərbdə mövcud olan standartları mənimsəmək, öyrənmək, tətbiq etmək, belə deyək, bir növ dəb halını alıb. Nə qədər təəccüblü olsa da, uğurlu peşə adamını daha çox Qəbdəki həmkarları ilə müqayisədə qiymətləndirirlər. Bir korifey olaraq, siz necə hesab edirsiniz, bu, nə dərəcədə doğru yanaşmadır? Bəs, Azərbaycan heykəltəraşlığı bu gün Qərb heykəltəraşlığı ilə rəqabət apara bilirmi?

- Bu gün Azərbaycan heykəltəraşlığında ən mürəkkəb məsələlərdən biri də elə budur. Mən sizin qeyd etdiyiniz yanaşmanı doğru hesab etmirəm. Əlbəttə, Qərbdə də çox böyük sənətkarlar böyük əsərlər yaradıblar. Amma bizim də böyük sənətkarlarımız olub. Hər müəllif öz vaxtının məhsuludur. Ona görə də o, işlərində öz əksini göstərəcəkdir.

Bu yaxınlarda mənə kiçik bir heykəl hədiyyə ediblər. Qərb heykəltəraşlığı nümunəsidir. Baxıram, başa düşə bilmirəm. Bədəni atdır, başı məlum deyil. Qarışdırmaqla yenilik etdiklərini düşünürlər. Azərbaycan heykəltəraşlıq sənətində realizm var, Qərbdə isə konseptualizm. Bizim bazar realizmə söykənir.

- Siz həm də bu sahədə fəaliyyət göstərən ali məktəbə rəhbərlik edirsiniz. Hər gün bu sahədə öyrənən, gələcəyini burada görən gənclərlə ünsiyyətdə olursunuz. Bu gün deyə bilərikmi, Azərbaycan heykəltəraşlığının gələcəyi etibarlı əllərdədir? Gənclərin hazırlıq səviyyəsi qənaətbəxşdirmi?

- Akademiyada kifayət qədər istedadlı gənclər var. Mən onlarda heykəltəraşlıq sənətimizin gələcəyini görürəm. Akademiyanın dəhlizinə və həyətinə nəzər salsanız, onların əsərləri ilə qarşılaşa bilərsiniz. Əfsuslar olsun ki, bazar iqtisadiyyatı şəraitində bu gün əsl sənət nümunələrinin qismən arxa planda qaldığını müşahidə edirik. Gənclər nə qədər istedadlı olursa olsun, onların bu gün ərsəyə gətirə biləcəkləri həqiqi sənət nümunələrinə tələbat yetəri səviyyədə deyil. Nəticədə, uşaqlar qazanc əldə etmək üçün imkanlı şəxslərin bağlarında işləməklə, hansısa heykəlləri hazırlamaqla dolanırlar. Onlar əsl sənətlə yox, onlara tapşırılan heykəlləri düzəltməklə məşğul olurlar. İstəyirəm ki, istedadlı gənc rəssam və hekəltəraşların aqibəti uğurlu olsun.

 

 

 

“Heç vaxt bir milyonu bir arada görməmişəm”

 

 

 

- Dolanışıqdan söhbət düşmüşkən, bir müddət əvvəl belə bir məlumata rast gəldik ki, Bakıda hansısa abidəyə görə onun müəllifi 1 milyon manat qonorar alıb. Bəs siz bir heykəlin hazırlanmasına görə ən çox nə qədər qonorar almısınız?

- Heç vaxt bir milyonu bir arada görməmişəm (gülür-red). Normal qiymət 100-150 min manatdır. Ən bahalı heykəlimə isə 300 min manat veriblər.

- Bir sənətkar gözü ilə, Bakı şəhərinin memarlığı sizi qane edirmi?

- Bu gün Bakı şəhəri dünyanın ən mühüm mədəniyyət, idman, siyasət tədbirlərinə ev sahibliyi edir. Hər il Bakıya minlərlə turist gəlir, şəhərimizi gəzirlər, görürlər. Və mən əminəm ki, onlar Bakının gözəlliyinə heyran qalırlar. Bir il ərzində o qədər binalar tikilir ki. Bu, dövlət tərəfindən böyük qayğının, dinamik inkişafın göstəricisidir. Çox istərdim ki, İçərişəhər, Xan sarayı kimi milli memarlıq abidələrindən ibarət muzey olsun. Bu, ölkəni daha zəngin göstərir. Məsələn, Qız qalası abidəsi olduqca unikaldır.

Ümumiyyətlə, ölkədə qəhrəmanlıq və vətənpərvərlik səpkili abidələrə çox ehtiyac var. Bu, insanlarda, xüsusən gənc nəsildə vətənpərvərlik hisslərinin güclənməsinə, təşviq olunmasına xidmət edər.

Arzum var ki, təbiət qoynunda, dağların fonunda Koroğlu heykəli olsun. Məsələn, təklif edərdim ki, məhz elə 5 barmaq dağının fonunda qoyulsun. Heydər Əliyev Mərkəzində 90 illik yubileyim ilə bağlı baş tutan “Gözəllik və monumentallıq” adlı fərdi sərgimdə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bu layihə haqqında söhbətləşdik. Dədə Qorqudun heykəli dağlarda olmalıdır. Dədə Qorqud nəinki tarixdir, həm də xalqın milli ruhudur. Hesab edirəm ki, şəhər və rayonlarımızda ucaldılan abidələrin sayı çox olsa, yaxşı olar. Çünki bu abidələr həm də xalqımızın milli-mənəvi dünyasını, mədəniyyətini tərənnüm edir.

 

 

 

“Qız qalası bizim milli memarlıq ənənələrimizlə üst-üstə düşmür”

 

 

 

- Qız qalasını digər abidələrdən fərqləndirən xüsusiyyət, onun unikallığı nədədir?

- Qız qalası bizim milli memarlıq ənənələrimizlə üst-üstə düşmür. Bizim bir çox memarlıq abidələrimiz əsas etibarilə İslam mədəniyyətini tərənnüm edən ornamentlərə uyğun gəlir. Amma Qız qalası bu cəhətdən fərqlidir. Çünki özündə görünüşcə İslam dinini əks etdirən heç bir ornament daşımır. Burada əsasən Zərdüştlüklə bağlı ornamentlər üstünlük təşkil edir. Amma Xan sarayı məhz milli ənənələrlə tikilib.

- Bu qədər sənət əsərlərinin müəllifisiniz. Ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, o cümlədən Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Üzeyir Hacıbəylinin, Səttar Bəhlulzadənin, Niyazinin xatirələrinə həsr olunan abidələrin müəllifisiniz. Bəs elə olubmu ki, siz kiminsə heykəlini yaratmaq istəmisiniz, amma bu alınmayıb?

- Həmişə görkəmli bəstəkar V.Motsartın heykəlini yaratmaq istəmişəm, amma alınmayıb. Mərhum rəssam Səttar Bəhlulzadənin heykəlini yaratmaq istəyirdim. Bu arzumu yerinə yetirdim. Onun heykəlini hələ sağ ikən tamamlayıb özünə hədiyyə etdim. Dədə Qorqudun heykəlini yaratmaq istəmişəm. Bu layihə ilə bağlı çox böyük planlarım vardı. Heykəlin şüşədən olmasını, ətrafında isə fontanlar olmasını istəyirdim. 12 boydan ibarət olduğu üçün 12 süjet xətti də düşünmüşdüm. İstəyirdim yerli sakinlərimiz və şəhərimizin qonaqları baxıb zövq alsınlar. Eskizini düzəltdim, amma sonradan məndən asılı olmayan səbəblərə görə alınmadı.

- Qeyd etdiniz ki, ölkədə qəhrəmanlıq və vətənpərvərlik heykəllərinə çox ehtiyac var. Bəs qadın heykəlləri necə? Sizcə, qadın heykəllərinin sayı kifayət qədərdirmi?

- Qadınlar dünyanın ən gözəl varlıqlarıdır. Mən qadınlar üçün kifayət qədər heykəl yaratmışam. Xurşudbanu Natəvan, “Ömrün dörd fəsli”... “Gözəllik və monumentallıq” adlı fərdi sərgimdə də qadın heykəllərinə xüsusi yer vermişəm.

 

 

 

“6 yaşımda Cüzeppe Qaribaldinin plastilindən heykəlini yaratdım”

 

 

 

- Müsahibələrinizin birində demisiniz ki, heykəltəraşlığa uşaq yaşlarından başlamısınız. İlk yaratdığınız heykəli xatırlayırsınızmı?

- İlk işim 6 yaşında olarkən plastilindən olub. O vaxtlarda olduqca romantik olmuşam. İtaliyanın milli qəhrəmanı Cüzeppe Qaribaldinin heykəlini yaratdım. O vaxt çox məşhur idi.

- Bizdə məşhur bir ifadə var - Tikdim ki, izim qala... Şübhə yoxdur ki, Ömər Eldarovun Azərbaycan incəsənət tarixində çoxlu izi qalıb. Bəs siz necə düşünürsünüz, yetərincə iz qoya bilmisinizmi?

- Xeyr. Bunu ürəkdən deyirəm ki, hələ istədiklərimi edə bilməmişəm.

- Vaxt imkan vermədi, ya maddiyyat?

- Çox böyük işlərə nail oldum, səhvlərim də çoxdur. Əsas maddi səbəblər idi. Bilirsiniz, biz sifarişlərlə işləyirik. Şifariş olmalıdır ki, istədiklərimizi həyata keçirə bilək.

Aqşin ŞAHİNOĞLU

Yeni Azərbaycan.- 2018.- 17 yanvar.- S.7.