Azərbaycanın
regionlarında xalçaçılığın yeni
inkişaf mərhələsi başlayıb
“Azərxalça”
Açıq Səhmdar Cəmiyyətindən verilən məlumatda
bildirilir ki, yaxın iki ildə respublikanın bölgələrində
xalçaçılıq müəssisələrinin
sayı 30-a çatdırılacaq
Məlum olduğu kimi, bu gün yüksək
inkişaf göstəricilərinə malik olan Azərbaycan,
eyni zamanda, dünyada xalçaçılıq diyarı kimi
tanınır. Uzun əsrlər boyu ölkəmizin
demək olar ki, bütün bölgələrində insanlar
son dərəcə gözəl naxışlı nəfis
xalçalar toxuyaraq öz dolanışıqlarını təmin
ediblər. Ümumiyyətlə, Azərbaycanda
xalçaçılığın şərti olaraq 7 məktəbi
fərqləndirilir. Bunlar Quba, Abşeron, Şirvan, Gəncə,
Qazax-Borçalı, Qarabağ, Təbriz
xalçaçılıq məktəbləridir. Bu
xalçaçılıq məktəblərində toxunan
xalçalar dünyanın məşhur muzeylərinin
ekspozisiyalarını bəzəyir və özünə
böyük tamaşaçı auditoriyası qazanır.
Bu məqamda qeyd edək ki, yeni
şəraitdə ölkəmizdə qeyri-neft sektorunun
üstün inkişafının təmin edilməsinə
yönələn siyasət çərçivəsində
regionlarda xalçaçılıq sahəsində ənənələrin
dirçəldilməsi istiqamətində də mühüm
addımlar atılır. Yeri gəlmişkən,
Prezident İlham Əliyevin 2016-cı il mayın 5-də
imzaladığı Sərəncamla “Azərxalça”
Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb və
dövlət başçısının
tapşırığını əsas tutan bu qurum regionlarda
yeni xalçaçılıq müəssisələrinin
açılması istiqamətində zəruri tədbirlər
görür.
Respublikanın daha 20 rayonunda
xalçaçılıq müəssisələri
yaradılacaq
Beləliklə, fəaliyyətə
başlamasından az vaxt ötməsinə baxmayaraq, “Azərxalça”
respublikanın Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz,
Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı,
Xaçmaz, Qəbələ kimi rayonlarında öz
filiallarının yaradılması istiqamətində
böyük iş həcmi yerinə yetirib. Artıq
ASC-nin ayrı-ayrı regionlar üzrə filialları
uğurla fəaliyyət göstərir. “Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin
sədri Vidadi Muradovun məlumatına əsasən, növbəti
iki ildə cəmiyyət respublikanın daha 20 rayonunda
filialların yaradılmasını, bununla da onların
ümumi sayının 30-a çatdırılmasını və
5 minə yaxın vətəndaşın daimi iş yeri
ilə təmin edilməsini nəzərdə tutur.
“Azərxalça”nın bölgələr
üzrə apardığı araşdırmalar, statistik təhlillər
göstərir ki, növbəti illərdə xalça
istehsalı şəbəkəsinin miqyasını daha da
genişləndirmək üçün ölkəmiz həm
xammal, həm də işçi qüvvəsi
baxımından geniş potensiala malikdir. Bununla bağlı
fikirlərini ifadə edən V.Muradov KİV-ə müsahibəsində
“Bölgələrdə işlərimiz yalnız
filialların yaradılması ilə məhdudlaşmır.
Respublika ictimaiyyəti Sumqayıt Sənaye Parkında “Azərxalça”
ASC-nin Əyirici-Boyaq Fabrikinin yaradılması haqqında məlumatlıdır.
Bu fabrikin beş rayonda regional yun və boyaq bitkiləri tədarükü
məntəqələrinin yaradılması istiqamətində
də işlər görülür. Boyaq bitkilərinin və
yun təsərrüfatlarının xammal ehtiyatları öyrənilir,
mütəxəssislər toplanır. Bu fabrik fəaliyyətə
başladıqdan sonra Azərbaycan
xalçaçılığının xammal problemi həll
olunacaq. Biz artıq xaricə təmiz yun, yun iplik, təbii
boyaq maddələrinin ixracına da başlaya biləcəyik”,
- deyib.
25 ildən sonra Ağdamda yenidən Qarabağ
xalçaları toxunur
Xalçaçılığın zəngin ənənələrinin
qorunub saxlanılmasında və inkişaf etdirilməsində
mühüm rol oynayan Ağdam rayonunda 25 ildən sonra yenidən
Qarabağ xalçaları toxunmağa başlayıb. “Azərxalça”
ASC-nin Quzanlı qəsəbəsində inşa edilən
filialında tikinti işləri başa çatıb.
Emalatxana, rəssam, tibb və inzibati otaqlar, yeməkxana, anbar,
satış salonu və sairdən ibarət olan müəssisə
lazımi inventar, dəzgahlar, avadanlıq və xammalla təmin
edilib. Binada istilik və müşahidə sistemləri qurulub.
Müəssisənin həyətində
abadlıq-yaşıllaşdırma işləri aparılıb,
yerə asfalt örtük və tamet döşənib.
Müəssisədə 160 nəfərin
işlə təmin olunması nəzərdə tutulub ki,
onlardan da 150-si xalçaçı qadınlar olacaq. Artıq
filialda işləyəcək qadınlara xalça
toxumağın sirləri öyrədilir.
Ömrünün qırx ilini
xalçaçılığa həsr etmiş Əməkdar
Mədəniyyət İşçisi Ceyran Əliyeva bu qədim
el sənətinin incəliklərini ilmələrin dili ilə
gənc xalçaçılara öyrədir. Onun sözlərinə
görə, xalçaçılıq nənələrimizin
əllərinin hərarətindən, gözlərinin nurundan
yaranmış bir sənətdir. Xalqımız min illərdir
xalçaçılıq ənənələrini
yaşadır və inkişaf etdirir. Ancaq Ermənistanın
ölkəmizə qarşı hərbi təcavüzü,
Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin
işğal edilməsi nəticəsində 25 ildir ki,
Qarabağda xalçalar toxunmurdu. Xalçaçılıq sənəti
Qarabağda itmək üzrə idi. Bu gün “Azərxalça”
ASC tərəfindən Ağdamda filialın yaradılması
Azərbaycan xalça sənətinə, o cümlədən
Qarabağ xalçaçılıq məktəbinə
böyük töhfədir.
Məlumat üçün bildirək ki,
filialda əsasən məcburi köçkün qəsəbələrindən
və müxtəlif kəndlərdən olan qadınlar
xalçaçılıq peşəsinə yiyələnirlər.
Onlar həm Qarabağ xalçaçılıq məktəbinin
ənənələrini davam etdirəcək, həm də ailələrinin
sosial rifahını yaxşılaşdıracaqlar.
“Azərxalça” ASC-nin Quba filialında toxunan
ilk xalça satışa hazırdır
Ötən il dekabrın 7-də Prezident
İlham Əliyevin iştirakı ilə açılan “Azərxalça”
ASC-nin Quba filialının ilk məhsulu satışa
hazırdır. Artıq müəssisədə toxunan
xalçaların kəsiminə başlanılıb.
Filialın direktoru Nəzakət Novruzova bildirib
ki, müəssisə yanvar ayının sonuna kimi 30 kvadratmetrə
yaxın xalça təhvil verəcək. Hazır olan
nümunələr Quba, Şirvan və Qarabağ
çeşniləri əsasında toxunan xalçalardır.
Üzərlərində çeşnilərin adı və
“Azərbaycan” yazısı qeyd olunur. Bu da qədim sənətkarlıq
nümunələrinin müəllif hüququnun qorunmasına,
eyni zamanda, Azərbaycan incəsənətinin dünyaya
tanıdılmasına xidmət edir.
Nəzakət Novruzova qeyd edib ki, hazırda
müəssisədə 100-ə yaxın işçi
çalışsa da, iş üçün müraciət
edən toxucuların sayı kifayət qədərdir. “Prezident İlham Əliyevin Sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında dövlətimizin
başçısı bildirdi ki, 2018-ci il də sənaye
inkişafı ilə bağlı əlamətdar olacaq.
On yeni xalça fabrikinin açılışı nəzərdə
tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin
sayı 20-yə çatmalıdır. Prezidentimizin dediyi bu
faktlar bizi sevindirir və işimizə məsuliyyətlə
yanaşmağa sövq edir. Çalışırıq
işçilərin sayını daha da artıraq”, - deyə
filial müdiri vurğulayıb.
Filialdakı xalçaçılar Quba şəhərinin
və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Bu
barədə danışan Nəzakət Novruzova bildirib ki,
onlar bir neçə ay ərzində “Azərxalça”nın
hazırlıq-tədris kurslarında iştirak edib,
xalçaçılıq üzrə bacarıq və vərdişlərini
təkmilləşdiriblər: “Tədris-hazırlıq kursu bu
gün də fəaliyyətini davam etdirir. Bu kursların məzunları
“Azərxalça” ASC-nin tədris sertifikatını
alırlar. Yeni işçilərin cəlb olunması daha
çox xalçanın toxunmasına imkan yaradacaq.
Planlarımız çoxdur. İşə çox həvəslə
başlamışıq. Quba zonası ənənəvi
xalçaçılıq zonasıdır. Burada
xalçaçılığa maraq çox yüksəkdir”.
“Azərxalça” ASC-nin Quba filialında
yanvarın 20-dək xalça kəsiminin ilk mərhələsi
başa çatacaq. Hazır xalçalar “Azərxalça”
ASC-yə təhvil veriləcək. Həmin xalçalar xarici
ölkələrdə keçirilən beynəlxalq
satış sərgilərində alıcılara təqdim
olunacaq. Bununla yanaşı, filialın xalça-satış
salonunda da “Azərxalça” ASC-də toxunan xalça və
xalça məmulatlarının sərgisi və
satışı həyata keçiriləcək.
Qeyd edək ki, “Azərxalça” ASC-nin Quba
filialının binasının ümumi sahəsi 1300
kvadratmetrdir. Burada 160 nəfərdən çox
işçinin çalışması nəzərdə
tutulub. Emalatxanadakı müxtəlif ölçülü 43
dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən və
Şabran rayonlarının kəndlərində
hazırlanmış tarixi və orijinal Şirvan
çeşniləri əsasında xalçaların
toxunmasına üstünlük verilir. Bu çeşnilər
dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə
olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən
toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın
rəssamları tərəfindən hazırlanıb.
İsmayıllıda yaradılan xalça
fabrikində 170-dək xalçaçı
çalışacaq
Yeni xalça fabriklərindən biri də
İsmayıllıda yaradılıb. “Azərxalça” ASC-nin
İsmayıllı filialında inşaat işləri
artıq başa çatıb. Fabrikdə toxuculuq, sərgi-satış
zalları, qonaq otağı, yemək zalı, anbarlar və
xidmət otaqları var. Zal və otaqlar lazımi
avadanlıqlarla təchiz edilib.
Xalça fabrikində 170 nəfər işləyəcək
ki, onlar da əsasən qadınlar olacaq. Təşkil edilən
iki aylıq kurslarda burada çalışacaq gənc
xalçaçı qızlar da hazırlanıb. Təcrübəli
xalçaçı Ruhiyyə Süleymanova müxbirimizlə
söhbətində deyib: “Prezidentimizin diqqət və
qayğısı, həyata keçirilən Dövlət
proqramları rayonlarda nəinki kənd təsərrüfatının,
sənayenin də inkişafına güclü təkan verir.
Rayonumuzda tikilən xalça fabriki bunun bariz nümunəsidir.
Burada qadınlarımız, gənc qızlarımız
işləyəcək, həm də qədim sənətimiz
yaşadılacaq. Fabrikdə “Gülüstan”, “Qollu
çiçək”, “Şirvan”, “Tirmə”, “Xiləfşan”,
“Zeyvə”, “Qarabağ nəlbəkigülü” kimi incə və
zərif naxışlı xalçalar toxunacaq”.
Azərbaycan xalçaları “Made in Azerbaijan”
brendi ilə dünya bazarlarına çıxarılır
Bir sözlə, Azərbaycanda
xalçaçılıq ənənəsinin
yaşadılması, xüsusilə bu sahəyə dövlət
dəstəyinin göstərilməsi sevindirici haldır. Uzun
illərdir ki, nənələrimiz tərəfindən toxunan
qədim xalçalarımız bundan sonra kütləvi şəkildə
istehsal olunacaq. Azərbaycan xalçalarına
dünya bazarlarında olan böyük marağı nəzərə
alsaq, əminliklə söyləmək olar ki, xalça
fabriklərinin məhsulları ölkəmizin həm ixrac
potensialı, həm də Azərbaycan xalçasının
dünyada təbliği üçün gözəl imkanlar
yaradacaq.
“Azərxalça” ASC-nin İdarə
Heyətinin sədri V.Muradovun sözlərinə görə,
“Azərxalça” ilk məhsullarını “Made in Azerbaijan”
brendi altında Almaniyanın Hannover şəhərində ənənəvi
DOMOTEX beynəlxalq sərgisində, həmçinin Nyu-Yorkda
növbəti beynəlxalq xalça sərgisində təqdim
edib. “Bu tədbirlər zamanı əl ilə toxunmuş
Azərbaycan xalçalarına dünya bazarlarında
böyük tələbatın olduğunu müşahidə
etdik. Bu isə “Azərxalça”nın istehsalı olan məhsulların
yaxın gələcəkdə xarici ölkələrə
intensiv satış imkanlarının mövcudluğunu təsdiqləyir”,
- deyə V.Muradov vurğulayıb.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 17 yanvar.- S.7