Azərbaycanın
regionlarında heyvandarlıq intensiv metodlarla inkişaf etdirilir
Ölkənin ən iri
heyvandarlıq təsərrüfatlarından olan “Yalama
Aqropark”da saxlanılan heyvanların sayı 2 min 220 başa
çatdırılıb
Azərbaycan müasir çağırışları
nəzərə alaraq regionlarda geniş potensiala malik aqrar
sektoru intensiv metodlarla inkişaf etdirməyi hədəfləyib. Son illərdə
ölkə boyu mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasının geniş şəkildə
təşviq edilməsi və bu məqsədlə praktiki
müstəvidə zəruri tədbirlərin həyata
keçirilməsi regionlarda kənd təsərrüfatının
intensiv metodlarla inkişaf etdirilməsinə yaxşı
nümunədir. Prezident İlham Əliyevin heyvanların
cins tərkibinin yaxşılaşdırılmasına
dövlət dəstəyi haqqında 2015-ci il
19 avqust tarixli Sərəncamı bu sahədə işlərə
güclü təkan verib. Sərəncama əsasən,
yüksək məhsuldar genetik potensialı olan heyvanların
baş sayının artırılması və bu sahəyə
marağın gücləndirilməsi üçün
süni mayalanma yolu ilə alınan hər baş buzova görə
heyvan sahibinə dövlət büdcəsindən subsidiyalar
ayrılır.
Qeyd edək ki, belə təşviq tədbirləri
yaxşı səmərə verir. Bölgələrdə
fermerlərin heyvandarlığa marağı artıb. Onlar dövlət dəstəyindən bəhrələnərək
təsərrüfatlarında mal-qaranın baş
sayını çoxaldır, ət və süd
istehsalının həcmini artırırlar.
2017-ci ildə
bölgələrdə mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması istiqamətində
işlər uğurla davam etdirilib
Artıq tarixə dönən 2017-ci ildə bölgələrdə
mal-qaranın cins tərkibinin
yaxşılaşdırılması istiqamətində
işlər uğurla davam etdirilib. Bu baxımdan Ağcabədi
rayonu da istisna təşkil etməyib. Ötən il
rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri
tərəfindən 5570 baş inək və düyə
süni yolla mayalandırılıb, 2153 baş sağlam cins
buzov alınıb.
Cəbhə
bölgəsində yerləşən Ağdam rayonunda kənd
təsərrüfatının aparıcı sahələrindən
olan heyvandarlıqda ötən il uğurlu
nəticələr əldə edilib. O cümlədən
mal-qaranın cins tərkibi daha da yaxşılaşıb,
heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq
artım qeydə alınıb.
Rayon
Statistika İdarəsinin məlumatına əsasən, cari il
yanvarın 1-nə bütün təsərrüfat
kateqoriyaları üzrə rayonda 40 min 992 baş iribuynuzlu
mal-qara, 104 min 518 baş qoyun və keçi, 247 min 838 baş
ev quşu və 374 arı ailəsi olub. Ötən il təsərrüfatlarda
4252,5 ton ət, 34 min 611,5 ton süd, 8676 min ədəd yumurta
istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə
müqayisədə ət istehsalı 1 faiz, süd
istehsalı 1,3 faiz, yumurta istehsalı 1,6
faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının
artmasında heyvanların baş sayının artımı ilə
yanaşı, cins tərkibinin
yaxşılaşdırılması da mühüm rol
oynayır. Rayonda heyvandarlıq məhsulları
istehsalının intensiv artmasına zəmin yaradan cins
maldarlığın inkişafı üçün
heyvanların süni mayalanması uğurla həyata
keçirilir. Rayon Kənd Təsərrüfatı
İdarəsindən verilən məlumata görə, 2017-ci
ildə 2259 baş inək və düyə süni yolla
mayalandırılıb, 844 baş sağlam cins buzov
alınıb.
Ağsu
rayonunda da heyvandarlıqla məşğul olan fermerlər son
illər mal-qaranın cins tərkibinin süni mayalandırma
yolu ilə dəyişdirilərək daha məhsuldar
heyvanlarla əvəz edilməsində maraqlıdırlar və
təsadüfi deyil ki, ötən il də
bu istiqamətdə xeyli işlər görülüb.
Bununla əlaqədar
Rayon Statistika İdarəsindən verilən məlumata əsasən,
2017-ci ildə 8 texnik tərəfindən 846 baş inəkdə
süni mayalandırma aparılıb, 357 baş cins bala
alınıb. Keçən il süni
mayalandırma yolu ilə alınan buzovların sayı 2016-ci
ildəki göstəricidən 71 baş çoxdur.
Şəkili
heyvandarlara 114 min manata yaxın subsidiya ödənilib
Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət
göstərən “Şəki Aqro İndastris” MMC-nin
südlük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatında
olan inəklərin hər birindən 2017-ci ildə orta hesabla
7 min 605 kiloqram süd sağılıb. Bu göstərici
əvvəlki illə müqayisədə 974 kiloqram
çoxdur. Gün ərzində hər inəkdən
orta hesabla 20,8 kiloqram, yəni əvvəlki
ildəkindən 2,6 kiloqram çox süd sağılıb.
Rayonda
cins maldarlığın inkişafına mühüm töhfələr
verən müəssisədə 2017-ci ildə ümumilikdə
3 min 578 kiloqram süd istehsal olunub ki, bu da əvvəlki illə
müqayisədə 16,3 faiz və ya 501 kiloqram çoxdur. Hazırda təsərrüfatda “Holştin-friz”
cinsindən olan 1401 baş iribuynuzlu heyvan saxlanılır.
Heyvanların sayı əvvəlki illə
müqayisədə 109 baş artıb. Ötən il müəssisədə 522 baş buzov
doğulub.
2008-ci ildə dövlətin maliyyə dəstəyi ilə
yaradılan bu iri heyvandarlıq kompleksinə fermalar,
sağım sexi, laboratoriya və yardımçı tikililər
daxildir. Kompleksdə alman şirkətinin istehsal etdiyi bir mərkəzdən
idarə olunan ən müasir avadanlıq
quraşdırılıb. Sağım
sexində quraşdırılan avadanlığın köməyi
ilə bir dəfəyə 32 baş inəyin südü
sağılır.
Qeyd edək
ki, ötən il Şəki rayonu üzrə 1108 nəfər
heyvan sahibinə süni mayalama yolu ilə alınmış
1139 baş buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə,
113 min 900 manat məbləğində subsidiya ödənilib.
Eyni zamanda, dekabr ayında doğulmuş 218 baş buzova
görə hesablanan 21 min 800 manat vəsaitin də yaxın
vaxtlarda heyvan sahiblərinə ödənilməsi təmin
ediləcək.
Şəki şəhər Kənd Təsərrüfatı
İdarəsindən bildirilib ki, heyvanların süni yolla
mayalandırılması heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılmasına müsbət təsir
göstərən ən mühüm amillərdəndir. Ümumiyyətlə, 2017-ci
ildə Şəki rayonunun şəxsi və fermer təsərrüfatlarında
5 min 801 baş inək, camış və düyə süni
yolla mayalandırılıb. Bu, əvvəlki illə
müqayisədə 2,2 dəfə və
ya 3 min 129 baş çoxdur.
“Yalama
Aqropark”da cins heyvanların ümumi sayının 3 min başa
çatdırılması nəzərdə tutulur
Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarından
olan “Yalama Aqropark”da Avstriya və Almaniyadan gətirilmiş cins
inəklərdən üçüncü laktasiya üzrə
balalar alınır. Təsərrüfatda saxlanılan
heyvanların sayı 2 min 220 başa
çatdırılıb. Ötən il
“Yalama Aqropark”da 770-ə yaxın buzov doğulub. 2018-ci ilin ilk 15 günündə isə cins
heyvanlardan 80 bala alınıb.
Heyvandarlıq təsərrüfatının zootexniki,
xidmət rəhbəri Sərdar Hacıyev bildirib ki, aqropark
yeni qurulanda Avstriya və Almaniyadan min baş boğaz düyə
gətirilib. Təsərrüfatda laktasiya dövründə
gündəlik 6-7 buzov doğulur. İlin
sonuna kimi aqroparkdakı cins heyvanların ümumi
sayının 3 min başa çatdırılması nəzərdə
tutulur.
Heyvan
sayı nəzərə alınaraq qarşıdakı aylarda
“Yalama Aqropark”da 3 tövlə və ümumi tutumu 7 min ton olan
3 silos quyusu tikiləcək. Bununla da müəssisədəki
tövlələrin sayı doqquza, taxıl anbarları isə
yeddiyə çatacaq.
“Yalama Aqropark”da “Simmental” cinsinə aid südlük-ətlik
istiqamətli heyvanlar saxlanılır ki, onlar da südün
keyfiyyət göstəricilərinə görə digər
cins heyvanlardan fərqlənir. İstehsal edilən südün
yağlılıq dərəcəsi 4,2
faiz və daha yuxarı olduğundan tərəfdaş emal
müəssisələri tərəfindən kərə
yağı istehsalında geniş tətbiq edilir.
Qarşıya qoyulan tapşırığa uyğun
olaraq son bir ildə “Yalama Aqropark”ın əkin sahələri
3 dəfə artırılıb, eyni zamanda, istehsal genişləndirilib. Xaçmaz
rayonunun Müqtədir qəsəbəsində Dövlət
Ehtiyat Fondu torpaqlarından 956 hektar torpaq sahəsi uzunmüddətli
icarəyə götürülərək əkin dövriyyəsinə
qatılıb. Bununla da müəssisənin
əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523
hektardan 1479 hektara çatdırılıb. Eyni zamanda, idxaldan asılılığı azaltmaq
üçün soya bitkisinin əkini aparılıb, taxıl
və qarğıdalı əkini sahəsi genişləndirilib.
Fermer təsərrüfatında
həm heyvandarlıq, həm də bitkiçilik inkişaf
etdirilir
Tərtər rayonunun Bəyimsarov kəndində fəaliyyət
göstərən fermer təsərrüfatı həm
heyvandarlıq, həm də bitkiçilik üzrə
ixtisaslaşıb. Təsərrüfatda hər iki istiqamət
uğurla inkişaf etdirilir.
Təsərrüfatın
idarəedicisi Tural İsmayılov bildirib ki, beş
il əvvəl yaradılan təsərrüfat 200 hektara
yaxın sahəni əhatə edir. Burada həm
müxtəlif kənd təsərrüfatı bitkiləri becərilir,
həm də heyvandarlıq inkişaf etdirilir.
Tikintisi üçün İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
güzəştli kredit ayrılan 350 başlıq
heyvandarlıq kompleksi ferma, sağımxana, yem, ot və su
anbarları, silos quyusundan ibarətdir. Ferma avtomat sulama sistemi
ilə təchiz edilib. Heyvanların yemlənməsi səyyar
yemləmə aparatı ilə həyata keçirilir.
Hazırda kompleksdə Almaniyadan gətirilmiş
250 baş südlük istiqamətli “Holstein-friz” cinsli heyvan
saxlanılır ki, onlardan da 180-i inək və düyələrdir.
Hər gün 100 baş sağılan inəkdən aparatlar
vasitəsilə 2500 litr süd sağılaraq emal müəssisələrinə
verilir.
Kompleksdə inək və düyələr
süni yolla mayalandırılır. 2017-ci ildə 160 baş
sağlam cins buzov alınıb. Yeni doğulan
dişi buzovlar yetişdirilərək, həm fermanın
düyə ehtiyacını qarşılayır, həm də
yerli təsərrüfatlara satılır ki, bu da onların
cins damazlıq heyvanlarla təmin edilməsində mühüm
rol oynayır. Erkək buzovlar isə ətlik istiqamətdə
bəslənilir. Heyvandarlıq kompleksinin yem təminatı əsasən
təsərrüfatda becərilən müxtəlif dənli və
yem bitkilərinin hesabına ödənilir.
Bitkiçilik sahəsində də
uğurlu nəticələrə nail olunan təsərrüfatda
ötən il 40 hektarda pambıq, 35 hektarda taxıl, 100 hektarda
dənlik qarğıdalı, 10 hektarda günəbaxan, 14
hektarda yonca becərilib, yüksək məhsuldarlıq əldə
edilib. 2018-ci ilin bol məhsulunun əsası qoyulub, 40
hektarda taxıl səpini həyata keçirilib. Pambıq,
qarğıdalı, günəbaxan əkiləcək sahələr
şumlanıb. Təsərrüfatda Bəyimsarov kəndinin
sakinləri olmaqla, 20 nəfər daimi işlə təmin
olunub. Əkin-biçin mövsümündə isə 100 nəfərdən
artıq kənd sakini mövsümi işlərə cəlb
edilir.
Cəbhə bölgəsində yerləşən
Tərtər rayonunun kiçik bir kəndində belə təsərrüfatın
yaradılmasına dövlətin dəstəyi və
insanların zəhmətsevərliyi sayəsində nail olunub.
Fermer təsərrüfatının ilbəil daha da genişləndirilməsi
isə məhsul bolluğuna səbəb olur, ölkəmizin ərzaq
təhlükəsizliyinə xidmət edir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2018.- 19 yanvar.- S.7.