Böyük tarixçi-xalqşünas alim Teymur Bünyadov

 Azərbaycan etnoqrafiya elminin banilərindən biri, tarix və arxeologiya elmlərinin inkişafında xüsusi xidmətləri olan, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, böyük alim və ictimai xadim, görkəmli ziyalı Teymur Əmiraslan oğlu Bünyadovun 90 yaşı tamam olur.

Əməkdar elm xadimi, “Şöhrət” ordenli, AMEA-nın tarix üzrə Abbasqulu ağa Bakıxanov adına mükafatının ilk laureatı akademik Teymur Bünyadovun 90 illik ağrılı-acılı, zəhmətlə, mübarizələrlə dolu ömür yolu və çoxşaxəli elmi-ictimai, pedaqoji fəaliyyəti gənc nəsil üçün gözəl örnəkdir, təlim-tərbiyə məktəbidir.

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II Şıxlı kəndində anadan olmuş, orta məktəbi qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Moskvada SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, dünya şöhrətli Qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.

T.Bünyadov 1955-ci ilin may ayında Azərbaycan EA Tarix İnstitutunda elmi fəaliyyətə başlamışdır. Həmin ildən onun bütün elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlıdır.

Alim 1968-ci ildə “Azərbaycanın qədim və Orta əsrlər dövrü təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Teymur Bünyadovun “Azərbaycan arxeologiyası oçerkləri” adlı ümumiləşdirilmiş kitabı 1960-cı ildə nəşr edilmişdir. Bu əsərdə Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğu sübuta yetirilmiş, əsərdə Azərbaycanın ən qədim dövrdən XV əsrə qədərki tarixi işıqlandırılmışdır.

Alim 1975-ci ildə çap olunan “Əsrlərdən gələn səslər” əsərində xalqımızın musiqi mədəniyyəti irsini ilk dəfə tarixi-etnoqrafik baxımdan qələmə almışdır.

Akademik T.Bünyadov 35 monoqrafiyanın və 821 məqalənin, o cümlədən xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr olunmuş əsərlərin müəllifidir.

T.Bünyadov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə yüksək tirajla nəşr edilmiş “Azərbaycan etnoqrafiyası” üçcildliyinin baş redaktorudur. Bu üçcildlik əsər Azərbaycanın elmi ictimaiyyəti tərəfindən yüksək elmi hadisə kimi qiymətləndirilmişdir. Onun rəhbərliyi və müəllifliyi ilə “Qəbələ tarixi”, “Qəbələ folkloru” və “Qəbələ etnoqrafiyası” adlı üçcildlik əsər rus və ingilis dillərinə tərcümə edilərək yüksək tirajla çap olunmuşdur. Teymur Bünyadov Moskvada çapa məsləhət görülən “Azərbaycanlılar” adlı irihəcmli əsərin müəlliflərindən biridir.

Akademik T.Bünyadovun bir sıra beynəlxalq elmi konfranslarda, o cümlədən 1960-cı ildə Moskvada şərqşünasların XXV Beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə VII Beynəlxalq konqresdə, 1971-ci ildə Tiflisdə arxeoloq və etnoqrafların ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda birinci Millətlərarası Azərbaycan-Türk dərnəkləri qurultayında, 2004-cü ildə Moskvada məşhur Qafqazşünas alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə “Azərbaycanın xalça sənəti” adlı beynəlxalq konfransdakı elmi çıxışları maraqla qarşılanmışdır.

T.Bünyadovun yaradıcılıq fəaliyyətinin digər bir istiqamətini də bədii yaradıcılıq təşkil edir. Keçən əsrin 70-ci illərinin sonlarından başlayaraq yazdığı “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala”, “Dedim ki, yadigar qalsın” və başqa əsərləri onun elmi yaradıcılığının bir növ davamıdır. Bu əsərlərdə müəllifin vətəndaşlıq mövqeyi, doğma vətəninə, onun qurub-yaratmaq eşqi ilə yaşayan zəhmətkeş insanlarına məhəbbəti qələmə alınmışdır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Teymur Bünyadovun “Göz yaşları” romanı 1991-ci ildə yüksək tirajla geniş oxucu auditoriyasına təqdim edilmişdir. Müəllifin çoxsaylı hekayələri, povestləri, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar”, “Ana laylası beşik nəğməsidir...” adlı dördcildlik bayatılar kitabı oxucuların böyük rəğbətini qazanmışdır. Bu kitablarda xalqımızın zorla cəlb olunduğu ədalətsiz müharibənin dəhşətləri, onun qırılmaz iradəsi, mübarizə əzmi, qəhrəmanlığı, vətənpərvərliyi, eləcə də zəngin adət-ənənələri tərənnüm olunur.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri Teymur Bünyadov elmi və bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də 65 ildən artıq fəaliyyət göstərmişdir. O, uzun illər Bakı Dövlət Universitetində, Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən dərs demişdir.

Azərbaycan etnoqrafiya elminin və mənəvi dəyərlərimizin təbliğində, geniş yayılmasında Teymur Bünyadovun radio və televiziyada təşkil etdiyi verilişlər xüsusilə təqdirəlayiqdir. O, iki ildən artıq bir müddət ərzində Azərbaycan Dövlət televiziyasında böyük maraqla izlənən “Əsrlərdən gələn səslər” adlı verilişin ssenari müəllifi və aparıcısı olmuşdur. “Kölgələr sürünür” bədii filminin ekran həyatı qazanmasında elmi məsləhətçi kimi T.Bünyadovun xidməti böyükdür.

Tarixi etnoqrafiya məktəbinin banisi Teymur Bünyadovun elmi kadrların yetişməsində xidməti danılmazdır. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 35-dən çox fəlsəfə doktoru alimlik zirvəsinə yüksəlmiş və onun yolunu bu gün layiqincə davam etdirirlər.

Qarabağ müharibəsi dövründə görkəmli alim gənclərə vətənpərvərlik, döyüş ruhu aşılamaq məqsədilə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən “Qız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz” və s. kimi elmi-populyar kitabçalar nəşr etdirmiş, məqalələr yazmış, radio və televiziya efirlərində çıxış etmişdir. O, Azərbaycanın cəbhəyanı bölgələrində əsgərlərlə, qaçqın və məcburi köçkünlərlə görüşmüş, əhali arasında təbliğat və ideoloji informasiya işini davam etdirmişdir. Alim müxtəlif illərdə Goranboy, Ağstafa, Qazax, Bərdə, Ağdam rayonlarında düşmənlə üzbəüz mövqelərdə olmuşdur.

Teymur Əmiraslan oğlu Bünyadov respublikanın ictimai-siyası həyatında da fəal iştirak edir. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri olmuş, eyni zamanda, Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri kimi fəaliyyət göstərmişdir.

Akademik T.Bünyadov Ümummilli liderimiz Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin prezident seçkilərində vəkili olmuş, Qarabağ, Gəncəbasar, Qazax-Ağstafa, Lənkəran və Şirvan bölgələrində geniş təbliğat işi aparmışdır. O, 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Teymur Bünyadov uzun illər AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının üzvü, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika komissiyasının sədr müavini olmuşdur.

Akademik Teymur Bünyadov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri və respublika elmi tədqiqatların tərkibi və əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının üzvü, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)”, “Tarix və onun problemləri”, “İpək yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq”, “Qarapapaqlar” və başqa jurnalların redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.

Teymur Bünyadovun səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 2005-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş, 2008-ci ildə Əməkdar elm xadimi, AMEA-nın tarix üzrə Bakıxanov adına mükafatının ilk laureatı adına layiq görülmüşdür.

Teymur Bünyadov zəngin mənəviyyatlı, geniş dünyagörüşlü, insanlara örnək olan nurlu şəxsiyyətimiz, el ağsaqqalıdır. Teymur müəllim təbiətən xoşrəftar, yumşaq, hər bir kəsə qarşı qayğıkeş, sadə və səmimi insandır. O, əhatəli biliyə, geniş erudisiyaya, güclü məntiqə, dərin müşahidə qabiliyyətinə malik alimdir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun inkişafında onun rolu əvəzsizdir. Teymur müəllimin amalı arxeologiya və etnoqrafiya elmlərini yüksək tərəqqidə və yüksək inkişafda görməkdir. O, həyatının mənasını xalqına xidmətdə görən, milli mənafeni, Azərbaycanın müstəqilliyini, dövlət və dövlətçiliyini hər şeydən uca tutan elm fədaisidir.

Teymur Bünyadov özübütöv, sözübütöv, qəlbi təmiz, vətənpərvər insandır, əsl azərbaycanlıdır.

Akademik Teymur Bünyadov bu gün ömrünün kamillik zirvəsindədir. Onu 90 illik yubileyi münasibətilə təbrik edir, cansağlığı və uğurlar arzulayırıq.

AMEA Arxeologiya və

M.N.Rəhimova

Yeni Azərbaycan.- 2018.- 19 yanvar.- S.6.