“İrs” seriyasından yeni
nəşr: “Qarabağ
- əsrlərin salnaməsi”
kitabının təqdimatı
olub
Kitabda Qarabağın tarixindən,
qarabağlıların mərdliyindən,
keşməkeşli həyatından,
habelə Dağlıq
Qarabağın işğalından,
Xocalı soyqırımından
bəhs olunur
Yanvarın 18-də Beynəlxalq Muğam Mərkəzində “İrs”
seriyasının yeni nəşri olan “Qarabağ - əsrlərin
salnaməsi” kitabının
təqdimatı olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycanın dilbər
guşəsi Qarabağın
faciəli taleyinə həsr edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin, “Paşa Həyat Sığorta”
ASC-nin və “Silk Way Group”
şirkətinin dəstəyi
ilə “IRS Publishing House” tərəfindən nəşr edilib.
Respublikanın tanınmış elm, mədəniyyət və
incəsənət xadimlərinin
iştirak etdiyi tədbirdə əvvəlcə
Vətən torpaqları
uğrunda şəhid
olan oğul və qızlarımızın
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış
edərək kitabın
əhəmiyyətindən danışıb. Nazir deyib
ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü
ərəfəsində belə
bir nəşrin təqdimatının keçirilməsi
xüsusi önəm kəsb edir. Çünki burada Qarabağın tarixindən,
qarabağlıların mərdliyindən,
keşməkeşli həyatından,
habelə XX əsrin
80-ci illərinin sonundan
başlayaraq, Ermənistanın Azərbaycana
qarşı təcavüzkarlığından,
Dağlıq Qarabağın
işğalından, Xocalı
soyqırımından bəhs
olunur.
Nazir bildirib
ki, nəşrdə toplanan tarixi faktlar və arxeoloqların tapıntıları
təsdiq edir ki, Qarabağ, həqiqətən, bəşəriyyətin
ilk yurdlarından biri hesab edilə
bilər. Ulu öndər Heydər
Əliyevin “Şuşa
təkcə şuşalılar
üçün yox, vətənimizi sevən hər bir azərbaycanlı
üçün əziz
torpaqdır”, Prezident İlham Əliyevin “milli mənəvi dəyərlərimiz bizim
üçün üstündür”
sözlərini xatırladan
nazir deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qarabağ həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması istiqamətində gördüyü
işlər də təqdirəlayiqdir.
Diqqətə çatdırılıb ki,
bu gün işğal edilən torpaqlarımızda ermənilər
mədəni, dini abidələrimizi məhv
edərək, mənəvi
oğurluqla məşğuldurlar:
“Ermənistanın təcavüzü nəticəsində
20 faiz torpaqlarımız
işğal edilib. İşğal nəticəsində
23 muzeyimizə məxsus
86 min 307 eksponat, 4 rəsm qalereyasına məxsus 371 rəsm əsəri, 13 arxivə məxsus 260 min sənəd, 4 milyon kitab fondu olan
927 kitabxana, 808 klub, 85
uşaq musiqi məktəbi, 4 teatr, 2 konsert müəssisəsi talan edilərək dağıdılıb.
İşğal olunmuş
ərazilərdə Azərbaycanın
çoxəsrlik tarixinin
bütün mərhələlərini
əks etdirən dövlət qeydiyyatına
alınmış 698 tarix-mədəniyyət
abidəsi ilə yanaşı, minlərlə qeydiyyata düşməyən tarix-mədəniyyət
abidəsi düşmən
tapdağı altındadır.
Bütün bunlar isə bəşəriyyətə
qarşı cinayətdir”.
Kitabın məziyyətlərindən danışan nazir söyləyib ki, yeni nəşr “Azıx mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Müharibələrarası dövr”,
“Pənahəli xan Qarabağlı”, “Yenilməz
Şuşa”, “Çətin
seçim”, “Əcdadların
torpağı uğrunda”,
“Nə unutmaq, nə də bağışlamaq” fəsillərindən,
proloq və epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi, tarixi mənbələrə
istinadla mükəmməl
əhatə olunub. Məsələn, “Azıx
mağarası” fəsli
oxucuda bu məkanın qədimliyi haqqında dolğun təsəvvür yaradır:
“Məmmədəli Hüseynovun
topladığı zəngin
material onun bu regionda insanın
əmək fəaliyyətinə
2 milyon il öncə başlaması
ilə bağlı cəsarətli fərziyyə
irəli sürməsinə
imkan verdi. Gürcü arxeoloqların
daha sonrakı tapıntıları azərbaycanlı
alimin ehtimalını
doğrultdu.
Oxucular bu nəşrdə,
həmçinin XV-XVIII əsrlərdə
Azərbaycanda müxtəlif
müharibələr zamanı
Qarabağın mövqeyi
(“Müharibələrarası dövr” fəsli), Qarabağ xanlığının
əsasının qoyulması,
burada dövlətçilik
istiqamətində görülən
işlər (“Pənahəli
xan Qarabağlı”), Ağa Məhəmməd şah Qacarın hücumu və Şuşanın müdafiəsi
(“Yenilməz Şuşa”),
XIX əsrin mürəkkəb
siyasi prosesləri, Rusiya imperiyasının tərkibinə ilhaq olunduqdan sonra Qarabağın vəziyyəti,
ermənilərin buraya
köçürülməsi, Rusiya imperiyasının “Parçala və hökm sür!” siyasəti (“Çətin seçim”) haqqında tarixi materiallarla da tanış ola bilərlər. “Əcdadların
torpağı uğrunda”
fəslində isə
XX əsrdə Qarabağın
ictimai-siyasi, mədəni
mühiti və sosial həyatı əks olunub. XX əsrin 80-ci illərinin
sonundan başlayaraq, Ermənistanın Azərbaycana
qarşı təcavüzkar
siyasəti nəticəsində
yaşanan dəhşətli
faciələr, işğal
altında qalan ərazilərimizdəki abidələrin
məhv edilməsi (“Nə unutmaq, nə də bağışlamaq” fəsli)
haqqında məlumatlar
verilib.
Layihənin rəhbəri,
baş redaktor Musa Mərcanlı, elmi məsləhətçiləri
tarix elmləri doktoru Qasım Hacıyev, tarix elmləri namizədi Səbuhi Əhmədovdur.
Xüsusi dizayn və zövqlə hazırlanmış bu kitab oxuculara Azərbaycan rus və ingilis dillərində təqdim edilir.
Nazir deyib
ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan - minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”,
“Naxçıvan - Şərqin
əfsanəsi”, “Məftun
edən şəhər”,
“Bakı simfoniyası”
kitabları nəşr
olunub.
Layihənin rəhbəri,
“İRS” jurnalının baş
redaktoru Musa Mərcanlı Qarabağı
xaricdə təbliğ
etmək üçün
fərqli yanaşmaya üz tutduqlarını bildirib. Qeyd edib ki, əsas
məqsəd Qarabağın
bizim üçün
niyə bu qədər əziz olduğunu, onun uğrunda niyə qan töküldüyünü
dünya ictimaiyyətinə
çatdırmaqdır.
Musa Mərcanlı
deyib ki, dörd il müddətində
hazırlanan kitabda Qarabağın tarixi keçmişini əks etdirən fotoşəkillərlə
yanaşı, müasir
görünüşünü əks etdirən fotolara da yer
ayrılıb. Yüksək
poliqrafiya mədəniyyətinə,
nəfis tərtibata malik nəşrdəki mətnlər çoxsaylı
fotolar və şəkillərlə müşayiət
olunur. 2015-2016-cı illərə
aid fotoşəkillər
“CAVIAR-PRESS” agentliyi tərəfindən
təqdim edilib. Tarixi fotoşəkillər
“İRS” jurnalının arxivindəndir.
Bütün bunlar yeni nəslə Qarabağ haqqında əsl həqiqətləri
çatdırmağa imkan
verir. “Kitabda Qarabağın yeni görünüşlərinin yer
almasında xarici fotomüxbirlərin də
əməyi var. Deyərdim ki, bu kitab bütövlükdə
Azərbaycan mediasının
qələbəsidir. Biz
müəyyən mənada
istəyimizə çatmışıq.
Azərbaycan, rus və ingilis dilində hazırlanan nəşr bütün dünyaya bir daha Qarabağın Azərbaycanın ayrılmaz
tərkib hissəsi olacağını sübut
edəcək. Kitab sonda çox böyük nikbinliklə
- xalqımızın qələbə
əzmi ilə yekunlaşır. Bu yöndə işlərimizi
məmnuniyyətlə davam
etdirəcəyik”, - deyə
M.Mərcanlı söyləyib.
“Paşa Həyat
Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Qarabağ həqiqətlərinin dünyaya
təqdim edilməsinin
hər bir azərbaycanlının borcu
olduğunu vurğulayıb.
Bildirib ki, kitabda tarixi faktlar düzgün ardıcıllıqla yer alıb, keyfiyyətli fotolar təqdim edilib. Onun sözlərinə
görə, bu layihə ermənilərlə
informasiya müharibəsində
əldə etdiyimiz bir qələbədir.
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti
Fərhad Bədəlbəyli
Qarabağ haqqında hər bir əsərin
yüksək səviyyədə
olmasının vacibliyini
söyləyib. Deyib ki, təqdimatı keçirilən kitab nəfis şəkildə
çap edilib. Münaqişənin başladığı ilk illərdə Şuşaya səfərini
və ermənilərin
torpaqlarımıza iddiası
ilə bağlı qarabağlıların fikirlərini
xatırlayan Fərhad
Bədəlbəyli heç
bir erməninin muğamı, “Qarabağ” şikəstəsini azərbaycanlı
kimi oxuya bilməyəcəyini də
vurğulayıb. Bildirib
ki, bu, Qarabağın
kimə məxsusluğunu
təsdiq edən faktlardan biridir.
Tədbir konsert proqramı ilə davam edib. Sonda tanınmış və gənc muğam ifaçıları
“Qarabağ” şikəstəsini
səsləndiriblər.
Yeni Azərbaycan.-
2018.- 19 yanvar.- S.3.