Heydər Əliyev Mərkəzində
Aleksey Beqovun fərdi sərgisi açılıb
Yanvarın
17-də Heydər Əliyev
Mərkəzində rusiyalı
rəssam Aleksey Beqovun “Yer və
Səma” adlı fərdi sərgisi açılıb.
Bildirilib ki, rəssam
əsərləri vasitəsilə
getdiyi yerləri doğma evinə çevirməyi, ürəyinə
yatan məkanları qəlbində qoruyub saxlamağı bacarırdı.
Onun əsərlərində
bəşər övladının
şüurlu varlıq
kimi mövcudluğu, müxtəlif dövrlərin
dahi sənətkarlarını
düşündürən həyat və ölüm, sevgi və xəyanət
kimi əbədi və dəyişməz mövzular qabarıq şəkildə hiss olunur. Rəssamın özünün də vaxtilə qeyd etdiyi kimi, onun
rəsmləri həyatın
mənası barədə
sualların cavabları
haqqında tamaşaçıya
az da olsa
kömək edir. Onun əsərlərindəki
əksər süjetlər
həyatdan, uşaqlıqdan
götürülüb. Kətanın
özü artıq incəsənət əsəridir.
Aleksey Beqov deyirdi: “Rəssamlıq həyatım və qismətimdir. Tamamilə ona bağlıyam”.
Görkəmli rəssam Aleksey Beqov dahi sənətkarların
obrazlı və klassik modellərindən yararlansa da, bu zaman özünün
maddi-mənəvi dünyasını,
ona məxsus kosmik mühiti və həyat enerjisini yaradır. Fransa Akademik Cəmiyyəti Aleksey Beqovu Fransanın incəsənət, elm və ədəbiyyat sahəsində ən yüksək mükafatına
layiq görüb. Həqiqətən də,
Aleksey Beqov o rəssamlardandır ki, tamaşaçı ilə
mənəvi ünsiyyət
mühitini yaratmaq onun üçün xüsusilə vacib idi.
Aleksey Beqov
əsərlərində yaşayır
Açılış mərasimində Rusiya Rəssamlar İttifaqının
və Beynəlxalq Tənqidçilər, Sənətşünaslar
Assosiasiyasının üzvü,
rəssamın həyat
yoldaşı Tatyana Beqova və rəssamın oğlu İvan Beqov da çıxış ediblər.
Bakıda gördüklərinin
onda böyük təəssürat doğurduğunu
qeyd edən Tatyana Beqova deyib: “Biz bu
cür gözəl, qeyri-adi dərəcədə
müasir, zəngin, böyük zövqə malik şəhər görəcəyimizi gözləmirdik.
Yəqin ki, ən böyük təəssüratı bizdə
Heydər Əliyev Mərkəzinin binası yaratdı. Bu memarlıq incisi bizi bir də
xüsusilə ona görə təsirləndirdi
ki, Aleksey Beqovun əsərləri məhz burada nümayiş etdirilir. Təxminən dörd ildir ki, o, aramızda
yoxdur. Lakin o, əsərlərində yaşayır.
Onun obrazları rəmzlərə çevrilib.
O, çox həssas idi”.
Tatyana Beqova
və oğlu İvan Beqov sərginin təşkilinə
görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını
bildirib, bu sərginin Heydər Əliyev Mərkəzində
açılmasının onlar
üçün böyük
şərəf olduğunu
vurğulayıblar.
T.Beqova Leyla
Əliyevaya rəssamın
rəsm əsərini
bağışlayıb.
Leyla Əliyeva
bu gözəl gecənin təşkilinə
görə təşəkkür
edib.
Sonra tədbir
iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə müəllifin 50 əl işi nümayiş olunur. Onların arasında “Dənizçinin
rəqsi”, “Evə qayıdış”, “Yığılmış
ot”, “Biçilmiş tarla”, “Ağ ay”, “İş adamı Petya əmi” və digər əsərlər
var.
Rusiya Federasiyasının
Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının müxbir
üzvü, Fransa Akademik Cəmiyyətinin qızıl medalı kavaleri Aleksey Beqov 1951-ci ildə Ukraynada, Kiyev vilayətinin Kozın kəndində anadan olub. Ailəsi Qazaxıstana köçdükdən
sonra Almatı Dövlət Pedaqoji İnstitutunun rəssamlıq-qrafika
fakültəsində təhsil
alıb. Qrafika, heykəltəraşlıq və
rəssamlıq gənc
Alekseyi eyni dərəcədə cəlb
edib və bunlar onun gələcək
yaradıcılığında özünü büruzə
verən zərif plastika duyğusunu formalaşdırıb.
Aleksey Beqov
Almatı Dövlət
Pedaqoji İnstitutunun,
Qırğızıstanda Prjeval
Pedaqoji İnstitutunun rəssamlıq-qrafika fakültələrində
dərs deyib.
Rəssam 1983-cü ildə Moskvaya gəlişindən sonra geniş ictimaiyyətdə
tanınmağa başlayıb.
Aleksey Beqov 1991-ci ildə “Dünya səddi” beynəlxalq aksiyası çərçivəsində
10 metrlik “XX əsrin sonu” rəsmini yaradıb. Əsər Los-Anceles, Vaşinqton, Moskva və Barselonada nümayiş olunub.
1995-ci ildə Aleksey Beqovun Rusiya Dövlət Tretyakov Qalereyasında fərdi sərgisi keçirilib. Müxtəlif
illərdə Rusiyada,
eləcə də bir sıra ölkələrdə
fərdi və birgə sərgilərlə
çıxış edib.
1997-ci ildə Parisdə
təşkil edilmiş
fərdi sərgisi isə ona daha
bir uğur gətirib.
1998-ci ildə Paris yaxınlığındakı
kiçik Janvil şəhərində məskunlaşan
rəssam Jilvuazen qəsrinin ərazisində
1625-ci ildə tikilmiş
Müqəddəs Nikolay
kilsəsini naxışlarla
bəzəyib. Aleksey Beqov bu işlə
1998-2004-cü illər ərzində
təkbaşına məşğul
olub. Rəssam kilsəni naxışlarla
bəzəyib bitirəndən
sonra Fransa və Rusiya arasında dövlətlərarası
münasibətlərin möhkəmləndirilməsinə
görə Rusiya Federasiyasının “Dostluq”
ordeni ilə təltif olunub.
Aleksey Beqov
2012-ci ildə müxtəlif,
lakin ona mənəvi cəhətdən
yaxın olan Kandinski, Matis, Dali, Pikasso, Van Qoq kimi
rəssamlara silsilə
işlər həsr edib. Bu zaman
rəssam maraqlı üsula əl atıb - ustadların məşhur əsərlərini
öz kompozisiyasına
daxil etməklə onların parafrazını
yaradıb.
Aleksey Beqov 2014-cü ildə
vəfat edib.
Rəssamın əsərləri Rusiya
Dövlət Tretyakov Qalereyası, Nyu-Cersi Müasir İncəsənət
Muzeyi, Vaşinqton şəhərinin Vəkillər
Assosiasiyası və Birləşmiş Millətlər
Təşkilatının, eləcə
də dünyanın bir sıra tanınmış
şəxslərinin kolleksiyalarında
yer alıb.
Aleksey Beqovun Heydər
Əliyev Mərkəzində
təşkil olunan fərdi sərgisi mayın 1-dək davam edəcək. Onun əsərləri mədəni ictimaiyyətin
marağına səbəb
olacaq və uzun müddət unudulmayacaq.
Yeni Azərbaycan.-
2018.- 18 yanvar.- S.3.