Azərbaycanın regionlarında aqrar sahədə dinamik inkişaf müşahidə olunur

 Naxçıvan Muxtar Respublikasında da aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycanda 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir. Bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində və bəhs olunan müsbət dinamikanın yaranmasında Prezident İlham Əliyevin respublikanın hərtərəfli və tarazlı inkişafına göstərdiyi diqqət, siyasi iradə əsas amil rolunda çıxış edib. İndiyədək bölgələrin davamlı inkişafı üçün fundamental əsaslar yaradan iki Dövlət Proqramının icrası tamamlanıb və hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla həyata keçirilir. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, müxtəlif istiqamətləri əhatə edən layihələrin reallaşdırılması sayəsində respublikanın bölgələrində yeni müsbət reallıqlar yaranıb. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Dövlət proqramlarının önəminə diqqət çəkərək deyib: “2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib”.

Bu hədəflər sırasında aqrar sektorda istehsalın artırılması xüsusi yer tutur. Yeni şəraitdə respublika miqyasında geniş potensiala və zəngin ənənələrə malik kənd təsərrüfatının üstün inkişafının təmin edilməsi həm iqtisadi, həm də sosial mahiyyət kəsb edir. Azərbaycan aqrar sektorun sürətli inkişafına nail olmaqla bir tərəfdən ölkənin ərzaq məhsullarına tələbatının bütünlüklə yerli istehsal hesabına ödənilməsinə, yeni ixrac imkanlarının yaradılmasına, digər tərəfdən isə regionlarda iqtisadi aktivliyi artırmağa və bu əsasda əhalinin məşğulluğunun daha dolğun şəkildə təmin edilməsinə nail olmağa çalışır. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafının əhəmiyyətini xüsusi qeyd edib, qarşıya qoyulan hədəflərə nail olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, respublikamızda aqrar sektorun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkədə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramların icrası çərçivəsində aqrar sektorda daha böyük həcmlərdə istehsal imkanlarının yaradılmasına hesablanan çoxsaylı layihələr həyata keçirilib, həmçinin perspektiv üçün də yeni layihələr nəzərdə tutulub.

Son illərdə regionlarda müasir təsərrüfat subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. İndiyədək dövlət başçısının tapşırığına uyğun olaraq ölkəmizin 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. İri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan arpa və buğda üzrə 58-60, qarğıdalı üzrə isə təxminən 120 sentner təşkil edir. Regionlarda istixanaların salınması da çox geniş vüsət alıb. Respublikanın bölgələrində əsasən ixraca hesablanan istixanaların yaradılması təşəbbüsünü Prezident İlham Əliyev irəli sürüb. Dövlət başçısının çağırışına uyğun olaraq hazırda 400 hektardan çox sahədə yeni, müasir istixana kompleksləri yaradılır. Artıq bir sıra bölgələrdə fəaliyyətə başlayan istixanalarda yüksək məhsuldarlığa nail olunur.

Ölkəmizdə Prezident İlham Əliyevin aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq həmçinin aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına 40 milyon manatdan artıq güzəştli kredit verilib. İndiyədək ölkənin regionlarında 10 min hektar ərazidə 2 aqropark yaradılıb. Bunlar Xaçmaz rayonunda “Yalama Aqroparkı” və Qərb bölgəsində “Şəmkir Aqroparkı”dır. “Yalama Aqroparkı” 2016-cı il sentyabrın 8-də istifadəyə verilib. Parkın yaradılmasına layihənin 1-ci mərhələsi üzrə 20 milyon manat investisiya qoyulub. Qərb bölgəsində yaradılan “Şəmkir Aqroparkı”nın da istehsal imkanları kifayət qədər genişdir. Ümumi dəyəri 100 milyon manatdan çox olan “Şəmkir Aqroparkı”nda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.

Perspektivdə Azərbaycanın bölgələrində aqroparkların sayı daha da artacaq. Hazırda ölkə ərazisində aqroparkların yaradılması güclü şəkildə təşviq olunur. Yeni yaradılan aqroparklar həm bitkiçilik, həm də heyvandarlıq istiqamətlidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. On aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilib. Hazırda Hacıqabul, Goranboy, Samux, Ağcabədi, Qax, Salyan, Kürdəmir, Şamaxı, Saatlı, Cəlilabad, Füzuli və İsmayıllı rayonlarında 58 min hektar ərazidə 12 aqroparkın yaradılmasına başlanılıb. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təxminən 500 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq.

Bu gün Naxçıvan Muxtar Respublikasında da aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən il muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində atılan ən əhəmiyyətli addımlardan biri “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının 2017-ci il 25 iyul tarixli Qanununun tətbiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərmanı olub. Bu qanun müstəqillik dövrü tarixində Naxçıvanın ənənəvi kənd təsərrüfatı bitkilərini məhv olmaq təhlükəsindən xilas edən, yerli bitki növlərinin sort təmizliyini qoruyacaq ən mühüm dövlət sənədidir.

Muxtar respublikada ilk dəfə qəbul edilən bu qanun toxum istehsalının, tədarükünün və istifadəsinin hüquqi əsaslarını müəyyən edir, əkinçilikdə mühüm qərarların verilməsində əsas baza rolunu oynayır. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Sahibkarlara elit, I və II reproduksiyalı buğda və arpa toxumlarının satışının təşkil edilməsi, eləcə də 70 faiz güzəştli şərtlərlə mineral gübrələrin verilməsi təmin olunur. Bundan əlavə, istehsal olunan I və II reproduksiyalı toxumların satışına görə dövlət tərəfindən subsidiyalar ödənilir, eləcə də əkin sahəsinin hər hektarına fermerlərə 50 manat yardım verilir.

Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarda muxtar respublika sahibkarlarının müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının da böyük rolu var. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayonlarda olan kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Ötən dövrdə “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə 1978 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası gətirilib, onlardan 1688 ədədi nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara satılıb.

Muxtar respublikada, demək olar ki, hər il torpaq sahələrinin su ilə təminatının yaxşılaşdırılması tədbirlərinin şahidi oluruq. Bu da yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. 2015-ci ildə Vayxır sol sahil kanalından qidalanan və 2200 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma və drenaj şəbəkəsi, 2016-cı ildə Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilib. Ötən il isə Kəngərli rayonunun Böyükdüz kəndini əhatə edən yeni suvarma şəbəkəsinin açılışı olub ki, bu suvarma sisteminin qurulması nəticəsində 407 hektar torpaq sahəsində suvarma işləri yaxşılaşdırılıb.

Son illər əkinçilik üçün yararlı olmayan torpaq sahələrində iməciliklər yolu ilə salınan yeni meyvə bağları muxtar respublikanın yaşıl örtüyünü zənginləşdirməklə yanaşı, həm də əhalinin tələbatının ödənilməsi üçün geniş imkanlar açır. Hər il bu meyvə bağlarından tonlarla məhsul yığılır. Yeni və ənənəvi meyvə sortlarından ibarət bağların salınması davam etdirilir. Son illərdə ixrac qabiliyyəti yüksək olan meyvə növlərinin yetişdirilməsi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə mühüm işlər görülüb. Belə ki, Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində ötən illər ərzində 100 hektara yaxın püstə bağı salınıb. Adıçəkilən rayonun Xok kəndinin ərazisində 2017-ci ildə əlavə olaraq 15 hektardan çox sahədə yeni badam bağı salınıb.

Son illərdə əhalini ilboyu meyvə-tərəvəz məhsulları ilə təmin etmək muxtar respublikada aqrar sahədə həyata keçirilən əsas tədbirlərdəndir. İritutumlu soyuducu anbarların tikilməsi və istixana komplekslərinin yaradılması ilin istənilən fəslində daxili bazarın tələbatının ödənilməsinə imkan verir.

Kənd təsərrüfatının inkişafından söz düşmüşkən, onu da vurğulamaq lazımdır ki, indiyədək muxtar respublikada bu sahənin inkişafı üçün bir çox Dövlət proqramları qəbul edilərək uğurla icra olunub. Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” birbaşa və yaxud əsas etibarilə muxtar respublikada kənd təsərrüfatının inkişafını nəzərdə tutur. Bundan əlavə, son illərdə muxtar respublikanın paytaxt şəhəri Naxçıvanda müxtəlif festivalların təşkili ənənə halını alıb. Bu festivalların da, əsasən, kənd təsərrüfatı yönümlü olması bu sahənin təşviqinə göstərilən böyük diqqətin nəticəsi kimi qiymətləndirilməlidir.

Bütün bunlar onu göstərir ki, muxtar respublikada kənd təsərrüfatının inkişafı davamlı xarakter daşıyır və bu sahədə yaradılmış baza növbəti illərdə daha mühüm nailiyyətlərin qazanılmasına töhfə verəcək.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2018.-18 yanvar.- S.7.