Azərbaycanın regionlarında taxılçılığın inkişafı üçün zəruri tədbirlər görülür

 2017-ci ildə ölkə üzrə taxıl sahələrinin məhsuldarlığı hər hektardan buğda üzrə 30,6 sentnerə, arpa üzrə isə 25,6 sentnerə çatıb

Azərbaycanın qlobal miqyasda aktuallığı getdikcə artan çağırışlara uyğun adekvat olaraq diqqət mərkəzində saxladığı məsələlərdən biri də ölkənin qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Respublikamızda indiyədək ölkənin etibarlı qida təhlükəsizliyinə nail olmaq üçün ilk növbədə istehsal həcmlərinin artırılmasına, keyfiyyətin yüksəldilməsinə, təchizat sisteminin təkmilləşdirilməsinə hesablanan bir neçə Dövlət proqramı qəbul edilib və uğurla yerinə yetirilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli Fərmana əsasən, ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, respublikamızda qida təhlükəsizliyinin təmin edilməsinə dövlət tərəfindən ciddi siyasi iradə nümayiş etdirilməsi artıq öz bəhrəsini verir. Ölkədə bir sıra mühüm pozisiyalar üzrə ərzağa olan tələbatın sırf daxili istehsal hesabına təmin edilməsi böyük nailiyyətdir. Məlum olduğu kimi, nüfuzlu Davos İqtisadi Forumu ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Azərbaycan qurumun hesabatında “Ərzaq təhlükəsizliyi” indeksinə görə 57-ci yerdə qərarlaşıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.

2017-ci ildə respublika üzrə 2 milyon 918 min ton taxıl tədarük olunub

Ölkənin qida təhlükəsizliyinin etibarlı və yüksək səviyyədə təmin edilməsi baxımından taxılçılıq mühüm pozisiyalardan biridir. Sahənin strateji önəmi nəzərə alınaraq Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında respublikanın bölgələrində taxılçılığın inkişafı və yüksək məhsuldarlığın təmin edilməsi məqsədilə genişmiqyaslı tədbirlər nəzərdə tutulub. Bu baxımdan regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət proqramının icrasının dördüncü ili də istisna təşkil etməyib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir ki, ölkə əhalisinin qida təhlükəsizliyinin təminatında əsas strateji sahə olduğu nəzərə alınaraq 2017-ci ildə taxılçılıqda texnoloji proseslərin vaxtında və aqrotexniki qaydalara uyğun aparılmasına, istehsalçıların texnika, gübrə, bitki mühafizə vasitələri ilə təminatına diqqət daha da artırılıb. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində yaxın gələcəkdə keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənilmə səviyyəsinin maksimum dərəcədə yaxşılaşdırılması proqnozlaşdırılır.

Bütövlükdə, 2017-ci ildə ölkə üzrə taxılçılıqda yaxşı nəticələr əldə olunub. Verilən məlumatda bildirilir ki, ötən ilin məhsulu üçün ölkə üzrə 940 min hektar sahəyə dənli və dənli paxlalı bitkilər əkilib. Bunun 590 min hektarını buğda, 318 min hektarını isə arpa təşkil edib. Operativ keçən biçin mövsümündə respublika üzrə 2 milyon 918 min ton taxıl, o cümlədən 1805 min ton buğda, 812 min ton arpa tədarük olunub. Məhsuldarlıq hər hektardan buğda üzrə 30,6 sentner, arpa üzrə isə 25,6 sentner təşkil edib.

Ötən il respublika miqyasında taxıl tədarükündə Şəki və Cəlilabad rayonları öndə olublar. Şəki rayonunda 67 min hektar sahədən 215 min ton məhsul tədarük edilib. Məhsuldarlıq isə hər hektar üzrə 30 sentnerdən yuxarı olub. Cəlilabadda 72 min hektar ərazidə dənli və dənli paxlalı bitkilər əkilib və məhsuldarlıq 26,2 sentner olmaqla bütövlükdə 189 min ton məhsul yığılıb.

Sahələrdə bol məhsulun əsası qoyulur

Taxılçılıqda növbəti mövsümün bol məhsulunun əsası torpağın şumlanması və səpinin aqrotexniki qaydalara uyğun şəkildə aparılması ilə qoyulur. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, 2018-ci ilin məhsulu üçün payızlıq taxıl əkilməsi nəzərdə tutulan, eləcə də herik üçün dincə qoyulmuş sahələrdə şumlama aparılması və səpinin optimal müddətdə başa çatdırılması üçün yerli icra hakimiyyəti orqanları ilə birlikdə operativ tədbirlər həyata keçirilib.

Fermerlər arasında aparılan maarifləndirmə işlərinin və texnika ilə təchizatın yaxşılaşdırılmasının nəticəsidir ki, cari mövsümdə payızlıq səpinləri üçün torpaqbecərmə və səpin işləri əvvəlki illərlə müqayisədə daha mütəşəkkil qaydada həyata keçirilir. Statistik məlumata əsasən 2017-ci ilin dekabr ayınadək 2018-ci ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla payızlıq əkinlər üçün 1034.5 min hektar sahə şumlanmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.1faiz çoxdur. 879 min hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər (əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7.5 faiz çox), o cümlədən 864.6 min hektarda dən üçün payızlıq bitkilər (əvvəlki ildən 7.9 faiz çox) səpilmişdir ki, onun da 584.1 min hektarını buğda (əvvəlki ildən 11.5 faiz çox) və 280.4 min hektarını arpa (əvvəlki ildən 1.3 faiz çox) təşkil edib. Səpin müddətində intensiv yağıntılar nəticəsində torpağın əkin qatında nəmlik kifayət qədər olub, bununla yanaşı suvarma şəraitində becərilən sahələr suvarılıb, suvarma suyuna olan tələbatda ciddi çətinliklər müşahidə edilməyib.

Ayrı-ayrı bölgələrdə səpin və becərmə işləri daha intensiv aparılır

Respublikanın ayrı-ayrı bölgələrində səpin və becərmə işləri daha intensiv aparılır. Ölkənin ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2018-ci ilin məhsulu üçün 67 min 121 hektar sahədə payızlıq taxıl əkilib. Səpin zamanı aqrotexniki qaydalara ciddi əməl olunub, nəticədə sahələrdə yaxşı bitiş alınıb.

Taxıl əkilən sahələrdə aqrotexniki qulluq tədbirləri görülür. İndiyədək 35 min hektar taxıl sahəsinə mineral və 15 min hektar sahəyə üzvi gübrə verilib, 2800 hektar sahədə suvarma işləri aparılıb. Yaz aylarında isə sahələrə yemləmə gübrəsinin verilməsinə başlanılacaq.

Ziyanvericilərə qarşı mübarizə də gücləndirilib. Son zamanlar havaların mülayim və quraq keçməsi səbəbindən bəzi təsərrüfatların taxıl sahələrində ziyanvericilər çoxaldığına görə Şəki rayon Bitki Mühafizə Mərkəzi tərəfindən fitosanitar tədbirlərə başlanılıb. İndiyədək 8560 hektar sahədə siçanabənzər gəmiricilərə, 6750 hektar sahədə taxıl böcəyinə, 3500 hektar sahədə məftil qurdlarına, 1800 hektarda isə alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib və bu iş davam etdirilir.

Neftçalada taxılçılıq aparıcı təsərrüfat sahələrindəndir. Ötən il rayonda 50 min 854 hektar taxıl sahəsindən 118 min 750 ton məhsul götürülüb. Bunun da 95 min 921 tonu arpa, 22 min 820 tonu isə buğda olub.

Neftçalalı taxılçılar cari ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Payızlıq səpinə mütəşəkkil başlayan fermer və torpaq mülkiyyətçiləri qısa müddətdə 51 min 62 hektar sahədə səpin keçirərək payızlıq taxıl əkinini başa çatdırıblar. Səpin zamanı əkinçilər rayonlaşdırılmış yüksək məhsuldar sortların əkininə üstünlük veriblər.

Yüksək məhsuldarlıq üçün keyfiyyətli toxum təminatı mühüm şərtdir

Yüksək məhsuldarlıq üçün vacib şərtlərdən biri də təsərrüfatların keyfiyyətli toxum təchizatı ilə bağlıdır. 2018-ci ilin məhsulu üçün proqnozlaşdırılan 950 min hektar sahədə taxıl əkilməsi üçün orta hesabla 129 min ton buğda və 65 min ton arpa toxumu tələb olunur. Azərbaycanda payızlıq yumşaq buğdanın Azəri, Əkinçi-84, Zirvə-85, Ruzi-84, Aran, Tale-38, Qırmızı Gül-1, Murov-2, Şəfəq-2, Qızıl buğda, Fatimə, Qobustan, Ağalı, payızlıq bərk buğdanın Qarabağ, Bərəkətli-95, payızlıq arpanın isə Qarabağ 22, Qarabağ 33, Baharlı, Cəlilabad 19 və digər sortları becərilir.

Taxıl istehsalçılarını yüksək keyfiyyətli toxumla təmin etmək məqsədilə 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün əkilmiş toxumluq taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına düzgün icra olunmasına Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yerli qurumlarının mütəxəssisləri tərəfindən nəzarət edilib, dövlət və özəl toxumçuluq təsərrüfatlarında əkilmiş 53 min hektar toxumluq əkin sahəsində aprobasiya işləri aparılıb və standartların tələbinə cavab verməyən 14 min hektara yaxın sahə toxum dövriyyəsindən çıxarılıb. İl ərzində respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarında R1 və R2 reproduksiyalı 73.3 min ton, o cümlədən 60.3 min ton buğda və 13.0 min ton arpa toxumu sertifikatlaşdırılıb.

2017-ci ildə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi tədqiqat müəssisələrinin təcrübə təsərrüfatlarında istehsal edilmiş 1350 ton elit buğda və arpa toxumu Kənd Təsərrüfatı Nazirliyi tərəfindən güzəştli şərtlərlə bölgü əsasında toxum istehsalçılarına paylanılıb. O cümlədən mövcud qanunvericiliyə uyğun olaraq özəl toxumçuluq təsərrüfatları tərəfindən istehsal edilmiş 949,7 ton elit toxum həmin təsərrüfatların payızlıq əkinində istifadə edilib.

Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsi çərçivəsində Əkinçilik ET institutunun Qobustan Bölgə Stansiyasında toxumun ilkin təmizlənməsindən başlayaraq, çəki, ölçü və formasına görə çeşidləyən qurğular, dərmanlama aparatları, tərəzi və kisə tikən avadanlıqlar quraşdırılıb. Saatda 2 ton toxum təmizləmə gücü olan məntəqədə dövlət və özəl təsərrüfatlarda istehsal olunmuş toxumlar yüksək səviyyədə təmizlənərək kondisiyaya çatdırılır. Ümumilikdə yaxın zamanlarda belə məntəqələrin sayının 6-ya çatdırılması nəzərdə tutulub.

2017-ci ildə dənli-paxlalı bitkilərin 35, o cümlədən payızlıq yumşaq buğdanın 7, arpanın 2 sortu respublikanın müxtəlif torpaq-iqlim bölgələri üçün rayonlaşdırılaraq qeydiyyata alınıb və geniş istehsalat şəraitində yetişdirilmək üçün fermerlərə tövsiyə edilib.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.- 20 yanvar.- S.7.