2017-ci ildə Azərbaycanın regionlarında barama tədarükü artıb

 Ötən il “Şəki İpək” ASC-yə 245,2 ton yaş barama təhvil verilib ki, bu da əvvəlki ildəki istehsaldan 3,5 dəfə çoxdur

Yeni şəraitdə regionların sosial-iqtisadi inkişaf strategiyasında bölgələrdə baramaçılığın inkişafı mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib ki, bu da təsadüfi deyil. Baramaçılıq aqrar sektorun ölkəyə valyuta daxilolmalarını artırmaq imkanları kifayət qədər geniş olan sahələrindəndir. Digər tərəfdən, Azərbaycanın bölgələrində baramaçılıq tarixən ənənəvi təsərrüfat sahələrindən hesab olunur və kifayət qədər geniş əmək tutumuna malikdir. Beləliklə, regionlarda baramaçılığın inkişafı həm iqtisadi, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı təsdiqlənib. Dövlət Proqramının icrası nəticəsində respublikada 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.

Regionlarda baramaçılığın inkişafına yönələn tədbirlər öz bəhrəsini verir

Respublikamızda ipək istehsalının müasir infrastrukturunun yaradılması, o cümlədən baramaçılığın inkişafı üzrə tədbirlər 2017-ci ildə də davam etdirilib. Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, ölkədə barama istehsalının əvvəlki il ilə müqayisədə azı iki dəfədən çox artırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq tender müqaviləsi əsasında Çin Xalq Respublikasından 6000 qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) tədarük edilib və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. İpəkqurdu toxumlarından 99-100 faiz səviyyəsində yüksəkkeyfiyyətli barama qurdları əldə olunub. Barama qurdları respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə paylanılıb. Barama qurdları paylanarkən kümçülərə ipəkqurdlarının bəslənməsinə dair maarifləndirici materiallar da təqdim edilib. Bundan başqa, mövsüm vaxtı Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Çin Xalq Respublikasından dəvət olunmuş mütəxəssislər ilə birlikdə regionlara gedərək kümçülərə ipəkqurdlarının bəslənilməsi ilə bağlı müvafiq tövsiyələr verib, onlara qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında əməli və metodiki köməklik göstəriblər.

Görülən bu və ya digər tədbirlər öz bəhrəsini verib. Belə ki, 2017-ci ildə “Şəki İpək” ASC-yə 245,2 ton yaş barama təhvil verilib ki, bu da əvvəlki ildəki istehsaldan 3,5 dəfə çoxdur. Xatırladaq ki, 2016-cı ildə respublika üzrə 71 ton yaş barama istehsal edilmişdi. Əgər 2016-cı ildə “Şəki İpək” ASC-nin fəaliyyəti cəmi bir neçə ay ərzində təmin edilmişdisə, ötən il yaş barama tədarükünün bir neçə dəfə artması müəssisənin fəaliyyətinin əsaslı şəkildə yaxşılaşması ilə nəticələnib.

Barama tədarükünün artmasında vacib amillərdən biri yem bazasının möhkəmləndirilməsidir

Regionlarda barama tədarükünün artmasında vacib amillərdən biri də yem bazasının möhkəmləndirilməsi ilə bağlıdır. Məlum olduğu kimi, ölkədə baramaçılığın yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyəti nəzərə alınaraq hələ 2016-cı ilin dekabr ayında Çin Xalq Respublikasından 1,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilərək respublikamıza gətirilmişdi. Həmin tinglər əvvəlcədən tərtib edilmiş bölgü əsasında əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanıldı və beləliklə də, 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edildi.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, ölkədə baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində işlər 2017-ci ildə də davam etdirilib.

Belə ki, Azərbaycan Prezidentinin 2017-ci il 6 oktyabr tarixli “İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncamına uyğun olaraq, dövlət başçısının 2015-ci il 2 mart tarixli “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış fonddan 1,0 milyon ədəd tut (çəkil) tinglərinin alınması və məhsul istehsalçılarına əvəzsiz verilməsi üçün 775 min manat vəsait yönəldilib.

Sərəncamın icrasını təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1,0 milyon ədəd tut (çəkil) tinglərinin alınması ilə bağlı Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə müqavilə bağlanıb və 29 noyabr tarixində tut tingləri respublikamıza gətirilərək hazırlanmış bölgüyə uyğun şəkildə baramaçılıq rayonlarına paylanılması üçün Tovuz, Şəki, Bərdə, Ucar, Sabirabad və Lənkəran rayonlarına göndərilib. Yeni gətirilmiş tinglərin 40-a yaxın rayonda sahələrə köçürülməsi və əvvəlki mövsümdə əkilmiş tinglərin düzgün budanması nazirliyin və nazirlik tərəfindən respublikaya dəvət edilmiş Çin Xalq Respublikasının mütəxəssislərinin nəzarəti altında həyata keçirilib.

Tut tinglərinin əkilməsi ayrı-ayrı rayonlarda daha intensiv həyata keçirilir

Ölkəyə gətirilən tut tinglərinin sahələrdə əkilməsi ayrı-ayrı rayonlarda daha intensiv həyata keçirilir. Göyçay rayonunda baramaçılığın inkişaf etdirilməsi üçün yeni tut bağlarının salınması məqsədilə görülən işlər artıq başa çatıb. Bu məqsədlə Çin Xalq Respublikasından Azərbaycana gətirilən tut tinglərinin 86 min ədədi bölgü əsasında Göyçay rayonuna ayrılıb.

Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, Göyçaya gətirilən tinglərin vaxtında əkilməsi üçün ötən iki ayda kənd sakinlərinin iştirakı ilə iməciliklər təşkil edilib. On beş kəndin ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid boş torpaq sahələri ayrılıb, 12 hektar sahədə 86 min tut tinginin əkilməsi təmin olunub. Bundan əlavə, Göyçayda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon sakinlərinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə Göyçayın 25 kəndində 65 hektar sahədə yerli tut tinglərindən ibarət yeni bağ salınıb. Həmin bağlarda, ümumilikdə, 46 min 600 ədəd yerli tut tingi əkilib.

Qeyd edək ki, 2017-ci ildə Qax Damazlıq Baramaçılıq Stansiyasından inkubasiya olunmuş 1900 qram ipəkqurdu toxumu Göyçaya gətirilərək 44 kümçü arasında paylanılıb. Bu da əvvəlki ildəkindən 3 dəfə çoxdur. Kümçülər 5292 kiloqram barama istehsal edərək “Şəki İpək” ASC-yə təhvil veriblər.

2017-ci ildə Ağdaş rayonunda da baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılıb, o cümlədən yem bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılıb. Bunun nəticəsidir ki, əvvəlki illə müqayisədə kümdarların sayı və barama tədarükü bir neçə dəfə artıb.

Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsinin məlumatına əsasən, ötən il rayonda 111 kümdar 2280 qram ipəkqurdu bəsləyərək 4466 kiloqram məhsul təhvil verib. Kümdarlar barama istehsalından 50 min manatdan çox pul əldə ediblər.

Rayonda baramaçılığın inkişafı ilə əlaqədar müvafiq yem bazasının yaradılmasına 2016-cı ildə başlanıb. Belə ki, 2016-cı ildə rayonun kəndlərində 35 min ədəd yerli tut tingi, 30 min ədəd isə Çindən gətirilmiş tut tingi əkilib. 2017-ci ilin payız aylarında isə rayonun kənd yaşayış məntəqələrində 75 min yerli tut tingi, 55 min ədəd isə Çindən gətirilən tut tingi əkilib və becərilməsi nəzarətə götürülüb.

Ötən il oğuzlu kümçülərə 80 qutu, yəni 1556 qram ipəkqurdu paylanılıb. Mövsüm ərzində Oğuz rayonunda 2 ton 524 kiloqram yaş barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib. Maddi-texniki bazanın möhkəmləndirilməsi, davamlı dövlət dəstəyi bu rayonda da əhalinin baramaçılığa marağını artırıb. Cari ildə rayonda yaş barama istehsalının 4 tona çatdırılması planlaşdırılır.

Baramaçılığın inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 2016-cı ilin payız, 2017-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 86 min tut tingi əkilib. Əkilən tinglərin 53 mini intensiv tipli tut bağlarının salınması məqsədi ilə Çindən ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə “Şəki-İpək” ASC-nin tinglik təsərrüfatında yetişdirilən yerli tinglərdir. Gələcəkdə rayonda tut bağlarının sahəsi daha da genişləndiriləcək. Öz növbəsində yeni salınan bağların məhsuldarlığı artdıqca barama istehsalının daha da çoxalacağı gözlənilir. Bağlarda ağaclara aqrotexniki qaydalar əsasında qulluq göstərilməsi, zəruri budama aparılması diqqət mərkəzində saxlanılır.

Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulması ölkədə baramaçılığın inkişafına yeni təkan verəcək

Ölkəmizdə baramaçılığın inkişafına yönələn tədbirlər kompleks xarakter daşıyır. Mütəxəssislərin qənaəti belədir ki, respublikada yem bazasının möhkəmləndirilməsi ilə yanaşı, Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulması da ölkədə baramaçılığın inkişafına yeni təkan verəcək. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 19 may 2017-ci il tarixli müvafiq Sərəncamı ilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon (dörd milyon beş yüz min) manat ayrılıb.

Stansiyanın yenidən qurulması layihəsi uğurla həyata keçirilir. Layihəyə uyğun olaraq stansiyanın ərazisində inşa ediləcək binalardan ikisi hibrid və elit barama toxumlarının yetişdirilməsi üçün nəzərdə tutulub. Ərazidə həmçinin ipəkqurdu ailələrinin yemlənməsi üçün bina, inzibati bina və yardımçı tikililər də inşa ediləcək. Stansiyanın yenidən qurulması layihəsi qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla hazırlanıb. Burada Çindən gətiriləcək ən müasir avadanlıqlar quraşdırılacaq. Stansiyada yenidənqurma işləri tamamlandıqdan sonra xaricdən barama toxumu idxalı da dayandırılacaq.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2018.- 23 yanvar.- S.7.